Xəbər lenti
Dilin təmizliyini qorumaq bəhanəsi - Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
Müstəqil dövlətdə Ana dilimizin taleyi ilə bağlı sovetlər dönəmindəkinə bənzər ciddi bir təhlükə olmasa da dil məsələsi gündəmdən düşmür və ən müftəlif səviyyələrdə müzakirə olunur. Ana dilimizin dövlət dili kimi istifadəsi və inkişafı ilə bağlı bir neçə rəsmi sənəd və proqram da qəbul edilmişdir.
Buna baxmayaraq, Milli Məclisin qanunlarından, Nazirlər Kabinetinin sərəncamlarından başlamış, dərsliklərimizin, mətbuatın, radio və televiziyanın, reklamların dilinədək, hara əl atsaq, narahatlıq doğuran, müzakirə olunmalı dil sorunları var. Bunların bəziləri təbiidir, dil inkişaf edir, zənginləşir, termin seçimi ardıcıl gedir, yeni sözlər gəlir və s. Amma məsuliyyətsizlikdən və ya qəsdən davam edən dil təxribatları və ya dövlət dilinə sayqıızlıq da var. Bu barədə çox danışmış və çox yazmışam. İndi diqqəti başqa bir məsələyə yönəltmək istəyirəm.
Son dövrlərdə Ana dilinin və ya dövlət dilinin təmizliyinin qorunması məsələsinə həsr olunan yazıların, toplantıların bir qismində açıq-aşkar bir təxribat və ya araqarışdırmaq meyli var: “amandır, qoymayın türk dilindən gəlmə sözlər bizim gözəl Azərbaycan dilimizi korladı!” . Yəni Türkiyə türkcəsindən gələn sözlər Azərbaycan türkcəsini “zibilləyir”. Rus dilidən, Avropadan axıb gələn kəlmələr bunları narahat eləmir, məhz türk dilindən gələn və tərtəmiz türk kökənli kəlmələri eşidəndə çılğınlaşırlar. Otuz ildə soyadlarımızdakı rus sonlugunu-şəkilçisini ata bilməmələri, milli dövlətdə özgə dövlətin yamaqları ilə yaşamaları, uşaqlarımızın bir qisminin ilk təhsili yabançı dillərdə almaları və ana dilini bilməmələri bunların heysiyyətinə toxunmur, bilgisayarlardakı sağlamlıq reklamlarının biabırçı azərbaycancasından, Bakının reklam mənzərəsinin millətə hörmətsizliyindən kəlmə kəsmirlər , ancaq köhnə və dilə yatmayan beş-altı ərəb və ya fars kəlməsinin Türkiyə türkcəsindən alınma sözlərimizlə əvəzlənməsini təhlükə hesab edirlər.
Burada atalarımızın kəlamlarından yan keçmək olmur: “Heyvanına şükür, ilahi!”
Bu ovqatı yayanlar arasında bəzi təşkilatlar da var. Türkiyə türkcəsinin Azərbaycanda hər bir insanın, hətta uşaqların da başa düşdüyü sözlərini zorla “azərbaycanlaşdırmaq” xəstəlikdir. Məsələn, bir toplantıda türkcə “türk xalqları və topumlarının” yığıncağı yazılırsa bizimkilər “toplum” sözünü təcili “cəmiyyət” ə çevirir və bununla sanki Azərbaycan dilini qoruyurlar. Gülünc və utandırıcıdır.
Azərbaycan türkcəsi və Türkiyə türkcəsi eyni dildir; bir millətin dilidir. Zaman və şərait bəlli fərqlər yaratsa da, bir-birimizi rahatca anlayırıq. Dil islahatı nəticəsində Türkiyə türkcəsi– ərəb və fars kəlmələrindən təmizlənərək, yerinə bütün türk dillərindən seçmə sözlər gətirilərək öz kökünün üstündə dayanan, 610 mindən artıq kəlmə xəzinəsi olan mükəmməl və dünyanın ən gözəl səslənən dillərindən birinə çevrilmişdir. Bizim dilimiz də zənginləşərkən, yeni sözlər axtararkən təbii ki, ilk növbədə qardaş dilə müraciət etməli, onun imkanlarından istifadə etməlidir. Rəsmi siyasətimiz türk dövlətlərinin yaxınlaşması, ortaq əlifba, ortaq ünsiyyət dili istiqamətindədirsə dillərin qarşılıqlı söz alış-verişinə də sayqıyla yanaşmalı, ümumtürk terminyaratma sisteminin qurulmasına da səy göstərməliyik. Yoxsa üzdə Türkiyə ilə qardaşlıqdan danışaraq arxada onun tək-tək sözlərinə qarşı bu qədər qısqanclıq göstərmək saxtakarlıqdır və bizə başucalığı gətirməz. Dilimizin qayğısını çəkmək qəsdli şəkildə, xüsusi tapşırıqla evlərində ÖZ dillərində , Bakı küçələrində isə rusca danışaraq, bizim dövlətdən yararlanıb bizim dövlətə sayqısızlıq göstərənlərə qalmayıb… Getsinlər öz işləri ilə məşğul olsunlar!..
Türkiyə türkcəsi Azərbaycan dilini, yəni Azərbaycan türkcəsini necə “zibilləyə” bilər? Deyək ki, əhəmiyyətli yerinə- önəmli, nöqteyi-nəzər yerinə- baxım, müvəffəqiyyət yerinə-ugur, problem yerinə-sorun, kompüter yerinə- bilgisayar, əlaqə yerinə-ilişki, təyyarə və ya samalyot yerinə- uçaq, vəziyyət yerinə- durum və s. deyiriksə bununla “bizim dilimiz” zibillənirmi? Lap yüz-ikiyüz belə söz gəlsin, nə olacaq? Dünya yerindən oynayacaq və ya kimlərsə kəlləmayallaq olacaqlar? Dilin inkişafının qarşısını almaq olmaz və “türkcədən” alınan kəlmələrin çoxu elə bizim öz sözlərimizdir, unutduğumuz, arxaikləşmiş və ya dəbə uyub Avropa zınqırov-mınqırovlarına qurban verdiyimiz sözlərdir.
Bu məsələ bəzən eybəcər müzakirələrə çevrilir və Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmaq niyyəti güdür.
Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. Belə təxribatçılar Türkiyədə də var, Azərbaycanda da. Bəzən bir cahilin sözünü şişirdib mənasız müzakirələr açırlar. Şübhəsiz burda fars, rus, erməni şəbəkələriin də ciddi təsiri var. Rusiya, Ermənistan, İran mətbuatını bürüyən antiazərbaycan hədyanlar günlərlə, aylarla cavabsız qaldığı halda, Türkiyədə deyilən ehtiyatsız bir söz böyük hay-küyə səbəb olur. Anlaşılandır. Uman yerdən küsərlər… Ancaq nəzərə alaq ki, Türkiyədə də türk adı altında gizlənmiş çoxlu türk düşməni var.
Türkiyə əleyhinə yazanlar arasında azsaylı xalqlardan olan vətəndaşlarımız fəallıqları ilə seçilirlər. Biz Azərbaycanın bütün vətəndaşlarına eyni gözlə baxırıq. Və xatırlatmaq istəyirəm, ermənilər İrəvanda, Zəngəzurda, Qarabağda, Şamaxıda, Lənkəranda, Qubada, Bakıda hamımızı türk-müsəlman deyib qırıblar; kimin türk, kimin kürd, kimin talış, kimin ləzgi olduğuna baxmayıblar. Nuri Paşa Türk-İslam ordusuyla Azərbaycana gələndə hamımızı xilas edib, Azərbaycandakı bütün xalqların namusunu qoruyub. Buna görə də Türkiyəyə Azərbaycanın, Bakının türk əhalisi nə qədər borcludursa digər xalqları da o qədər borcludurlar…
Bir həqiqət də göz önündədir: Azərbaycanda “türk düşmənçılıyi” edənlərin əsas hədəfi Türkiyə deyil, Azərbaycandır. Eynən, Türkiyədə Azərbaycanı sevməyənlərin Türkiyə düşməni olduqları kimi…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar