Xəbər lenti
"Maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar" - TƏHSİL EKSPERTİ
"Cəmiyyət inkişaf etdikcə, təhsil sferası da inkişaf edir, yeniləşir və təkmilləşir. Başqa cür ola da bilməz, çünki, “təhsil millətin gələcəyidir”."
Manevr.az bildirir ki, bu sözləri sia-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, son illər ali təhsil sahəsində əldə edilən uğurlar da danılmazdır: "Beynəlxalq təhsil sisteminə inteqrasiya sahəsində yeni addımlar atılıb. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları təsdiq edilib.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramı davam edir. Respublikamızın bir sıra ali məktəbləri – Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti Fransa, ABŞ, Cənubi Koreya, İtaliyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarını həyata keçirir, ixtisas proqramları və təhsil səviyyələri üzrə lazımi seçim edirlər. ADPU və Amerikanın Corc Vaşinqton universiteti arasında sıx əlaqələr yaradılıb. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair saziş imzalanıb və s. Bütün bu və bu kimi əlaqələrin yaradılmasında məqsəd ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, bu sahədə Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq əlaqələr vasitəsilə müasirləşdirilməsinə dəstək göstərilməsidir".
Nadir İsrafilov sözlərinə belə davam edib: "Bununla belə bu sahədə həllini gözləyən məsələlər də hələ ki, az deyil və zaman-zaman gündəmə gətirilib və gətirilməkdədir. Heç də əbəs deyil ki, Nazir müşaviri: “Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bir sıra yeniliklər olacaq” mesajını verib. Onun sözlərinə görə, Elm və təhsil müəssisələrinin ehtiyacları ilə bağlı operativ fəaliyyətə başlanılıb, təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi istiqamətində bir çox yeniliklər olacaq.
Hesab edirəm ki, Universitetlərin də vəziyyəti nə qədər başa düşülən olsa da onlar üçün təhsil alanın maraqları digər maraqları üstələməməlidir. Təkcə, ötən il qəbul imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən 2 355 nəfərin elektron qaydada müraciətlərini təsdiq etməmələri təhsil haqqını birdəfəyə ödənilməsini tələb edən universitetlər üçün ciddi siqnal olmalıdır. Ali təhsilin hamı üçün əlçatanlığı təkcə hansısa bir qrup məzunun keçid balını toplayıb ali məktəbə qəbul olması ilə ölçülə bilməz. Bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu halda əlçatanlığı təkcə kiminsə bal toplayıb ali məktəbə qəbul olması ilə ölçməməliyik. Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. İldən-ilə minlərlə tələbə yüksək balla ali mətəbə qəbul olunduğu halda, maddi problem səbəbilə tələbə adını qazanmaqdan imtina edir. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar.
Hesab edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”na təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı konkret maddə əlavə edilməlidir. Məlumdur ki, mövcud qaydalara əsasən Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilirlər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Yəni, birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar; digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. Lakin baxaq görək dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilən bu kreditlər qaydalarda olan məhdudlayıcı şərtləri də nəzərə alsaq bütün tələbələrin problemini həll dəcəkmi? Təhsil Tələbə Krediti Fondunun (TTKF) təhsil tələbə kreditlərinə müraciət zamanı yaranan problemlər və onların həlli yolları araşdırılmalı, daha çox tələbənin TTK-dan yararlanması ilə əlaqədar müvafiq təkliflər irəli sürülməlidir.
Təhsil qanunvericiliyimizə əsasən təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.
Mən tələbələrimizə Qanunvericiliyimizin bu tələblərini rəhbər tutaraq, onlara şəxsiyyət vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirmələri üçün uğurlu şans əldə etmək arzulayıram".
Ayşən Vəli
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar