Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” Qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zamanı bildirib ki, qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehiyac var.
E.Əmrulayev bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir.
“Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, - deyə nazir qeyd edib.
O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir:
“Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, - deyə nazir əlavə edib.
Müzakirələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) test bankının hazırlanmasından kənarlaşdırılmalı olduğu barədə fikirlər səsləndirilib. Son imtahanda test tapşırıqlarının çətinliyi ilə bağlı kütləvi narazılıqlar olub. Digər məsələ isə repetitorların əsasən DİM-in metodiki vəsaitləri ilə abituriyent hazırlığı aparmasıdır ki, bu da məktəb proqramı ilə hazırlıq proqramının üst-üstə düşmədiyinə dair iddialara səbəb olur.
Test hazırlığı səlahiyyətləri DİM-dən alınmalıdırmı?
Manevr.az xəbər verir ki, cebhe info bununla bağlı təhsil ekspertləri arasında sorğu keçirib.
Təhsil eksperti Elşən Qafarov bildirib ki, DİM imtahanları keçirən texniki quruma çevirilməlidir:
"Birmənalı şəkildə DİM-dən bu imkanlar alınmalıdır, DİM imtahanları keçirən texniki quruma çevirilməlidir. Əvəzində, Testologiya İnstitutu yaradılmalıdır, bu qurum Elm və Təhsil Nazirliyinə tabe olmalıdır ".
Təhsil eksperti Kamran Əsədov isə bu fikirlərin əleyhinə çıxıb:
"DİM Azərbaycanda şəffaf, obyektiv şəkildə imtahan prosesi keçirən qurumdur. DİM Azərbaycanda yeganə qurumdur ki, həqiqi mütəxəssisləri cəlb edir, testologiya üzrə tədqiqat aparır. DİM-də test yazan müəllif və ekspertlər 150 min müəllim arasından seçilir. Hətta DİM Elm və Təhsil Nazirliyinin bir neçə mərhələdə seçdiyi dərsliklərin monitorinqini daha yaxşı təşkil edir. Heç bir halda test prosesini DİM-dən almaq olmaz.
Bu gün Azərbaycanda ali təhsilin əlçatanlılığı məhz DİM-in sayəsindədir. Kənara sual sızmaları olmur, ciddi şəkildə bununla mübarizə aparılır. Elmi əsaslara, statistik göstəricilərə əsaslanan test tapşırıqları blanklara salınır. Suallar heç də kiminsə istədiyi suallar deyil, sualların strukturu, məzmunu, standartı var. Bunu da DİM bacarır".
Təhsil eksperti Nadir İsrafilov isə hələlik gözləmə mövqeyində qalmağın lazım olduğunu vurğulayıb:
"İndi proses DİM-dən alınıb başqa quruma verilsə, bu, narazılıqlar yaradacaq, həmçinin, fəsadlara yol açacaq. Bunu kim deyə bilər ki, yaratmayacaq? Bu, lazımi effekt verən metod deyil. Bu kimi məsələlər heç vaxt birmənalı şəkildə qarşılanmayıb. Ona görə də tələskənliyə yol vermək olmaz. Ümumi rəy öyrənməlidir, amma konkret qərarın qəbulunda tələskənliyə yol vermək olmaz".