Xəbər lenti
Putinin Bakı və Ankaraya telefon zəngi: Zəngəzur dəhlizi, Xocalı, Xankəndi, yoxsa…
Qarabağ zəfərindən sonra Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin intensiv şəkildə təmaslarının şahidi olmaqdayıq. Elə son bir ayın monitorinqi Qarabağ məsələsinin Bakı, Ankara və Moskvanın siyasətində prioritetlərdən olduğunu demək üçün kifayət edir.
Ötən ay Azərbaycan və Rusiya rəhbərliyi arasında bir neçə dəfə təmaslar olub. Sonuncu dəfə isə aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdi. Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirildiyi bildirildi. Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.
Aprelin 9-da isə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olduğu haqda rəsmi xəbər yayıldı. Kremlin yaydığı xəbərə görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb. V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb. Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildirilib.
Qeyd edək ki, Putin Bakı və Ankaraya məhz Ermənistanın baş naziri Nikol Paşinyanla Moksvada görüşdən sonra telefon açıb. Bu, həm də o deməkdir ki, Rusiya Qarabağ adının çəkildiyi görüşlər barədə Azərbaycan və Türkiyəni məlumatlandırmağı vacib sayır.
Putin-Əliyev, Ərdoğan-Putin telefon danışıqlarının sürəkli şəkildə getməsi indi daha heç kəsi təəccübləndirmir, çünki mövzu Qarabağdır. İllər öncə Soçidə keçirilən Ərdoğan-Putin görüşündə Qarabağdan danışılmasını necə həsrətlə gözləyirdik, ancaq bu gün Qarabağ qardaş dövlətin əsas mövzusudur. Ancaq bəzən aparılan danışıqların qapalılığı bəzi müşahidəçilər tərəfindən narahatlıqla qarşılanır. Narahatlıq daha çox Ermənistanda var. Hətta bugünlərdə Emənistanda Zəngəzurla bağlı danışıqların qapalı şəkildə aparılmasından dolaşı təşvişin mövcudluğunu müşahidə etdik. Odur ki, bəzən sual olunur, bu danışıqların ictimaiyyətə açıqlanmayan hissəsi bizim üçün uyğundurmu, aparılan müzakirələr xeyrimizədirmi? Liderlər arasındakı bu telefon danışıqları hansı növbəti böyük projenin reallaşmasına hazırlıq ola bilərmi? Məsələn, Zəngəzur dəhlizi, yaxud Xankəndinin, Xocalının Azərbaycana qaytarılması danışıqlar predmetidir, söyləmək olarmı?
Qafar Çaxmaqlı: “Şübhə etmirəm ki, Ərdoğanla telefon danışıqlarında kommunikasiya xətlərinin açılması, Türkiyə-Ermənistan sərhədlərinin açılıb-açılmaması mövzusu da keçir”
Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Putin-Əliyev, Ərdoğan-Putin telefon danışıqlarının intensiv xarakter almasının səbəbi 10 noyabr 2020-ci il razılaşmasının bir sıra bəndlərinin yerinə yetirilməməsi və ya tam yerinə yetirilməməsidir: “Ermənistan öhdəsinə götürdüyü bəzi işləri gecikdirir. Bunlardan biri Zəngəzur dəhlizinin açılmasıdır. Paşinyan sözdə bu prosesin də Ermənistanın xeyrinə olacağını deyir, amma içəridəki bəzi şovinist qüvvələr o fikirdədir ki, bu dəhlizin açılmasından gələcək xeyiri istəmirik, çünki həmin dəhliz Türkiyəni Türk dünyasına bağlayacaq və Türkiyə bölgədə daha da güclənəcək. Paşinyanın içində də bizim xeyrimizə haradasa mane olmaq istəyi var”.
Q.Çaxmaqlının sözlərinə görə, ikinci tərəfdən onlar bu dəhlizin açılmasından siyasi məqsədlərin həyata keçirilməsi üçün istifadə etməyi düşünürlər: “Ermənistanda indi Paşinyan üçün gündəmdə olan ən qorxulu məsələ müharibədən sonra əsir götürülən 62 terroristin geri alınmasıdır. Azərbaycan haqlı olaraq onları savaş əsiri saymır və müharibə bitəndən sonra buraya gəlib adamlarımızı öldürən diversant qrup kimi onları mühakimə etməlidir. Onlar Putindən bu məsələnin həll edilməsini istəyirlər. Amma bu, hələlik danışıq predmeti ola bilməz. 10 noyabr öhdəliyinə bunun dəxli olmamalıdır, bu məsələnin şərt kimi irəli sürülməsi absurddur. Kapitulyasiya imzalamış bir ölkənin şərt irəli sürməsi gülüncdür”.
Politoloq Ermənistanın 10 noyabr razılaşmasının pozulmasına sübut kimi aşağıdakı fikirləri səsləndirdi: “Ehtimal ki, İlham Əliyev Dağlıq Qarabağın Xankəndi və digər ərazilərindən Ermənistana aid hərbi birləşmələrin çıxarılması, bu ərazilərə azərbaycanlıların qaytarılması məsələsini qoyur. Çünki müharibədən keçən bu müddət ərzində Azərbaycan cəmiyyətini bu sual düşündürür: biz Xankəndinə, Xocalıya və digər torpaqlarımıza nə vaxt qayıdacağıq? Bu ərazilərdə Azərbaycan dövlətinin suveren haqları nə vaxt bərpa olunacaq? Şübhə etmirəm ki, Ərdoğanla telefon danışıqlarında kommunikasiya xətlərinin açılması, Türkiyə-Ermənistan sərhədlərinin açılıb-açılmaması mövzusu da keçir. Əlbəttə ki, dövlət başçıları arasında gedən danışıqların hamısını bilə bilmərik. Bu müzakirələrin aparılması lazımdır. Qalib ölkə kapitulyasiya imzalamış ölkəni bir çox məsələlərin həllinə məcbur etməlidir. Putinin əvvəlcə Köçəryanla, daha sonra Paşinyanla apardığı danışıqların mətbuata sızan hissəsində də elə bu məsələlər var idi. Rusiya əslində Ermənistanı məhv olmaqdan xilasetmə tədbirləri görür”.
Elxan Şahinoğlu: “Ermənistana ciddi mesajdır ki, işin içində Türkiyə də var, Ankara kənarda qala bilməz və prosesin gedişatı ilə bağlı məlumatlandırılmalıdır”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da bu danışıqlarla bağlı maraqlı təhlili var: “Son illər prezidentlər arasındakı telefon danışıqlarının intensivliyi artıb. Putinin Azərbaycan və Türkiyə prezidentləri ilə telefon danışıqlarının mənası da aydındır. Çünki bu danışıqlardan bir gün əvvəl o, Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvaya dəvət etmişdi, onunla danışıqlar apardı, Qarabağ məsələsi də müzakirə olundu. Rusiya prezidenti də etik qaydalara uyğun olaraq danışıqların mahiyyəti barədə Azərbaycan və Türkiyə prezidentlərini məlumatlandırmağa qərar verdi. Diplomatiyada bu, normal qaydadır. Çünki münaqişə tərəfləri bəllidir-Azərbaycan və Ermənistan, Rusiya və Türkiyə də vasitəçi rolunda çıxış edirlər”. E.Şahinoğlu qeyd etdi ki, əslində Rusiya prezidentinin Türkiyə prezidentinə zənginin də çox böyük əhəmiyyəti var: “Bu da Ermənistana ciddi mesajdır ki, işin içində Türkiyə də var, Ankara kənarda qala bilməz və prosesin gedişatı ilə bağlı məlumatlandırılmalıdır”.
Politoloq narahatlığını da bölüşdü: “Amma çox təəssüf ki, bu görüşlərin, danışıqların hələlik bizim istədiyimiz məcrada getdiyini söyləmək çox çətindir. Çünki bizim əsasən Rusiyadan istəklərimiz və tələblərimiz var. ”İskəndər” məsələsinə aydınlıq gətirilməyib, modul tipli yerləşim yerlərinin sayını artırırlar, Rusiya tərəfi bu barədə izahat verməlidir, minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsi həll olunmamış qalıb. Biz gördük ki, bunun əvəzində “əsirlər” məsələsini gündəmə gətirməyə çalışırlar. Amma Azərbaycanın mövqeyi bundan ibarət oldu ki, bizim istəklər, tələblər, şərtlər yerinə yetirilməyənə qədər onların “əsir”, bizim diversant adlandırdığımız şəxsləri geri verə bilmərik”. “Atlas” rəhbəri hesab edir ki, Putinin Ərdoğana zənginin başqa bir mənası da var idi: “Çünki zəngdən sonra Ərdoğan İstanbulda Ukrayna prezidenti Zelenskini qəbul edəcəkdi. Görünür, Putin bu danışıqların mahiyyəti haqqında əvvəlcədən Ərdoğandan bilgi almaq istəyirdi. Hazırda Ukrayna-Rusiya münasibətləri gərginləşir. Bəlli oldu ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə, Krımı Ukrayna ərazisi saymasına baxmayaraq, məsələlərin sülh yolu ilə həllini istəyir. Amma burada bir məsələ də üzə çıxdı: Ukrayna və Azərbaycanın Türkiyə üçün fərqi də göz önündədir. Bizim məsələdə Türkiyə açıq şəkildə Azərbaycana hərtərəfli dəstək verdi və biz müharibə yolu ilə məsələlərin böyük hissəsini həll etdik. Ukrayna nümunəsində isə Türkiyə və Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan məsələlərin ancaq sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirdilər. Çünki bölgədəki müharibə özü ilə böyük risklər vəd edir. Bu, Azərbaycan və Ukraynanın Türkiyə üçün müəyyən qədər fərqini də ortaya qoydu”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar