Xəbər lenti
Eldar Mahmudovun baş istintaqçısının məhkəməsində KRİTİK ANLAR: "Sən şərəfsizsən!"
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M ) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalınan gətirilən məhkum olunmuş şəxslərin qoluna qandal vurulmur.
Artıq 3-cü dəfədir ki, keçirilən ilkin iclasda hakim İlqar Murquzov məhkum olunmuş şəxslərə və zərərçəkənlərə hüquqlarını izah edib.
“Akula Akif” Şıxəliyevin məhkəməsinə nümayəndə ilə qatılıb – nə tələb edir?
Ötən iclasda məlum olub ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edib. “Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun şəxsi işverəni kimi hallanan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
“Həmin vaxt Mövlam Şıxəliyev harada idi?”
Dekabrın 12-də baş tutan ilkin iclasda Mövlam Şıxəliyev vəkili Ceyhun Yusifov Baş Prokurorluğun iş üzrə verdiyi prosestə etirazını bildirib.
Deyib ki, Mövlam Şıxəliyevin və ailə üzvlərinin üzərinə həbs qoyulan, xüsusi müsadirəyə götürüləcək əmlakları 1 əsrdir ki, Şıxəliyevlərə məxsusdur:
- Həmin əmlaklar vərəsəlik qaydasında Mövlam Şıxəliyev və ailə üzvlərinin sərəncamına keçib. Protestə yazıblar ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub. Həmin əmlak 1947-ci ildə əldə olunub. Həmin vaxt Mövlam Şıxəliyev harada idi? Bu qədər qərəz olmaz.
Ceyhun Yusifov məhkəməyə Mövlam Şıxəliyevin ailə üzvləri – həyat yoldaşı Aybəniz Şıxəliyevanı, qızı Samirə Şıxəliyevanı və oğlu Elgün Şıxəliyevi təmsil etməsi barədə sənədləri təqdim edib.
Bundan sonra vəkil prosesin tam olaraq məhkəmə istintaqı ilə aparılmasına dair vəsatətlə çıxış edib.
Mövlam Şıxəliyevin digər vəkili Arzu Cavadov vəsatətlə çıxış edib. O, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinin müstəntiqi olmuş Mehdi Mirzyevin iş üzrə şahid qismində dindirilməsini xahiş edib.
Şıxəliyevin müstəntiqi öz vicdanının səsi ilə hakim Elbəy Allahverdiyevə məktub yazıb!
Vəkil vəsatətini belə əsaslandırıb ki, 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra MTN vəzifəlilərinin cinayət işi üzrə istintaq başlanıb. Mehdi Mirzəyev istintaq aparan qrupa rəhbərlik edib. Mehdi Mirzəyev 5 ildən artıq istintaq aparandan sonra belə qənaətə gəlib ki, Mövlam Şıxəliyev və digəriləri ittihamlar üzrə gühankar deyil. Buna görə də işə xitam verib. Bundan başqa iş üzrə zərərçəkən Əfsəl Həsənəliyevin prezidentə şikayətinə əsasən Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu ildə cavab məktubu yazıb. Həmin məktubda da Mövlam Şıxəliyevin günahsız olduğu göstərilib.
2022-ci ilin martında isə Mehdi Mirzəyev öz vicdadının səsi ilə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahevrdiyevə məktub yazıb, Mövlam Şıxəliyevin günahsız olduğunu bildirib.
“Akif Qurbanovla Hüseyn Səfərov bildirdilər ki, səni sifarişlə biz tutdurmuşuq”
Mövlam Şıxəliyev vəkillərinin verdiyi vəsatətlərin təmin edilməsini xahiş edib. Deyib ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev proses zamanı ona yaxınlaşıb və onun və digər təqdirləndirilənlərin ittihamlar üzrə gühansızdırlar:
- Elbəy Allaverdiyev dedi ki, bəraət üçün hüquqi problem yoxdur, mən bu işi məruzə etməliyəm. Məhkəmədən sonra vəkilim Arzu Cavadova bildirib ki, mənə məruzə etməyə imkan vermədilər. Bu onu göstərir ki, mən sifarişlə həbs olunmuşam. Bu barədə məhkəmə istintaqı zamanı zərərçəkənlərdən Akif Qurbanovla Hüseyn Səfərov bildirdilər ki, səni sifarişlə biz tutdurmuşuq. Bu onu göstərir ki, mənim işimdə sifariş var. Yaxşı, sifariş varsa, mən lazımamsa, bu adamların burada nə işi var? Cinayət işi üzrə 32 epizod üzrə ittiham verilib, 14 epizod üzrə cəlbetmə müddəti keçməsinə baxmayaraq, bir dənə də olsa sübut olmasa da, məni cəlb ediblər. 5 aprel 2021-ci ilə qədər Mehdi Mirzəyev istintaq aparıb. Sonda da yazır ki, vicdanımın səsi ilə bildirirəm ki, mən dəfələrlə məruzə eləmişəm, onun əməlində cinayət tərkibi yoxdur. Həmçinin burada mənimlə əyləşənlərin. Buna baxmayaraq məhkəmə ehtimallarla hökm çıxarıb. İttihamlar yalnız zərərçəkənlərin şikayətlərindən ibarətdir. Anar Heydərov barəsində epizoda baxılmır, yalnız hakim elan edir ki, xaricdə yaşayır, gətirə bilmirik. Amma həmin epizod üzrə hökm çıxarılır.
Hakim:
- Sizə çıxış üçün şərait yaradılacaq, hazırda vəsatətlərlə bağlı fikirinizi deyin.
- Burada əmlaklarla bağlı vəkil dedi. Orada yalnız 47-ci illə bağlı əmlak deyil, 93-cü ildə alınan və başqa əmlaklarla bağlı da vəziyyət eynidir.
Mövlam Şıxəliyevin vəkillərinin vəsatətlərinə məhkum olunmuş şəxslər dəstəklədi. Zərərçəkən şəxslər isə vəsatətlərin təmin edilməməsini xahiş ediblər.
“Yalan danışır, bizə də böhtan atır”
Zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov vəsatətlərə münaisbət bildirərkən deyib ki, məhkəmənin qismən istintaqla aparılmasına dair vəsatət təqdim edəcək. Vəkil isitntaq qrupunun rəhbəri Mehdi Mirzəyevin məhkəməyə gəlməsinin də lüzumsuz olduğunu diqqətə çatdırıb. Bildirib ki, istintaq zamanı gəlinən qənaətlər sonradan ləğv oluna bilər.
Zərərçəkənlərdən Hüseyn Səfərov Mövlam Şıxəliyevin vəkillərinin vəsatətlərinin təmin olunmamasını istədi. Mövlam Şıxəliyevi ona böhtan atmaqda ittiham elədi:
-Əlimdə 30-a yaxın evlərinin, villalarını çıxarışları var. Özüm sorğu verib almışam. Yalan danışır, bizə də böhtan atır.
“Müstəntiqə də 5-10 manat verib Baş Prokrurluğa, hakimə, ağıllarına hara gəldisə, məktub yazdıra bilərlər”
Zərərçəkən Ələddin Əliyev isə məhkəmənin istintaqla aparılmasına etiraz etmədiyini açıqladı. Mehdi Mirzəyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətə isə münasibəti belə oldu:
- Mehdi Mirzəyevi tanımıram. Bu gün Azərbaycanda vəziyyət belədir ki, kimi istəsələr satın ala bilərlər. Həmin müstəntiqə də 5-10 manat verib Baş Prokrurluğa, hakimə, ağıllarına hara gəldisə, məktub yazdıra bilərlər. Ona görə də həmin vəsatət təmin olunmasın.
Bundan sonra Yasin Məmmədovun məhkəməyə təqdim etdiyi vəsatət müzakirə çıxarıldı. Hakim elan etdi ki, Yasin Məmmədov ev duqtaqlığına buraxılmasını xahiş edir.
“Özün günahsız yerə tutub saxladığın insanlardan hər hansı birinin azyaşlı uşağının olmasını nəzərə almışdın?”
Yasin Məmmədov vəsatətini müdafiə etdi. Azyaşlı uşaqlarının olmasını, həbsə alınandan sonra psixikasının pozulmasını, daimi yaşayış yerinin varlığını, istintaqçı olmasını, Vəkillər Kollegiyasının üzvü olmasını nəzərə alınmasını xahiş etdi.
Bu zaman zərərçəkən Zaur Əliyev Yasin Məmmədova ironik şəkildə cavab verdi:
- Özün günahsız yerə tutub saxladığın insanlardan hər hansı birinin azyaşlı uşağının olmasını nəzərə almışdın? Utanmırsan?
Yasin Məmmədovun vəkili vəsatəti müdafiə edib.
Zərərçəkənlər Yasin Məmmədovun vəsatətinin təmin edilməməsini istəyiblər. Vəkil Osman Kazımov deyib ki, məhkəmə qarşısına çıxarılan hər 4 şəxs ağır cinayətlər törətməkdə ittiham olunaraq məhkum ediliblər:
- Azərbaycan istintaq tarixində 1-ci dəfə idi ki, görürdüm ki, ağır cinayətlər törətmə ittihamı irəli sürülən şəxslər azadlıqda qalırlar. Istintaq vaxtı, məhkəmə dövründə bu adamların azadlıqda qalmaları heç də qanuni əsaslarla bağlı deyildi. Məhkəmə, ondan əvvəl istintaq orqanı humanist addım atmışdı ki, zərərçəkənlərə vurulan ziyan ödənilsin. Məhz buna görə azadlıqda qalmışdılar. Yasin Məmmədovun vəsatəti əsassızdır. Zərərçəkən şəxslərin ziyanı ödənməldir.
“3-cü dəfə Eldar Mahmudov məni qəbul edib”
Zərərçəkən Hüseyn Səfərov da vəsatətin təmin edilməməsini xahiş edib:
- Bu adamlar azadlıqda olanda deyirdilər ki, Mövlam Şıxəliyev bizə deyir ki, bildiklərinizi deməyin, susun. Mən zərərçəkənlərin zərərini ödəyəcəyəm. Mövlam Şıxəliyev bunları aldadıb, bunlar da bizi. Bunların sözlərinə inanıb 2 dəfə Eldar Mahmudovun bağ evinə getmişəm. 3-cü dəfə Eldar Mahmudov məni qəbul edib. Hamısını açıb burada deyəcəyəm.
Hakim:
-Vəsatətə münasibət bildirin.
-Məhkəmə qismən istintaqla aparılsın, vəsatəti də təmin edilməsin.
“Zərəri ödəmirlərsə, gedib həbsdə yatsınlar”
Zərərçəkən Namil Rzayev Mövlam Şıxəliyevi zərərçəkənlərə vurulan ziyanı ödəməyə çağırıb:
- Bizim bunlarla nə işimiz var. Bizə vurduqları ziyanı ödəsinlər, getsinlər ailələrinin içinə, başlarını balışa qoyub yatsınlar. Zərəri ödəmirlərsə, gedib həbsdə yatsınlar.
“Azyaşlı uşaqlarımın olmasını...”
Bundan sonra məhkum Sahib Ələkbərov da barəsindəki həbs qəti-imkan dəyişdirilməsi, məhkəmənin istintaqla aparılması ilə bağlı vəsatətlə çıxış etdi.
O da himayəsində azyaşlı uşağının olmasına diqqət çəkməklə daimi yaşayış yerinin olduğunu, istintaqa cəlb edilən zaman Ukraynada müalicə olduğunu bildirib. Deyib ki, istintaqdan yayınmaq fikri olsaydı, 2021-ci ildə istintaqın çağırışına gəlməzdi, istədiyi ölkəyə qaçıb gedərdi:
-Mənə 10 il, 8 il iş versələr də, ayaqlarımdan tərsinə assalar da, mənə Azərbaycanda qalmaq xoşdur. 2015-ci ildə məni istintaqa şahid qismində dəvət ediblər, istintaq aparıblar. 2019-cu ilin oktyabrında isə mənə elan olundu ki, barəmdəki cinayət təqibi xitam olundu və ölkədən çıxışıma qoyulan qadağa götürüldü. Sonra pandemiya başladı, ölkədən çıxıb müalicəyə gedə bilmədi. 2021-ci ildə isə Ukraynada müalicədə olanda çağırıblar, gəlmişəm. İttiham elan edib istintaqa cəlb ediblər. Amma barəmdə həbs qəti-imkan tədbiri seçməyiblər. Mən də heç yerə qaçmamışam, məhkəməyə gedib-gəlmişəm. Hesab edirəm əməlimdə cinayət əməli, hadisəsi yoxdur. Xahiş edirəm ki, barəmdəki həbs qəti-imkan tədbirini dəyişdirilsin.
Hakim:
- Aydındır, əyləşin.
- Mən bəraət almağım üçün sonra qədər mübarizə aparacağam. İşin hallarını tam, hərtərəfli araşdırıb qərar vermənizi xahiş edirəm. Birinci instansiya məhkəməsinin hökmü əsassızdır.
- Əyləşin.
Sahib Ələkbərovun vəkili vəsatətin təmin olunmasını xahiş edib.
“İspalkom” durub deyir ki, sovet qanunları ilə mühakimə olunmaq istəyirəm”
Vəkil Osman Kazımov dedi ki, Sahib Ələkbərovun vəsatətini diləyib və “Qafqaz əsiri” filimindəki məhkəmə səhnəsini xatırlayıb:
-Sahib Ələkbərov deyir ki, məni Azərbaycan qanunları ilə mühakimə edin. “Qafqaz əsiri” filmində məhkəməsində “ispalkom”(sovet dövründə icra başçısı statusunda vəzifəli şəxs – E.M) durub deyir ki, sovet qanunları ilə mühakimə olunmaq istəyirəm. Sual edirəm – bu adamları Azərbaycan qanunları ilə aparıb basmışdılar MTN-ə?
Vəkilin bu sözləri məhkəmədə iştirak edən zərərçəkənlərin alqışlarına səbəb olub.
Sahib Ələkbərov isə israr etdi ki, zərərçəkənləri Azərbaycan qanunları ilə həbsə alıb.
“Sizin uşağınız uşaqdır, bizimki uşaq deyil, dovşandır?”
Zərərçəkən Qulam Bağırov Sahib Ələkbərovun vəkilini iş üzrə Bakı Hərbi Məhkəməsinin hakimləri, sədrlik edən Elbəy Allahevrdiyev barəsində qərəzli çıxış etməkdə ittiham etdi.
Sahib Ələkbərovun barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə isə kəskin etiraz etdi:
- Burada bunlar belə şou yaradırlar ki, guya bunların cinayətləri yoxdur. Amma faktiki olaraq məni qanunsuz olaraq həbs edəndən sonra, məndən xəbərsiz evimi satırıblar bunlar. Ailəmi, uşağımı çöldə qoyublar bunlar. Bunları qətiyyən çölə buraxmaq olmaz. Bunlar birmənalı şəkildə həbsdə qalmalıdırlar. Barəsindəki qəti-imkan tədbiri dəyişdirilə bilməz. Bu, ən böyük ədalətsizlik olar. Bunlar ziyanı da ödəmək istəmirlər, üstəlik gedib evlərində yatmaq istəyirlər. Bizə zülüm edəndə yaxşı idi? Bizim ailəmiz ailə deyil? Sizin uşağınız uşaqdır, bizimki uşaq deyil, dovşandır? Mənim balaca uşaqlarımı çöldə qoymusan. Qətiyyətlə qəti-imkan tədbirinin dəyişdirilməsinin əleyhinəyəm. Məhkəmə qismən istintaqla aparılsın.
“Hörmətli Sahib müəllim, siz 2 ailəni Azərbaycandan didərgin salmız”
İş üzrə zərərçəkən Ceyhun Seyidovun vəkili də Sahib Ələkbərovun vəsatətinin təmin olunmamasını xahiş etdi. Bildirdi ki, onun qanunsuz hərəkətləri nəticəsində müvəkkili Azərbaycandan köçməli olub:
- Hörmətli Sahib müəllim, siz 2 ailəni Azərbaycandan didərgin salmız. Əmlaklarını məhv etmisiz. Ona görə də qəti-imkan tədbiri dəyişdirilməməlidir. Ən azından vurulan ziyan ödənməlidir.
“Bu adamlar biz 36 zərərçəkəni ayrı-ayrılıqda, eyni qaydada girov götürüblər, əvvəlcədən uydurduqları ittihamlarla həbsxanaya salıblar”
Zərərçəkən Zaur Əliyev də vəsatətin təmin olunmamasnı xahiş edib:
- Bu adamlar biz 36 zərərçəkəni ayrı-ayrılıqda, eyni qaydada girov götürüblər, əvvəlcədən uydurduqları ittihamlarla həbsxanaya salıblar. “Cənabın göstərişidir, 100 mindən aşağı almaq olmaz” deyib ailələrimizdən pul almayınca, kimsəni azad etməyiblər. Bizləri azad edəndə saxta ekspertiza rəyi alıblar. 100 min verməyən oradan qapıdan çıxmayıb. Hamını da eyni şəkildə girovluqdan azad edilib. Cinayət işi ağır maddə ilə tövsif olunmalıdır. Vəkilim Osman Kazımovun mövqeyini dəstəkləyirəm.
“Mövlam Şıxəliyev deyir ki, mənim üçün göydə Allah, yerdə Eldar Mahmudovdur”
Hüseyn Səfərov Sahib Ələkbərovun vəsatətinin təmin olunmamsını xahiş edib:
- Mənə deyirdi ki, hər şeyi açıb məhkəmədə deyəcəyəm. Amma demədi. Deyirdi ki, Mövlam Şıxəliyev deyir ki, mənim üçün göydə Allah, yerdə Eldar Mahmudovdur. Sonra Sahib məhkəmədə həqiqəti açıb demədi. Səsi də var. Qoyacağam ortaya. Mən, övladlarım bu gün də kirayələrdə yaşayırıq. Nə olubsa, səni and verirəm Qurana, aç düzünü de!
Sahib Ələkbərov:
- Çıxar qoy, mən elə söz deməmişəm.
- Kişisən də, dur düzünü de. Mövlam Şıxəliyev sən şərəfsizsən. Qızının qəbrinə and verirəm dur düzünü de.
- Mövlam Şıxəliyev:
- Otur aşağı.
Hüseyn Səfərov:
- Şərəfsiz. Durun cinayətinizi etiraf edin.
Hakim:
- Əyləşin.
Mövlam Şıxəliyevin müsadirəyə götürülən əmlaklarına 2 dəfə yarım az qiymət qoyublar!!!
Bundan sonra vəkil Osman Kazımov iş üzrə xüsusi müsadirəyə götürülən əmlakların qiymətləndirilməsi ilə bağlı vəsatətlə çıxış etdi. Vəkil məhkəməyə bir neçə sənəd təqdim etdi. Bildirdi ki, zərərçəkənlər xüsusi müsadirəyə götürülən əmlakların qiymətləndirilmısi üçün mütəxəssisə müraciət ediblər və müvafiq rəy alıblar:
- İbtidai istintaq dövründə üzərinə həbs qoyulan və müsadirəsi nəzərdə tutulan əmlaklara olduqca aşağı qiymət qoyulub. Əmlaklar 7 milyon manat qiymətləndirilib. Mütəxəssis isə rəy verib ki, həmin əmlakların real bazar qiyməti azaı 2 dəfə yarım çoxdur. Məhkəmənin bu rəyi əsas götürməsini; əmlakrın dəyərləndirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını xahiş edirik.
Vəsatətə münasibət bildirən müttəhimlər və onların vəkilləri vəsatətin təmin olunmamasını xahiş ediblər. Zərərçəkənlər isə vəsatətin təmin edilməsini xahiş ediblər.
Bundan sonra işin məhkmə baxışına verilməsi müzakirə olunub. Tərəflər işin məhkəmə baxşına verilməsinə verilməsinə etiraz etmədiklərini açıqlayıblar. Məhkəmə müvafiq qərar qəbul etmək üçün müşavirəyə yollanıb.
Məhkəmə iclası dekabrın 13-də davam etdiriləcək. (Musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar