Xəbər lenti
Azərbaycanda qızlar evdən niyə qaçır? - DƏHŞƏTLİ SƏBƏBLƏR
Avropada ailələr 18 yaşı tamam olan övladlarının tək yaşamaq istəyini normal qarşılayır və onların seçimlərini dəstəkləyir. Son zamanlar 18 yaşı tamam olan gənc qızlar ailələrinin onlara göstərdiyi təzyiqi və şiddəti səbəb gətirərək evi tərk edir.
Gənclərin evi tərk etməsinə səbəb nədir və onların bu seçimləri niyə ailələri tərəfindən dəhşətli bir hadisə kimi qarşılanır? Çünki ailə uşağın psixoloji vəziyyətindən çox cəmiyyətin nə düşünəcəyini diqqətə alır.Psixoloq Təranə Məmmədova:
"Öncə qeyd edim ki, Azərbaycan demokratik cəmiyyətdir. Lakin ilk müsəlman olduğumuzu, daha sonra mentalitetimizi nəzərə alsaq, hər bir qadın gələcəyin anasıdır. Hər insan öz qərarını vermək seçiminə malikdir. Lakin bu o demək deyil ki, valideynin, cəmiyyətin, illərlə bizə ötürülən ailə dəyərlərini heçə sayıb, sərbəst həyat sürsün. Şiddət gördüyü zaman isə bu araşdırılmalıdır. Çünki şiddət bir-iki gün ərzində yaranmır. Ailədən aldığı tərbiyə həmin uşaqların formalaşmasına təsir edir. Ona görə, bir anlıq verilən həmin qərarın səbəbləri araşdırılmaldır. Əgər, bu anlıq qərarla gənclər sərbəst yaşamağa başlasa, mən 10 il sonra cəmiyyətin necə olacağını təsəvvür edə bilmirəm. Ona görə də, ilk öncə şiddətin səbəbləri araşdırılmalı, ailə reabilitasiya edilməlidir. Ailələr özləri də bəzi şeyləri qorumadığı üçün, indi gənclərin psixoloji vəziyyəti heç də yaxşı vəziyyətdə deyil. Gənclərin yalnız öz istəklərini önəmsədiyi dövrdə onlara çox sərbəstlik vermək, gələcəkdə pis nəticələrə gətirib çıxara bilər. Əgər həmin uşaq ailədən şiddət görürsə, o özü də gələcəkdə şiddət göstərəcək. Ona görə də, belə hallarda ailələrə psixoloji dəstək vermək lazımdır. Avropa kimi cəmiyyətdə uşaqlar buna öncədən hazırlanır, bizdə isə yox. Ona görə bizim kimi cəmiyyətdə gənclər buna hazır olmadığı üçün, onların gələcəkləri təhlükə altında olur".
Gənclərin bu addımlarına jurnalistlər və sosial şəbəkədə fəal olan şəxslər müxtəlif cür yanaşır. Bəziləri onların bu addımını dəstəkləsə də, bəziləri buna səbəb olaraq, sosial şəbəkədə sərbəst və azad qızların onları bu cür davranmağa sövq etdiyini qeyd edir.
Jurnalist Nigar Cəfər:
"Qızların evdən qaçmağının böyük səbəbi ailələridir. Qızlarını çox qısıtlayırlar, bəzən ailələr qızların o qədər əsəblərinə toxunur ki, məcbur olub son yolu bunda görürlər. Azad olub, tək yaşamaq qıraqdan baxanda çox asan göründüyü üçün, onlar da qaçırlar. Məncə, ailələr qız övladları ilə oğlan övladları arasında bu qədər fərq qoymamalıdır. Əslində evdən qaçış da bir qurtuluş deyil, amma yenə də ən böyük günah ailədədir".
Yazar Şəbnəm Karslı:
"Psixi problemi yoxdursa, problem ailədədir. Sağlam gənc maddi və mənəvi çətinlikləri gözə alıb təklik yolunu seçməz. Azərbaycanda ailə dəstəyi olmadan yaşamağın nə qədər çətin olduğunu bilirik. Ailələr çox aqressiv olur bəzi hallarda. Qaçan qızlardan bir neçəsi ilə söhbət etdim, hətta dağ basma, keçəl etmə kimi cəzalar görüblər. Bir faktı deyim, keçmiş qonşum var, qızın 24 yaşı olanda tələbə təqaüdü ilə özünə kosmetika alış-verişi etmişdi. Anası məndən icazəsiz niyə pul xərcləmisən deyib taxta qaşıqla döyəndə, anam keçib aldı qızı əlindən. Ananın bəhanəsi o idi ki, özbaşına dükana girib - çıxan qız əxlaqsız olacaq, evde qalacaq. Dəhşətli şeyler var ee... , yazıq qızlar, çoxu əxlaqsız damğası yeyəcək qorxusu ilə çürüyür ailəsinin yanında".
Jurnalist Maya Quliyeva:
"Xeyr, son illər gənclərdə baş verən bütün neqativ hadisəyə səbəb ilk öncə televiziyadakı "azadlığ"ın iyidi. Damağında siqaret maşın sürən qadınlar, (etirazım yoxdu,maşın sürən qadınlara !!!), boşanıb "öz ayağı üstdə" durub pul qazanan "müğənnilər", seriallardakı "azadlıq", "Xoşu" və Zaur kimilərinin verilişləri, yalnız gənc qızlar tələb olunan "işlər", sosial şəbəkələr, böyük şəhərlərdəki "həyat", ən, ən əsası isə təhsilimizin olmaması, son 25-30 ilin yetişdirdiyi savadsız müəllimlər. Gənclik və gələcəyimiz uçuruma gedir".
Sosial şəbəkə istifadəçisi Dürdanə Hüseynova:
"Ailələrdə aşırı qısqanclıq baş alıb gedir. Sanki evdən qız çıxdı, kimsə ona nəsə edəcək. Yol kənarında dayanan bütün insanlar müzakirə etmək üçün qızları hədəf seçirlər. Hətta yaşlı qadınları da nəzərdən qaçırmırlar və bu insanlar evə gəldikdə guya öz qız-gəlinlərini belə təhlükələrdən qorumaq üçün "əsir" edirlər. Anlamırlar, dinləmirlər,qadağa-qadağa. Nəhayəti budur, "azad olacam" qaçacam".
Jurnalist Vüsal Qarayev:
"18 yaşını tamamlayıbsa, kimə nə ? Bu müzakirə mövzusu belə olmamalıdır. Burda istər hüquqi, istər mənəvi-psixoloji, yaxud hansısa digər problemlər axtarmaq yersizdir. Onun tam hüququdur tənha yaşamağı, yaxud kiminlə birgə yaşamağı seçmək. Hə, söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, bunun səbəbləri də müxtəlifdir. Birmənalı şəkildə konkret tərəfləri, yaxud hansısa məqamları günahlandırmaq çətin məsələdir. Məsələn səbəblərdən biri ətraf mühitin, hələ ailəni qoyuram bir kənara, məsələn qohumların, uzaq qohumların, qonşuların şəxsi həyata yersiz müdaxiləsi, "qız uşağını" müdafiə "instinkt"idir. Bu özəlliklə yeniyetmə qızlarda ciddi psixoloji travma, loru dildə desək qıcıq yaradır. Və bu təziqdən qurtulma yolunu uzaqlaşmaqda görürlər. Çün ki, istəklərini, etirazlarını ailərlərinə söyləsələr belə, kimsənin onları ciddiyə almayacağını düşünürlər. haqsız da deyillər bu məsələdə. Məsələn başqa bir səbəb qızların virtual aləmdə izlədikləri, "yaşadıqları" dünyayla, içində olduqları dünya arasındakı ciddi fərq, dərin uçurumdur. Və ailə bağları da o qədər qopuqdur ki, kimləsə oturub bu məsələni müzakirə edə bilmir, istəklərini dilə gətrimir. Belə olarsa bəlkə ailə böyüklərindən kimsə ona arzuladığı həyata çatmanın başqa yollarının da olduğunu izah edər, məslən yüksək savadla, təhsillə, çalışaraq, gedib xaircdə təhsilini davam etdirərək. Amma bizdə nadir valideyin qızına belə msələhət verər. Fikir verin, evindən qaçan azyaşlı qızların əksəriyyətinin təhsil səviyyəsi demək olar ki, yox səviyyəsindədir. Bunun da səbəbi əksər hallarda valideyinlərdir. Dedimyim kimi, səbəblər çoxdur. Bu məsələdə əsas rol əlbəttə valideyinlərin üzərinə düşür. Güvən və digər məsələlərdə qız övladıyla, oğlan övladı arasında fərq qoyulmamalıdır, əsla. Qız övladı özünü ailənin güvənsiz fərdi hesab etməməlidir. Valideyin, ailə üzvləri qızı övladını ətrafın yersiz təzyiqindən, "müdafiəsindən" qorumalıdırlar. Bir sözlə qız övladı özünü qardaşı, qonşusu, sinif yoldaşı oğlanlar qədər sərbəst, güvənilir, azad, onlarla tamhüquqlu fərd kimi hiss etməlidir... Və əlbəttə qeyd etdiyim kimi, bir çox başqa, individual səbəblər də var".
Jurnalist Rumiyyə Miraslan:
"Elə zənn edirlər ki, evdən kənarda hər şey superdi. Daha anlamırlar ki, onları necə böyük təhlükələr gözləyir. Neçəsi əxlaqsızlıq yuvalarının qurbanına çevrilir. Başa düşmürlər ki, qaçmaq çarə deyil, gözəl həyat yaşamaq üçün əvvəlcə təhsil amaq, ayaqlarının üstündə durmağı bacarmaq lazımdır. Mən müşahidə etmişəm, qaçanların əksəriyyəti ailənin ərköyün övladlarıdır. Məsələn, bu yaxınlarda min bir əziyyətlə övlad böyüdən ananın qızı evdən qaçmışdı. Halbuki ana ona sərbəstlik verib, dərslərin yaxşı oxumadığı üçün gözəllik salonunda ustalıq öyrənmək istəyib, ana razılaşıb. Günlərin birində isə xəbərsiz-ətərsiz evdən gedib. Qızı Nərimanovda yerləşən kafelərin birindən döyülmüş, əzilmiş, sözün bütün mənalarında sınmış vəziyyətdə tapdılar. Başa düşüləndir ki, qız salona gələn bəzi müştərilərin "təsirinə" düşüb"./"faktor.az"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar