Xəbər lenti
Bizə dini televiziya lazımdırmı? - MTRŞ-dən Şeyxə dini televiziya açmaq yasağı
Fazil Mustafa: “Şeyx əslində cəmiyyətdəki zərurəti dilə gətirib”; Zeynal Məmmədli: “Qanunla dini televiziyanın açılmasına qadağa yoxdur”
Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Şeyx həmçinin vurğulamışdı ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub. Lakin tez bir zamanda Milli Televiziya və Radio Şurası (MTRŞ) Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziyanın açılması təklifinə qətiyyətlə “yox” dedi.
Qurum rəsmisi Toğrul Məmmədov report.az saytına açıqlamasında bildirdi ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil. Bu məsələdən sonra ortalığa bir sual çıxır, niyə Şeyxə dini televiziya açmağa icazə verilmir? Səbəb nədir, hökumət dindarların daha da aktivləşməsi, təşkilatlanmasından çəkinir, yoxsa?
Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında şeyxin dini televiziya ilə bağlı ideyasının xoş niyyətindən qaynaqlandığını dedi: “Şeyxin bu məsələdə maarifçilik məqsədi ilə müəyyən addımlar atmaq niyyəti var. Ona görə də bu məsələ təqdirolunan haldır, ən azı dini maarifçiliyin inkişafı baxımından bu məsələ gündəmdə saxlanılmalıdır. Lakin Türkiyədə olan ”TRT Diyanət TV" rəsmi dini televiziya kanalı modeli olarsa (yəni həmin kanalda daha çox rəsmi dini proqramlar nəzərdə tutulub) bu, başqa məsələdir. Bir də var, ümumiyyətlə, kanalda dini verilişlərin sayının artırılması, bu sahədə maarifçilik baxımından işlərin görülməsi. Fikrimcə, əgər birinciyə icazə verilmirsə, ikinci məsələdə müəyyən dini maarifçilik istiqamətində addımlar atılmalıdır və bu vacibdir".
Deputata görə, Şeyx əslində cəmiyyətdəki zərurəti dilə gətirib: “Burda da kifayət qədər gənc, savadlı alimlərimiz, mütəxəssislərimiz var və belə müzakirələrin olması insanların dini cəhalətdən qurtulması üçün faydalı ola bilər. Bu baxımdan da hansı modelin təklif olunmasından xəbərsizəm. ”Dini kanal" ifadəsi bir qədər hakimiyyətdə ya başqalarında fərqli assosiasiya doğurur. Bu məsələdə Azərbaycanın öz estetikası var, yəni burda həm də tələbatdan söz gedir. Dövlət müəyyən dərəcədə hansısa ideya və ya fikirlərin dindarlar arasında münasibətlərin pozulacağına gətirib çıxacağından ehtiyat edir. Məncə, bu cür veriliş və ya kanal elə də fəsada səbəb olmaz. Amma bütün hallarda Şeyxin bu ideyasının müəyyən mənada xoş niyyətindən irəli gəldiyini, maarifçilik məqsədi ilə düşündüyünü zənn edirəm. Çünki həqiqətən də din məsələlərində boşluqlar var və bunu ortadan qaldırmaq üçün televiziya, internet resursları daha çox işə yarıya bilər".
Media eksperti Zeynal Məmmədli qanunla dini televiziyanın açılmasına qadağa olmadığını bildirdi: “Hazırda ölkədə dövlət büdcəsindən maliyyələşən iki dövlət televiziyası var. Və bu iki televiziya cəmiyyətin bütün sahələrini əhatə etməyə borcludur. Söhbət AzTV və İctimai TV-dən gedir. Həmin televiziyalarda ilkin olaraq Şeyx bəlli bir zaman istəyə, həmin zaman ərzində də əhalinin dindar bölümü və yaxud bütövlükdə cəmiyyətə dindarların mesajlarını çatdıra bilərdi. Həmin televiziyaların qanuni baxımdan Şeyxin bu təklifinə, xahişinə ”yox" demək imkanı yox idi. Özəlliklə də hər iki televiziya onun tələbini ödəməyə borcludur, çünki dindar bölümü də əhatə etməlidir. Amma o ki qaldı sırf dini televiziyanın açılmasına, Azərbaycan kiçik məkandır, indiki həssas situasiyanı da nəzərə almaq lazımdır.
Düşünürəm ki, bu, bütövlükdə “yox” cavabı deyil, indiki vəziyyətdə məqsədəuyğun hesab edilməyib. Çünki qanunla bu qadağan deyil. “Televiziya və radio yayımı haqqında” Qanunda verilişlərin məzmunu, işin təşkilinə verilən tələblər yer alıb. Yəni orada birbaşa belə qadağa yoxdur. Sadəcə, həmin televiziyanın orda tələb edilən qanunlara əməl edilməsi istəniləcək, başqa bir şey yoxdur. Burada bir məsələni də aydınlaşdırmaq lazımdır ki, Şeyx həmin televiziyanın dövlət büdcəsi ilə, yoxsa dindarların vəsaiti ilə maliyyələşdirilməsini istəyir? Bəlkə də izn verilməməsinə səbəb hazırda neftin qiymətinin ucuzlaşması fonunda buna imkanın olmamasıdır. İkinci tərəfdən, sual olunur ki, bu televiziya üçün gərəkən kadrlar harada hazırlanacaq? Beləliklə, bu məsələlərin çoxu ictimaiyyətə açıqlanmadığından, yaranan suallara da dolğun cavab vermək mümkün deyil".
X. GƏRAY
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar