Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Metodikanı bilməyən müəllim deyil, sıradan olan bir ixtisas sahibidir...”

Tarix: 24-02-2022 19:39     Baxış: 3361 A- / A+
                                       Nadir İsrafilov
 
İxtisas “Nə” sualıdırsa, metodika “Nə”yin “Necə”sinin cavabıdır. 
 
İmtahan vaxta qənaət etmək yeri deyil, imtahan verənə sərbəst düşünməyə imkan verməkdir. Bu baxımdan müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişiklikliyə əsasən müsabiqənin test imtahanında sualların cavablandırılması üçün vaxtın 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılması, müsabiqədə iştirak edənlərə sualların cavablandırılması üçün əlavə vaxt qazandırılması bəyinilən yenilikdir.
 
Ancaq, gəl ki, dəyişikliyə əsasən hər ixtisas sualına 2 bal, metodikaya 1 bal verilməsinə və səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavabın silinməsinə, bu müəllimin peşəkarlığının obyektiv baxımından qiymətləndirilməsi üçün o qədər də düzgün yanaşma sayıla bilməz. Çünki, ixtisas “Nə” sualıdırsa, metodika “Nə”yin “Necə”sinin cavabıdır. Metodikanı bilməyən müəllim deyil, sıradan olan bir ixtisas sahibidir.
 
Nəzərə alsaq ki, metodika dedikdə hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur, deməli, sənaye üçün texnologiya nədirsə, təhsil üçün də metodika odur. Metodika pedaqogikanın bir hissəsidir, fəaliyyətin müəyyən edilmiş üsuludur. Təhsili pedaqogikasız, metodikasız, psixologiyasız təsəvvür etməyin mümkün olmadığını bir çoxları bilməsə də, təhsillə əlaqəli olan istənilən orta statistikalı vətəndaş yəqin ki, az və ya çox dərəcədə bilməmiş deyil.
 
Müəllim dərsi idarə edə bilmirsə, deməli sinfi ələ almağı bacarmır, sinfi ələ ala bilmirsə, deməli uşaq psixologiyasına, dərsin metodikasına lazımınca yiyələnməyib. Son zamanlar məktəblərdə baş verən olaylar, dərs prosesində müəllim-şagird münasibətlərində yol verilən qeyri-etik hərəkətlər məhz buna işarədir və belə bir qənaətə gəlməyə əsas verir. Müəllim hər şeydən əvvəl pedaqoqdur, özünü bu peşəyə həsr edəndir. Pedaqogikanı isə psixologiyasız, metodologiyasız, uşaq fiziologiyasız təsəvvür etmək mümkün deyil.
 
Pedaqogika — tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir. Müəllimi təkcə hansısa məlumatları əzbərləyib, lazımi keçid balı toplamaqla qiymətləndirmək yanlış yanaşma olardı. Buna görə də müsabiqənin test imtahanında metodika ilə yanaşı müsahibə mərhələsində onun psixoloji hazırlığı ilə əlaqədar məqamlara da diqqət yetirmək nəinki lazımdır, hətta son dərəcə zəruridir.
 
2013-cü ildən bəri mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqələrlə bağlı qaydalar dəfələrlə dəyişdirilib – yeniləşdirilib və təkmilləşdirilib. Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı rəy və sorğular əsasında bu il müəyyən təkmilləşdirmələr aparılıb. Test imtahanı mərhələsində namizədlər üçün əlverişli şəraitin yaradılması məqsədilə sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb. Bu son təkmilləşmə deyil və ümid edək ki, qaydalarda tətbiq edilən yeniliklər bununla məhdudlaşmayacaq. Yəqin ki, ixtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcəyi ilə razılaşmayanlar da olacaq. 
 
Bir də ki, məktəblərdə psixoloq ştatının olması ilə kifayətlənmək olmaz və bütün baş verənlərin məktəb psixoloqu ilə əlaqələndirilməsi də heç də ədalətli mövqe sayılmazdı. Hər bir müəllimin özü də psixoloji keyfiyyətlərə malik olmalıdır. Çünki, müəllimlik missiyadır, yaradıcı işdir. Bunun üçün isə, ilk növbədə ali məktəblərimizin müəllimlik ixtisaslarında metodikaya, psixologiya fənninin tədrisinə, praktiki təcrübələrə diqqət artırılmalıdır. Heç kəsə gizli deyil ki, ali məktəbə hazırlaşanlar əsasən ixtisas fənlərinə diqqət yetirirlər, Bu məqsədlə repetitor yanına gedir, müxtəlif hazırlıq kurslarına, əlavə təlimlərə cəlb olunurlar. Başqa sözlə ixtisası bilməyə məhkumluq birmənalıdır. Lakin müvafiq iixtisasa yiyələnmək hələ müəllimlik demək deyil. Müəllim öyrədəndir, tərbiyə edəndir. Öyrətmənin, tərbiyə etmənin isə ayrıca metodikası var...

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar