Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tariximizin şərəfli səhifəsi : AZƏRBAYCAN PARLAMENTİ - 100

Tarix: 07-12-2018 13:44     Baxış: 2407 A- / A+
Tariximizin şərəfli səhifəsi : AZƏRBAYCAN PARLAMENTİ - 100

Tural Vəlizadə,
Qərbi Kaspi Universitetinin müəllimi,
BDU-nun doktorantı


Altı ay bundan əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etdik. Bu, tarixi hadisə idi. Çünki ilk dəfə idi ki, müsəlman aləmində demokratik respublika yaradılmışdır və Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bu respublikanı yaradan biz olmuşuq.

Bu gün isə Azərbaycan Parlamentinin yüzilliyini qeyd edirik. Bu, Azərbaycan siyasi mədəniyyəti üçün böyük nailiyyətdir.

1918-ci il mayın 28-i Azərbaycanın müstəqilliyi elan edilən zaman, Milli Şuranın Azərbaycan xalqını təmsil edən tərkibində 44 üzv var idi. Bu üzvlər gələcək parlamentin əsas simaları idilər.

Cümhuriyyətin mürəkkəb xarici siyasi şəraiti Avropa demokratiyası ilə sıx rabitə yarada biləcək nümayəndəli orqanın sürətlə formalaşdırılması zərurətini diktə edirdi. Hələ 1918-ci il iyunun 17-də Milli Şuranın özünü buraxması haqqında qətnamə qəbul olunmuş və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı. 1918-ci il sentyabrın 14-də hökumət Müəssislər Məclisinə seçkilər üzrə (F.Xoyskinin sədrliyi ilə) komissiya yaratmış, oktyabrın 21-də isə Müəssislər Məclisinə seçkilər haqqında qanun hazırlamaq üçün əvvəlkindən daha geniş təşkil olunmuş bir komissiya (M .Rəfiyevin sədrliyi ilə) təsis etdi, amma müxtəlif səbəblərə görə bu komissiyalar əməldə heç bir şey edə bilmədilər.

Birinci dünya müharibəsinin qurtarmasından sonra beynəlxalq münasibətlərdə yeni sistem yaratmalı olacaq sülh konfransının vaxtı yaxınlaşırdı. Bu vəziyyət tələb edirdi ki, Azərbaycanın bu konfransda onu təmsil edə biləcək hansısa bir siyasi orqanı olsun. “Kaspi” qəzetinın yazdığı kimi “Sülh konfransı və ümumiyyətlə, siyasi məsələlərin müharibə edən ölkələr tərəfindən həll edilməsi Azərbaycanın Müəssislər Məclisinə seçkilər keçirilməsini gözləməyəcəkdir. Biz kənarda qala bilərik, orada isə, məsələn, Bakı şəhərinin Azərbaycanın tərkibindən çıxarılması və ya bundan daha da pis qərar qəbul edə bilərlər” (Каспий, 1918, 7 ноября).

Buna görə də Müəssislər Məclisinə seçkilər üzrə komissiya bu nöqteyi-nəzərdən çıxış edərək müvəqqəti parlament yaratmağı təklif etdi. Noyabrın 5-də komissiya özünün ilk iclasında “Milli Şuranın təyin etdiyi vaxtda Müəssislər Məclisini çağırmağın qeyri-mümkün olduğunu, lakin siyasi şəraitin xalq nümayəndələrinin siyasi məsələlərin həll olunmasında iştirakını tələb etdiyindən, bu qənaətini bildirdi ki, təcili olaraq sadələşdirilmiş şəkildə müvəqqəti Azərbaycan parlamenti çağırılsın” (Азербайджан, 1918, 15 ноября).

Əsas çətinlik də bu parlamentin yaradılmasında idi. Mürəkkəb siyasi şəraitdə onun ümumxalq seçkilər yolu ilə formalaşdırılması mümkün deyildi. Kooptasiya və ya təyinetmə metodu da bu dövrdə qərb ölkələrində mövcud olan seçki prinsiplərinə uyğun gəlməyəcəkdi, belə ki, həmin halda dünya ictimaiyyəti onu bütün xalqın mənafeyini təmsil edən orqan kimi tanımayacaqdı.

Buna görə də yeganə mümkün hal, üzvləri Ümumrusiya Müəssislər Məclisinə ümumxalq seçkiləri əsasında seçilmiş Milli Şuranın əvvəlki tərkibdə bərpa olunması ola bilərdi. Buna əsaslanaraq, respublika hökumətinin 1918-ci il 9 noyabr qərarı ilə Milli Şuranın çağırılması noyabrın 16-a təyin edildi. Seçki qanununu hazırlamaq üçün M.Rəsulzadə, M.T.Rəfiyev və H.T.Ağayevdən ibarət xüsusi komissiya təşkil edildi. Beş aylıq fasilədən sonra - 1918-ci il noyabrın 16-da yığaşan Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin

çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq özünü parlamentə çevirməyi qərara aldı.

Yaradılmış komissiya Azərbaycan parlamenti yaradılması haqqında qanun hazırladı və o, 1918-ci il noyabrın 19-da Milli Şura tərəfindən qəbul olundu. Qanuna görə, bir palatalı parlamentə seçkilər gizli keçirilirdi. Azərbaycanın liderləri çox böyük həssaslıq göstərərək ingilislərin demokratiyaya aludəçiliyini nəzərə alaraq, seçkilərin əsasən milli təmsilçilik prinsipini daxil etmişdilər. Bununla, onlar respublikada milli barışığın əldə edilməsi üçün real şərait yaratmış olurdular. Buna əsaslanan Azərbaycan Milli Şurası noyabrın 25-də Erməni və Rus Milli Şuralarına öz nümayəndələrini parlamentə göndərmək təklifi ilə müraciət etdi. Əvvəlcə hər iki şura mənfi cavab verdi. Ermənilər siyasi və milli-mədəni talelərindən gileylənərək, öz şuralarının bütövlükdə ermənilərin mənafeyini təmsil etmək hüququnda olmadığını bildirdilər. Cənubi Qafqaz respublikalarının öz müstəqilliklərini elan etmələrinə baxmayaraq Rus Milli Şurasının əsas dəlili bıından ibarət idi ki, o, Ümumrusiya Müəssislər Məclisi və Paris Sülh konfransının qərarınadək bütün Cənubi Qafqazı Rusiya dövlətinin bir hissəsi kimi hesab edir. Onlar bildirirdilər ki, “Rusiyanın iradəsini bilmədən bizim, nə Azərbaycan Cümhuriyyətini, nə də onun parlamentini tanımağa haqqımız yoxdur” (Единая Россия, 1918, 17 декабря). Lakin milli azlıqların sabotajı Azorbaycan hökumətinin əzmini qıra bilmədi, və o, bəyan etdi ki, hətta milli azlıqlardan hcç birisi də parlamentdə iştirak etmək istəməsə belə, yenə də o, parlamenti yaradacaq. Ona görə ki, ölkənin taleyinin məsuliyyəti çoxluğun üzərinə düşür. Bu çoxlııq, əgər azlıqlar bundan imtina etsə belə ölkəni təklikdə idarə etməlidir (Азербайджан, 1918, 2 декабря). Yalnız general Tomsonun F.Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökumətə müttəfiqlər komandanlığının hərtərəfli yardım edəcəyi haqqında bəyanatından sonra Erməni Milli Şurası və Slavyan-rus cəmiyyətləri şurası parlamentə daxil olmaq haqqında qərar qəbul etdilər. Şura Azərbaycan dövlətçiliyini tanımasa da rus əhalisinin mənafcyi naminə, Ümumrusiya

Müəssislər Məclisi çağırılanadək tərkibinə daxil olan cəmiyyət və təşkilatların üzvlərinin marağının müdafiəsi üzrə birgə iş xatirinə Azərbaycan parlamentinə daxil olmağı mümkün saydı. Beləliklə, bu qüvvələr parlamentə daxil olmaqla, Azərbaycan ideyası ilə olmasa da, Azərbaycan dövlətçiliyı faktı ilə razılaşmalı oldular. Parlamentin əsas özəyini sabiq Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi. Şəhər özünüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaları nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər. Nəzərdə tutulan 120 deputatdan 80-i müsəlman əhalisini, 21-si erməni, 10-u rus, 4-ü milli azlıqları (alman, yəhudi, gürcü və polyakları) təmsil etməli idilər. Həmkarlar təşkilatlarına 3 yer, neft sənayeçiləri şurası və ticarət-sənaye ittifaqına 2 yer ayrılmışdı. Qanunla ərazi proporsiyası da müəyyənləşdirilirdi:

a) müsəlman əhalisindən - 80 nəfər.

1. Bakı - 5 nəfər,

2. Göyçay – 2,

3. Cavad qəzası – 2,

4. Quba qəzası – 2,

5. Lənkəran qəzası – 2,

6. Şamaxı qəzası – 2,

7. Gəncə qəzası – 3,

8. Ərəş qəzası – 2,

9. Cavanşir qəzası – 1,

10. Zəngəzur qəzası – 2,

11. Qazax qəzası – 1,

12. Cəbrayıl qəzası – 1,

13. Nuxa qəzası – 2,

14. Şuşa qəzası – 2,

15. Zaqatala qəzası – 2,

16. İrəvan quberniyasının Azərbaycan hissəsi – 3,

17. Tiflis quberniyasının Azərbaycan hissəsi - 1.


b) Erməni əhalisindən 21 nəfər, Gəncə və Şuşanın hərəsindən 8 nəfər və Bakı Erməni Milli komitəsindən 5 nəfər,

c) Bakı Rus Milli Şurasından – 10 nəfər;

ç) Alman Milli Təşkilatından - 1 nəfər;

d) Yəhudi Milli Şurasından - 1 nəfər;

e) Gürcü Milli Şurasından - 1 nəfər;

ə) Polyak Milli Komitəsindən - 1 nəfər;

f) Bakı Həmkarlar İttifaqlarından - 3 nəfər;

g) Bakı neft sənayeçiləri Şurası və Ticarət-sənaye ittifaqından 2 nəfər (müştərək) (A R D A , f.895, s.l, iş 36, v.2).


Milli Şura, sonra isə Azərbaycan parlamenti bütün siyasi partiyaları da parlamentin işində iştirak etməyə dəvət etdilər. Siyasi partiyaların gələcək parlamentə münasibəti 1918-ci il dekabrın 6-14-də keçirilən və bolşeviklərdən başqa bütün partiyaların iştirak ctdikləri demokratik müşavirədə aydınlaşdı. Eser S.Saakyanın tələbi ilə müşavirə vahid və bölünməz Rusiya haqqında məsələni müzakirə etdi. Rus partiyalarının əksəriyyəti - kadetlər, menşeviklər, bölünməz vahid Rusiya ideyasını müdafiə etdilər və yeni yaranmış dövlətlərin tanınmasından və yerli hökumətdə iştirakdan imtina etməklə bağlı ideya ilə çıxış etdilər. Azərbaycanın milli partiyaları olan “Müsavat”, “İttihad”, “Hümmət” və “Müsəlman sosialist bloku” Rusiya ilə yenidən birləşmək ideyası əleyhinə kəskin çıxış etdilər. Bolşeviklər isə fəal boykot taktikası elan etdilər. Menşeviklərin idarə etdikləri Həmkarlar İttifaqları Şurası da parlamentə qarşı müxalifətə keçdi. Belə ki, Şura üzvlərinin əksəriyyəti 6 nəfərin bitərəf qalması ilə parlamentdə iştirak ctməmək haqqında qərar qəbul etdi. Hümmətçi menşeviklər parlamentin açılmasına kömək ctsələr də, bunun məcburiyyət qarşısında cdildiyini bildirirdilər. Belə ki, hakimiyyəti öz əllərinə almağa hazır dcyildilər. Buna görə də onlar parlamentdəki fəaliyyətlərini özlərinin inqilabi təbliğat forması kimi qiymətləndirirdilər. Eserlər partiyası da parlamentdə iştirak etməyin mümkünlüyünü nəzərdən keçirirdi. Bu partiyanın Bakı komitəsi Azərbaycanın öz müqəddəratını təyin etməsi ideyasını, yalnız vahid Federativ Rusiya tərkibində mümkün sayırdı. Bu partiyaya görə, Azərbaycan Cümhuriyyəti böyük Rusiya Federasiyasının bərabərhüquqlu üzvü olmaqla zəhmətkeş xalqın normal inkişafını təmin edə bilər; parlament isə yalnız demokratik seçkilər keçirilməsi əsasında nüfuzlu orqan ola bilərdi. Demokratik seçkilərin əsası kimi onlar milli təmsilçiliyi deyil, yalnız partiya prinsiplərini qəbul edirdilər. 1919-cu il yanvarın 25-də parlament eser partiyasının Bakı komitəsinin ona 5 yer ayrılması haqqında xahişini müzakirə etdi. “Əhrar” fraksiyası və “bitərəflər” bu xahişi o şərtlə qəbul etdilər ki, onlar sosialist fraksiyasına daxil olsunlar, çünki bu yerlər milli azlıqlar üçün ayrılmışdır.

Eserlər özlərini beynəlmiləlçi partiya hesab etdiklərindən heç bir milli komitəyə girməmişdilər. Amma parlamentin partiya prinsipi ilə deyil, milli əsas üzrə yaradılmasına görə qərara alındı ki, milli azlıqlar hesabına eserlərə yer ayrılsın. Eserlərin parlamentdə iştirakını müdafiə edən M.Rəsulzadə müxalif qüvvənin orada olmasının zəruriliyini bildirdi. O, qeyd edirdi ki, “Bizim fəaliyyətimizin tənqid olunması və bizim mövqelərimizə qarşı etiraz parlament binasından kənarda deyil, parlament tribunasından bildirilməli və həmin tribunadan da ona cavab alınmalıdır” (Азербайджан, 1919, 31 января). Bununla belə, eserlər parlamentin fəaliyyətində iştirak etmədilər. Parlamentin işə başlaması ərəfəsində Azərbaycanda siyasi qüvvələrin ümumi düzümü bu cür idi. Azərbaycan parlamentinin açılışı dekabrın 3-nə nəzərdə tutulmuşdu. Parlamentin açılmasının ləngiməsi ingilis komandanlığının Azərbaycan hökumətinə etdiyi təzyiqlərlə bağlı idi. Britaniya ordusu baş qərargahının rəisi S.Stoksun mayor Rolansona göndərdiyi məktubunda ona tapşırılırdı ki, koalisiyon hökuməti müttəfiqlər komandanlığı tərəfindən tanınmayınca parlam entin açılmasına imkan verməsin (ARDA , f.895, s.l, iş 25, v.2).

Belə mürəkkəb şəraitdə Azərbaycan parlamenti dekabrın 7-də H.Z.Tağıyevin “Qızlar gimnaziyası” binasında öz işinə başladı. Onun birinci iclasını Milli Şuranın sədri və “Müsavat” fraksiyasının sədri M.Rəsulzadə açdı. O, ümidvar olduğunu bildirdi ki, müstəqillik xalqımızı sürətlə inkişaf etməyə və azad xalqların gələcək birliyinin müstəqil üzvü olmağa imkan verəcək. O, parlament üzvlərinə müraciət edərək onları vətənin mənafeyini və xalqın əmin-amanlığını partiya mənafelərindən üstün tutmağa çağırdı. Sonra M.Rəsulzadə parlamentin sədrini və onun müavinini seçməyi təklif etdi. “Müsavat” fraksiyası adından çıxış edən Ş.Rüstəmbəyov Ə.Topçubaşovu sədrliyə və onun müavinliyinə isə H.Ağayevin namizədliyini irəli sürdü. Ən gənc deputat Rəhim bəy Vəkilov parlamentin katibi seçildi. Bütün namizədlər parlament tərəfindən təsdiq olundular. Topçubaşovun Bakıda olmadığından onun vəzifəsi müvəqqəti olaraq H.Ağayevə həvalo olunmuşdu. Parlamentin cari işlərini idarə etməkdən ötrü sədr, onun müavini və fraksiya nümayəndələrindən ibarət senyorkonvent (məsləhət şurası) seçildi. “İttihad” partiyasının təklifi ilə parlamentin açılması münasibətilə siyasi məhbuslara amnistiya elan edildi. Sonra baş nazir F.Xoyski hökumətin daxili və xarici siyasəti haqqında hesabat məruzəsi ilə çıxış edib hökumətin səlahiyyətlərini təhvil verilməsi və bütün hakimiyyətin parlamentə keçməsini elan etdi. H.Ağayevin təklifi ilə mandat, reqlament və təsərrüfat komissiyalarına seçkilər keçirildi. Fraksiyaların gələcək fəaliyyətinin əsas prinsip və proqramları onların bəyanatlarında ifadə olundu. Bu bəyanatlarda bütün fraksiyaların müstəqilliyi qorumaq və ölkədə demokratik quruluş bərqərar etmək kimi ümumi istəkləri ifadə olunsa da, bu məqsədlərə nail olmağın yolları və vasitələri fraksiyalar tərəfindən rnüxtəlif cür başa düşülüdü. Onlar dövlət hakimiyyəti sistemində parlamentin rolunu da müxtəlif cür şərh edirdilər. Parlamentdə 9 fraksiya və qrup təmsil olunmuşdur. 1919-cu ilin əvvəlində parlamentin cəmi 79 üzvü var idi. “Miisavat” fraksiyanın 23, “İttihad”ın 11, “Əhrar”ın 9, “Hümmət”in 5, “Müsəlman sosialist blokunun” 5, “bitərəflər”in 15, “Milli azlıqlar”ın 4, “Rus-slavyan cəmiyyəti”nin 3, “Erməni fraksiyası”nın 4 üzvü var idi (ARDA, f.277, s.l, iş 53, v.5).

Parlamentin yaranmasından sonra yeni Nazirlər kabinetinin təşkil olunmasına başlanıldı. Parlamentin sədrinin müavini Həsən bəy Ağayev 1918-ci il dekabrın 13-də Fətəli xan Xoyskiyə hökumət təşkil etmək xahişi ilə müraciət etdi. H.Ağayevin müraciətində deyilirdi: “Fraksiyaların arzusu, habelə Sizin siyasi təcrübəniz, Vətənə və millətə xidmət işində göstərdiyiniz mühüm fəaliyyət və fədakarlığınız məni vadar edir ki, Sizi vacib və çətin bir işə, baş nazir vəzifəsini öz üzərinizə götürməyə koalisiyon kabinet təşkil etməyə dəvət edim”(Знамя труда, 1918, 17 декабря). Xoyski yalnız ikinci dəfə ona təklif olunduqdan sonra kabinet təşkil etmişdi.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyət müddətində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar