Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş tutmayan yubiley...- İlham Məmmədli yazır

Tarix: 27-05-2021 19:36     Baxış: 4150 A- / A+
Baş tutmayan yubiley...- İlham Məmmədli yazır

Bu yazı öncə başqa bir ovqatda hazırlanmışdı. Yazının ilk notlarından onun ruhu Mehdixan Kəlbəcərlinin 80 illik yubileyinə köklənmişdi. Xatırladım ki, illər öncəsi şairin 70 illik yubileyi Gəncə şəhərində böyük təntənə ilə keçirilmişdi. Tədbirdə Kəlbəcər rayonunun rəhbərliyi, Kəlbəcərin və digər bölgələrin saz-söz adamları da iştirak etmişdilər. Yubiley tədbiri sözün əsil mənasında saz-söz bayramına çevrilmişdi. Onda yubiley ovqatı Kəlbəcər həsrətilə yanan şairə böyük təsəlli olmuşdu. Bu gün Mehdixan Kəlbəcərli haqq dünyasındadır, bu sirri açsam yəqin ki, ruhu məndən inciməz. Şairin arzusu idi ki, 75 illik yubileyi də geniş şəkildə qeyd edilsin. Nədənsə o tədbir alınmamışdı. Bu hadisə ona pis təsir eləmişdi. Söz adamlarının cəmiyyətdə umduqları azacıq diqqət və qayğıdan başqa nə olur ki? Axı onlar könüllərini dünya malına yox, sözə verirlər. Müəllimimə söz vermişdim ki, 80 illik yubileyini daha təntənəli qeyd edərik.

Ancaq atalar yaxşı deyib ki, sən saydığını say, gör fələk nə sayır. Biz yubiley hazırlıqları barədə düşündüyümüz dönəmdə çərxin gərdişi elə döndü ki, nəinki Mehdixan müəllimə yubiley keçirmək, heç son iki ildə insanların bir yerə toplanmasına da imkan yaranmadı. Böyük güclərin və dövlətlərin adını “Covid-19” qoyduqları bu insanlıq bəlası Kəlbəcər həsrəti ilə qovrulan Mehdixan müəllimi də əlimizdən aldı. Doğma yurda qovuşmaq ərəfəsində şair gözlərini əbədi yumdu bu vəfasız dünyaya.
Söz adamları başdan-ayağa bir sirri-xudadır. Özlərin yaxından tanımayıb sözlərinə aludə olsan, yanlışa vararsan. Xasiyyətləri də çox vaxt ovqatlarından asılı olar. Şeirlərində, yazılarında elə hayqırıb, boy göstərərlər ki, sözlərinin zəhmindən adamın zəhri yarılar. Deyərsən ki, bu anası ölmüşlər bir göz qırpımında yüz kafirin boynunu yalın qılıncla vura bilərlər. Di gəl ki, yaxından tanıyıb, ürəklərinə bələd olduqca həyatda tamam başqa bir ruhda, başqa bir biçimdə olduqlarını görərsən. Ehtiyatsız deyilmiş adi sözdən, soyuq bir baxışdan inciyə bilərlər, dünyaları tar-mar olar, həyat başlarına uçar. Dəli-doluluqları, vurub-tutmaqları, hayqırtıları da elə sözün çevrəsindən uzağa getməz. Nəinki adam öldürməyə, heç toyuq başı kəsməyə də ürəkləri gəlməz.
Anadan şair ruhunda doğulan Mehdixan İbrahimov da ilk şeirlərindən ətrafda bir Məcnun üsyankarlığı, Babək hayqırtısı, Koroğlu nərəsi ilə tanınmışdı. Cavan yaşlarından ilhamlı bir şair kimi nəinki Kəlbəcərdə, ətraf bölgələrdə də məşhurlaşmışdı.
“Gecə-gündüz “Leyla, Leyla” deməkdən,
Dili qabar-qabar olan Məcnunam” – deyib saf sevgi uğrunda çöllərə düşməyə hazır olduğunu car çəkən şair, şeirin möhürbəndində
“Eşqimin yolunda ölməmişəm mən,
Deməli vəfası yalan Məcnunam” – göynərtisi ilə Məcnunun da, məcnunluğun da çox uzaq keçmişdə, qədimlərdə qaldığını xatırlatmaqla yaşadığı zamanın bu ölçülərə sığmadığına üstüörtülü şəkildə üsyan eləmişdi.
Tanışlıq üçün qeyd edim ki, Mehdixan Həmid oğlu İbrahimov 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində dünyaya göz açmışdı. Şairin uşaqlığı və gəncliyi zamanın çox ağır və məşəqqətli illərinə təsadüf etmişdi. Hələ bir yaşı olar-olmaz ölkənin başı üzərini qara buludlar almışdı. Dünyanın yuxusuna haram qatmış Hitler Almaniyası tarixdə görünməmiş bir güclə - saysız-hesabsız tanklar, təyyarələr, toplar və digər ölüm gətirən silahlarla Sovetlər İttifaqına hücum etmişdi. Müharibənin gətirdiyi dəhşətli qorxu, ağır aclıq illəri insanlarda böyük vahimə, ruh düşkünlüyü, depressiya və gələcəyə inamsızlıq yaratmışdı. Bu gündən sabaha ümidləri qalmayan insanların öz uşaqlarına nəinki qayğısız həyat təmin etməyə, heç gündəlik çörəklərini verməyə də imkanları qalmamışdı. O zaman əhali arasında yaşamaq və sağ qalmaq uğrunda ölüm-qalım kimi faciəvi bir insanlıq dramı yaşanmışdı. Hələ körpə yaşlarından ehtiyacın soyuq sifətini öz həyatında yaşayan Mehdixanın sinəsində döyünən şair ürəyinin istəkləri isə nəinki zamanla bir araya sığmır, onu tamam başqa bir aləmə alıb, aparırdı.
Müharibənin dəhşətləri Mehdixan İbrahimovun yaddaşında ağrılı və silinməz izlər qoyaraq tarixə çevrildi. Cəbhədə həlak olanların qara kağızları gəldi, sağ qalanlar isə ağır yara, bədənlərindəki qəlpələrlə ev-eşiklərinə döndülər. Müharibənin başa çatması ilə insanların ölmüş ümidləri az da olsa dirçəldi, boy verib, cücərməyə başladı.
Haşiyə:Sovet siyasi sisteminin xalqımıza və millətimizə yaşatdığı məhrumiyyət və repressiyalara baxmayaraq bu dövlətin insanların həyatında oynadığı müsbət tərəfləri qeyd etməmək insafsızlıq olardı. Xüsusilə təhsilin və səhiyyənin pulsuz olması əhalinin yaşam tərzində ən müsbət tərəflərdən biri idi.
Müharibədən sonra təhsildə böyük canlanma yaransa da, çox ailələrin uşaqları kasıbçılıq və imkansızlıq üzündən ali təhsil ala bilmirdi. Mehdixan İbrahimov da orta məktəbi əla qiymətlərlə başa vursa da, ailəsinin ehtiyac işində yaşaması səbəbindən ali məktəbə yox, istehsalata üz tutmuşdu. Bir neçə il müxtəlif tikinti sahələrində fəhləlik etmiş, ancaq çətinliklərə baxmayaraq bir gün də olsun mütaliədən və ali təhsil almaq arzusundan uzaq düşməmişdi.
Qeyd etdiyim kimi məktəb illərindən şeirə-sənətə dərin sevgisi və lirik-kövrək ovqatda yazdığı şeirləri Mehdixan İbrahimovu hələ orta məktəb illərindən eldə-obada istedadlı şair kimi tanıtmışdı. Dövrün və gənclik ruhunun təsiri ilə yazdığı təbiət mövzulu və sevgi şeirlərini aşıqlar məclislərdə sevə-sevə oxuyardılar.
Mehdixan İbrahimov zəhmət və poeziya yollarında bişib-bərkiyir, illərsə bir-birini əvəz edirdi. Uzun çətinliklərdən sonra 1960-cı ildə indiki Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil oldu. Dərslərini yaxşı oxuması və yazdığı şeirlərlə nəinki institutda, o zamankı Gəncə ədəbi-ictimai mühitində də yaxşı tanındı. Ali məktəbi əla qiymətlərlə başa vurdu, yaxşı oxumağını və ədəbiyyata olan böyük sevgisini nəzərə alan institut rəhbərliyi onun ali məktəbdə saxlanılması barədə qərar qəbul etdi. Lakin o, institutda qalmaqdan doğma kəndinə qayıdıb elinin, obasının qulluğunda dayanmağı, həmkəndlilərinə təhsil verməyi üstün tutdu.
Mehdixan müəllimin həyatının və müəllimlik fəaliyyətinin əsas hissəsi Zar kəndindəki orta məktəbdə keçmişdir. Uzun illər Zar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi və məktəb direktoru işləmişdi. Mehdixan İbrahimov pedaqoji fəaliyyətlə məşğul ola-ola sözüylə, şeiriylə el-obanın, ətraf kəndlərin toy-şənliklərinin də bəzəyi olmuşdu. Yeri gəlmişkən, bir tarixi həqiqəti vurğulayım ki, o zamanlar Kəlbəcər toyları, şənlikləri bir növ poeziya məclislərinə, şeir yarışmalarına çevrilərdi. Şairlər də xalq tərəfindən ilk qiymətlərini bu məclislərdə alardılar...
Tarixin bir ağrılı məqamını yada salmağı özümə borc bilirəm ki, sovet hakimiyyətinin ədəbiyyata, ədəbiyyat adamına münasibətdəki partiyalı və sosialist realizmi metodu ilə yanaşması prinsipi ədəbiyyatı rəsmi olmasa da, qeyri-rəsmi olaraq iki cəbhəyə bölmüşdü. Paytaxtda yaşayıb “partiya senzurasından” keçənlər mötəbər ədəbiyyat nümayəndələri hesab edilsələr də, bölgələrdə yaşayan çox sayda istedadlı və tanınmış saz-söz adamlarına “əyalət yazarı” kimi ikili standart möhürü vurulmuşdu. Bu da bölgə yazarlarının mərkəzi ədəbi jurnallarda və digər mətbuat orqanlarında çap olunmalarında böyük manelər yaratmışdı.
Müqəddəs dinimizdə deyilir ki, hər ziyanda bir xeyir var. Bölgə yazarlarının bu qeyri-rəsmi qadağalardan qazancı onda idi ki, onlar heç bir siyasi konyuktura, yuxarıdan gələn tapşırıq və göstərişlər qarşısında özlərini məsuliyyət sahibi hesab etmirdilər. Bu yazarların mövzu seçmələrində də ciddi bir qayğıları yox idi. Əgər paytaxtda ədəbiyyat yaradanlar partiya və hökumət göstərişlərini rəhbər tutaraq əmək qəhrəmanları, sosializm quruculuğunun qabaqcıllarını axtarıb tapıb onlardan oçerklər, poemalar, romanlar yazırdılarsa, bölgə yazarının əsas mövzu obyekti ana təbiət, saf məhəbbət və şəxsi ovqatından doğan təəssüratları idi. Hələ bunlar azmış kimi yazdıqları ovqat şeirləri ilə dövrün düzəninə, zəmanəyə, çərxin-gərdişinə açıq etirazlarını da bildirirdilər.
Mehdixan Kəlbəcərli poeziyasının ana xəttində insan və onun xoşbəxt olmaq arzusu dayanırdı. Şair cəmiyyətdə heç də hər şeyin öz yerində olmadığını, deyilənlərlə gördükləri arasında böyük ziddiyyətlərin olduğunu görür və bu ədalətsizliyə dözə bilmirdi.

Hökmüm işləsəydi fələk hökmü tək,
Mən insan ömrünü yüzə yazardım.
Öz ağlımda hər nə varsa düşünüb,
Baxmazdım şeytana, sözə yazardım!


Təbii ki, bütün zamanlarda şairin, söz adamının istəkləri, arzuları çox vaxt reallıqla bir araya sığmır, əlçatmaz olur. Çünki şairlər həyatın gedişinə, cəmiyyətin mizan-tərəzisinə idealizm prizmasından yanaşırlar, bunun əksini gördüklərində isə sarsılır, bədbinləşirlər. Ağır həyat şərtlərinin cavanları vaxtsız qocaltdığını, bir arifin, qananın ruzisinin hansısa bir nadanın, nadürüstün kefindən asılı olduğunu görən şair bu düzəni dəyişmək gücündə olmadığını anlayanda isə uca Yaradana asi düşür, ondan elə bir qüdrət sahibi olmağı diləyir ki, bu nizamı dəyişmək gücündə olsun:

Ağartmazdım cavanların saçını,
Döndərməzdim yapalağa laçını.
Qanana verərdim zərli qamçını,
Qanmazı noxtaya, bizə yazardım.


Sən demə hər bir söz adamının taleyində bir Tanrı sınağı, həyat imtahanı deyilən mərhələ də varmış. Tale Mehdixan Kəlbəcərliyə bu sınaqların daha ağırını, ən çəkilməzini yaşadacaqmış. Ömrünün ahıl çağlarında doğma yurd-yuvasından, şeirlərinin ilham mənbəyi olan müqəddəs Kəlbəcərindən ayrı salacaqmış. Bu ayrılığın özü də onun həyatında və yaradıcılığında ayrıca bir niskilə, dastana çevriləcəkmiş.
Mənfur ermənilər Kəlbəcəri işğal eləyən günlərdə Mehdixan müəllim bir dəstə yurddaşı ilə düz 43 gün Kəlbəcər dağlarında əsir-yesir qaldı, bir növ Məcnun həyatı yaşamağa məcbur oldu. O ağır günlərdə kimlərsə tərəfindən şairin haqqında qorxulu şayiələr də yayıldı. Hətta bəziləri onun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyini öz gözləri ilə gördüyünü də iddia etdilər. Təbii ki, bu cür şayiələr onun doğmalarına və poeziyasının vurğunlarına çox ağır zərbə oldu.
Sonralar şair Kəlbəcərdə qaldığı son 43 günlük acı həyatını, doğma yurdun gözləri önündə erməni vandalları tərəfindən necə vəhşiliklə yandırılıb külə döndərildiyini ağrılı misralara, sözə, şeirə, dastana çevirdi.
Şairin doğma yerlərlə son görüşü və bu görüşün yaratdığı ürək parçalayan səhnələr daş qəlbli insanları belə riqqətə gətirər. Qoynunda boy atıb böyüdüyü, sərin havasını ciyərlərinə çəkib, buz bulaqlarından doya-doya içdiyi dağlardan zor gücünə qovulmasını özünün və millətinin ən böyük faciəsi sayan şairin o zaman gücü, ancaq ana torpaqla göz yaşları içərisində vidalaşmağa çatırdı.

Deyəsən, ayrılıq zamanı çatdı,
Gözlərim doyunca bax bu dağlara.
Bahar buludu tək dolmusan niyə?
Süzül bu dağlara, ax bu dağlara!
Gözlərim doyunca bax bu dağlara!


Vaxtilə gözəlliyini, əzəmətini, vüqarını sevə-sevə, ilhamla tərənnüm edən şair yaxşı anlayırdı ki, bu gedişin qayıdışı olmaya da bilər. Doğma yurdun qışının da baharı qədər gözəl olduğunu həyatı boyu yaşayan yazar bir də belə bir gözəlliklə heç bir yerdə qarşılaşmayacağını da yaxşı anlayırdı.

Əzəməti gözəl, vüqarı gözəl,
Bəzəyi, sığalı, tumarı gözəl,
Zimistanı gözəl, baharı gözəl,
Çatmaz gözəllikdə dağ bu dağlara,
Gözlərim, doyunca bax bu dağlara!


Mənfur ermənilərin növbəti dəfə Qarabağda xalqımıza yaşatdıqları insan ağlına sığmayan vəhşətlər Mehdixan müəllimi həyatının sonuna qədər göyüm-göyüm göynətdi. Kəlbəcəri itirəndən sonra Kəlbəcər adını özünə ədəbi təxəllüs götürməklə az da olsa təsəlli tapdı. Qürbətdə yaşadığı illərdə onun qələmindən süzülən şeirlərdən ancaq yurd ağrısı, torpaq niskili boy göstərdi. Həyatda qovuşa bilmədiyi dağlara yuxularında qovuşdu və günlərlə bu təsirdən ayrıla bilmədi.

Aman Allah, yenə çılğın xəyalım
O dağlara yollanmışdı bu gecə.
Gözlərimin önündəydi doğma yurd,
Yuxularım ballanmışdı bu gecə.


Ataların bir sözü var. Deyir sevgilisindən ayrı düşən yeddi il ağlayar, yurd-yuvasından ayrı düşən ömür boyu. Mehdixan Kəlbəcərlinin elə bir günü, saatı olmadı ki, ürəyinə pərçim olunmuş yurd ağrısını bircə anlığına da olsun unuda bilsin. Gül-çiçəyin ətri də, quşların nəğməsi də, insanı ehtizaza gətirən musiqi də ona dinclik, sakitlik yox, yalnız dərd-ələm, qəm-qüssə gətirirdi. Bütün bu ağrıların yeganə ünvanı isə yenə də Kəlbəcər idi. Kəlbəcər odu, Kəlbəcər yanğısı elə bir atəş idi ki, şairi qəbir evinəcən yandıracaqdı.

Yandıqca yanacaq, sönəsi deyil,
Qəlbimdə alovdu, közdü Kəlbəcər!
Bir zaman tacıydı Azərbaycanın,
İndi də bir quru sözdü Kəlbəcər!


Mehdixan İbrahimov orta məktəb illərində mənim də müəllimim olub. O zaman əksər kəndlərdə orta məktəb olmadığından bizim kənddaxil ətraf bir neçə kəndin uşaqları yuxarı sinifləri Zar kənd orta məktəbində oxumalı olurdu. Ədəbiyyata sevgimin, sözə ehtiramımın çox məqamları çox güman ki, dəyərli müəllimimdən keçib mənə. Onun dərs keçməyinin özü başqa bir aləm idi. Sinifə girəndə keçdiyi dərsin ruhuna uyğun köklənərdi. Bir günün içində Məcnun da olardı, Koroğlu da. Bu haqda illər əvvəl yazdığım “Şair də ağlayır, dağ da ağlayır” yazımda ətraflı danışmışam. O yazı şairin “El oğlu eldən gedər” kitabında da çap olunub. O illərlə bağlı o qədər xatirələrim var ki...
İstəmirəm dəyərli oxucuları ancaq pessimist əhvalla yükləyəm. Mehdixan müəllimlə bağlı bir qədər kövrək, bir az da dodaq qaçıran bir əhvalat yadıma düşdü. Kəlbəcər təbiətinin gözəlliyindən, müəllimlərimizin də Mehdixan müəllim kimi şair təbli insanlar olmalarından biz məktəblilərin də çoxu o illərdə söz qoşmağa, şeir yamsılamağa aludə idik. Bir dəfə ingilis dili müəllimimiz, poeziya vurğunu hörmətli Vaqif Xanlarov üzünü mənə tutub: “eşitmişəm şeir yazırsan, bu dərs məktəbimizə bir şeir yaza bilərsənmi? Əgər xoşuma gəlsə, dost olacağıq, gəlməsə şeir yazmağı tulla getsin”.
O illərdə Zar kənd orta məktəbi köhnə bir binada yerləşirdi. Məktəb binası müharibədən çox qabaq illər tikildiyindən bərbad vəziyyətə düşmüşdü. Siniflərarası divarlar sökülmüş, döşəmələrin taxtaları çürümüşdü. Tavandan isə heç danışmağına dəyməzdi. Yağış yağanda sinif otaqları gölməçəyə dönərdi. Kənddə yeni müasir məktəb tikilib qurtarmaq üzrə olduğundan köhnə məktəbə çox da fikir verən yox idi. Bina demək olar ki son günlərini yaşayırdı. Onda məktəbin direktoru Mehdixan müəllim idi. Yağışlı bir gün idi. Arxa partada oturub bir cızma-qara elədim.

Ay uşaqlar, görən varmı
Tarixlərdə belə məktəb?
Oturmuşam dal partada
Verir məni selə məktəb.

Damcı-damcı yağır yağış,
Tor divara vurub naxış.
Görən kim eyləyib qarğış
Sinif batıb külə məktəb.

... İlham batıb dərdə yenə,
Huş qalmayıb sərdə yenə.
Gözü qalıb tirdə yenə,
Sözü qalıb dildə məktəb.


Dörd-beş bəndlik bir şeir cızma-qara eləyib Vaqif müəllimə verdim. O da şeiri oxuyub, zəngin vurulmasını da gözləmədən jurnalı götürüb müəllimlər otağına tələsdi. Növbəti dərsdə bir də gördük ki, Mehdixan müəllim başda olmaqla məktəbin müəllimləri doluşdular bizim sinifə. Onu da deyim ki, rəhmətliklə müəllim-şagird münasibətindən də çox aramızda səmimi bir dostluq yaranmışdı. Gülə-gülə qayıtdı ki, ay İlham, eşitmişik ki, hamı məktəbinə tərif yazar, məktəbini vəsf eləyər, bu nədi yazmısan? (Düzünü deyim ki, şeir müəllimlərimizi də feyziyab eləmişdi). O zaman yox, çox sonralar ağlıma gəldi ki, ola bilsin direktoru olduğu məktəb haqqında bu ruhda yazılmış bir şeir könlünə də toxunmuşdu. Ancaq rəhmətlik o zaman heç nəyi büruzə verməmişdi və illər sonrası hər görüşümüzdə bu səhnə hər ikimizin dodağımızı qaçıran xoş bir xatirəyə çevrilmişdi.
Yazımın əvvəlində qeyd etdiyim kimi mən öz müəllimimə söz vermişdim ki, onun 80 illik yubileyini adına layiq keçirəcəyik. Lakin çox təəssüf ki, mənim bu arzum “Covid” bəlası üzündən həyata keçmədi.
Sentyabr ayında Qarabağda Vətən Müharibəsi başlayanda çox sevinirdi. Ordumuzun qələbələrini eşitdikcə uçmağa qanadı olmurdu. Telefon danışıqlarımızda Kəlbəcərli günlərin xəyallarını qurardıq. Günlərin bir günü isə... Lənətə gəlmiş xəstəlik onu da yaxaladı. Zəng eləyib əhvalını soruşdum. Toxdaq danışırdı. Sonra vəziyyət daha da ağırlaşanda onu xəstəxanaya apardılar. Xəstəxanadan da zəngimə cavab verirdi. Möhkəm olmasını, tezliklə sağalıb evə dönməsini arzulayardım. Sonrakı günlər telefonu susdu. Son sözü, son arzusu nə oldu, bilmədim. Kəlbəcərə qovuşmağın bir addımlığında gözlərin bu fani dünyaya əbədi yumdu. Bu gün cismi qürbətdə, ruhu vətəndə olan şair. Allah sənə rəhmət eləsin. Ayrılıq gününü görürmüş kimi bu sətirləri nəfəsi tıncıxanda, səbri tükənəndə yazmışdı.

Mən gedirəm, ruhum qalır sizinlə,
Haqqı sevən ey insanlar, əlvida.
Nəyim varsa əmanətim sizədir,
Söz qananlar, gövhərkanlar, əlvida!

... Şübhəsizdir, açılanlar solacaq,
Gələnlərin getməyi də olacaq.
Məndən sonra Vətən sizə qalacaq,
Vətəncanlı qəhrəmanlar, əlvida!


Beləcə dünyanı bir söz adamı da tərk etdi. Vətənə bir at mənzili qalmış ruhu cisminə etibarsız çıxdı. Haqq dünyasına qovuşmağın təşnəsi ilə birdəfəlik əlvida dedi hələlik bizim sakini olduğumuz nahaq dünyaya.

P.S. Allah qoysa yaxın zamanlarda el-obamız doğma yurd-yuvalarına dönəcək. Kəndlərimiz bərpa olunacaq, əvvəlkindən də gözəl binalar tikiləcək. Yenə də kəndlərimizdən çal-çağır, toy-şənlik səsləri yüksələcək. Aşıqlarımız, xanəndələrimiz digər söz ustadlarımızla yanaşı Mehdixan müəllimin də şeirlərindən oxuyub, ona rəhmət diləyəcəklər. Nə qədər ki, xalqımız və dilimiz yaşayır, Mehdixan Kəlbəcərlinin də sözləri, şeirləri yaşayacaq. Bizim və gələcək nəsillərin boynumuza düşən isə ana yurdumuzda bu cür insanların adlarını əbədiləşdirib, xatirələrini əziz tutmaq olacaq.
Doğma yerlərdə dəyərli müəllimimizin xatirəsini yad edəcəyimiz günün həsrəti ilə:



Baş tutmayan yubiley...- İlham Məmmədli yazır































İlham MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar