Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: "Biz hansısa fikri təhrif edib bundan şou yaratmağa meylliyik"

Tarix: 22-12-2021 18:14     Baxış: 3314 A- / A+

  Nadir İsrafilov

“Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. 
Bu, cəmiyyətin xroniki problemidir...”– Emin Əmrullayev
 
Hər şeydən əvvəl onu qeyd edim ki, o qədər də uzaq olmayan keçmişdə kolleqial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb Nizamnaməsi və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olurdu. Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinif valideyn komitələri də fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapmışdı.
 
"Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki, bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə  məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır.  Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir,  və burada hər şey düzgün idarəçilikdən asılıdır. Heç də əbəs yerə deyil ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır.
 
Lakin sonralar bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Ona görə də valideynlə müəllim arasında sanki müəyyən uçurum yaranıb. Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki,  birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu,  "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü.
 
Məktəblərdə valideynlərdən müxtəlif adlarla və istənilən məqsəd üçün pul yığmaq birmənalı şəkildə yolverilməzdir. Lakin bu heç də o anlama gəlmir ki, hansısa valideyn könüllü surətdə məktəbə maddi cəhətdən dəstək vermək fikrinə düşübsə bu təpki ilə qarşılansın və ya hansısa məktəbdə hansısa direktor və ya müəllim tərəfindən pul yığılıbsa, bunu şouya çevirib bütün məktəblər haqqında ümumi rəy yaradasan. Dünyanın əksər inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq,  heç bir təzyiq olmadan maddi dəstək göstərir. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə  könüldən can atırlar. 
 
Bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. Sadəcə, valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir. Əgər valideyn hiss etsə ki, onun maddi və mənəvi dəstəyi həqiqətən də onun övladının təhsil aldığı məktəbin ehtiyaclarına sərf olunur, o bundan məmnun qalacaq və məktəbin  ab-havasına  daha fəal qoşulacaq. Belə məktəblərimiz və valideynlərimiz o qədər də az deyil. Müasir kurikulumun tələbləri və xüsusilə də üzləşdiyimiz pandemiya şəraiti bizi məktəb-valideyn münasibətlərini yeni müstəviyə qaldırılması zərurəti ilə üz-üzə qoyub. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər, şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər.
 
Bu gün dünyanın bütün ölkələrində valideynlərin məktəbə müəyyən maddi dəstək verməsi məsələsi var, amma bunun mexanizmləri də var, bu qanunauyğun və şəffaf olmalıdır. Təhsil naziri də çıxışında bunu deyirdi: “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi. Yəni məktəblər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır". Lakin, nazirin brifinqdə  açıqlamasındakı fikirləri təhrif edib başqa məcraya yönəltmək, geniş ictimaiyyət arasında çaşqınlıq yaratmaq, hansı məqsədlərə xidmət edir, bax, bu maraqlıdır. Ümumiyyətlə, açıq etiraf edək ki, biz hansısa fikri təhrif edib bundan şou yaratmağa meylliyik.
 
Bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlamalı, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməməliyik. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar