Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərimizin akkreditasiyası başlanır - təhsilimizin uduşu nə olacaq?

Tarix: 01-11-2022 09:08     Baxış: 3350 A- / A+

"Yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanacaq". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin canlı yayımında deyib. Nazir xatırladıb ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib: "Bu, əsasən məzmun və tədrislə bağlı meyarlardır. İstər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq", - E.Əmrullayev qeyd edib.
Manevr.az musavat.com-a istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, akkreditasiya prosesi qənaətbəxş keçirilmir: "Hazırda ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə ümumilikdə 187 min tələbə təhsil alır. Bu gün Azərbaycan universitetləri müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına cavab verən kadr hazırlığı həyata keçirə bilmir. Həyata keçirilən akkreditasiyanı yarımçıq hesab edirəm. Hazırda mövcud akkreditasiya yalnız kağız üzərində müəyyən meyarları yoxlamaq üçündür. Biz heç bir universitetdə gələcəklə bağlı universitet tərəfindən qəbul edilmiş strateji plan görə bilmirik. TKTA gəlib universitetlərin maddi-texniki bazasını ümumi halda yoxlayıb gedir. Hətta bu qurumun əməkdaşlarının özünün bu sahədə təcrübəsi yetərli deyil. Ölkəmizdəki universitetlərin heç biri "Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar"a (ESG) uyğun deyil. Universitetlərin məzunlarının əmək bazarında iş tapma imkanları çox aşağıdır. Elektron kitabxanalar demək olar ki, yoxdur. Bütün bunlara rəğmən TKTA necə bu universitetləri akkreditasiyadan keçmiş kimi qəbul edir?"
Ekspert təhsil haqqının verilən təhsilə uyğun olmadığına diqqət çəkdi: "Tələbələrə yüksək təhsil verildiyi zaman təhsil haqqı məbləğinin yüksək olmasından söhbət gedə bilər. Əks halda, verilən təhsillə universitet tərəfindan alınan ödəniş üst-üstə düşmür. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, ADA, Xəzər Universiteti kimi universitetlər istisna olmaqla, digər ali təhsil müəssisələrində tədrisin keyfiyyəti elə də yüksək deyil. Bu səbəblə də təhsil haqqının yüksək  olmasını doğru hesab etmirəm. Bildiyimiz kimi, hazırda ölkəmizdə 146 min ödənişli əsaslarla təhsil alan tələbə var. Onların 98430-0 bakalavr, 12050-i magistratura, 35892 nəfəri isə subbakalavr pilləsi üzrə təhsil alır. Bu tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu zaman təbii ki, tələbələr Təhsil Kredit Fonduna müraciət edirlər. Amma bəzən elə hallar da olur ki, tələbələr təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq saxlayırlar. Təhsil haqqı, universitetin yataqxanası, laboratoriyası, kitabxanası və verdiyi təhsil keyfiyyəti diqqətə alınaraq formalaşmalıdır. Sözügedən amillər istənilən səviyyədə olmadığı halda, təhsil haqlarının ildən-ilə artması düzgün yanaşma deyil. Kifayət qədər nüfuzlu universitetlər var ki, onların təhsil haqları bizim ölkəmizdəki bəzi ali təhsil müəssisələrinin təhsil haqları ilə bərabərdir. Halbuki təhsil səviyyəsinə görə onları müqayisə etmək belə düzgün deyil. Biz xarici təcrübəyə baxsaq, Avropada olan universitetlərin təhsil haqlarının bizim bəzi universitetlərimizdən dəfələrlə aşağı olduğunu müşahidə edərik. Hollandiya, Belçika, Fransa, İtaliya kimi ölkələrdə təhsil haqqı vətəndaşların sosial vəziyyətinə uyğun müəyyənləşdirilir. Həmin universitetlər dünya sıralamasında ilk əllilikdə yerləşir.  Bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksək olmasının göstəricisidir".
Təhsil eksperti Adil Vəliyev isə mövzunu belə şərh etdi: "Ali təhsil müəssisələrində 5 ildən bir akkreditasiya olur. Prosesə Təhsildə Keyfiyyət Təminatı Agentliyi nəzarət edir. Akkreditasiyanın tərkibində müsbət dəyişikliklər nəzərə çarpır. Məsələn, universitetlərdə bəzi ixtisaslar var ki, məzunlar özlərinə iş tapa bilmirlər. O ixtisaslar əmək bazarına uyğun ixtisaslar deyil. Yoxlamalar zamanı işəgötürənlər və iş axtaranların sorğusu keçiriləcək, hansı ixtisasların yararlı, hansıların yararsız, hansıların təkmilləşdirilməli olması ilə bağlı rəylər nəzərə alınaraq qiymətləndirilmə aparılacaq. Bundan başqa, son zamanlar ikili diplom reklamına başlayıblar. Təbii ki, bunun da yoxlaması keçiriləcək ki, hansı universitetlərdə nə qədər effekti var, nə qədər faydalana bilərik. Bu proqramların da akkreditasiyası təbii ki, formalaşıb və yoxlamalar da buna əsasən gedəcək. Digər məsələ mübadilə proqramları ilə xaricdə təhsilə gedənlərlə bağlıdır. Bir semestr, yaxud iki semestr təhsil alırlar və gəldikdən sonra artıq onların oradakı Avropa Kredit Transferi və Yığım Sistemi (AKTS) ilə buradakı AKTS, yəni bizim universitetlərdə olan AKTS heç cür uyğunlaşmır. Halbuki hər iki universitet Bolonya sistemi ilə tədris həyata keçirir, onların dərslər üzrə AKTS-i bir-birinə uyğun olmalıdır. Tələbə geri qayıtdıqdan sonra AKTS uyğun olmadığına görə o bir semestri artıq oxumalıdır ki, bu da tələbə üçün çətinlik yaradır. Dünya təcrübəsində də bu mexanizm var. Həm dövlət səviyyəsində həyata keçirilir, eyni zamanda  müəyyən özəl şirkətlər də olur ki, universitetlərin müraciətləri əsasında  yoxlama aparılır, nəticədə inkişafa zəmin yaranır. Ümid edirəm ki, bu mexanizm Azərbaycanda doğru şəkildə işləyər və daha yaxşı nəticə olar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar