Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllim-şagird münasibətləri: hörmət və şiddət

Tarix: 21-12-2022 20:01     Baxış: 4953 A- / A+
Müəllim təkcə öyrətdiyinə görə yox, həm də biliyi, savadı və davranışı ilə şagirdlərə örnək olan insandır. Onların haqqında söz düşəndə az qala hər kəsdən buna bənzər arqumentlər eşidirik. Onu da deyirlər ki, əsl müəllim pedaqoji metodlardan məharətlə istifadə edərək oxumayan, ipə-sapa yatmayan, verilən öyüd-nəsihəti dinləməyən şagirdlərdə oxumağa həvəs və maraq yaratmağı bacarandır. Hələ belə düyənlər də olur: peşəsini vicdanla yerinə yetirən əsl müəllim hər bir şagirdə şəxsiyyət kimi baxmalı, tələbkarlığı ilə yanaşı, qayğıkeş, gülərüz, mehriban münasibətilə şagirdin qəlbində taxt qurmağı, onun yaddaşında yaxşı mənada həmişəlik qalmağı bacarmalıdır. Şagird isə bunun müqabilində sadəcə müəllimə hörmət etməyə borcludur. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmət və sevgidir.

Şablona dönmüş fikirlər bir yana,  həqiqətdə isə son illər müəllim-şagird münasibətlərində qəribə bir soyuqluq müşahidə olunur. Halbuki şagirdinə öz övladı kimi yanaşan, sevgi, qayğı göstərən, onun savadlı, bilikli insan kimi yetişməsi üçün can qoyan müəllimlər çox olmasa da, hər halda yox da deyil. Əvəzində isə müəllimə müqəddəs varlıq kimi baxan, hörmətlə edən, onu sevən şagirdlər çox azdır. 
Bəs görəsən, dəyişən nədir ki? Müəllimlər şagirdləri öz övladları kimi görmür, yoxsa şagirdlər müəllimlərin onların ikinci valideyni olmasını istəmirlər?
30 ilə yaxın pedaqoji təcrübəsi olan müəllim Kamilə Osmanova deyir ki, əvvəllər həm şagird, həm də valideynlər müəllimə, müəllim adına, şəxsiyyətinə böyük hörmətlə, ehtiramla yanaşırdılar: "İllər öncə müəllimə, onun şəxsiyyətinə yanaşma tamam fərqli idi. Müəllim rəyi, müəllim fikri o dövrün şagirdləri üçün çox önəmli idi. Şagirdlər müəllimin verdiyi öyüd-nəsihəti dinləyir, nəticə çıxarırdılar. İndi isə müəllimin dərsinə heç qulaq asmırlar, o ki qaldı, verdiyi öyüd-nəsihəti eşidələr. Təəssüf ki, bu gün müəllimə, onun şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşan şagirdə, valideynə çox az­az rast gəlinir. Bir çoxları mövcud vəziyyətlə bağlı müəllimləri günahlandırırlar. Deyirlər ki, müəllim öz səmimiyyəti, davranışı ilə şagirdin qəlbinə nüfuz etməyi bacararsa, öz vəzifəsini layiqincə yerinə yetirərsə, şagirdlər də ona hörmətlə yanaşar. Bu, əsla belə deyil. Düzdür, bu gün müəllim adına xələl gətirən və vəzifəsini layiqincə yerinə yetirməyən müəllimlər var. Ancaq sözün əsl mənasında yaxşı müəllimlərin də sayı az deyil. Yaxşı müəllim şagirdlərinə öz övladı kimi baxmalı, öyrətməli, sevgi ilə yanaşmalı, diqqət və qayğı göstərməlidir. Mən şagirdlərimi çox sevirəm. Onların hər birinə sevgi, qayğı ilə yanaşıram. Ancaq zəmanədəndir, ya nədəndir, bilmirəm, qarşılığında nə sevgi, nə də hörmət görürəm".
Şagird Tahir Quliyev isə deyir ki, yaxşı dərs keçən, savadlı, şagirdlərlə normal davranan, mehriban müəllimləri bütün şagirdlər çox sevirlər. Acıdil, şagirdlə kobud rəftar edən, bir söz deyən kimi qışqırıb, şiddət tətbiq edən müəllimi isə heç bir şagird sevmir, ona hörmət bəsləmir: "Şagirdlərlə müəllimlər arasında soyuq münasibətin yaranmasına səbəb müəllimlərin onlara qarşı olan davranışlarıdır. Elə müəllimlər var ki, şagirdlərlə çox kobud rəftar edirlər. Söz soruşmaq belə mümkün deyil. Deyir, səsin çıxsa, qiymətini kəsəcəyəm. Dərsi də başdansovdu keçir. Ancaq elə müəllim də var ki, bizimlə doğmamız kimi davranır, nə sözümüz olsa, rahatlıqla soruşuruq, nə problemimiz olsa, onunla bölüşürük. Nəsihət verir, yol göstərir, bizə dəstək olur. Sinfin bütün şagirdləri elə müəllimləri çox sevir, ona böyük hörmət bəsləyirlər".
Valideyn Sənan Kərimli hesab edir ki, müəllim hər zaman özünü bu ada layiq aparmalı, ona hörmətlə yanaşmalı, heç bir təqdirdə bu ada xələl gətirməməlidir: "Müəllim hansısa səhvə yol vermiş şagirdə elə bir tərzdə yanaşılmalıdır ki, onun şəxsiyyətinə xələl gəlməsin, uşaqların içərisində pis vəziyyətə düşməsin. Əks halda, təbii ki, uşaq da müəllimə cavab qaytarır. Müəllim düşünür ki, mən nə desəm olar, lakin uşaq mənə cavab verməməlidir. Amma bu, səhvdir. Çünki xarakterlər, xasiyyətlər bir-birinə bənzəmir. Müəllim hər xarakterdə uşaqla qarşılaşa bilir və onların hamısı ilə eyni rəftar edə bilmir. Müəllim var ki, şagirdi adi səhvi üçün bütün uşaqların içərisində təhqir edir. Belə olanda isə təbii ki, valideyn də işə qarışır və müəllimdən uşağına qarşı doğru hərəkət etməsini tələb edir. Beləliklə, münasibətlər korlanır, arada olan hörmət-izzət itir, bu isə tədrislə təlim-tərbiyənin birgə həyata keçirilməsinə maneçilik yaradır".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, onun təhsil aldığı dövürdə müəllimlər çox qayğıkeş, şagirdin qeydinə qalan və ədalətli idilər. Müəllim hamıya eyni gözlə baxdığına, ayrı-seçkiliyə yol vermədiyinə görə, sinif otaqlarında ədalət hökm sürürdü: "Təhsilalanlar müəllimdən qayğı görməlidirlər. Amma bəzən bunun tərsini görürük. Bu səbəbdən də müəllim-şagir münasibətlərində belə soyuqluq yaranıb". Ş.Əsgərovun sözlərinə görə, tarix boyu müəllim cəmiyyətdə hörmət, nüfuz sahibi olub. Keçən əsrin 50-ci illərində orta məktəb məzunlarının əksəriyyəti müəllim peşəsini seçərdi. Bu gün Azərbaycan təhsili həmin məzunların əməyi hesabına ayaq üstədir. Biz bu kəsimə layiq olduqları hörməti göstərməliyik. Unutmamalıyıq ki, millətə sevginin, ədalətin ruhu müəllimlərin əlindədir.
Təhsil eksperti Nadir İsrafilova görə, istəsək də-istəməsək də, razılaşmalıyıq ki, çox da uzaq olmayan keçmişlə müqayisədə son on illiklərdə müəllim nüfuzunun zəifləməsi tendensiyası müşahidə olunur. Bu, bir sıra obyektiv və subyektiv amillərlə əlaqədardır ki, bunların da sırasında virtuallığın canlı ünsiyyəti üstələməsinin nəticəsi kimi müəllimdən asılılığın azalmasıdır. Bilik qazanmaqda məktəb mühiti, müəllimin canlı sözü, dərsliklərin imkanları deyil, internet resursları, test kitabçaları, əlavə kurslar və repetitor hazırlığı məktəb müəllimini bilik ötürücüsü kimi arxa plana çəkib: "Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda mövcud vəziyyət bir daha təhlil olunub, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Son iki ildə ənənəvi təhsildə zərurətdən yaranan fasilələrlə əlaqədar distant təhsilə keçid, virtual məktəb layihəsinin tətbiqi, canlı dərslərin televiziya versiyası və digər elektron mənbəələr müəllim-şagird münasibətlərinə təsirsiz ötüşməyib. Təlimə ifrat dərəcədə aludəçilik müəllim-şagird münasibətlərinin deqredasiyasının başlıca mənbəələrindən biridir. Halbuki təlimdə keyfiyyətin əldə olunması üçün pedaqoji-psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən müəllim-şagird münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəbli davranmalıdır. Şagird də nümunəni müəllimdən götürməlidir. Şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində, bütövlükdə təlim və tərbiyəsində müəllim - şagird münasibətlərinin düzgün qurulması danılmazdır".
Təhsil ekspert Elçin Əfəndinin sözlərinə əsasən, təəssüf ki, son illər müəllimlərin nüfuzuna çox böyük zərbələr dəyib: "Bu gün müəllimlərin üzərinə çox gedilir. Şagirdlər tərəfindən də müəllimlərə qarşı yanlış addımlar atılır, xoşagəlməz davranışlar nümayiş olunur. Bu kimi hallar müəllim nüfuzunun aşağı düşməsinə səbəb olur. İndiki dövürdə siniflərə daxil olsanız, çox az hallarda şagirdlərin dərsə qulaq asmasına və mövzuları müəllimlərlə müzakirə etməsinə şahid olarsınız. Bəzi siniflərdə, xüsusilə də yuxarı siniflərdə şagirdlərin müəllimlərə qarşı biganəliyi müşahidə olunur. Təssüf ki, son dövrlər bəzi müəllimlər də təlim-tərbiyədən kənara çıxır, yanlış ifadələr işlədir, şagirdə qarşı şiddət tətbiq edirlər. Müəllim şagirdə öz övladı kimi davranmalı, ona həm təhsil, həm də tərbiyə verməlidir. Düzdür, məktəblərimizdə müəllimlərin böyük əksəriyyəti şagirdlərə övladı kimi yanaşırlar, ancaq əks davranış nümayiş etdirənlər də var".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov hesab edir ki, müəllim şagirdinə öz övladı kimi yanaşmağı bacarmalıdır. Bu gün məktəblərdə belə müəllimlərimiz var. Ancaq təəssüf ki, bunu bütün müəllimlərə şamil etmək olmaz: "Müəllim bütün gücü ilə çalışmalıdır ki, cəmiyyət üçün normal bir vətəndaş yetişdirə bilsin. Hər bir vətəndaşın formalaşmasında, şəxsiyyət kimi yetişməsində orta məktəblər böyük və müstəsna rol oynayırlar. Onların fəaliyyəti bu baxımdan xüsusi önəm və əhəmiyyət daşıyır. Hesab edirəm ki, həm məktəb direktorları, həm də müəllimlər bu məqsədə və hədəfə nail olmaq üçün çalışmalıdırlar. Biz bu məqsədə və hədəfə nail olmadan uğur əldə edə, təhsilin keyfiyyətini istədiyimiz səviyyəyə qaldıra bilmərik. Bütün müəllimlər bunu nəzərə almalıdır".
Millət vəkili Kamilə Əliyeva bildirib ki, dünənin şagirdləri ilə bugünün şagirdlərinin davranışı, həyata baxışı çox fərqlidir. Müəllimlər də zəmanə şagirdlərinin bu davranışlarına hazır olmalıdırlar. Bugünün müəllimi həm peşəkar pedaqoq, həm də bir növ psixoloq olmalıdır. Müəllim dərs dediyi şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini bilməli və buna uyğur davranmalı, rəftar etməlidir: "Müəllim səbrli, təmkinli olmalı və nəzərə almalıdır ki, onun yetişdirdiyi şagirdlərdən Azərbaycanın gələcəyi asılıdır. Müəllimlər valideynlərlə mütəmadi ünsiyyətdə olmalıdır. Şagirdlər günlərinin cox hissəsini məktəbdə keçirirlər. Onların həm müsbət, həm də mənfi tərəfləri, xoşagəlməyən davranışları məktəbdə, müəllim tərəfindən aşkar olunur. Müəllim şagirddə aşkar etdiyi mənfi cəhətlərlə bağlı valideyni məlumatlandıraraq onunla birgə bu neqativ halları aradan qaldırmağa çalışmalıdır".

Sevinc QARAYEVA
"525-ci qəzet"


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar