Xəbər lenti
Dəhşətli İSTİLƏR GƏLİR: Azərbaycanda da... - QORXUNC PROQNOZ
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq ehtimalı 90 faizdir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.
ÜMT Baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.
Manevr.az bildirir ki, publika.az-a danışan AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır: “Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı artdığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır”.
Şöbə müdiri bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: “Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır”.
S.Səfərov çıxış yolunu alternativ enerji mənbələrindən istifadə etməkdə görür: “Günəş və külək enerjisindən daha çox istifadə etmək olar. Buna “yaşıl enerji” də deyilir. Azərbaycanda bu sahədə böyük işlər görülür. Bu yaxınlarda Prezident İlham Əliyev Xızı və Qobustan rayonları ərazisində külək turbinlərinin quraşdırılması ilə bağlı sərəncam imzaladı. Bunlar başa gələndən sonra onların gücü 240 meqavat gücündə olacaq. Bu da ölkəmizin elektrik enerjisi balansına çox böyük töhfədir.
Atmosferə atılan istixana qazlarının miqdarı eyni zamanda daxiliyanma mühərriki ilə işləyən avtomobillər vasitəsilə artır. Son vaxtlar bu sahədə uğurlu addımlar atılır. Yəni elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalı və istifadəsi artıb. Bir çox ölkələrdə insanlara stimul verilir ki, bu tip avtomobillərdən istifadə etsinlər. Bu da atmosferə atılan istixana qazlarının miqdarının azalmasına səbəb olacaq”.
Şöbə müdiri bu proqnozun Azərbaycan üçün də keçərli olub-olmadığına münasibət bildirib. S.Səfərov vurğulayıb ki, qlobal iqlimdə gedən proseslər az da olsa, ölkəmizin iqliminə təsir edə bilər: “Azərbaycan dünya miqyasında ərazisinə görə kiçik ölkədir. Qlobal iqlim dəyişikliyinin kiçik bir hissəsi də bizim ölkəmizdə baş verir. Qlobal iqlimdə baş verən dəyişikliklər bu və ya digər şəkildə bizdə də özünü göstərir. Ola bilər ki, lokal olaraq hansısa bir ayda Azərbaycan ərazisində temperaturun yüksəlməsi baş verirsə, planetin digər hissəsində temperaturun aşağı düşməsi ola bilər. Çünki qlobal iqlim dəyişmələri atmosferin ümumi hava dövranına təsir edir. Artıq şimaldan cənuba gedən hava kütlələrinin miqdarı artıb, buna görə də cənubdan şimala gedən hava kütlələrini kompensasiya etmək üçün temperatur yuxarı qalxır. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktikada buzlaqlar əriyir ki, bu da son dərəcədə təhlükəlidir. Bu, okeanın səviyyəsinin artmasına səbəb olur və Yer kürəsində içməli su ehtiyatının balansını azaldır. Bu, həmçinin, okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir”.
Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov Ümumdünya Meteorologiya Təşkilatının proqnozunun özünü doğrultma ehtimalının çox olduğunu bildirib: “Bu məlumatlar dünyanın aparıcı alimləri tərəfindən hazırlanır. Dünyadakı görkəmli ekoloqlar hesablamalar aparıblar ki, Yer kürəsində 100-200 ildən sonra iqlim dəyişmələri baş verəcək, iqlim əvəzləmələri olacaq. Onların irəli sürdüyü nəzəriyyəyə görə, Yer kürəsində istiləşmə soyuqlaşma prosesi ilə əvəz olunmalıdır. Hamı gözləyir ki, Yer kürəsində soyuqlaşma prosesi gedəcək. Yəqin ki, bu istiləşmələr də soyuqlaşmalardan əvvəlki prosesdir. Bütün bunlar geosistemdə gedən qanunauyğunluqlardır. Bu qurumun verdiyi məlumatlar 80-90% özünü doğruldur. Ancaq Yer kürəsinin də özünün qanunauyğunluqları var. Bu təşkilatın proqnozuna inamım çoxdur, ola bilsin ki, yaxın 5 ildə istiləşmə olsun, ancaq növbəti yüzillikdə soyuqlaşmanın olacağı da istisna edilmir. Lakin inanmıram ki, istiləşmə hansısa bir fəlakətə gətirib çıxarsın. Ancaq müəyyən qədər təsirlərini hiss edəcəyik”.
Professor qeyd edib ki, atmosferdə baş verən proseslər günəş sistemində gedən proseslərlə əlaqədardır. Onun sözlərinə görə, bu gün yerdə baş verən karbon oksidinin atmosferdə miqdarının artması və ya ətraf mühitin çirklənməsi biosferə nə qədər təsir etsə də, Yer kürəsinin iqlim dəyişmələrinə təsir göstərir: “Biz onun təsirinin müəyyən dərəcələrini görə bilərik. Ancaq bu təsir çox deyil. Yer kürəsində gedən dəyişikliklər yerin təkində müəyyən proseslərin getməsinə səbəb olur. Yer kürəsinin ətrafı elə ola bilər ki, günəşdən təcrid olsun və ya əksinə olsun. Bütün bunlar Yer kürəsində illərdir baş verir və təbii qanunlardır”.
R.Sultanov bildirib ki, əgər istilər rekord həddə çatarsa, Azərbaycan üçün də təhlükə qaçılmazdır: “Azərbaycanın suya olan tələbatı transsərhəd dövlətlərdən gələn çayların hesabına ödənilir. Su qıtlığı isə böyük problemdir. İstiləşmə ölkəmizdə kənd təsərrüfatı sahəsinə böyük zərbə vura bilər. Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar