Xəbər lenti
Universitetlərə yeni qəbul qaydalarında iki problemli məqam - DİM narahatlıqlara aydınlıq gətirdi
Dövlət İmtahan Mərkəzi (DİM) orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanları ilə yeniliklərə aydınlıq gətirib.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bakupost-a açıqlamasında deyib ki, DİM ali məktəblərə yeni qəbul qaydalarının modelini 1 il əvvəl ictimaiyyətə təqdim edib.
DİM sektoru müdiri ötən dövr ərzində bununla bağlı ictimai müzakirələrin keçirildiyini söyləyib: "Müzakirələrdə müəllimlər, mütəxəssislər, ekspertlər öz fikirlərini bildiriblər. Nəhayət, bu günlərdə Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”, "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”, o cümlədən 9 və 11-ci siniflərdən kolleclərə qəbul qaydalarını təsdiqləyib. Nazirlər Kabinetinin qərarı ilə əvvəlcədən elan edilən dəyişiklər artıq öz təsdiqini tapdı”.
X. Xanlarzadə ali təhsil müəssisələrinə qəbulun 2 mərhələdən ibarət olduğunu nəzərə çatdırıb: "Birinci mərhələ cari ilin məzunları üçün buraxılış imtahanıdır. Daha sonra cari ilin məzunları ali məktəbə qəbul imtahanının ikinci mərhələsində iştirak edirlər. Əvvəlki illərin məzunları da eyni qaydada imtahanın birinci mərhələsini keçməlidir. Yəni əvvəlki illərin məzunları buraxılış imtahanı qaydasında keçiriləcək qəbul imtahanın birinci mərhələsini keçməli, Ana dili, riyaziyyat və xarici dildən imtahan verməlidirlər. Bu, aprel ayının sonlarına təsadüf edəcək. Daha sonra əvvəlki illərin məzunları cari ilin məzunları kimi imtahanın ikinci mərhələsində iştirak edəcəklər”.
DİM rəsmisi yeni qaydalarda abituriyentlər və müəllimlərin o qədər də diqqət yetirmədiyi iki məqama toxunub: "Birincisi, qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmayacaq. Yəni abituriyent müsabiqədə iştirak etmək istəyirsə, mütləq bu iki mərhələdə də iştirak etməlidir. İkincisi, buraxılış imtahanının nəticələri iki il qüvvədə olacaq. Tutaq ki, abituriyent bu il buraxılış imtahanını verir və bu imtahanını nəticələri cari və növbəti tədris illərində qüvvədədir. Abituriyent növbəti tədris ilində qəbul imtahanının birinci mərhələsinə qatılmadan ikinci mərhələnin imtahanına gedə bilər. Yekunda bu iki imtahanın nəticələri toplanacaq. Digər tərəfdən, ali məktəblərə qəbulla bağlı ixtisas qrupları üzrə imtahanların yaz və yay sessiyalarında keçirilməsi qüvvədə qalıb. Yəni yazda və yayda abituriyentlərə iki dəfə şans yaradılacaq ki, onlar bu imtahanlarda iştirak etsinlər”.
X. Xanlarzadə qəbul imtahanının birinci mərhələsində – buraxılış imtahanında abituriyentlərin Ana dili, riyaziyyat, xarici dil fənləri üzrə biliklərinin qiymətləndiriləcəyini qeyd edib: "İmtahanın ikinci mərhələsinə, yəni ixtisas qrupları üzrə imtahana gəlincə, birinci ixtisas qrupunda riyaziyyat, fizika, kimya, ikinci ixtisas qrupunda riyaziyyat, coğrafiya, tarix, üçüncü ixtisas qrupunda Azərbaycan dili, yaxud rus dili, tarix, ədəbiyyat, dördüncü ixtisas qrupunda biologiya, fizika, kimya fənlərindən imtahan veriləcək. Əmsallar da Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Beşinci ixtisas qrupuna, kolleclərə qəbul olmaq istəyənlər isə əvvəlki qaydada olduğu kimi buraxılış imtahanının nəticəsinə uyğun müsabiqədə iştirak edə bilərlər”.
X. Xanlarzadə imtahanlara 4 ay qalsa da, DİM-in hələ qəbul imtahanlarını özündə əks etdirən proqramı nəşr etməməsi ilə bağlı təhsil ekspertlərinin iradlarına da münasibət bildirib: "Dövlət İmtahan Mərkəzi gözləyirdi ki, yeni qəbul qaydalarının rəsmi olaraq təsdiqlənsin və ondan sonra qəbul imtahanlarını özündə əks etdirən proqramı ictimaiyyətə açıqlayaq. Tədris ilinin əvvəlindən qəbul proqramları hazır idi. Yəni elmi, metodiki seminarların ilk iclası elə bu qəbul proqramlarına həsr olunmuşdu. Qəbul proqramları təsdiq olunub. Sadəcə, qaydalar rəsmən təsdiqləndiyi üçün abituriyentlər yaxın vaxtlarda işıq üzü görəcək "Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul proqramları ilə tanış ola biləcəklər. Bir məqamı da qeyd etmək istəyirəm. Qəbul proqramı orta məktəb dərsliklərinə əsaslanır. Yəni orta məktəb dərsliklərinin əsasında qəbul proqramı hazırlanır. Qəbul proqramı abituriyentlər üçün istiqamətverici bir sənəddir. Abituriyentin imtahana hazırlaşması üçün onun dərslikləri əsasdır. Çünki istər qəbul proqramı, istər imtahanlarda istifadə olunmuş, olunacaq testlərin hamısı dərsliklərə əsaslanır. Abituriyent dərsliyi oxumaqla istənilən bir imtahanın, proqramın öhdəsindən gələ bilər”.
Qiymətləndirm meyarları, standartlarının olmadığı barədə iradlara gəlincə, DİM sektor müdiri bildirib ki, imtahanın birinci və ikinci mərhələsində müəyyən sayda açıq tipli tapşırıqlardan istifadə olunacaq: "Açıq tipli tapşırıqların da cavab verməli olduğu meyarlar öncədən hazırlanır. Abituriyentlərin bilikləri qiymətləndirilərkən də həmin meyarlara istinadə olunur. Qiymətləndirmənin aparıldığı meyarlar da abituriyentlərin nəticəsi elan olunanda onların şəxsi səhifələrinə yerləşdirilir. Yəni abituriyent baxır ki, hansı meyarlara uyğun olaraq ona 0,5 bal yazılıb.
Qiymətləndirmənin aparıldığı həmin meyarların hamısı imtahanın nəticələri elan olunan zaman abituriyentin şəxsi səhifələrində yerləşdirilir. Dövlət İmtahan Mərkəzi açıq tipli tapşırıqlarla əlaqədar həmin meyarları 9-cu sinfin buraxılış imtahanlarında da, sınaq imtahanlarında da onların şəxsi səhifələrində yerləşdirib. Qapalı tipli test tapşırıqlar isə ənənəvi qaydada skayner vasitəsi ilə yoxlanılır və onların düzgün cavabları elan olunur. Qapalı test tapşırıqlar skayner vasitəsi ilə 1, 2 gün ərzində yoxlanılır. Amma açıq tipli test tapşırıqlarının yoxlanılması 1 ay, 1,5 ay vaxt aparır. İmtahanların birinci mərhələsi- buraxılış imtahanı keçiriləndən sonra ixtisas imtahanlarına qədərki dövrdə buraxılış imtahanının nəticələrinin hamısı yoxlanılacaq. İctimaiyyətə elan olunacaq ki, abituriyentlər buraxılış imtahanında nə qədər bal toplayıblar ”.
X. Xanlarzadə cari ilin məhunları üçün buraxılış imtahanlarının aprel ayında, cari tədris ili başa çatmamış keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb: "Buraxılış imtahanına şagirdin, abituriyentin keçmədiyi hər hansı mövzudan hər hansı bir sual salınmır. Bu, həmişə belə olub. Abituriyent hansı müddətə qədər hansı mövzuları mənimsəyibsə, həmin müddətə qədər olan mövzulardan test tapşırıqları salınır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar