Xəbər lenti
Nadir İsrafilov: “Dinin ayrıca fənn kimi tədrisi ayrı şeydir, dini təhsilin verilməsi tamam başqa şey”
Din xalq üçün tiryəkdir, yoxsa mənəvi dəyərlərdən biri?
Bu günlərdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var:“Burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri formalaşsın”.
Məsələyə tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovun münasibətini öyrəndik.
Mən Ceyhun müəllimin məsələyə yanaşması ilə razılaşmaya bilmərəm, o, bu sahənin mütəxəssidir və kifayət qədər müşahidəyə və təcrübəyə malikdir.
Alman filosofu Kantın “Pedaqogika haqqında” traktatından onu bilirəm ki, uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun nə üçün edildiyini bilsinlər. Kanta görə, dinlə bağlı anlayışları uşaqlara lap erkən yaşlarından təlim etmək lazımdır. Lakin eyni zamanda fikir vermək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər. Çünki məzhəblərdəki fərqlərə baxmayaraq, din hər yerdə eynidir.
Kantın nəzəriyyəsini bir kənara qoysaq belə, Kantın nəzəriyyəsini bir kənara qoysaq belə məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir.
Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir. Bu mövzu zaman-zaman bir problem olaraq ortalığa atılıb, ancaq onun həlli istiqamətində hansısa əməli bir iş görülməyib. Yəni dini maariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib. Müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa vaxtdan sonra dərhal da unudulub.
Uşaqların müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsi məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlıdır. Uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qaldıqları məlumdur.Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlıqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində, çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər.
Dünyanın ən reytinqli universitetlərində, kolleclərində, məktəblərində bu kimi məsələlər öz həllini çoxdan tapıb və təhsilin dünyəviliyi ilə heç bir ziddiyyət təşkil etmir:Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.İstənilən halda, yeniyetmə və gənclərin dünya görüşünün, intellektual göstəricilərin yüksək səviyyədə inkişaf etməsi üçün onların bütün elmi məlumatlara, milli mənəvi dəyərlərimizi, keçmişimizi, tariximizi, soykökümüzü unutmaları, beynəlxalq bilgilərə yiyələnməsi, dünyada gedən proseslərdən xəbərdar olmaları olduqca vacibdir.
Ölkə başçısının sərəncamına müvafiq olaraq, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Qalır bu universitetə dəstək, o da təhsilin ümumorta pilləsindən gəlməlidir. Orta məktəb illərindən möhkəm təməl biliklərinə malik olan məzun heç şübhəsiz ki, daha inamlı seçim etmək və orta pillədə qazandıqları bilikləri təhsilin ali pilləsində daha inamla inkişaf etdirmək əzmində olacaq.
Bir də ki, "Din xalq üçün tiryəkdir" təbliğatını bolşevik təfəkkürü adlandırmışıq, ancaqməktəblərdə dinlə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəvi xarakterini qabardırıq.Qanunvericilik aktlarımıza görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsini, onun təbliğ edilməsin yolverilməz hesab etmişik.Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, sektalara qoşulanların sayını bir az da artıracaq? Bəlkə də elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə ətraflı dini bilgilərin verilməsi ola bilər?
Paradoks isə ondan ibarətdir ki, tolerantlıqda bütün dünyaya nümunə göstərilirik, beynəlxalq miqyaslı ən nüfuzlu və mötəbər dini toplantılara ev sahibliyi edirik, məscid və kilsələrin təmiri və bərpası gündən-günə geniş vüsət alır, Qafqazın ən böyük məscidi ölkəmizdə inşa olunur, dini bayramlarımızı isə digər millətlərə və xalqlara xas olmayan xüsusi bir coşqu ilə qeyd edirik, dini mərasimlərin təşkilində və dini ayinlərin icrasında çoxlarını üstələmişik. Dini abidələrə, ibadətgahlara, ziyarətgahlara axın edirik, bəlkə az qala yarıdan çoxumuz cavan və ahıllığımızdan asılı olmayaraq, namaz qılır, ya da oruc tuturuq, dünyasını dəyişənlərimizə yasin oxutdururuq. Ancaq, əksəriyyətimiz nə oxuduğumuzu və nə üçün oxutdurduğumuzun fərqində deyilik...
Məsələyə kimin necə münasibət bəsləməsi və problemin necə sonunclanacağına müdaxilə edə bilmərəm, bircə ona öz əminliyimi bildirə bilərəm ki, yeniyetmə və gənclərimizin məktəb illərindən əldə etdyi dini bilgilərə, bütövlükdə mənəvi və bəşəri dəyərlərə sahiblənməsində nə isə bir çatışmazlıq, sanki yarımçıqlıq var. Bəlkə də elə bunun nəticəsidir ki, el məsəlimizi daim misal çəkən böyüklərimiz də elə “Dad yarımçıq əlindən” deyə-deyə, hələ də “yarımçıqların” əlindən dad çəkməkdədirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar