Xəbər lenti
Evdə əti donduran şəxslər, DİQQƏT! - Ən təhlükəsiz üsul / AQTA
Ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır.
Lakin dondurma prosesini düzgün həyata keçirmədikdə ərzaq məhsuluyla bağlı sonradan bir sıra problemlər yaranır.
İnsanların bu gün buzluqda ən çox donduraraq saxladığı məhsullardan biri də ətdir. Ətin bişirilməsi qədər saxlanması da vacibdir. Dondurulmuş ətlərdə qida dəyər göstəricilərinin qorunub saxlanması və bakteriyalarla yoluxmanın qarşısının alınması sağlamlıq üçün olduqca vacibdir. Maraqlıdır, evdə əti donduran şəxslər nələrə diqqət etməlidir?
Mövzuyla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən metbuat.az-ın sorğusuna cavab olaraq bildirilir ki, ətlər buzlu halda qətiyyən bişirilməməli, mütləq şəkildə donu açılaraq istehlak olunmalıdır:
“Donun açılması zamanı ayrılan ət şirəsinin miqdarı dondurma və donun açılması sürətindən asılıdır. Sürətli dondurulan və yavaş soyudulan ətlərdə ayrılan ət suyunun miqdarı az, yavaş dondurulan və sürətli donu açılan ətlərdə isə əksinədir. Bundan əlavə əti hissələrə ayıraraq donunun açılması tövsiyə olunmur, çünki belə olduqda ətin qida dəyəri aşağı düşür.
Əti isti suda saxlamaq düzgün olmazdı, bu zaman ətin xarici hissəsi bişərək daxili təbəqələrdə bakteriyların yaranmasına şərait yaratmış olur. Mikrodalğalı sobalarda ətin donunun açılması isə ümumiyyətlə tövsiyə olunmur. Bu halda xarici qat bişir, daxili təbəqə isə buzlu qalır. Normal olaraq əti otaq temperaturunda bir neçə saat saxlayırıq və bu proses bir az daha uzun çəkir.
Havasız şəraitdə qablaşdırılmış dondurulmuş ətlər qablaşmaya zərər gəlməyəcək şəkildə soyuq su içərisinə qoyularaq donu açıla bilər, lakin bu üsulla su hər yarım saatdan bir dəyişdirilməlidir.
Ən təhlükəsiz üsul isə bişirməzdən bir gün əvvəl əti dondurucudan çıxararaq alt qatlarda yerləşdirməkdir. Soyuducunun alt qatlarında buzu açılmış ətlər 3-5 günə qədər saxlanıla bilər. Bu ətlər təkrarən dondurula bilər, ancaq soyuducuya isti yeməklərin qoyulması donu açılmış ətlərdə temperaturun artmasına səbəb olacağından donu açılmış bu cür ətlərin təkrar dondurulmaması tövsiyə olunur. Mikrodalğalı sobada və suda donu açılmış ətləri ən qısa zaman içərisində istehlak etmək və bu ətləri yenidən dondurmamaq tövsiyə olunur. Çünki dondurulduqda bakteriyalar növbəti dəfə donun açılması zamanı çoxalaraq qida zəhərlənmələrinə səbəb ola bilər”.
Qeyd edək ki, dondurulmuş qida məhsullarının dondurulmasından istehlakına kimi məhsulların tərkibində baş verə biləcək hər hansı dəyişikliyin soyuq mühitlərdə qarşısının alınması prosesi soyuq zəncir olaraq tanınır.
Dondurulmuş qida məhsullarında həyati əhəmiyyət daşıyan soyuq qida zənciri, qidaların -40℃ temperaturda dondurulub istehlaka qədər olan müddətdə isə -18℃ temperaturda (temperatur məhsul çeşidinə görə dəyişə bilər) qorunması prosesidir. Dondurulmuş qidalar, keyfiyyətin qorunması məqsədilə dondurulma prosesinin ardından paketlənərək müəssisənin anbarında qorunur. Müəssisənin anbar temperaturu -30℃, saxlama müddəti isə 150 gün olmalıdır. Məhsul paylanmasını həyata keçirən pərakəndə satış müəssisələrinin anbarlarında və supermarketlərin dondurucularında temperaturun -18℃ olması tövsiyə olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar