Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Mollanın vəsiyyəti - (hekayə)

Tarix: 28-12-2021 13:54     Baxış: 2569 A- / A+
Bu gün istedadlı yazıçı, Manevr.az saytının əməkdaşı Mənsurə Eldar Xələfbəylinin doğum günüdü. Bu münasibətlə Mənsurə xanımı təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik. M.E Xələfbəylinin iki hekayəsini oxuculara təqdim edirik:
***

Mollanın vəsiyyəti
(hekayə)

Kəndin böyük qəbiristanlığı və dərisinə sığmayan bəstəboy, yekəqarın mollası vardı. Piyada yolu yeyin addımlarla gedəndə saatlarla özünə gəlmirdi. Hələ biri gəlib: "Ay molla, filankəs ölür, gəl üstündə Yasin oxu,"- dedimi, evdəkiləri vururdu bir-birinə, kimi kostyumunu gətirir, kimi ayaqqabısını geyindirirdi. Təsbehini götürüb nəvələrinə: "Ayə,"knijka"m qaldı. Bə duaları hardan oxuyajam” - deyə qışqırır, sonra da ” piyada getmək savabdır,” deyə, nəfəsi kəsilə-kəsilə xəbər gələn evə yollanırdı. Həmin evə çatar-çatmaz qapıdan yapışıb xeyli tövşüyürdü. Molla özünə gələnə qədər də, Əzrayıl ölüm ayağında olanı qucaqlayıb aparırdı. Artıq molla görürdü ki, iş-işdən keçib, vay-şüvən qoparan qadınlara acıqlanırdı:
-Ay analar, ay bajılar, səbirli olun. Ölünü bu cür ağlamazlar. Vallah mərhumu Allah qarşısında pis vəziyyətdə qoyursunuz.
Ancaq ona fikir verən olmurdu. Qadınlar saçlarını yolub, yaxalarını cırırdı. O da əlacsız qalıb qadınların sakitləşməyini gözləyirdi. Sonra qolunu çırmalayıb öləni yuyub kəfənləyirdi. Bu işdə ona dəli Məşi kömək edirdi. Kənd ağsaqqallarının xahişi ilə getdiyi məclislərə aparırdı ki, bir tikə çörəyini qazansın. Köməyə gələn Məşi əlini ovuşdurub: "Həəə, bu filankəs dayı deyilmi?" Sonra ölünün üstünə əyilib barmağıyla onu hədələyə-hədələyə: "Bə deyirdin ölmüyəjəm, hələ vaxtı döyül?! Noooldu, eninə-boyuna sərələnifsən, hayy?"- deyəndə molla yanındakılara: "Ə, vallah bu bir gün bizi ölü yiyələrinə döydürəjəy. Sonra: "Ayə,
ay dəli, Allah saa o boyda boy verincə, boyundan kəsib bir tikə ağlına calasaydı, sən də adam kimi yaşayardın də. Vallah bir gün səni gij-gij danışmağının üstündə palaz kimi çırpajaxlar, kirimiş dur,"- deyə Məşiyə çımxırırdı. Məşi gözlərini bərəldib: "Ay molla, Allahın da işinə qarışırsan? Saaa nə mənim
boyumnan? Sənin boyun mənim boyumnan da uzundu,"- deyəndə molla çığırdı ki, "ayə mənim boyum uzundu ki? " Məşi də and-aman edirdi: "Vallah üç metrə boyun var - bir metrəsi yerin üstündə, iki metrəsi yerin altındadı." Mollanın əsəbləşdiyini görən kimi də aradan çıxırdı. Camaat da: "Ay molla, dəlinin nəyinə baş qoşursan?"- deyə onu sakitləşdirirdi. Özünü birtəhər ələ alan molla cənazənin önünə düşüb dua oxuya-oxuya qəbiristanlığa gedir, rəhmətliyi torpağa tapşırandan sonra: "Ay camaat, hamının sonu bu qara torpaxdı. Biz evə gedəjiyik, amma mərhum burada qalajax. Üç gün inkir-minkir onu topa tutajax,"- deyəndə Məşi camaatın arasından boynunu uzadıb: "Ay molla, gopa basma , o dünyada top yoxdu." Məşinin səsindən diksinən molla: "Lənət sənə kor şeytan..."- deyə səsini yüksəldirdi.
Məzarlıqdan qayıdanda molla mərhumun qohumlarından xahiş edirdi ki, Məşiyə ehsana bişirdiklərindən bir az pay verib evinə yollasınlar. Çünki məclisdə gic-gic danışıb camaatı güldürür. Dəli Məşini yola salanda da bərk-bərk tapşırırdı: ” Ayə, məjlisə gəlmə, otur xaravanda əppəyini ye. Gəlif mənim başımı xarav eləmə.” Məşi də halvan yuxanın arasına qoyub yeyə-yeyə eşşək arabasına minib kəndin girəcəyindəki kiçik daxmasına yollanırdı.
Məşi tək yaşayırdı. Ata-anasını uşaq yaşlarında itirmişdi. Onun-bunun qapısında böyümüşdü. Birinin işi olan kimi həmişə kömək edərdi . Kənddə molladan başqa hamı onu çox istəyirdi.
Molla Məşinin gəlməyəcəyinə ümid edərək məclis iştirakçılarına öyüd-nəsihət verib, halaldan-haramdan danışırdı. Sonra: "Yaxşı sözlər zikr olunan məjlisdə iştirak edənlər artıq cənnətə gedən yola biletini alıf. Hətta bizim söhbət etdiyimiz yerdə başını içəri soxuf bir kəlməni eşidənin başı belə qurtulmuşdu, -" deyə qapıya işarə edəndə qapı açılır və Məşi
başını içəri soxub: "Ay molla, bayax qəviristanlıqda bir söz dedin, nəsə ağlıma yaman ilişif. Kişinin ajığı gələr deyirdin? O kişi kimdi? Sədrimizdi?"- deyə soruşanda, molla hirslənib: "Ayə, sənin ağlın var ki, ora nəsə ilişə, gij-gij danışma, çıx çölə.” Dəli Məşi yenə mollanı hirsləndirib ardan çıxır, molla da xeyli Məşinin qarasınca danışırdı. Camaat: "Ay molla, fikir vermə, xəstə adamdı,"- deyə onu sakitləşdirirdi.
Məclisdən dolu zənbillərlə evə dönən mollanı arvad-uşaq qapıda qarşılayır, pencəyini, ayaqqabısını çıxardırdılar. Arvadının yerə sərdiyi döşəkdə bardaş quraraq limonlu çaydan qurtum-qurtum içib təsbeh çevirirdi. Nəvələri səs-küy salanda əsəbləşib: "Qoyun bir az başım dinj olsun. Məjlisdə danışmaxdan səsim başıma düşüf. Candı, e, bu ...Mənsiz neyniyəjəydiz?"- deyə çığırırdı. Arvadı nəvələrinə acıqlanıb ərini sakitləşdirərək: "Qadan alım...Qavağında ölüm..."deyə-deyə kişinin başına dolanırdı.
Bir gün bərk yağış yağırdı. Dəli Məşi qonşu kənddən gələn kişi ilə mollanın qapısını döyüb: "Ay molla, durma gəl, rəhmətə gedən var,"- deyəndə molla havaya baxıb köks ötürdü. Dəli Məşi: "Molla, yağışdan qorxursan? Bə deyirdin nurdu? ”Molla hirslənib: "Nədən qorxajam, ə? Gij-gij danışma,"- sonra narazı-narazı geyinib qapıdan çıxdı. Kök olduğu üçün onu maşına güclə oturtdular. Ancaq maşın işə düşmədi. Dəli Məşi: "Molla, gəl mənim arabamla gedək,"- deyə israr etdi. Molla eşşək arabasına baxıb: "Ayə, bu məni çəkəjəy?" Dəli Məşi and-aman etdi: ”Dədəmin goru elə qəşəy cəkəjəy. Ürəkli ol, əşi..”
Molla çarəsiz arabaya oturdu. Arvadı çətir gətirib: "Tut başına, qadan alım, bu yağışda çörək dalınja gedirsən,"- deyə qalın örtüklə ərini büküb yola saldı.
Daşlı-kəsəkli yollarla zarıya-zarıya gedən arabada silkələnən molla dodaqaltında: "Ölməyə vaxt tapmırdın?"- deyə donquldandı.
Mənzil başına çatanda bir neçə gəncin köməkliyi ilə arabadan düşüb evə girdi. Ev sahibini görən kimi ağlamsınıb: "Allah Ağca nənəmizə rəhmət eləsin. Gör nejə mübarək xanımdı ki, göydən nur ələnir,"- deyə məclisin yuxarı başında oturdu. Ev sahibi: "Ay molla, qəbrin dərinliyi nə qədər olajax? Uşaqlar qazmağa gedir,"- soruşanda molla: "Bir adam boyu ..."- deyən kimi Məşi ayağa qalxıb: "Narahat olmuyun, mən həll edəjəm," və gənclərlə evdən çıxdı.
Molla ürəyində Allaha yalvardı ki, yağış kəssin. Ancaq yağış kəsmək bilmirdi. Məzar hazır olan kimi də cənazəni götürüb qəbiristanlığa getdilər.
Kəndin qəbiristanlığı hündür təpədə yerləşirdi. Cənazəni çətinliklə aparırdılar. Məşi də mollanın qoluna girib ona yeriməkdə kömək edirdi. Məzarın yanına çatanda molla dərindən nəfəs alıb qəbrə boylandı. Gözü kəlləsinə çıxdı, dizinə vurub: "Ayə, Allah sizə insaf versin, bu dərinlikdə qəbirmi olar?"- deyəndə gənclərdən biri: "Vallah, ay molla, Məşi dedi ki, hər yerdə məzar onun boyuna görə qazılır. Vallah bu yağışda buranı qazınca canımız çıxdı,"- deyə gileyləndi. Molla tərs-tərs Məşiyə baxıb: "Bu adamdı kı? Boyu kəndin çinarlarını keçif,"- deyə başını buladı. Ölünü qəbrə qoyanda: "Ay Ağca nənə, yaman dərin getdin, "- deyə pıçıldadı.
Yağış daha da şiddətlənirdi. Molla gedə-gedə çətiri açmağa çalışırdı. Bu vaxt ayağı nəyəsə ilişdi və o, üzü aşağı yumalandı. Məşi: "Vay, molla uçdu,"- deyə qışqırdı. Molla zərblə qəbirlərdən birinə dəydi. Ağlı başından çıxdı.
Məşi kənd adamlarının köməyi ilə mollanı arabaya uzatdı. Camaat nə qədər: "Bu gecə qalın, qoy molla dincəlsin,"- desə də, Məşi razı olmadı: "Yağış kəsmişkən gedək,"- deyə arabaya mindi. Yol boyu ağrıdan zarıyan molla: "Səni dərin gedəsən, ay Ağca nənə, necə ki, getdin. Yandım, oyyy, sümüyüm qırıldı,"- deyə deyindi.
Molla yatağa düşdü. Dəli Məşi hər gün mollanın evinə gəlib boynunu bükürdü. Həmişə gülüb danışan Məşi indi kefsiz görünürdü. Mollaya Məşinin kefsiz olduğunu deyəndə kövrəldi. Məşini yanına çağırıb: "Məşi, bekaflama, qorxma, əəə, ölmüyəjəm,"- deyə təsəlli verəndə: "Yox e, molla, ona görə bekaflamamışam ."
Molla heyrətlənir:
-Ə, bə noluf saa?
-Deyirəm əgər ölsən, o boyda cəmdəyivi qəbrə necə daşıyajıyıx? Hələ qəbrini nə boyda qazax ki, yerləşəsən,"- deyəndə molla hirslənib onu qovdu. Məşi gedəndən sonra molla xeyli fikirləşdi. Arvadını yanına çağırdı:
-Arvad, and verirəm dədeyin goruna ma qulağ as. Nə bada qəbrimi qazmağa Məşini göndərəsən.
Ərinin sözlərindən kövrələn qadın: "Qadan alım ay kişi, elə demə..."
Molla arvadının sözünü ağzında qoyub: "Az, adam kimi, maa qulağ as. Cənazəmin altına da girməsin, ha. Gij-gij danışıb milləti güldürəjəy. İki əlim yaxanda olar əgər vəsiyyətimi eşitməsən,"- həyəcanla dedi.
Aradan xeyli keçirdi. Mollanın vəziyyəti getdikcə ağırlaşırdı. Bir gün ölüm xəbəri kəndə yayıldı. Camaat mollanın evinə axışdı. Məşi qapıda durub gələnləri qarşılayırdı. Hərdən də ağlaşan arvadların yanında oturub əlini dizinə vura-vura: "Oyyy, ay molla, bu camaatı kimə tapşırıf getdin? Ə, bə ölənləri o tərəfə kim yolluyajax,"- deyə ağlayırdı.
Mollanı yuyub kəfənləyəndə Məşi içəri girib: "Ay molla, deyirdin ölmüyəjəm, noldu bə? Ölüvü çiyinlərdə daşıyanda qırılajax belimiz vayyy..."- deyəndə camaat: "İnsafın olsun, barı indi kişini rahat burax.."
Qonşu rayondan molla gəldi. Cənazəni birtəhər yerdən qaldırdılar. Ancaq apara bilmədilər. Məşi arabasını gətirib: "Molla bu arabanı sevirdi . Qoyun burda aparax."
Arabaya xalça sərildi. Arvadı: "Çiyinlərdə gedə bilməyən ərim laylay,"- deyə-deyə mollanın vəsiyyətini unutdu. Cənazə qəbiristanlığa yol aldı. Molla qabaqda dua oxuya-oxuya gedirdi . Qəbiristanlığa çatanda cənazəni birtəhər yerə qoydular . Molla məzara boylandı, heyrətdən gözü bərəldi: "Bu boyda da qəbir olar?"- deyə camaata baxdı. Dəli Məşi çiyinlərini çəkib: "Kişinin vəsiyyəti beləydi. Görünür qəbrinin üstündə ağlayanların səsini eşitmək istəmirdi. Ağlaşmanı sevmirdi rəhmətlik..."
Dəfn başa çatdı. Hamı qəbiristanlıqdan çıxdı. Ancaq Məşi getmədi. Axşama qədər məzarın yanında oturdu. Kənd camaatı Məşinin gəlmədiyini görüb gənclərdən bir neçəsini məzarlığa göndərdilər. Gənclər Məşinin əlində dəftər məzarın yanında oturduğunu görüb təəccübləndilər:
-Ay Məşi, qəbrin yanında niyə oturufsan? Əlindəki nədi? Dur gedək,- deyəndə Məşi ciddi-ciddi: "Mollanın “knijka”sıdı. Rəhmətlik həmişə deyirdi ki, axırıncı adam qəbristanlığı tərk edən kimi sorğu-sual üçün inkir-minkir gəlir. Mən də gözdüyürəm. Birdən sual verəndə cavabın bilməz. Bu "knijka"dan oxuyuf deyəjəm. Qoy sorğu-sualdan üzü ağ çıxsın. Nə qədər olsa, əppəyini yemişəm.."- deyə dərindən köks ötürdü.

***

Qazanc 

(hekayə)

Şəhərin bu başından aldığı ucuz pal-paltarı, o başında bir az baha qiymətə satırdı. Özünün dediyi kimi "şıdırğı" alver edirdi. Məhəllə-məhəllə gəzib: "Səyyar dükan ayağınıza gəlib, ay xanımlar, buyurun, gəlin..."- deyəndə camaat başına toplaşırdı. Müştəriləri ilə söhbətləşə-söhbətləşə əlindəki malları satıb pulları cibinə yığırdı.
Aradan xeyli keçirdi. Alveri zəifləmişdi. Ağır zənbillərlə şəhəri dolaşmağın mənası yox idi. Yaşamaq üçün başqa yol tapmalıydı. Bir gün qonşuları başına yığıb: "Ay qonşular, neçə gündür “qurban olduqlarım” yuxuma girir. Mənə vergi verirlər. Boynuma çox ağır yük qoyurlar. Bu yükü necə daşıyacam?"- deyə hönkür-hönkür ağladı. Qonşulardan onun sözünə inanan da oldu, inanmayan da. Gözünün yaşını silib: "Aranızda şübhə edənlər var ha, mənə agah olur. İnanmayana "qurban olduqlarım" qənim olar,"- deyə altdan-altdan qadınları süzdü. Onları inandıra bildiyini görüb sevindi.
Alverdən falçılığa keçib yenə qazanmağa başladı.Yanına çoxlu adam gəlirdi. Birinin "bəxtini açır", birinə "şirinlik" duası yazır, digərinin də evindən guya "cadu" çıxardırdı. Əlinə pul, gözünə də nur gəlirdi.
Bir gün qonşu gəlinə dedi ki, ərin səni aldadır. Hirsindən əl-ayağı əsən qadın qarğış eləyə -eləyə qapıdan çıxdı. Az sonra ər-arvadın səsinə bütün məhəllə yığışdı. Ərinin xəyanət etdiyinə inanan gəlin uşaqlarını da götürüb atasının evinə getdi.
Arvadının birdən-birə dava salıb evi tərk etməsinin səbəbini qonşulardan öyrəndi. Falçının ölüsünü-dirisini söyə-söyə ora hücum etdi. Qapı açılar-açılmaz falçının sifətinə yumruq dəydi. Zərbənin təsirindən divara çırpılan qadının burnundan qan açıldı. Qonşular dəliyə dönmüş kişini çətinliklə sakitləşdirdi.
Uzun müddət camaatın gözünə görünmədi. Eyvana da çıxmadı. Öz-özünə: "Qələt edərəm, bir də fala baxmaram. Bu nə iş idi başıma gəldi?"- deyə deyindi.
Mənzilini təmizləyəndə əlinə bir neçə kitab keçdi. Üzü güldü. Sevindiyindən kitabları öpdü.
Qonşular onun hər gün başında yaylıq, əlində kitab harasa getdiyini görürdü. Soruşanda: "Bacı, mən falçılığa tövbə etmişəm. Hamı həyatda səhv edər də. Əsas odur ki, haqqın yolunu tapasan,"- deyə
öyrəndiyi hədislərdən danışıb özünü “dinin gözəl bilicisi” kimi tanıtmağa başladı.
Artıq hamı ona “molla bacı" deyə xitab edirdi. Məclislərə gedir, əzbərlədiyi dualardan oxuyur, səsini əsdirə-əsdirə mərsiyələr söyləyirdi. Əvvəllər verilən pula: "Allah qəbul eləsin," deyirdi. Sonralar məclislərə dəvət artdıqca "zəhmət haqqını" özü təyin etməyə başladı. Narazılıq edənə də: "Bacı, mən əziyyət çəkirəm. Elə et ki, aramızda halallıq olsun, ölü də məzarında rahat yatsın. Məni incitməyin. Elə-belə molla deyiləm, mikrofonlu mollayam, "- deyə minnət qoyurdu.
Mollalıqdan yaxşı pul gəlirdi. Məclislərdə Allahın adından ağzına gələni danışırdı. Mənasını bilmədiyi Quran surələrini dilinə dolaya-dolaya oxuyur, tez də "Amin" deyib məclis iştirakçılarının yeddi arxa dönəninə salavat göndərirdi:
-Ay camaat, filankəsin əli çöldə qalıb. Deyir mənə niyə salavat göndərmirsiniz? O mərhumun əlinin içəri girməsi üçün bir salavat...
Camaat salavat gətirəndə də tez əlindəki mikrafonu onlara tərəf tuturdu ki, səsləri lap ucadan eşidilsin.
Gecə qəribə yuxu gördü. Yas məclisində mollalıq etdiyi ölüləri ayaqlarından asmışdılar. Ölülər: “Ay lənətə gəlmiş, sənin ucbatından bu dünyada zülm görürük. "O, da yazıq-yazıq: "Məndə günah yoxdu. Sizin üçün ən gözəl duaları oxumuşam. Görünür qohum-əqrəbalarınız məni incik salıb, pulumu az veriblər."Bu vaxt ona təpik dəydi. Aldığı zərbədən yerə sərildi, başı nəcisə girdi. Pis qoxudan boğula-boğula çığırdı: "Ay haray, kömək edin, molla bacınızı döyürlər.” Sonra qorxa-qorxa onu təpikləyənə baxdı. Hündürboy, kök qadın gözlərini necə bərəltdisə, ürəyi getdi.
Yuxudan çığıraraq ayıldı. Artıq səhər açılırdı. Əl-üzünü yuyub eyvana çıxdı. Gördüyü yuxu ona pis təsir etmişdi. Bir az hava alıb içəri keçdi. Telefonu zəng çaldı.Yas məclisinə dəvət edirdilər. Yaylığını örtüb, dəftərini də qoltuğuna vuraraq evdən çıxdı.
Məclisə girəndə otağın baş tərəfindən asılan şəkilə diqqətlə baxdı. Diksindi. Gecə yuxusunda onu təpikləyən qadına oxşayırdı. Öz-özünə: "Vay-vay duaları səhv oxusam, gecə bu arvad yuxuda məni öldürər ki..."- deyə fikrindən keçirdi .Ona görə də məclisdə elə canfəşanlıq etdi ki, hamının göz yaşı sel olub axdı. Zəhmət haqqını belə almadı.
Son zamanlar yuxularını qarışdırırdı. Halı tez-tez pisləşirdi. Gecə yuxuda gördü ki, dağın başında ona Quran oxutdururlar. İki qara
paltarlı adam: "Düz oxu!" deyə bağırır. Yuxudan ayılanda başında bərk ağrı hiss etdi. Qonşusunu çağırdı. Təzyiqi qalxmışdı. Dərman içib yatağında uzandı. Bu vaxt telefona zəng gəldi. Yenə məclisə dəvət edirdilər. Əvvəlcə getmək istəmədi. Yaxşı pul verəcəklərini eşidəndə gözünə işıq gəldi.
Məclisdə onu hörmətlə qarşıladılar. Yuxarı başa keçib xeyli danışdı, dua oxuyub yalandan göz yaşı tökdü. Sonra ona pul və iki dolu zənbil verdilər. Halı pis olduğu üçün orada halva yeməmişdi. Zənbillərin birindən halva qazanını götürüb masaya qoydu. Halvadan yeyib, çaydan içdi. Birdən gözü qaraldı. Otaq başına fırlandı və döşəməyə yıxıldı.
Uzun müddət xəstəxanada müalicə aldı.Üzünün bir tərəfi iflic olmuşdu. Həkim məclislərə getməyi qadağan etdi. Yazıq-yazıq: "Qələt edərəm, bir də bilmədiyim işdən yapışmaram,"- deyə zarıdı.
Aradan xeyli keçdi. Yığdığı pulları müalicəyə xərcləsə də, ağzının əyriliyi düzəlmədi. Ona görə də küçəyə çıxanda yaylığını üzünə çəkirdi. Hamıdan gen gəzirdi. Səhər tezdən evdən çıxır, hava qaralanda geri dönürdü. Sonralar qonşular onu küçədə əl açıb dilənən gördü.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar