Xəbər lenti
Mart soyqırımını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının yaradılması və fəaliyyətinə dair
Tural VƏLİZADƏ
Qərbi Kaspi Universitetinin
Magistratura və Doktorantura şöbəsinin müdir müavini
Qərbi Kaspi Universitetinin
Magistratura və Doktorantura şöbəsinin müdir müavini
Havadarlarının cızdığı plan üzrə ermənilərin Zəncandan Dərdbəndə, Bakıdan İrəvana qədər Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 105 il ötür.
1917-1920ci illәrdә ermәnilәr tərəfindən Azәrbaycanın demәk olar ki, hər yerində yerli əhaliyə, xüsusilə də türk-müsəlman əhaliyə qarşı soyqırım, talanlar, yanğınlar, terror vә digәr zorakılıq aktları hәyata keçirmişlәr. Bu hadisәlәr kütlәvi şәkildә 1918ci ilin martında – Novruz bayramı günlərində eyni anda Bakı və Urmiyada soyqırım vә talanlar ilә başlayıb zәncirvari şәkildә Şamaxıda, Qubada, Göyçayda vә Azәrbaycanın digәr qәzalarında davam etdirilәrәk Qarabağda, Zәngәzurda, Naxçıvanda, xüsusilә tarixi Qərbi və Cənubi Azərbaycan әrazilәrindә xüsusi bir qәddarlıqla davam etdirilmişdir. Soyqırımın coğrafiyasına diqqət yetirdikdə əsl məqsədin azərbaycanlıları, müsəlmanları öz tarixi torpaqlarından çıxarmaq və onların yerinə erməniləri, xristianları yerləşdirmək olduğunu aşkar sezmək mümkün olur. Ermәnilәrin bu dövrdә xalqımıza qarşı törәtdiklәri qırğınların vә soyqırımların mahiyyәti ondadır ki, onun “bolşevik” S.Şaumyan, satqın Andronik vә ya Ermәnistan Ararat Respublikasının qatı millәtçi vә şovinist “Daşnaksütyun” rәhbәrlәri tәrәfindәn törәdilmәsindәn asılı olmayaraq bu qırğın bir mәqsәdә әzәli Azәrbaycan torpaqlarının etnik cәhәtdәn azәrbaycanlılardan tәmizlәnmәsi vә ermәnilәşdirilmәsinә, ermәnilәrin Azәrbaycanda iqtisadi vә siyasi ağalığının tәmin edilmәsinә, azәrbaycanlılara qarşı әsl soyqırımı siyasәtinin hәyata keçirmәsinә xidmәt etmişdir. Bu işә әvvәlcә V.İ.Leninin S.Şaumyana tәqdim etdiyi xüsusi mandatı ilә Sovet Rusiyası xeyirdua vermişdir. Gəldiyimiz qənaətlər şəxsi mülahizəyə, təxmini məlumatlara deyil, arxivlərimizdə qorunub saxlanılan sənədlərə əsaslanır. Qeyd edək ki, Respublikamızın dövlәt arxivlәrindә yüzlәrlә işlәrdә minlәrlә sәnәdlәr qorunub saxlanılır. Bu sənədlər içərisində soyqırım tariximizin öyrənilməsi baxımdan sözsüz ki ən əvəzedilməz mənbə Fövqәladә Tәhqiqat Komissiyasının materiallarıdır. Bu materialları dəyərli edən cəhət hadisələr baş verdikdən dərhal sonra tərtib edilməsi, şahid ifadələrinə, konkret faktlara əsaslanması kimi cəhətləridir. Fövqәladә Tәhqiqat Komissiyasının materiallarını tədqiq etməzdən əvvəl bu komissiyasının yaradılmasını zəruri edən səbəblərinə, təşkili və fəaliyyətinə nəzər salmaq zəruridir. Mart hadisələrinə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırılmaq üçün təsirli tədbirlər görmək sahəsində ilk cəhd baş vermiş faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilmişdir. 1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Ba-kıya qoşun göndərilməsini tələb etdi və əgər Seym qəti tədbirlər görməzsə, Azərbaycan fraksiyasının “Seymdə birgə iş aparmasının qeyri-mümkün olacağı” barədə xəbər-darlığını bildirdi. Ertəsi gün Seymin Bakı hadisələrinə həsr edilmiş iclasında F.X. Xoyski bəyan etdi ki, “əgər müsəlman əhalisinin müdafiəsi üçün tədbir görülməzsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar”. Seymin 17 aprel 1918-ci il ta-rixli iclasında etdiyi məruzəsində F.X.Xoyski bir daha mühüm xəbərdaredici bəyanat verdi: “Bakı hadisələri Yelizavetpol quberniyasının hər yerində müzakirə edilir və bütün qətnamələrdə türk qoşunlarının Bakıya buraxılmasını nəzərdə tutan maddələr var və əgər hökumət Bakı problemini ləğv edə bilməsə, onda Yelizavetpol quberniyasının müsəlmanlarının bu tələbini dinləməli olacağıq. Həm də ola bilsin ki, elə bir an gələcəkdir ki, xalq kütləsi özü hərəkət etməyə başlayacaqdır və bu da faciəvi vəziyyət yaradacaqdır, çünki Bakı problemi – Respublikanın ölüm-dirim məsələsidir”. Təəssüflər olsun ki, Azərbaycan fraksiyasının çağırışlarına Zaqafqaziya Seymi cavab versə də Bakıdakı vəziyyəti nizama salmaq üçün konkret iş görə bilmədi. Xırdalan stansiyasına qədər gedən seymin qoşunlarının müsəlman korpusu say nisbətinə görə geri çəkilməli oldu. Zaqafqaziya Seyminin baş verən soyqırımlarla bağlı konkret işlər görə bilmədi. Beləliklə, Azərbaycan fraksiyasının Bakı hadisələrinə müdaxilə etmək üçün bütün daxili vasitələri tükəndi və türk qoşunlarının çağırılması onun əsas vəzifəsinə çevrildi. İlk öncə 26 may 1918-ci il tarixdə Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi və bu iclasda Seym özünün buraxıldığını bildirdi. Həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi (Gürcüstan Demokratik Respublikası). Mayın 27-də artıq keçmiş Seymin azərbaycanlı deputatları fövqəladə iclas çağıraraq yaranmış vəziyyəti müzakirə etdilər və Müvəqqəti Azərbaycan Milli Şurasının yaradılmasını qərara aldılar. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında Azərbaycanın müstəqilliyinin elan edilməsi qərara alındı və Azərbaycanın müstəqilliyi haqqında akt qəbul edildi. Bu akt azərbaycanlıların yeni milli demokratik dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı faktını hüquqi cəhətdən təsbit etdi. Həmin iclasda həmçinin ilk Azərbaycan hökuməti – AXC Nazirlər Kabinəsi formalaşdırıldı. Fətəli Xan Xoyski hökumətin başçısı, Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov ədliyyə naziri və i.a. seçildilər. 1918-ci ilin iyul ayının ortalarında, Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabineti xarici işlər naziri M.H.Hacınskinin məruzəsini dinləyərək respublikada baş vermiş hadisələrə, xüsusilə də dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında məsuliyyətsiz erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir”. Məruzədə qeyd edilirdi ki, həm ümumdövlət maraqları, həm də əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, “o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi”. Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalı, onun işinin nəticələri müxtəlif Avropa və türk dillərində nəşr edilməli və geniş yayılmalı idi. M.H. Hacınski xüsusilə vurğulayırdı ki, Təhqiqat Komissiyasının təşkilinə yubanmadan başlamaq lazımdır, “çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır”. M.H.Hacınski həm də təklif edirdi ki, “həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın”. Son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyətə başlayan gənc Azərbaycan Respublikasının ilk Hökumətinin böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək həmin hadisələrə ən yüksək və ciddi şəkildə münasibət bildirmək və konkret tədbirlər görmək niyyəti, sözsüz ki, böyük təqdirə layiq idi və zaman özü görülmüş bu işin əsl qiymətini verdi. Azərbaycan Cümhuriyyəti hökuməti
Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli həmin iclasında bu məsələni geniş və ətraflı müzakirə edən Azərbaycan Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarda göstərilirdi ki, “Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlar və onların əmlakı üzərində işlədilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın”. Həmin il avqust ayının 31-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri, həm də xarici işlər naziri F.X. Xoyski Gəncə şəhərində imzaladığı qərara əsasən 7 nəfərdən ibarət fövqəladə təhqiqat komissiyası yaradılır. Komissiyanın sədri andlı iclasçı – Ələkbər bəy Xasməmmədov, üzvləri isə - gənc dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə təyin olunurlar. Həmin qərarla komissiyanın sədri və üzvlərinin əmlak haqları və ezamiyyə xərclərinin miqdarı da müəyyənləşdirilir və komissiya sədrinə icazə verilirdi ki, lazım gəldikdə katib, ekspertlər və başqa şəxsləri də komissiyanın işinə dəvət etsin. F.X. Xoyskinin həmin il 22 sentyabr tarixli başqa bir qərarı ilə müəyyən edilir ki, Fövqəladə Təhqiqat Komissiyasının üzvləri yalnız bu məqsəd üçün işlədikləri günlərə görə əmək haqqı almaq hüququna malikdirlər. Sənədlərdən göründüyü kimi Fövqəladə Təhqiqat Komissiyası Xarici İşlər Nazirliyi yanında təşkil edilməsinə baxmayaraq o artıq həmin ilin sentyabrından faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərməyə başlayır. Bu da tamamilə təbii idi, çünki bu işlə bilavasitə məşğul olanlar və bu işlə məşğul olmaq səlahiyyəti olanlar əsasən hüquqşünaslar idi. Komissiyanın işinin sonuna qədər orada yalnız onun sədri Ə.Xasməmmədov, üzvlərindən isə A.V.Novatski və N.M.Mixaylov çox səmərəli fəaliyyət göstərmişlər. Müxtəlif vaxtlarda isə yuxarıda göstərilən üzvlərdən başqa komissiyaya Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Kluqe, andlı iclasçı Məmmədxan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbas Əlibəy Hacı-İrzayev, Bakı dairə məhkəməsinin üzvü B.Yusifbəyov müxtəlif vaxtlarda həmin komissiyaya üzv təyin edilmiş və ya üzvlükdən azad olunmuşlar. Fövqəladə Təhqiqat Komissiyası fəaliyyətə başladığı vaxtdan üzvləri qruplara bölünməklə Azərbaycan hökumətinin nəzarətində olan, və ya bolşevik-erməni qoşunlarından xilas edilmiş ərazilərdə – respublikanın müxtəlif qəza və şəhərlərində baş vermiş faciəli hadisələrin araşdırılmasına başlamışdılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı. FTK-nın Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.Y.Kluge, andlı iclasçı M.Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski), hüquqşünas A. Hacı İrzayev, Gəncə Dairə Məhkəməsi prokurorunun müavini Ç.B.Klossovski daxil idi, FTK-nın sədri Ə. Xasməmmədov özü tez-tez şahidlərin dindirilməsində iştirak edirdi. Həmçinin, Xarici İşlər Nazirliyi yanında bu hadisələrin əsl səbəbləri, gedişi və xarakteri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə xüsusi struktur yaradılmışdı. FTK-nın işinin həcminin getdikcə artması, digər tərəfdən ədliyyə sistemində ümumən müstəntiqlərin sayının son dərəcə az olması bir sıra problemlər ortaya çıxarırdı ki, bunun da bir səbəbi FTK-nın səlahiyyətlərinin müəyyən məhdudiyyətləri ilə əlaqədar idi. Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə Ədliyyə Nazirliyi 1919-cu ilin əvvəllərində Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərinin artırılması barədə məruzə ilə Hökumətə müraciət etdi. Azərbaycan Hökuməti, komissiyanın gördüyü işlərin mühümlüyünü nəzərə alaraq, 21 mart 1919-cu il tarixli xüsusi qərarı ilə FTK-nı məhkəmə-istintaq hakimiyyətinin cinayət-prosessual məcəlləyə əsasən malik olduğu bütün hüquqlarla təmin etdi. Əlavə səlahiyyətlərin verilməsi FTK üzvlərinin imkanlarını genişləndirərək cinayətkarların aşkar edilməsi və məsuliyyətə cəlb olunması prosesini sürətləndirdi. Komissiya, şahidlərin və müttəhimlərin axtarışı, dindirilməsi və müvafiq sənədlərin hazırlanması üzrə son dərəcə böyük işlər görərək, 1919-cu ilin iyun ayının sonunda öz fəaliyyətinin istintaq hissəsini demək olar ki, başa çatdırdı. Fəaliyyətini başa vuran komissiya üzvləri daha sonra iki qrupa bölünərək fəaliyyətini cinayət əməlləri təkzibedilməz faktlarla sübut olunan şəxslərə qarşı ittihamlar üzrə davam etdirdilər. Bakı qrupunun vəzifəsinə həmçinin, FTK tərəfindən Azərbaycanın digər bölgələrində apardığı təhqiqat işləri üzrə müttəhimlərin istintaqa cəlb olunması, qətnamələrin tərtib edilməsi və işlərin Məhkəmə Palatası prokuroruna verilməsi daxil idi. Aparılan təhqiqatların nəticəsi olaraq dinc sakinlərə qarşı müxtəlif cinayətlərdə ittiham olunan 194 şəxsə qarşı cinayət işinin açılması haqqında FTK 128 məruzə və qərar layihələri hazırlamışdı. Ayrı-ayrı cinayət işləri üzrə istintaq başa çat-dıqca ittiham olunan şəxslər məsuliyyətə cəlb edilirdilər. Məsələn, 1919-cu ilin avqustunun ortalarınadək Bakıda 24, Şamaxıda isə 100 nəfərə qədər şəxs - əsasən erməni, qismən də rus (molokan) müttəhim qismində FTK tərəfindən həbs edilmişdi. Həmçinin qeyd edilməlidir ki, Qubaya göndərilmiş “Cəza dəstəsinin” başçısı Amazaspa və onun silahdaşlarına qarşı Komissiya tərəfindən cinayət axtarışı elan edilmiş, “keçmiş komissarlar” Şaumyan və Korqanov haqqında isə onların ölümü səbəbindən cinayət işi açılmamışdı. Bütün bu addımlar 1918-ci ilin mart-sentyabr aylarında bolşevik-daşnak qüvvələri tərəfindən törədilmiş qanlı hadisələrin bütün günahkarlarının cəzalandırılması barədə FTK-nın son dərəcə ciddi niyyətləri olduğundan xəbər verirdi. Gözlənildiyi kimi, erməni əhalisi arasında aparılan həbslər, xüsusilə bəzi erməni ziyalılarının azərbaycanlılara qarşı zorakılıqlarda ittiham edilərək məsuliyyətə cəlb olunması şəhərin erməni ictimaiyyəti və mətbuatı tərəfindən böyük narazılığa və hay- küyə səbəbə oldu. 1919-cu ilin avqustunda Azərbaycan Parlamentində ”Daşnaksütyun” partiyasının fraksiyası Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini kəskin tənqid edərək Komissiyanı və Ədliyyə Nazirliyini qeyri-qanuni əməllərdə günahlandırdı. Erməni deputatlar Komissiyanın işini eyni zamanda, guya mənəvi nöqteyi-nəzərdən qiymətləndirməyə çalışaraq özlərinə xas olan həyasızlıqla bu məzmunda bəyanat verdilər: “Keçmişdə baş vermiş, mart və sentyabr aylarında kütləvi qurbanların qanlı mübadiləsi ilə nəticələnmiş hər şeyə nə vaxtsa son qoyulmalı deyilmi? Keçmişlə vidalaşmaq və onun qanlı səhifələrini unutmaq istəyinin olmaması onun göstəricisidir ki, hakimiyyət dairələri və onların təmsil etdiyi ictimai cərəyanlar hər gün keçmişdən yeni-yeni kabuslar çağırmaqla və hər iki tərəfdə qisas və düşmənçilik hisslərini oyatmaqla, əsl qayda-qanunun bərqərar olması və normal həyatın yaradılması yolu ilə getmək istəmirlər …”. İlk baxışda bu çağırış həqiqətən məntiqli görünə bilərdi, əgər həmin bu zaman ermənilərin özlərinin bütün dünyada, o cümlədən Cənubi Qafqazda, 1918-ci il Bakıda sentyabr hadisələri ilə bağlı başladıqları irimiqyaslı təbliğat kampaniyası nəzərə alınmasaydı! Bütün bunlara baxmayaraq nə Bakının erməni və rus dairələrinin tənqid atəşinə tutduğu “hakimiyyət dairələrinin və onların təmsil etdikləri ictimai cərəyanların”, nə də Fövqəladə Təhqiqat Komissiyasının ətrafında qaldırılmış hay- küy onların bu istiqamətdə işinə qətiyyən təsir etmirdi. Əksinə, Ədliyyə Nazirliyinə və FTK sədrinə Komissiyanın üzvlərindən araşdırdıqları fakt və sübutları ümumiləşdirən məruzələr və raportlar daxil olmaqda davam edirdi. Bu da xüsusi qeyd edilməlidir ki, Komissiya üzvləri son dərəcə ağır şəraitdə - xüsusilə kənd rayonlarında və qəzalarda - işləməli olur, çox vaxt şəxsi sağlamlılarını və hətta həyatlarını təhlükə altına qoyur, bunun müqabilində isə öz xərclərini zorla ödəyən cüzi gündəlik məvacib alırdılar. FTK –nın sədri Ələkbər bəy Xasməmmədovun Ədliyyə Nazirliyi ilə yazışmalarında “dolanacağın az qala iki dəfə bahalaşması, qəzalarda daima qarın yatalağı epidemiyasının və digər xəstəliklərin tüğyan etməsi səbəbindən” Komissiya üzvlərinin aldıqları gündəlik məvacibin məbləğinin artırılması və bu yolla maddi vəziyyətlərinin yaxşılaşdırılması haqqında çoxlu sayda xahişlər səslənirdi. Komissiya üzvlərinin əksəriyyəti daim insanlarla ünsiyyətdə olduqlarından özləri tez-tez yoluxucu xəstəliklərə tutulur, həftələrlə “sıradan çıxır”, lakin hətta bu hallarda da iş dayanmırdı. Nəqliyyatla bağlı problemlər FTK üçün ən ağrılı mövzulardan biri idi. Ədliyyə Nazirinin FTK üzvlərinin sərəncamına müvəqqəti olaraq avtomobilin verilməsi haqqında dəfələrlə etdiyi müraciətlərə Azərbaycan hökumətinin İşlər İdarəsindən bir qayda olaraq, “boş avtomobillərin olmadığı səbəbindən” hər dəfə rədd cavabı gəlirdi. Qəza və kəndlərdə vəziyyət daha ağır idi. “ Ən pis hava şəraitində, açıq səma altında, yaxud qapı və pəncərələri olmayan evlərdə, döşəmə üzərində işləmək və gecələmək lazım gəlirdi”, fayton və arabalar “cah-cəlal” hesab edilirdi, Komissiya üzvləri kilometrlərlə yolu piyada getməli olurdular. Bunu komissiya üzvləri öz məruzələrində də bəyan edirdilər. Məslən belə məzmunlu məruzələrdən birindi qeyd olunur ki, “Dilə gətirmək nə qədər ağır olsa da, bu məsələ son dərəcə vacibdir, hər cür hava şəraitində bir mülkdən digər mülkə piyada gedərkən (qaloşla keçmək mümkün deyil) uzunboğaz çəkmələr demək olar ki, sıradan çıxır, halbuki indi çəkmənin bir cütünün qiyməti 1000 rubla yaxındır. Bu məruzənin müəllifinə keçən ay həmişəkindən də artıq yol getdiyi üçün çəkmələrini təzələmək zəruridir, halbuki indi belə çəkmələrin qiyməti həddən artıq bahadır”. Bu sətirlər Bakı və Gəncə quberniyalarının qəzalarında istintaq aparan FTK-nın ən fədakar üzvlərindən biri M.N.Mixaylovun məruzəsindən götürülmüşdür və həmin məruzə Mixaylov tərəfindən yazılmış yüzlərlə sənəd, məruzə və hesabatlar arasında yeganə şikayət-xahişdir. Gündən-günə dərinləşən maliyyə böhranı şəraitində Azərbaycan hökumətinin son dərəcə ağır iqtisadi vəziyyəti, dövlət xidmətində əvvəlki vəzifələrindən azad edilmiş FTK üzvlərinə cəmi 50 rubl gündəlik məvacib verildiyi və Komissiya sədrinin dəfələrlə müraciətindən sonra bu məvacibin 60, 70, sonra 100 rubladək, özü də yalnız “səfərlər zamanı” artırıldığı nəzərə alınarsa, “çəkmə və s. bu kimi problemlərin həlli üçün” Komissiya üzvlərinə birdəfəlik müavinətin verilməsi məsələsinin nə üçün bu dərəcədə yüksək səviyyədə müzakirə edildiyinin səbəblərini anlamaq olar. Burada daha bir məqama diqqət yetirmək lazımdır. FTK-nın sədri ilə üzvləri arasında yazışmalarda, xüsusilə də cinayətlərdə ittiham olunan şəxslər haqqında söhbət gedərkən, Ələkbər bəy Xasməmmədov dəfələrlə vurğulayırdı ki, Komissiya üzvü “qanunla və vicdanla, işin hallarına və faktlara istinadən hərəkət etməlidir”. Qanun və vicdan! Fövqəladə Təhqiqat Komissiyasının istisnasız olaraq bütün üzvləri, sədr Ələkbər bəy Xasməmmədov başda olmaqla, öz fəaliyyətlərində bu iki başlıca prinsipləri rəhbər tutmuşdur və Komissiya tərəfindən hazırlanmış məhkəməistintaq materialları da bunu tam mənası ilə təsdiq edir. Artıq qeyd edildiyi kimi, peşəkar hüquqşünas olan Komissiya üzvləri bütün zorakılıq hallarını araşdırarkən mövcud qanunlara və hüquqi normalara ən ciddi şəkildə əməl edir, bu zaman həm zərərçəkənlərin, həm də ittiham olunanların hüquqlarını nəzərə alırdılar. Bununla belə, qeyd etmək lazımdır ki, görüləsi işin həddən artıq böyük miqyası, həcmi və ağır iş şəraiti qarşısında, müstəntiqlərin məhdud sayı və xüsusilə cüzi əmək haqqı nəzərə alınarsa, bu qədər ağır yükün öhdəsindən yalnız sadə vəzifə borcu çərçivəsindən kənara çıxaraq işə son dərəcə vicdanlı və məsuliyyətli münasibət nəticəsində, həmçinin yüksək insani keyfiyyətlərə malik olmaqla gəlmək mümkün idi. Şübhəsiz ki, istər Bakı şəhərində, istərsə də qəzalarda gündəlik olaraq çoxlu sayda zorakılıq və vəhşiliklərin qurbanları və şahidləri ilə rastlaşan, müsəlmanlara məxsus yüzlərlə dağıdılmış kəndlərə və müxtəlif tikililərə baxış keçirən Komissiya üzvləri bu insanların çəkdikləri ağrılara və iztirablara biganə qala bilməzdilər. Təsadüfi deyil ki, onların tərtib etdikləri hüquqi sənədlərdə ermənilərin cinayətləri rəsmi-inzibati dildə təsvir edilməklə yanaşı, müsəlmanların vəziyyətinə dair “dəhşətli”, “ümidsiz hala çatdırılmış”, “həddən artıq ağır” və s. kimi ifadələr, ermənilərdən söz gedən zaman isə “vəhşilik”, “amansızlıq”, “ağlasığmaz qəddarlıq” kimi ifadələr də işlədilirdi. Bu zaman nəzərə alınmalıdır ki, Komissiyanın üzvlərinin əksəriyyətini azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – polyak, rus, yəhudi, alman və d. təşkil edirdi. Yəqin ki, Ələkbər bəy Xasməmmədov öz “komandasının” üzvlərində məhz bu keyfiyyətləri – peşəkarlıq, ədalətli və vicdanlı olmaq - yüksək qiymətləndirir və fürsət düşdükcə hər dəfə yüksək dövlət orqanları qarşısında “Komissiyasının bütün heyətinin” “nadir iş bacarığını, əməksevərliyini və çalışqanlığını” vurğulamağı özünə borc bilirdi. Artıq qeyd edildiyi kimi, 1919-cu ilin may-iyun aylarından başlayaraq, qəzalar üzrə materialların toplanması, qərar layihələrinin tərtib edilməsi və bu işlərin Məhkəmə Palatasına təhvil verilməsi başa çatdıqca, FTK üzvlərinin bir hissəsi Komissiyadakı işdən azad edilərək öz köhnə vəzifələrinə qayıdır, yaxud yeni təyinat alırdılar. Nəhayət, 12 oktyabr 1919-cu il tarixli məktub ilə FTK sədrinə belə bir xəbərdar edilir ki: Ədliyyə Naziri tərəfindən “Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin noyabr ayının 1-dən ləğv edilməsi haqqında sərəncam verilmişdir”. Beləliklə, Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli Qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirdiyi üçün 1919-cu ilin noyabr ayının 1-də ləğv edilir. 20 noyabr 1919-cu il tarixli Qərara əsasən Bakı şəhərinin və ətraf kəndlərin talan edilməsi haqqında istintaq işi artıq başa çatmış və Azərbaycan Məhkəmə Palatasının Prokuroruna təhvil verilmək üçün FTK sədrinə təqdim olunmuşdu. 1920-ci ilin əvvəlində baş vermiş və Azərbaycan Respublikası üçün xüsusilə əlamətdar olmuş bir siyasi hadisə FTK-nın başladığı işə öz “düzəlişlərini” etdi. 1920- ci il yanvar ayının 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın de-fakto müstəqilliyinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Bu tarixi hadisə ilə əlaqədar olaraq Azərbaycan Parlamenti 9 fevral 1920-ci il tarixdə “Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması münasibətilə əhaliyə bəxş edilən imtiyazlar haqqında Qanun” qəbul etdi. Amnistiyanın elan edildiyinə dair bu qanunun 2-ci maddəsinə uyğun olaraq həmin qanunun imzalandığı ana qədər “milli düşmənçilik zəminində cinayət əməlləri” törətmiş bütün şəxslər təqib və cəzadan azad edilirdilər, 10-cu maddəyə əsasən isə, Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış bütün cinayət işlərinə həmişəlik xitam verilirdi. Beləliklə, FTK üzvlərinin inanılmaz səyi və son dərəcə ciddi fəaliyyəti sayəsində məsuliyyətə cəlb edilmiş az saylı cinayətkarlar – 200 nəfərə yaxın adam cinayət məsuliyyətindən azad edilir, həbsxanada saxlanılanlar azadlığa buraxılır, “pullu girov” ilə zaminə buraxılmış müttəhimlərin isə pulları qaytarılırdı. Bununla belə, amnistiya haqqında qanunun qəbul edilməsi ilə mövcud olduğu il yarım ərzində Azərbaycanın müsəlman əhalisinə qarşı törədilmiş cinayətlərin araşdırılması, cinayətkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi üzrə çox böyük iş görmüş Fövqəladə Təhqiqat Komissiyasının bütün fəaliyyətinin heçə endirildiyini düşünmək tamamilə səhv olardı. Cənubi Qafqazın hüdudları daxilində ayrı-ayrı siyasi və milli partiyaların bayraqları altında çıxış edən müxtəlif erməni təşkilatları tərəfindən müsəlman əhalisinin, əsasən də, azərbaycanlıların məhv edilməsinə dair məqsədyönlü siyasəti haqqında hədsiz sayda materialların yaradılması və tərtib edilməsi sahəsində FTK-nın fəaliyyətinin əhəmiyyəti, şübhəsiz ki, yalnız hüquqi çərçivələrlə məhdudlaşmırdı. Komissiya toplanılan materialları toplu halında tərtib edərək komissiyanın nəticələrini ölkə hüdudlarından kənara da yaymağı bacardılar. Bütövlükdə Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti, həmçinin, ermənilərin vəhşiliklərini öz üzərində hiss etmiş cümhuriyyət əhalisi arasında da böyük ictimai və əxlaqi-psixoloji məna kəsb edirdi. Fövqəladə Təhqiqat Komissiyasının özünün mövcud olması və onun üzvlərinin cəmiyyətin ayrı-ayrı təbəqələri ilə, azərbaycanlılarla sıx əməkdaşlıq etməsi artıq özlüyündə geniş əhali kütlələri arasında ədalətin bərpa olunmasına inamı artırır və yeganə qanuni hakimiyyət kimi Azərbaycan hökumətinə xalqın etimadını və etibarını möhkəmlədirdi.
İstifadə edilmiş ədəbiyyat siyahısı AR DA, f.894, siy.10, iş144, v.14 AR DA, f.970, s.1, iş. 1, v.26-27 AR DA, f.1061, s.1, iş. 105, v.1. AR DA, f.1061, s.1, iş. 95, v.3. AR DA, f.100, s.2, iş. 791, v.132 AR DA, f.100, s.2, iş. 791, v.126-127 AR DA, f.100, s.2, iş. 791, v.135 AR DA, f.100, s.2, iş.791, v.49 AR DA, f.100, s.2, iş.791, v.29 AR DA, f.100, s.2, iş.791, v.11-13 AR DA, f.100, s.2, iş.791, v.v.13, 79 AR DA, f.100, s.2, iş.791, v.123 AR DA, f.100, s.2, iş.791, v.65 AR DA, f.100, s.2, iş.791, v.15 AR Pİİ SSA, f.277, s.2, iş.27, v.v. 334-335 AR DA, f.1061, s.1, iş.95, v.8 AR DA, f.895, s.3, iş.301, v.16-17. AR DA, f.100, s.2, iş.791, v.77-78. AR Pİİ SSA, f.277, s.2, iş.14, v.1-4. AR DA, f.100, s.2 с, iş.122, v.2. AR DA, f.100, s.2 с, iş.122, v.2. AR DA, f.100, s.2 с, iş.122, v.16. “Azərbaycan” qəzeti, Bakı, 1919, 31 mart. İsgəndərov A. Azərbaycan həqiqətləri: 1917–1920. Bakı, "Elm və təhsil". 2012 Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990 Rüstəmova-Tohidi S.Ə. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Bakı, 2013 Токаржевский Е.А. Бакинские большевики – организаторы борьбы против турецко-германских и английских интервентов в Азербайджане в 1918 г., Баку, 1949 Ратгаузер Я. Революция и гражданская война в Баку. 1917-1918. Баку, 1927 Закавказский Сейм. Стенографический отчет. 20 марта 1918 г Балаев А. Февральская революция и национальные окраины. Мартовские события 1918 г. в Азербайджане. М., 2008 Майкл Смит. Память об утратах и азербайджанское самосознание. Азербайджан и Россия: Общество и государство. Москва, 2001 Paşayev A. Fövqәladә Tәhqiqat Komissiyası/http://milliarxiv.gov.az/en/armenian-agression/98-armenian- agression-16 Paşayev A. Fövqәladә Tәhqiqat Komissiyası/http://milliarxiv.gov.az/en/armenian-agression/98-armenian- agression-16
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar