Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Böyüklər üçün ibrət, gənclər və uşaqlar üçün həyat dərsi

Tarix: 28-01-2021 20:27     Baxış: 3227 A- / A+
Yazıçı Arif Ərşadın yeni “Hekayələr” kitabı çapdan çıxmışdır
Böyüklər üçün ibrət, gənclər və uşaqlar üçün həyat dərsi


Arif Ərşadla tanışlığım çox gec – cəmi 5-6 il əvvəl olub, ancaq istedadlı, maraqlı bir yazıçı kimi onu çox tez, qısa müddətdə tanıdım. Ən əsası onun həqiqətən əsl yazıçı, həm də özünəməxsus bir dəsti-xətti olan yazıçı olduğuna qətiyyətlə inandım.

Yalnız sonralar, ara-sıra qəzetlərdə, saytlarda rast gəldiyim hekayələrini, publisistik yazılarını oxuduqdan sonra bildim ki, o, ədəbi aləmdə artıq kifayət qədər tanınan qələm adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü imiş.

Arif Ərşad maraq doğuran bir-neçə hekayə kitablarının, povest və roman müəllifidir. Onun yaradıcılığı haqqında ilk olaraq bunu deyə bilərəm ki, onun qələmə aldığı hər bir hekayəsi oxunaqlı, yaddaqalandır. Ona yalnız bir irad bildirmək olar: hekayələrində bəzən elə mövzulara toxunur və elə gözlənilməz psixoloji-dramatik reveranslar edir ki, oxucuların emosiyaları buna tab gətirmək gücündə olmur. Bu baxımdan demək olar ki, Arif Ərşad daha çox yazıçı-psixoloqdur.

Arif Ərşad kənd və şəhər həyatına yaxşı bələd olduğundan, müxtəlif xarakterli adamlara özünün yazıçı “binokl”undan diqqətlə baxa bildiyindən hər bir hekayəsi həyatın maraqlı, düşündürücü ştrixlərlə əksidir. Məhz düşündürücü! Çox zaman da oxucunu təsirli həyat məqamları ilə üzləşdirib, onu həyəcanlandıran, kövrəldən, dünyaya, cəmiyyətə, dosta-doğmaya “böyüdücü linza”dan baxmağa, insanlarla münasibətdə hər addımda daha diqqətli və qayğıkeş, daha humanist olmağa səsləyən ştrixlərlə zəngindir onun hekayələri. Bu da yəqin ki onun C.Cabbarlı, Y.V.Çəmənzəminli, A.P.Çexov kimi görkəmli yazıçıların yaradıcılığı ilə mükəmməl tanışlığından, həyata və dünyaya məhz onlar kimi “dərin qatlar”a nüfuz etmək istəyindən, bacarığından irəli gəlir. Və bu istək onu öz fərqli yaradıcılıq yolu olan, həm qəhrəmanları ilə, həm də oxucuları ilə çox sadə və səmimi, xalqın danışdığı dildə danışan bir yazıçı kimi sevdirir. Və ən əsası odur ki, Arif Ərşad öz hekayələrini təhkiyə üslubunda elə maraqlı qurur ki, onun heç bir hekayəsini axıracan oxumadan kənara qoymaq olmur.

Arif Ərşadın mövzu diapazonu ailə-məişət mövzularından tutmuş vətənpərvərlik, müharibə mövzularına qədər genişdir. Onun mehriban, xoşbəxt ailə-övlad münasubətlərindən bəhs edən “Ailə” hekayəsi olduqca xoş təəssürat yaradaraq, Azərbaycanda o cür mehriban ailənin, qayğıkeş ata-ananın daha çox olması istəyi-arzusu yaratsa da, “Tənha ağac” və “Rəqs edən qızcığaz” hekayələri eyni mövzuya həsr edilərək, ata xəyanətinin nəticəsi olaraq ailə özülünün dağılması ucbatından abırlı-həyalı, sədaqətli, qayğıkeş ananın və bütün varlığı, gələcək həyatları ilə ona sığınan günahsız övladların daxili iztirablarını qabarıq şəkildə, kövrək duyğularla çatdıraraq, böyük, acı təəssüf hissi doğurur.

Yazıçının “Babamın xalçası” hekayəsi də təsirli olmaqla yanaşı, ata-anaya, baba-nənəyə olan təbii övlad sevgisini bütün rəngləri-çalarları ilə, dolğunluğu ilə diqqətə çatdırır. Belə ki, sevimli babası, sonra da əziz, istəkli nənəsi dünyadan köçərkən onların babanın xalçasına bükülərək evdən çıxarıldığını görən nəvə ata-anasına da belə acı taleyin qismət olmasını görmək istəməyərək, “günahı” xalçada görərək, onu xəlvətcə götürüb həyətin dalda bir yerində yandıraraq, xısın-xısın ağlayır. Tüstünü görüb, tez o tərəfə qaçan ata-anası gözü yaşlı halda, fikirli-fikirli yanan xalçaya tamaşa edən uşağın gözlənilməz hərəkətinin səbəbini başa düşərək, onu danlamadan sakitcə yanında əyləşib, qucaqlayırlar. Hekayə uşağın dilindən bu sözlərlə qurtarır: “Mən çox sevinirdim – gələcəkdə atamı, anamı əlimdən ala biləcək bu xalçanın yanmasına... çox sevinirdim”.

Arif Ərşadın “Qaşqa quzu”, “Cırılmış şalvar”, “Yuxu”, “Büllur külqabı”, bugünümüzdən bəhs edən ”Poçt şöbəsinin koronaviruslu günləri” və digər hekayələri də səmimi ailə-övlad münasibətlərindən söz açmaqla insanpərvərliyi, qayğıkeşliyi ön plana çəkir, bununla özünün də

həssas, böyük ürək sahibi olduğu çox aydın şəkildə duyulur. “Cırılmış şalvar” hekayəsinin balaca qəhrəmanı, atası Qarabağ müharibəsində həlak olmuş Familin bir vaxt atasının onun üçün aldığı şalvarı “samokat” sürərkən cırıldığından peşman olaraq, ağlaya-ağlaya “Mən böyüyəndə əcgər olacam, atamı öldürənləri öldürəcəm... Atam sağ olsaydı, mənə təzə şalvar alardı” deməsini qəlb ağrısıyla eşidən həyət qonşusu Əli babanın Familgilə guya “qonaq” gələrək, ona məktəbli paltarı hədiyyə etməsi xalqımıza xas olan qayğı və xeyirxahlığın nümunəsi kimi xoş hisslər oyadır və tərbiyəvi əhəmiiyyət daşıyır.

”Poçt şöbəsinin koronaviruslu günləri” hekayəsi də xeyirxahlıq, humanistlik baxımından olduqca diqqtəlayiqdir. İşsiz qalan, koronavirysa görə verilməli olan 190 manat üçün günlərlə poçt şöbəsinə ayaq döyən, lakin elektron siyahı üzrə adına pul oturmayan tənha qadının çıxılmaz vəziyyətini görüb, yalandan onun adına pul gəldiyini deyib, öz cibindən ona “müavinət” verən poçt rəisinin (o, elə yazıçının özüdür!) humanistliyi, xeyirxahlığı da böyük rəğbət doğurmaqla xalqımızın çətin anlarda hər zaman bir-birinə dayaq durmasını yüksək insani keyfiyyət kimi diqqətə çatdırır.

Arif Ərşadın “Ata xeyir-duası”, “İydələr çiçəkləyəndə”, “Qurbanlıq quzu”, “Qismətdən qaçmaq olmaz”, “Məhbus qadınların bayramı”, “Büllur külqabı”, Qarabağ uğrunda xalqımızın qəhrəmanlıq mübarizəsindən bəhs edən “Dağlarda döyüş”, “Torpağa qarışan qan” və digər hekayələri onun yazıçı kimi daha dəyərli əsərlər yaradacağına, müasir ədəbiyyatımızda özünə layiq mühüm yer tutacağına qəti inam yaradır. Ona bu yolda yeni, böyük uğurlar arzulayırıq!

Rəhman ORXAN.

Böyüklər üçün ibrət, gənclər və uşaqlar üçün həyat dərsi
Arif Ərşad

TƏNHA AĞAC

Fəridə bu gün yuxudan erkən qalxmışdı. Oğlu Pərviz 1-ci sinfə gedəcəyindən onun axşamdan ütüləyib-hazırladığı məktəbli paltarlarını bir də gözdən keçirdi. Birinci sinif üçün lazım olan dərs ləvazimatlarının hamısını axşamdan çantaya yerləşdirməsinə baxmayaraq, yenə də çantanın içinə nəzər yetirdi. Düz bir həftə bundan əvvəl babası Pərvizlə birlikdə məktəbli yarmarkasından ona məktəb üçün nə lazımdırsa, hamısını almışdı. Fəridə, “Hər şey qaydasındadır” deyə dodaqaltı pıçıldayıb, mətbəxə keçdi. Çaydanı su ilə doldurub qazın üstünə qoydu, soyuducudan yağ, pendir çıxardıb, masanın üzərinə düzdü. Fikirli olduğundan anasının nə vaxt mətbəxə daxil olmasını belə duymamışdı:

- Sabahın xeyir, qızım. Pərvizi oyadım? - deyən anası kətili çəkib oturdu.

- Sabahın xeyir, ana. Qoy yatsın, hələ tezdir. Saat 7-də oyadaram.

Fəridənin gözlərinin qızartısı anasının gözündən yayınmadı:

- Yenə nə olub, ağlamısan, hə?

- Yox, ağlamamışam, gecəni narahat yatmışam...

- Bəlkə, o it oğlu girib yuxuna? Hə... Nəzəri deyirəm ey, o qurumsağı. Bəlkə zəng eləyib səni narahat eləyir, xəbərimiz yoxdur?

Fəridə də kətili çəkib anası ilə üzbəüz oturdu:

- Yox, ay ana, Nəzəri axırıncı dəfə məhkəmədə gördüyümdür. Bugünə qədər bir dəfə də olsun zəng eləməyib. Bu gün ayrılmağımızın düz beş ili tamam olur. Düz beş ildir ki, mən də Pərvizi aldadıram.

- Yaxşı ki, görməmisən. Boyunu yerə soxum onun kimi atanın. Elə ərin olmasındansa olmaması yaxşıdır. Oğlu birinci sinfə gedir, amma bugünə qədər bir dəfə də olsun, onunla maraqlanmayıb. Sən də başlamısan ki, Pərvizi aldadıram, bu nə deməkdir?

Fəridə ayağa qalxıb iki stəkan çay süzdü, birini anasının, o birini isə öz qabağına qoydu.Yatan oğlunu oyatmamaq üçün pıçıltı ilə danışmağa başladı:

- Bilirsən, ana, məni narahat edən başqa şeydir. Dünən yatmazdan əvvəl Pərviz məndən soruşdu ki, ana, sabah atam məktəbə gələcək, hə?

- Niyə soruşdu ki? Nəyə görə sabah? Sən nə cavab verdin?

- Bilirsən, ana, Pərviz ayaq tutub həyətdə uşaqlarla oynayandan bəri mənə tez-tez bu sualı verirdi ki, ana, atam nə vaxt gələcək? Mən də o vaxtlar onu ovundurmaq üçün deyirdim ki, sən məktəbə gedəndə gələcək. Bax, indi məktəb vaxtı da gəlib çatdı. Pərviz bu gün birinci sinfə gedəcək. Buna həm sevinirəm, həm də ki, onun mənə verə biləcəyi suallardan narahatam. Bu gün onun üçün çox unudulmaz bir gündür. Mən ona nə cavab verim, nə qədər yalan deyim, özüm də bilmirəm. Hər dəfə televizorda xəbərlərə baxanda deyir ki, ana, bəs müharibə nə vaxt qurtaracaq, atam nə vaxt qayıdacaq? Mən də bugünə qədər çiyinlərimi çəkməklə birtəhər suallardan yayınırdım, ya da deyirdim ki, sən birinci sinfə gedəndə gələcək. Bəs birdən yenə xəbər alsa, mən bu gün ona nə cavab verim?

- Mən sənə vaxtında deyəndə ki, uşağı aldatma, ona düzünü de, sən razı olmadın. İndi də qalmısan vurnuxa-vurnuxa.

- Ana, axı mən Pərvizə deyə bilməzdim ki, sənin atan başqasını...

Atasının oyanıb mətbəxə gəldiyini görən Fəridə sözünü yarımçıq kəsdi. Kişi sakitcə qaz sobasına yaxınlaşaraq, siqaretini yandırdı və pəncərəyə yaxınlaşıb nəfəsliyi açdı. Ərinin dinmədiyini görən arvad üzünü qızına tutub daha da qızışdı:

- Niyə deyə bilmirsən? Denən də. Denən ki, sənin atan oğraş çıxdı, denən ki, gedib yanı küçüklünün birini aldı. Denən də, niyə demirsən ki, sənin atan özündən beş yaş böyük arvadın puluna görə gedib girib onun evinə? Nə vaxta qədər uşağı aldadacaqsan ki, atan müharibədədir... Bunun bir axırı olmalıdır, ya yox?

Sonra üzünü ərinə tutaraq əlavə etdi:

- Kişi, sən niyə susursan, bəlkə düz demirəm, hə?

Kişi siqaretinin tüstüsünü dərin bir qullabla sinəsinə çəkdi, sonra kötüyünü külqabıda söndürərək arvadına dedi:

- Nəzər yoxdur! Ölüb Nəzər! Ölən adam haqqında nəsə danışmaq mənasızdır.

- Ölüb? Nə vaxt ölüb, a kişi? - arvad çaşqın halda soruşdu.

- Ölüb! Elə bu gün ölüb! - kişi əsəbi səslə cavab verdi.

- Allah ağzından eşitsin, a kişi, - deyərək əllərinin hər ikisini göyə qaldıran arvad, ərinin nə dediyini sanki indi anladı.

Mətbəxin qapısına söykənib yuxulu gözlərini balaca əlləri ilə ovuşduraraq, bayaqdan onlara qulaq asan Pərvizin səsi hər üçünü çaşdırdı:

- Ana, mən məktəbə gecikmərəm ki?

Fəridə çaşqın halda cəld ayağa qalxıb, oğlunu qucaqladı:

-Yox, gecikməzsən. Otur, səhər yeməyini ye, sonra da biryerdə məktəbə gedərik.

Baba dediyi sözləri nəvəsinin eşitdiyindən pərt olub, bir anlıq özünü itirdi, sonra Pərvizin alnından öpüb mətbəxdən çıxdı...

Pərviz anasının əlindən tutub məktəbə yaxınlaşanda artıq birincilər sıraya düzülmüşdülər. Fəridə kimisə görürmüş kimi qəfil dayandı, arxasını məktəbə tərəf

çevirib oğluyla üzbəüz durdu və son dəfə oğlunun köynəyini səliqəyə saldı, əli ilə başına tumar çəkib üzündən öpdü:

- Hə, oğlum, sən get sinif yoldaşların dayanan çərgədə dur. Sən içəri keçənə qədər bax, mən o tənha ağacın yanında dayanacağam. Dərsin qurtaranda da səni yenə orda gözləyəcəyəm. Get, oğlum, sənə uğurlar.

Pərviz bir anlıq anasına qısıldı və sonra sakit səslə dilləndi:

- Ana, sənə bir söz demək istəyirəm, olar?

Fəridənin rəngi allandı, ürəyi şiddətlə döyünməyə başladı. Pərvizin ona nə deyəcəyini təxmin etdiyindən heç bir söz demədən susdu. Pərviz kipriyini qırpmadan düz anasının gözlərinin içinə baxırdı. Keçən saniyələr Fəridəyə saatlar qədər uzun göründü və özündən asılı olmayaraq oğlunun qarşısında yerə çökdü. Pərviz əllərini anasının boynuna sarıyıb üzündən öpdü və başını onun sinəsinə söykəyərək pıçıltıyla dilləndi:

- Ana, qurban olum, sən heç vaxt ölmə, yaxşımı?

Pərviz anasının cavabını gözləmədən məktəbə sarı qaçdı və sinif yoldaşları dayanan cərgəyə qoşuldu. Əlində videokamera tutan bir kişi həvəslə uşaqları, məktəbi və müəllimləri bayaqdan bəri kameranın yaddaşına köçürürdü. O, kameranı Pərvizin yanında dayanan qıza tərəf tuşlayır və onun yaxşı görünməsi üçün arabir saçlarına, yaxalığına əl gəzdirirdi:

- Sevinc, qızım, belə ciddi dayanma, gülümsə də bir az.

Sevincin atası qızını çəkdikdən sonra kamerasını məktəbin tribunasında təbrik nitqi söyləyən direktora tərəf yönəltdi.

Sevinc yanında dayanan Pərvizin qoluna toxunaraq soruşdu:

- Sənin adın nədir?

- Pərviz.

- Mənim də adım Sevincdir.

Pərviz arxası onlara tərəf dayanmış və çiynində kamera olan kişini başı ilə göstərərək dedi:

- Hə, bilirəm, atan sənin adını çəkəndə eşitdim.

Sevinc gülümsəyərək dilləndi:

- O mənim atam deyil ki... Anam istəyir ki, mən ona ata deyim, amma mən ona Nəzər əmi deyirəm. Nənəm deyir ki, o mənim ögey atamdır... Sən də məktəbə atanla gəlmisən?

- Yox, mən anamla gəlmişəm. Mənim də atamın adı Nəzərdir, o...

Bu zaman Sevincin atası kamerasını onlara tərəf çevirərək dedi:

- Oğlum, bir az Sevincə yaxın dur, sizi bir yerdə çəkilm.

Sevinc Pərvizin ona yaxınlaşmasını gözləməyərək özü ona sığındı.

Kamerası işlək halda olan Sevincin atası Pərvizlə danışmağa başladı:

- Sənin adın nədir, oğlum?

Sevinc Pərvizin dillənməsinə imkan verməyərək özü onun əvəzinə cavab verdi:

- Onun adı Pərvizdir. Atasının da adı Nəzərdir, lap sənin adın kimi.

Kişi maraqla dilləndi:

- A, nə yaxşı, adaşımdır ki... Hardadır, çağır onu da, gəlsin, səninlə bir yerdə çəkim, yadigar qalsın.

Pərviz kişinin gözlərinin işinə baxaraq cavab verdi:

- Mən anamla gəlmişəm. Mənim atam ölüb.

- Ananın adı nədir? Bəs indi o hardadır? - Sevinc Pərvizdən soruşdu.

Pərviz Sevincin sualına həvəslə cavab verdi:

- Anamın adı Fəridədir. Bax, dayanıb ordakı tənha ağacın yanında.

- Nə qəşəng adı var sənin ananın, - Sevinc mehribanlıqla dilləndi.

- Anamın özü də qəşəngdir, onun adını Eldar babam qoyub, mənim adımı isə - atam, - deyərək Pərviz qürurla gülümsündü.

Kişi Pərvizin sözlərindən duruxdu, bir anlıq kamerasını çiynindən aşağı salıb, Pərviz göstərən istiqamətdə olan tənha ağaca tərəf baxdı. Amma ağacın yanında heç kəs yox idi. Kişi diqqətlə uşağa baxaraq nəvazişlə əlini onun çiyninə qoyub, titrək səslə soruşdu:

- Oğlum, bəs sənin atan nə vaxt ölüb?

- Bu gün!..- Pərviz qətiyyətlə ona cavab verdi.

Kişi Pərvizin sözündən diksinən kimi olub, bir-iki addım geri çəkildi. Əlindəki videokameranın yerə düşərək, sınmasına məhəl qoymadan tənha ağaca doğru yeridi...

15-09-2015.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar