Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fatma Bacaranın "Kölgə aşiqlər"inin davamı...

Tarix: 03-04-2021 21:44     Baxış: 2200 A- / A+
Fatma Bacaranın "Kölgə aşiqlər"inin davamı...
Fatma Bacara

Türk yazar Fatma Bacaranın “Kölgə Aşiqlər “ povesti insanın həyatına vaxtsız, gözlənilmədən gələn eşqdən bəhs edir. Ömrün ortalarında da gələn sevda bir kölgəyə bənzəyir, ya bir yay günəşində itir, ya da payız yağışına qarışır. Povestdən ikinci hissəni Manevr.az-ın oxucularına təqdim edirəm:

***
-Xoş gəlmisiniz, buyurun, bir stəkan çay alın, - dedi.

Əri qədər israr etməsə də, qadının da qonağın oturmasına narazı olmadığı hiss olunurdu. Təzə bir adamla tanış olacaqdılar. Qalibə də bu dəvət maraqlı gəlirdi. Üstəlik də “çay al” sözünü ilk dəfəydi ki, eşidirdi.

- Yaxşı, içərəm. Çox sağ olun, – dedi.

Bəsri siqaret qutusunu açdı və bir az çaşqın görünən Qalibə uzatdı:

- Buyur, çək, Qalib qardaş” - dedi.

Qalib bir siqaret götürdü və alışıdırb ağzına qoydu. Siqaret simit kimi dadlı gəldi ona. İkisi də birlikdə siqaret dumanına büründülər.

-Qalib bəy, gördüyünüz kimi canına qurban olduğumun qədəri bizi hardan hara - İstanbuldan ta buralara atdı.

-Hansı məmləkətdənsiniz, Bəsri bəy?- deyə Qalib maraqlandığı üçün deyil, elə belə, sözgəlişi, söhbət xatirinə, cansıxıcı durumdan çıxmaq üçün soruşdu.

-Aydın tərəflərdən, Nazillidən. - Bəsri cavabı uzatmadı.

-Eşitdiyimə görə oraların havası çox istidir.- qonaq bu dəfə də sözgəlişi dilləndi.

-Hə, elədir. Bir az istidir, amma çox gözəl yerlərdir. Neyləyəsən, çörəkpulu qazanmaq adamı hara desən, sürükləyir. Aldığımız üç-beş qəpik, iki də uşaq oxuduruq – Bəsri özü də istəmədən hirslə dedi.

Canan bir siqaret götürüb, sanki ailə sirrini açma deyirmiş kimi dilləndi:

- Şikayət etmə, Bəsri, çok şükür, bizə çatır”.

Arvadına təəccüblə baxan Bəsri bir söz deməsə də, “Sənə ancaq yetir qazandlığım!” deyə ağlından keçirdi.

Söhbətin qabağı açılmışdı. Bəsri onu sakitcə dinləyən bir həmsöhbət tapmağın rahatlağı içində İstanbuldan buralara necə gəldiklərini söyləməyə başladı: “Nə başını ağrıdım, qardaş, qədər insanı haralara uçurmur? Bunu şikayət üçün demirəm. Yalan, fırıldaq dünyanı alıb başına. Barı bir qəbahətim olaydı… Hansısa mərdimazarın uydurmasıyla gəlib düşdük buralara. Bacarıqlı adama paxıllıq eləyən çox olur. Şükür, indiyəcən nə özüm bir tikə haram yemişəm, nə ailəmə-uşağıma yedirtmişəm. Allahdan oldu ki, sənin kimi birisiylə tanış olduq, çox ora-bura getmədən kirayə ev tapa bildik. Çox sağ ol” - deyə Qalibə minnətdarlıqla baxdı.

-Bəsri bəy, mən nə etmişəm ki? Evimizi sizin kimi yaxşı bir adama kirayə vermişəm. Kim olsa, mənim etdiyimii edərdi.

Bəsri sözünü ancaq çay içəndə kəsir, get- gedə boş-boşuna gəvəzələməyə başlayırdı. Məğrur bir ədayla kətilə oturub, ayağını ayağının üstünə aşırmış Canan bir əliylə siqaretini çəkir, o biri əliylə siqaret qutusunu masanın üstündə ora-bura fırladır, aradabir oğrun-oğrun qonağı süzürdü. Hərdən sarı bığlarına sığal çəkərək, yorucu-yorucu danışan əri ilə müqayisədə bu gənc adamın üzü necə də təravətli görünürdü. Onun səliqəylə yana daranmış, qısa vurulmuş sıx qara saçları enli alnına tökülmüşdü. Qonaq eyvanın zərif, titrək işığında və batmaqda olan günəşin solğun şəfəqləri altında lap film qəhrəmanlarına bənzəyirdi. Qadın qonağın gözlərini aydın görə bilməsə də, “ Yəqin qara olar ” - deyə düşündü.

Qalib öz üzərindəki nəzər-diqqəti dərhal hiss etmişdi. Onu ilk dəfə tanışlığa gəlmiş adaxlı kimi tər basmışdı. Hərdən cibindəki ağappaq dəsmalla boyun-boğazının tərini silirdi. Qonağın iri cüssəsinə, yaraşıqlı qədd-qamətinə o qədər uyğun gəlməyən utancaqlığı Cananın xoşuna gəlmişdi. Yerindən qalxıb, Qalibin boşalan stəkanını yenidən doldurub gətirdi və bu dəfə keçib onunla üzbəüz oturdu. Onun sərbəst davranışı, xüsusən də yad bir kişinin yanında siqaret çəkməsi Qalibi təəcübləndirmişdi: “Onsuz da şəhər qadınları avropasayağı olublar” – deyə içində qınadı onu. Çayını tez-tələsik içib qurtardı, Canan çayı təzələmək üçün əlini boş stəkana uzadanda “Bu qədər bəsdir, sağ olun, daha içmirəm”- dedi. Qadınla göz-gözə gəlməkdən çəkinib, baxışlarını ondan yayındırdı. Havanın qaraldığını bəhanə edib, getmək üçün ayağa qalxdı. Bəsri onun qalxmasına etiraz etməsə də, gəlişinizin səbəbini demədiniz deyə maraqla qonağın üzünə baxdı. Qalib nə deyəcəyini bilmirdi. Kəkələyərək – “Heç, kirayə pulu üçün gəlmişdim” – dedi.

Bəsri maaşını bu gün almışdı. O “gözləyin, indi gətirirəm” - dedi, otağa keçdi, bir dəstə pulu gətirib, Qalibə uzatdı. Pulun əlli lirəsi əksikdir. Bu gün borclara dağıdınca bu qədər qalmışdı. “Bax, sabah bizə yeməyə gəl, Canan gözəl düşbərə

bişirəcək. Biz qəribik. Bir-iki kəlmə söhbət edərik”. Qalib ani olaraq nəsə düşünüb, Canana baxdı. Qapının kənarına söykənib, qollarını sinəsində çarpazlayan Canan bu baxışları göydə tutaraq, - “Sizi gözləyəcəyik”, - dedi. Onun dəvətinə həm Bəsri, həm də Qalib rahat oldu. Qalib bu gözlənilməz təklifə, - “Təcili bir işim çıxmasa, gələrəm, amma pul üçün deyil, birdən səhv başa düşərsiniz” - dedi. “Sən Allah, elə danışma, gözləyəcəyik, vəssalam” – deyə gülümsədi Bəsri. Qalib də təbəssüm edərək, hökmən gələcəyini başıyla məmnun halda təsdiqlədi.

Məhəllədəkilərin dediyinə görə, Qalib tərbiyəli, ağır təbiətli, abırlı bir adamıydı. Hər səhər evdən işə, işdən evə gedər, başını qaldırıb, bir qıza-qadına gözünün ucuyla da baxmazdı. O, ata-anasının göz bəbəyiydi. Onları heç vaxt incidib qırmamışdı. Əsgərlikdən sonra valideynlərinin sözündən çıxmamış, anasının tövsiyəsi ilə xalası qızı Samirəylə evlənmişdi. İndi onlar uca divarlarla əhatələnmiş geniş həyəti olan qədim bir evdə yaşayırdı. Arvadı Samirə ağbəniz, zərif, qumral saçlı, al yanaqlı, ətli-əndamlı, təbii gözəlliyə malik bir kənd qızıydı. Ərindən ən azı beş-altı yaş kiçik olardı. Qaynanası gözəl gəlininin üstündə əsim-əsim əsirdi. Qızın bəxti gətirmiş, toylarından bir il sonra nur topası kimi bir oğlan uşağı doğaraq, yerini daha da bərkitmişdi.

Qalib öz sakit, yeknəsək həyatındakı ən böyük həyəcanı ayağı büdrəyib yıxılanda yaşamışdı. İş yeri atasının ucuz, aşağı keyfiyyətli mebellərlə, əşyalarla doldurduğu mağazaydı. Ofisdə atası oturur, bazarlığı Qalib edirdi. Pulu atası alırdı. Qalib və qardaşı isə müştəriləri qarşılayır, malı satırdılar.

Atasının yanında Qalib öz oz oğlu Muradı heç vaxt qucağına almaz, sevib oxşamazdı. Bəsri və onun ailəsiylə ilk tanışlığında onların Qalib üçün başqa kirayənişinlərdən heç bir fərqi yox idi. Hər kirayənişin çıxdıqdan sonra evin əyər-əksiyini təmir edib, ora-burasına əl gəzdirib, yeni kirayəçiyə vermək onun öhdəsindəydi. Sonra isə davamlı şəkildə kirayə pulu toplayırdı.

Amma bu axşam qəlbinin dərinliklərində qərib bir sevinc duymuşdu. Bəsrigildən çıxandan sonra axşamın sərin havası üz-gözünə sığal çəkəndə bəlkə də, həyatında ilk dəfə olaraq, - “Hava necə də gözəldi!” - deyə düşündü. Bu günəcən sanki havanın fərqinə varmamışdı. Bu günə qədər heç bir kirayənişin onu evinə yeməyə dəvət etməmişdi. Sıxılaraq oturduğu masada Bəsrinin olduqca təbii və səmimi danışığı onu rahat etsə də, arvadının sərt, özündənrazı ədasını bəyənməmişdi. Qısası, Bəsri və ailəsi onun beynini əməlli-başlı qarışdırmış, duyğularını silkələmişdi.

Bəsrigilin isti münasibətinə laqeyd olmayan Qalib cümə günü onlara getdi. Düşbərə çox ləzzətli gəldi. Ətsiz, sadəcə paxla ilə bişirilən düşbərəni ilk dəfə orda

yeyirdi. İbtidai sinfə gedən Arif və Sevginin civiltiləri, Bəsrinin məhrəm söhbətləri və Cananın əvvəlkinə rəğmən olduqca səmimi davranışı onun duyğularına sığal çəkmişdi.

Bəsrigillə Qalibin münasibətləri get-gedə daha da istiləşdi. Bir müddət sonra Qalib bu ailənin ən yaxın dostuna çevrildi. Həftə səkkiz, mən doqquz onlara gedib-gəlməyə başladı. İsti yay axşamlarından gecə saat ikiyə qədər oturub elədikləri söhbətlər, kart ya da nərd oyunları ona indiyəcən görmədiyi əyləncəli gecələr yaşadırdı. Birlikdə pikniyə getmək, rakı, kabab keyfi….

Qalib bu ziyarətlərə heç vaxt nə yoldaşı, nə də oğlunu gətirirdi. İlk vaxtlar, - “Xanımın evdə işi var, xəstədir, uşağın hərarəti var” - kimi bəhanələr gətirsə də, zaman keçdikcə, - “Boş verin, gəlməməsi daha yaxşıdır”, - deyə dərdli bir görkəm alırdı. Get-gedə onun dili açılır, içindəkiləri boşaldırdı: “Ah, anam, anam məni yandırıb-yaxdı, atamla birləşib axırıma çıxdı. Arvadımı yanıma alıb, bir ürəkdolusu gəzmədim! Mənim günahım nədir, axı? And olsun, Allaha, elə bil həbsxanadayam”.

Qalibin doluxsunduğunu görən Bəsrinin də, Cananın da ona şəfqəti artmışdı. Bəsri çox həssas və eyniaçıq, deyib-gülən adamıydı. Canan isə onun qonaq olduğu vaxtlar nə qabiliyyəti varsa, ortaya qoyur, müxəlif yeməklər, məzələrlə süfrəni bəzəyirdi. O, masa arxasında ərinə və qonağa yoldaşlıq edir, maqnitafona gözəl mahnılar qoyur, birlikdə musiqi dinləyirdilər. Gah içəridə, gah eyvanda ərik ağacının xışıldayan yarpaqları altında gecəyarıya qədər, gah pıçıltıları, gah qəhqəhələri eşidilirdi. Həyətdə yaşayanlar qabaqlar bu gediş- gəlişə elə də fikir vermirdilər, amma vaxt keçdikcə, Qalibin Bəsrigilə daha sıx-sıx gəldiyini gördükcə, qonşular bu səmimi get-gəlin axırını daxili bir narahatlıqla izləməyə başladılar. Gecənin qaranlığında aydın eşidilən musiqi və gülüş səslərini bəziləri sakit qarşılasa da, bəziləri bunu ətrafdakılara qarşı sayğısızlıq hesab edirdi.

Canan güclü, sağlam qadınıydı. Qara, düz saçlarını tökdüyü enli çiyinləri, meydan kimi sinəsi vardı. Paltarını gözəl göstərən qabarıq budları, incə beli ona xüsusi yaraşıq verirdi. Zalım qızının yerişi isə bir ayrı aləm idi. Yeriyəndə yerə-göyə naz eləyir, yanından keçənlərə, - “Dön bir də bax!”, - deyirdi. Qırçınlı ətəyinin altında bir xəzinə saxlayırmış kimi, yüngül addımlarla yeriyir, quş kimi səkirdi. Qonşuları Gültənin, “Qadına bax e, yeriyəndə əndamıyla öyünür ”, - sözlərinin altında bir az heyranlıq, bir az da həsəd varıydı. Ona sərvboylu demək olmazdı. İlk baxışda gözəl də görünmürdü. Qarayanız, qaraqaş, qaragöz idi. Qalın dodaqları, iri, amma sifətinə çox yaraşan bir qədər iri burnu vardı. Amma neynirsən, işvəli baxışlarına təbəssüm və qəhqəhələr qarışınca baxanlar ağlını əldən verirdi. Harada olur-olsun, kişi, qadın, hər kəsi başına yığa bilirdi. Sözünü eşidir, istədiyini yerinə yetirirdilər. Yarmarkada, bazarda özünə güvənərək, inamla yeriyir, “Paşanın mübarək qızı!” dedirtdirirdi arxasınca. Həmişə dəbdə olan, diqqət çəkən pal-paltar, son model ayaqqabılar geyinirdi. Görənlər onu hansısa adi, sıravi bir bank işçisinin arvadı deyil, kimsə yüksək vəzifəli birisinin xanımı sanırdı. O, tənbəllik eləməyib, həftədə heç olmasa, bir dəfə də olsa, mütləq zənginlərdən birinin arvadı ilə kinoya gedir, gəzməyindən qalmırdı.

(Ardı var...)
Fatma Bacaranın "Kölgə aşiqlər"inin davamı...

Nazilə Gültac,
şair, tərcüməçi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar