Xəbər lenti
Rövşən Hüseynli: “Yolumuz Qarabağa – Kəlbəcərə aparan yol niyə hələ də bağlıdır?”

“Vətəndaşa xidmət dövlət idarəçiliyinin əsas prinsipidir.” Bu prinsip Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət məmurları qarşısında dəfələrlə səsləndirdiyi əsas tələblərdən biridir. Lakin bəzən tətbiq olunan inzibati qərarlar vətəndaşlarda haqlı suallar doğurur. Belə məsələlərdən biri də “Yolumuz Qarabağa” portalının bu günə qədər Kəlbəcər rayonu üçün aktivləşdirilməməsidir.
Manevr.az bildirir ki, son günlər Subyekt.az informasiya portalına Kəlbəcər sakinlərindən və digər vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Müraciət müəllifləri eyni sualı ünvanlayırlar: Niyə “Yolumuz Qarabağa” portalı digər azad edilmiş rayonlarda tətbiq olunduğu halda Kəlbəcər üçün hələ də açıq deyil?Bu mövzu Prezidentin Kəlbəcər rayonunda Xüsusi Nümayəndəliyinin rəhbəri Bəşir Hacıyevin son açıqlamasından sonra daha da aktuallaşıb. Cənab Hacıyev çıxışında Kəlbəcərin mina təhlükəsinin yüksək olduğu rayonlardan biri olduğunu bildirib. Mina təhlükəsi şübhəsiz ki, ciddi təhlükəsizlik məsələsidir və dövlətin əsas prioritetlərindən biridir. Lakin məsələyə faktlar əsasında yanaşmaq da vacibdir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmi məlumatlarına əsasən, işğaldan azad olunmuş ərazilər arasında mina ilə ən çox çirklənmiş rayonlar ilk növbədə Füzuli, Ağdam və Tərtər hesab olunur. Bu, həmin ərazilərin uzun illər təmas xətti boyunca yerləşməsi ilə bağlıdır. Kəlbəcərdə də mina təhlükəsi mövcuddur, xüsusilə Murovdağ istiqamətində. Ancaq bu fakt avtomatik olaraq rayonun bütün ərazisinin vətəndaşların girişi üçün tam qapalı saxlanılmasını izah etmir.
Burada ortaya haqlı sual çıxır.
Əgər mina təhlükəsi əsas arqumentdirsə, bəs necə olur ki, “Yolumuz Qarabağa” portalı vasitəsilə Ağdam rayonuna səfərlər həyata keçirilir, lakin Kəlbəcərə belə imkan yaradılmır?
Bu gün Kəlbəcər şəhərində artıq rəsmi olaraq məskunlaşmış ailələr yaşayır. Rayon ərazisində yüzlərlə tikinti layihəsi icra olunur. Fermerlər mövsümi fəaliyyətlərini həyata keçirirlər. Turizm şirkətləri Kəlbəcərə müntəzəm turlar təşkil edirlər. Otellər, restoranlar və digər xidmət obyektləri fəaliyyət göstərir.
Belə olan halda sadə Azərbaycan vətəndaşının öz doğma yurdunu ziyarət etmək hüququnun məhdudlaşdırılması hansı zərurətdən irəli gəlir?
Bu gün işğaldan azad olunmuş Kəlbəcərin azad edilməsindən beş ilə yaxın vaxt keçir. Buna baxmayaraq, minlərlə kəlbəcərli hələ də ata-baba yurduna yalnız uzaqdan baxmaq məcburiyyətində qalır. Xüsusilə yaşlı nəslin nümayəndələri üçün bu məsələ daha həssasdır. Onların bəziləri bəlkə də son dəfə doğmalarının məzarını ziyarət etmək, dağıdılmış evlərinin yerini görmək arzusundadır.
Tanınmış jurnalist Zülfüqar Hüseynzadənin üç il əvvəl doğma Başlıbel kəndində dünyasını dəyişməsi də bu torpaqlara bağlılığın nə qədər güclü olduğunu göstərən nümunələrdən biridir.
Əlbəttə, təhlükəsizlik məsələsi heç vaxt müzakirə predmeti olmamalıdır. İnsan həyatı hər şeydən üstündür. Lakin təhlükəsizliklə vətəndaş hüquqları arasında balansın qorunması da dövlət idarəçiliyinin əsas prinsiplərindəndir.
Əgər Kəlbəcərdə daimi yaşayış mümkündürsə, dövlət qurumları fəaliyyət göstərirsə, tikinti işləri aparılırsa, turist qrupları qəbul edilirsə, sahibkarlıq subyektləri fəaliyyət göstərirsə, o zaman “Yolumuz Qarabağa” portalının məhz Kəlbəcər üçün bağlı saxlanılması obyektiv izah tələb edir.
Bu gün hotellər müəyyən prosedurlar vasitəsilə qonaqlarını qəbul edə bilir. Bəs rayonun restoranları, iaşə obyektləri, xidmət müəssisələri necə inkişaf etməlidir? Əgər bir vətəndaş yalnız bir günlük Kəlbəcərə gedib axşam geri qayıtmaq istəyirsə, bunun hüquqi mexanizmi niyə mövcud deyil?
Bu vəziyyət həm sahibkarlığın inkişafını ləngidir, həm də vətəndaşlarda süni inzibati maneələrin yaradıldığı barədə təsəvvür formalaşdırır.
Subyekt.az olaraq Kəlbəcər sakinlərinin və çoxsaylı oxucularımızın müraciətinə qoşulur, aidiyyəti dövlət qurumlarını məsələyə yenidən baxmağa çağırırıq.
Təhlükəsizlik tədbirləri qorunmaqla, “Yolumuz Qarabağa” portalının Kəlbəcər rayonu üçün də aktivləşdirilməsi həm vətəndaşların konstitusion hərəkət azadlığına, həm də bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.
Çünki Qarabağa aparan yol yalnız asfalt və tunellərdən ibarət deyil.
O yol həm də insanların doğma torpağına qovuşması, ata-baba yurduna dönüşü və dövlət-vətəndaş etimadının möhkəmlənməsi yoludur.

Rövşən Hüseynli
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































