Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixə yazılan ömür: yazıçı-publisist Yaşar Fətiyevin əziz xatirəsinə

Tarix: 07-04-2022 15:56     Baxış: 4799 A- / A+
Bugünkü yazımda Qubadlının dəyərli ziyalısı, Qarabağ müharibəsi veteranı Yaşar Fətiyevdən danışacağam. İctimai xadim, yazıçı, publisist Yaşar Fətiyevin tarixi sənədli kitablarını oxuyub bitirəndən sonra fikirlərimi sizlərlə bölüşmək istədim.  

Yaşar Fətiyevin tarixə yazılan ömür yolu. Yaşar Qurban oğlu Fətiyev 1943–cü ildə Qubadlı şəhərində dünyaya göz açıb. 1961-ci ildə Qubadlı şəhər orta məktəbini, 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə Bakıda Layihə İnstitutunda mühəndis vəzifəsində işləməklə başlayıb. Sonra Sumqayıt şəhər 2 saylı Ərazi Nəqliyyat Departamentində dispetçer və daha sonrakı illərdə Qubadlı Təmir-Tikinti idarəsində iş icraçısı, Əhaliyə Məişət Xidməti Kombinatında direktor, Kolxozlararası Tikinti İdarəsində rəis, Maddi-Texniki Təchizat və Mexanikləşdirmə üzrə İstehsalat Birliyində rəis, Avtomobil Nəqliyyatı Müəssisəsində rəis vəzifələrində işləyibdir. 1972-ci ildən 1995-ci ilə kimi fasiləsiz olaraq bütün çağırışlarda Rayon Sovetinin deputatı seçilib. 1989-cu ildə Raykomun bürosunda Qubadlı rayonu özünümüdafiə qərargahının rəisi təsdiq edilib. 
Yaradıcılıq yolu: Qubadlı şəhəri erməni hərbi təcavüzünə məruz qaldıqdan sonra yurd həsrəti ilə yaşayan Yaşar Fətiyevin həyatı kimi ictimai fəaliyyət istiqaməti də dəyişir. Yaşar Fətiyev Qubadlı rayonun işğalından sonra şahidi və iştirakçısı olduğu hadisələri publisistik dillə qələmə alır. Əsərlərində el nisgilini, vətən həsrətini daim ürək yanğısı ilə təsvir edir. Bir gün bu torpaqlara yenidən qayıda bilmək ümidi ilə ürək sözlərini kağızlarla tökür. 
Yaşar Fətiyev Birinci Qarabağ savaşında gördüklərini, əsgərlərimizin son damla qanınadək şücaətlə döyüşdüyünü, dinc əhaliyə qarşı erməni terrorunu gələcək nəsillərə çatdırmaq üçün qələmin gücündən məharətlə istifadə edir. 
O, şahidi olduğu real hadisələri “Qubadlı, görüşünə gəlmişəm”, “Dolub-boşalan Qubadlı”, “Dağların dağın gətirmişəm” adlı tarixi faktlara əsaslanan kitablarında olduğu kimi təsvir etmişdir. Bu kitablar oxucuların, Vətən həsrəti ilə yanıb-yaxılan həmvətənlərinin dərdinə məlhəm, ürəyinə sərinlik gətirmişdir. Yaşar Fətiyevin bu kitabları yazmaqda məqsədi həm də tariximizi yaddaşlara həkk etmək olmuşdur. Müharibənin birbaşa iştirakçısı olduğu üçün bilavasitə gördüklərini qələmə almışdır. Yazıçı kitablarında konkret müharibə hadisələrini, eyni zamanda, müharibə iştirakçılarının adını da dəyişmədən tarixi şəxsiyyətlər olaraq təsvir etmişdir. Onun kitablarındakı tarixi faktların dəqiqliyi məhz bununla əlaqədardır.
   
Yaşar Fətiyev “Dolub-boşalan Qubadlı” əsərində ayrıca Zəngəzurun taleyindən bəhs edir. Kitabda həmçinin Qubadlının təbiəti, dəyərli şəxsiyyətləri, Zəngəzur mahalı haqqında da geniş məlumatlar əksini tapır. Qədim Qubadlının, Zəngəzur mahalının mədəniyyəti haqqında tarixi faktları qələmə almaqla bu ərazilərin qədim türk torpağı-Azərbaycanın ayrılmaz parçası olduğunu diqqətə çatdırır. Müəllif təbiətinə vurğun olduğu bu yerlərin gözəlliyindən ürəkdolusu bəhs edir, hər hadisəyə, hər əmələ məntiqi nəticə ilə qiymət verir. Əfsanəvi Milli Qəhrəman, Qoc Nəbinin varisi, batalyon komandiri, mayor Əliyar Yusif oğlu Əliyev haqqında geniş tarixi məlumatlar verir. 
     Yaşar Fətiyev “Dağların dağın gətirmişəm” kitabında isə Azərbaycanın Milli Qəhrəmanları, igid oğulları, dini inanclarımız, xalq təbabəti, dərman bitkilərindən, Qubadlının tanınmış şəxsiyyətlərindən danışır. Qubadlının, qubadlıların tarixi, coğrafiyası, təbiəti haqqında oxucularda canlı təəssürat yaradır. 
       Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Yaşar Fətiyevin Qubadlı haqqında ərsəyə gətirdiyi kitablar təsadüfi deyildir. Bu mövzu yazıçının yaradıcılığı üçün son dərəcə doğmadır. Yalnız o mənada yox ki, yazıçının yaradıcılığında müharibə dövrü dərin, unudulmaz iz buraxmışdır. Həm də ona görə ki, müharibədən sonra da əzəli Azərbaycan torpaqları və bu torpaqlara qayıdış Yaşar Fətiyevi düşündürmüşdür.
Müəllif əsərdə 1988-1993-cü illər Qubadlıda baş verən tarixi hadisələrdən danışır. Qubadlı şəhəri və rayonun 93 kəndinin təcavüzkar erməni hərbi qüvvələrinin nəzarətinə keçməsindən, rayonun 31 mindən çox əhalisinin yurd-yuvasından didərgin düşməsindən bəhs edir. Oxuduqca o dövrün acı tarixi göz önünə gəlir, düşmənin nə qədər amansız və qəddar olduğu insanda dərin nifrət yaradır. Müəllif bu tarixdən dərs çıxarmalı və keçmişimizi unutmamalı olmamızı bizə dönə-dönə xatırladır. 
Yaşar Fətiyevin realist üslubda qələmə aldığı həyat hadisələri hər şeydən əvvəl nasirin dünyaya baxışı, həyat hadisələrinə, fərdlərə olan münasibəti, mədəni, icimai səviyyəsi və digər müsbət xüsusiyyətləri ilə bağlıdır. Yazıçının təsvir etdiyi Qarabağın tarixi hadisələri canlı və düşündürücüdür. Milli koloriti qoruyan müəllif bu əsərlərində publisistik üsluba xas olan lakonik dildə həyat hadisələrini oxucuya təqdim etməyi bacarır. İfadələrin təsir gücünü artırmaq üçün eyni sözlərin təkrar və yersiz işlənməsinə yol vermir. Hər bir obrazın daxili aləmi elə təbii cizgilərlə verilir ki, oxucuda bədii estetik zövq formalaşır, göz qarşısında dolğun və real həyat lövhələri canlanır. Yaşar Fətiyev yaradıcılığı oxucunu bədii kamillik baxımından heyran edir. Bu da onun istedadlı bir qələm sahibi kimi tanınması ilə nəticələnir.
Yaşar Fətiyev həm də yurda, elə bağlı vətən oğlu idi. 
Müdrikliyi çöhrəsinə nur verən insan Yaşar Fətiyev 1980-ci illərdə dağ kəndlərindən rayon mərkəzinə 30 kilometr uzunluğunda içməli su xətti çəkdirib və digər xeyirxah işlərin sahibi olub. Ermənistanla 120 kilometr həmsərhəd olan Qubadlının cəbhəboyu müdafiə zolağında əhalinin təhlükəsizliyini və müdafiəsini təşkil edib. 
Qubadlı rayonunda olan 44 şəhid ailəsinə maddi və mənəvi dəstək göstərib. Qubadlı şəhid ailələrinin ehtiyaclarının ödənilməsi, onların övladlarının gələcəyinin təmin edilməsi məqsədi ilə hər şəhid ailəsinin adına bank hesabı açdırıb. Hər ay hesaba şəxsən özü və əhatəsindəki yardımsevər vətən oğulları tərəfindən maddi vəsaitin ödənilməsini təşkil edibdir. 

Yaşar Fətiyev yaradıcılığına müasir baxış:
İllər keçsə də, Yaşar Fətiyev kitabları oxucu gülüstanında bəslənib təzə-tər qalacaq və sonrakı nəslə dəyərli bir ərməğan kimi təqdim olunacaqdır. Onun əsərləri, sənəti ürəklərdə daim təmiz insanlıq duyğuları oyadacaq, gəncliyi işıqlı sabahı qurmağa, mətanətli, mərd və cəsur olmağa çağıracaqdır. 
Yaşar Fətiyev kitablarında məzmun öz təbiiliyi, aktuallığı ilə diqqəti cəlb edir, köhnə fikirlərlə yeni ruh, ənənə və novatorluğun vəhdəti əks olunur. Hadisələr təbii axarı, bir-birini müntəzəm və ardıcıl surətdə izləməsi baxımından diqqəti cəlb edir. Dramatik konflikt, gülüş və düşündürücü hallar həyatın, hadisələrin özündən doğur, real həyat hadisələri əsasında ümumiləşdirilir. 
Böyük Vətən müharibəsinin dəhşətlərini sabiq döyüşçü qavrayışı ilə təsvir edən, xalqının sonrakı firavan həyatını gördükcə qəhər yükünü atan sənətkarın yaradıcılığı sabaha, daha uğurlu gələcəyə istiqamətlənir. Dünyanı düşünən, onun min bir qayəsi ilə yaşayan  yaxın sevincin daşıyıcısı, hər cür əziyyətlərə qatlaşıb, həyata nikbin gözlə baxan canlı insan, qurub-yaradan, sevib-sevilən, əzmi və inamı ilə dünyanın özünü dəyişən vətən oğlu olaraq təqdim olunur.
Yaşar Fətiyevin yaradıcılığında bəzən bir-birinə yaxın mövzularla, onların həllində bənzərliyə də rast gəlmək olur. Lakin bu, özünütəkrar deyildir. Bir çox hallarda bu bənzərlik səhnəyə həyatın özündən gələn, hər hansı bir əsərlə həlli tükənməyən problemlərin yaxınlığından baş verir. Bu tipli poetik situasiyalarda yazıçının problemə, mövzuya münasibətdə sabitqədəmliyi, stabil sənətkar mövqeyi özünü təzahür etdirir. İkinci tərəfdən müəllif bilərəkdən verdiyi hər hansı bənzərliyin həllində bir qayda olaraq, hər dəfə orijinal nizamlar, bədii təsvir vasitələri və yollar axtarır, özünü təkrar edib oxucunu yormaq istəmir. Həm də müəllif məzmun və hadisələrin xarakterindən asılı olaraq rəngarəng bədii maneralara müraciət edir.
Yaşar Fətiyevin kitablarında müəllifin dili ilə tiplərin dili ayrı-ayrılıqda seçilir. Aforizm, atalar sözü və məsəllərdən uyğun məqamlarda mənalı və yerində istifadə olunur.

Həyatdan köçdü, yazdıqları, xeyirxahlıqları qaldı: Sadə bir həyatda boya-başa yetən, zəhmətlə və vüqarla yaşayan Yaşar Fətiyevin özünəməxsus insani keyfiyyətləri çoxdur. O, yoldaşlıqda, dostluqda olduqca sədaqətli və təvazökar olub. Yaşar Fətiyev yoxsul və kimsəsizlərin dərdinə qalan, üzüntülü hala düşənlərin dadına çatan bir şəxs kimi həmişə sevilib. İndinin özündə belə yad edilir. 
Bənzərsiz mərdliyi, gözəl iç dünyası olan nasir-publisist Yaşar Fətiyevin üç oğlu və bir qız var. Atalarından bu övladlara xeyirxah əməllər, dürüstlük, keçdi. 
Bir ömür yaşadı mərd kimi, mübariz kimi, göylərdə parlayan Ay, ulduz kimi. Sağlığında Qubadlının qəhrəmanı oldu, qəlblərdə doldu.
Yaşar Fətiyev 2013- cı il sentyabrın 15-də haqqın rəhmətinə qovuşmuşdur. Ruhun şad olsun Vətən oğlu! Bir gün azad görəcəyin arzusu ilə dünyadan köçdüyün Vətən torpağı artıq azaddır. Sənin yarımçıq arzularını qüdrətli Azərbaycan dövləti həyata keçirir. 

               Aqil Yaşaroğlu
                Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar