Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Repetitorluq – labirintdən çıxara bilmədiyimiz məşğulluq...”

Tarix: 30-04-2023 11:57     Baxış: 3241 A- / A+
Nadir İsrafilov: “Repetitorluq – labirintdən çıxara bilmədiyimiz məşğulluq...”

“Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər.”
Bu son üç on illikdə repetitorluqla bağlı nələr yazılmayıb, nələr deyilməyib, məsələyə kimlər tərəfindən fərqli münasibətlər bildirilməyib...!?  Yəni, bu əlavə və əlahiddə xidmət növü nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problem olaraq qalır, el arasında “zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılsa belə,  təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, durmadan inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. İş o yerə çatdı ki, bu qeyri-rəsmi fəaliyyət növünü “təhsilimizə arxadan vurulan bıçaq zərbəsi” adlandıranlar da oldu.
Bütün deyilənlərə və yazılanlara rəğmən hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir... Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər... Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər... Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək, repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək".
Repetitorluqdan istifafadə edilsin, əlavə dərs üçün müəllim yanına da qoyulsun... Amma, bu məsələnin bir əmması var, o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir...!?
“Təklifər də olsun ki…” demişkən, Hədəf Şirkətlər qrupunun qurucusu, Hədəf Liseyinin direktoru f.ü.f.d.dos. Şəmil Sadiqin sosial şəbəkələrdə “repetitorluğun bu qədər geniş vüsət almasının qarşısını almaq üçün atılacaq ilk addım 10-11-ci siniflərdəki tədris proqramlarının dəyişdirilməsi yetərlidir” kimi təklif xarakterli paylaşımı diqqətimi çəlb etdi. Şəmil müəllimin fikrincə,  “10-11-ci siniflərdə keçirilənlərin intensiv təkrarı yer alarsa, sırf repetitorluq prorqramı kimi, məktəb rəhbərliyi də buna ciddi nəzarət edərsə, əksəriyyət şagird repetitor yanına getmək ehtiyacı duymaz. Əslində, 12 illik təhsil sisteminə keçid bunu daha sistemli təşkili deməkdir, əgər bu keçid bu qədər çətindirsə, o zaman ən yaxşı yol budur. Yox əgər repetitorluğun paralel təhsil kimi, kölgə təhsili kimi davam etməsini istəyənlər varsa, maraqlı olanlar varsa, bu başqa məsələ.”
Məsələ heç də təklifin nə dərəcədə yetərli və ya keçərli olmasında deyil, problemin həllində maraqlı olmaqda, vəziyyətdən çıxış yolu axtarmaq təşəbbüsündə bulunmaqdadır. Yeri gəlmişkən, məni daim düşündürən və narahat edən məqamlardan biri, təhsil işçilərimizin – bilavasidə təhsilin içində olan praktik müəllimlərimizin, təhsil müəssisəsi rəhbərlərinin təhsilimizin problemlərinə biganəlik göstərməsi, istənilən məsələyə tənqidi olmasa da, heç olmasa müsbət münasibət bildirməkdə sanki, kimlərdənsə və ya nədənsə çəkinmələridir. Axı, nə vaxta qədər təhsilimizin problemlərini, loru dildə desək əyər-əksiyini jurnalistlər üzə çıxaracaq və dilə gətirəcək? Birdəki, sağlam tənqid, heç də görülən işlərə kölgə salmaq deyil, həmin sahəni daha təkmil və inkişafda görmək istəyindən də irəli gələ bilər. Deməyim odur ki, Şəmil müəllim təkcə bu təklifi ilə deyil, təhsilimizin digər problemlərinə də daim münasibət bildirib və həmkarları üçün nümunə rolunu oynayıb.
Nəsə, məqsəddən bir az uzaqlaşsaq da, keçək “tədris proqramlarının dəyişdirilməsi” ilə bağlı təklifə. Əgər, ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan (repetitio) tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər, bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi.
Digər bir məsələ.  Hələ, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və  təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji xarakterli məsələlərin həllinin qaçılmaz olduğu nəzərə alınaraq, Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanmışdı. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər sxem əsasında qurulması və s. kimi məsələlərin dərindən düşünülmüş həlli tələb olunurdu.
Ən optimal variant 5+5+2 sxemi hesab olunurdu. Bu sxemə əsasən 5 il ibtidai təhsilə, 5 il ümumi orta təhsilə, 2 il isə ali məktəblərdə təhsillərini davam etdirmək arzusunda olanlara bir növ təmayülləşmə əsasında ixtisas fənləri üzrə hazırlaşmaları üçün yetərli imkan yaratmaq məqsədinə xidmət etməli idi. Yəni, 10 il ümumi orta təhsil üçün kifayət edirdi. Biz nə etdik,  9-cu sinfi buraxılış sinfinə çevirib, məktəbə hazırlıq qruplarını da orta ümtəhsilə pilləsinə qatıb, tam orta məktəb yaratdıq. Halbuki, həmin sxemin tətbiqi nəzərə çarpacaq dərəcədə repetitorluğun qarşısını ala bilərdi.
 
Başqa bir fərqli yanaşmaya əsasən bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bu variant da elə vəd olaraq qaldı.
Bir halda ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdursa və əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək.
Və yaxud, repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edirsə və Nazir də etiraf edirsə ki, “Məktəblər təhsil vermir və biz bunu bilirik... Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq.” Elə isə, bəlkə ali məktəblərə qəbul imtahanlarının modelini dəyişək? Istənilən halda ya oyanlıq, ya da bu yanlıq nəsə etməliyik. Bunun üçün isə Şəmil Sadiqin yeni impuls verdiyi müzakirələr geniş surətdə davam etdirilməli, irəli sürülən rəy və təkliflər təhlil olunmalı, ümumi rəy əsasında illərlə davam edən müzakirə və mübahisələrə bir dəfəlik nöqtə qoyulmalıdır. Heç olmasa ona görə ki, bu gün “təhsilimizə arxadan vurulan bıçaq zərbəsinin”, sabah “kürəyə deyil, öndən ürəyə vurulmasının” qarşısını almaq üçün...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar