Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tariximizin böyük qüruru

Tarix: 07-11-2021 16:06     Baxış: 3187 A- / A+


Xalqımızın başı üstündə son iki yüz ildə qara buludlar dolanmışdır. Bu müddət ərzində vətənimizə hərisliklə baxanlar ermənilərdən bir vasitə kimi istifadə edərək, öz çirkin niyyətlərini həyata keçirmək, sərvətlərimizə sahib olmaq üçün müxtəlif yollara əl atmışlar. Sovet rejimi laxlamağa başlayandan - 1987-ci ildən isə Azərbaycanı tamamilə ələ keçirmək üçün yeni planlar quruldu. Erməniləri yenə bir alət olaraq hərəkətə gətirdilər.
XX əsrin sonlarına yaxın Ermənistan adlandırılan ərazidə əsrlər boyu yaşayan azərbaycanlılara təzyiqlər başladı. Xeyli insan vəhşicəsinə öldürüldü. Qalanlar kütləvi şəkildə, son nəfərə qədər öz ata-baba torpaqlarından sıxışdırılıb çıxarıldı. Bakıda qanlı Yanvar faciəsi baş verdi. Xalq böyük bir faciə, psixoloji gərginlik içərisində yaşamağa məcbur oldu.  Min illər boyu yaşadığı vətən  torpaqlarının yenidən itirilməsi təhlükəsi yarandı. Azğınlaşmış məkrli qonşular fürsətdən istifadə edərək torpaqlarımızı zəbt etmək üçün tarixdə görünməmiş vasitələrə əl atdılar. Qadınlardan, körpələrdən, yaşlı insanlardan ibarət minlərlə insanı əsir götürdülər, başlarına görünməmiş müsibətlər açdılar, işgəncələr verdilər.
Ötən əsrin doxsanıncı illərində Yer üzü özünün etinasızlıq, Azərbaycana qarşı ögeylik dövrünü yaşayırdı. Kimlərsə müsəlman, kimlərsə türklər yaşayan ölkə kimi burada baş verənlərə əhəmiyyət vermirdi. Böyük güclər öz planlarını həyata keçirmək üçün yeni ssenarilər düşünürdülər. Vətənimiz tarixi bir faciənin uçurumu qarşısında idi. Minlərlə  fədakar, vətənpərvər oğullar döyüşlərə atılır, bu uçuruma düşməyimizin qarşısını almaq üçün özlərini qurban verirdilər. Yaşından,  peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəs nəsə etmək istəyirdi. Amma yağı düşmən çox arxalı idi. Ümidlə baxdığımız güc mərkəzləri, beynəlxalq təşkilatlar Azərbaycanda baş verənləri seyr edir, üzdə erməniləri tənqid edir, arxada isə onlara kömək göstərirdilər. Mənasız müzakirələr aparılır, görüşlər təşkil edilir, qurumlar yaradılır və bununla vaxt uzatmağa çalışırdılar. Azərbaycan xalqını öz faciəsi ilə barışdırmaq ümidi ilə hər dəfə bir yeni bəhanə axtarırdılar.
1991-ci ildə Azərbaycanın dövlət xadimlərinin bir hissəsi Qarakənd üzərində vertolyotda  məhv edildi. 1992-ci ildə tarixin dəhşətli bir hadisəsi - Xocalı qətliamı baş verdi. Xəstə insanları yataqda, anaları körpələrinin gözü qarşısında güllələdilər. Şaxtalı, qarlı havada ayaqyalın, yüngül paltarda qaçan insanların dalınca düşüb öldürdülər, əsir götürdülər.  Ətraf kəndlər içərisində böyük qorxu yaratmaq məqsədilə meyitlərin  belə başına min oyun açdılar - onları bir daha güllələdilər, başlarını əzdilər, dərilərini soydular...  Amma dəhşət nə qədər çox olsa da, düşmən arzusuna çata bilmədi. Xalqımızın iradəsi, milli ruhu buna imkan vermədi. 
Xalqımıza bu amansız mübarizədə inam verən insan görkəmli dövlət xadimi Heydər Əliyev idi. Təəssüf ki, həmin dövrlər onun özünə qarşı da mənfur planlar qurulurdu. Bu planlar xalqımıza qarşı qurulan işğalçı siyasətlərin tərkib hissələrindən biri idi. Onun 1990-cı il yanvar hadisələri zamanı Moskvada, Azərbaycan nümayəndəliyində xalqın dəyərli övladlarını başına yığaraq bütün dünya ictimaiyyətinə səslənməsi düşməni narahat etdi. Bununla da ona qarşı olan təzyiqlər daha da artdı. Bütün məkrli planlara baxmayaraq, böyük siyasətçi  Azərbaycana qayıda bildi. Amma Moskvanın qorxusundan ovaxtkı rəhbərlik ona paytaxtda məskunlaşaraq düşmənlə mübarizə aparmasına, xalqına kömək etməsinə imkan vermədi. Heydər Əliyev  doğulduğu torpağa, Naxçıvana getməyə məcbur oldu.
Dahi Heydər Əliyevin ən böyük üstünlüklərindən biri bu idi ki, o, dünyada gedən proseslərin mahiyyətini çox gözəl bilirdi. Siyasi axının hansı istiqamətdə, hansı güclə getdiyini hər kəsdən yaxşı hiss edirdi. Hansı vacib işlərin görülməsinə nə qədər ehtiyac olduğunu bilirdi. Amma bir müddət ona öz xalqını müdafiə etmək üçün imkan verilmədi. 
1993-cü ilin may-iyun aylarında  Azərbaycanda ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Düşmən Azərbaycanın parçalanması üçün böyük bir oyun oynayırdı, məkrli ssenarisini həyata keçirirdi. 1993-cü il iyun ayının 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi, Ali Sovetin Sədri seçildi. Heydər Əliyev gəlişi ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, Azərbaycan məkrli düşmənlərin caynağından qurtuldu. Onlar başa düşdülər ki, artıq Azərbaycana təzyiq edib onun istədikləri kimi yönləndirə bilməyəcəklər. Çünki qarşılarında böyük, qüdrətli, vətənpərvər siyasətçi Heydər Əliyev dayanmışdı. Məhz bundan sonra xalqımızın ölkənin sabahına inamı bərpa olundu. 
Ulu Öndər əmin-amanlıq yaratdı, insanlar özlərini rahat, təhlükəsiz hiss etməyə başladılar. Xarici ölkələrlə, güc mərkəzləri ilə əlaqələr yaradıldı. Ulu Öndər əlində xəritə tarixi həqiqətləri dünya birliyinə çatdırdı. Ölkənin özünü toparlaması, ayağa qalxması üçün zəruri olan iqtisadi resurslarımız hərəkətə gətirildi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalandı. Azərbaycan Ordusu yenidən quruldu. Bununla da tarixi zəfərə gələn yolla bir qədər də inamla irəliləməyə başladıq. 
2003-cü ildə xalqımız Heydər Əliyev məktəbini keçmiş İlham Əliyevi özünə rəhbər seçdi. Heydər Əliyevin layiqli siyasi davamçısı olan İlham Əliyev ölkənin taleyi üçün hansı işin harada yarımçıq qaldığını, dostumuzun, düşmənimizin kim olduğunu çox yaxşı bilirdi. Onun hakimiyyəti dövründə Heydər Əliyevin özülünü qoyduğu işlər bəhrə verməyə başladı. Neft sahəsi ölkəyə böyük gəlirlər gətirməyə başladı.
Neftdən gələn gəlirlər ölkənin inkişafı ilə yanaşı, hərbi potensialımızın güclənməsinə yönəldildi. Dost ölkələrlə əlaqələrimizə  xüsusi diqqət yetirildi. Düşmən mövqeyində olanları neytrallaşdırmaq sahəsində uğurlu tədbirlər görüldü.  Ölkəmiz ətrafında qurulan informasiya blokadaları dağıdıldı. Ölkədə milli həmrəylik gücləndi, insanlar İlham Əliyevin ətrafında daha sıx səfərbər oldular.
30 ilə yaxın bir dövrdə baş verənlər göstərdi ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar üzdə beynəlxalq prinsiplərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda arxada əleyhimizə iş aparırlar. Onlar hər vəchlə vaxtı uzadaraq Azərbaycan xalqını məğlubiyyətlə barışdırmağa çalışırdılar. Prezident, Ali Baş Komandan İlham Əliyev belə çirkin - ikili siyasəti tənqid edir, onları haqqın, ədalətin, beynəlxalq qanunların yanında olmağa çağırırdı.
Düşmənin Qarabağdakı siyasi şoularına təmkinlə dözən rəhbərimiz arxada ciddi şəkildə taleyüklü müharibə üçün lazımi hazırlıqlar gördü.  Azğınlaşmış düşmənsə torpaqlarımızı işğal edəcəyi barədə sərsəmləməyə başlamışdı. Bizi Bakıya qədər gələcəkləri ilə hədələyirdilər. 2020-ci ilin iyul ayında düşmən dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətdi, hərbçilərimiz, general Polad Həşimov şəhid oldu.
Sentyabrın 27-də düşmən bir daha təxribat törədəndə Ali Baş Komandanımız əks-hücum əmrini verdi. Bu günü gözləyən müzəffər ordumuz döyüşlərə başladı. Təkcə ordumuz yox, bütün ölkə bu istiqamətdə səfərbər oldu. Arxa cəbhədə də hər kəs əlindən gələni etməyə başladı. Xüsusilə döyüş bölgələrinə yaxın olan əhali ordumuza hər cür kömək etmək üçün fədakarlıq göstərdi.
Müharibənin 44 gündə möhtəşəm qələbəmizlə başa çatmasında xalqımızın öz rəhbərinə inamı, sevgisi böyük rol oynadı. Prezident İlham Əliyevin müharibə dövründə xarici jurnalistlərə verdiyi müsahibələr böyük uğur qazanmağımızda əvəzsiz rol oynadı. Bu müsahibələr İlham Əliyevi həm də dünya ictimaiyyətinə, güc mərkəzlərinə daha yaxşı tanıtdı. Prezident İlham Əliyevin rəşadətli bir sərkərdə kimi savaşa başçılıq etməsi göz qabağında idi. Müharibənin dayandırılmasını tələb edənlər qarşısında nümayiş etdirdiyi böyük iradə, beynəlxalq təşkilatlarda əleyhimizə qərarlar qəbul edilməsinin, düşmənə silah daşınmasının qarşısının alınması üçün göstərdiyi fəaliyyət dövlətimizin başçısının nüfuzunu daha da artırdı. Onun bu fəaliyyəti ordumuzu daha da ruhlandırdı, daha möhtəşəm qələbələrə köklədi. Demək olar ki, hər gün yeni-yeni ərazilər düşməndən azad edilirdi.  Ali Baş Komandan hər gün bu barədə öz xalqına sevinclə məlumat verirdi. Şuşa böyük rəşadətlə alındıqda isə Ali Baş Komandan Ulu Öndərimizin məzarı üzərinə gedib raport verdi, xalqımızın sevincini ona da çatdırdı.     
Bu qələbə təkcə torpaqlarımızı bizə qaytarmadı. Həm də xalqımızı bütün dünyaya yenidən tanıtdı. Hər kəs xalqımızın öz torpaqları yolunda böyük məhəbbətlə vuruşduğunun şahidi oldu. Şuşanın alınması hərb tarixində misli görünməmiş bir hadisə oldu.
Xalqımız öz torpaqlarını azad etdi. İki yüz ildə ilk dəfə itirilmiş torpaqlarımızı böyük qəhrəmanlıqla geri aldı. Bu zəfər bayramı tarixi inkişafımızda, yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcı oldu.
 
Habil QURBANOV,
AMEA Azad Həmkarlar İttifaqının sədri,
hüquq üzrə elmlər doktoru, professor


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar