Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nurafiz: "Yuxunun şəklini çək göndər, Adil Mirseyid!"

Tarix: 20-01-2021 18:05     Baxış: 3371 A- / A+
Nurafiz: "Yuxunun şəklini çək göndər, Adil Mirseyid!"

"...Yaddaşımın
alın yazısı pozulmuşdu,
oxuya bilmirdim deyə
səsimi ovundururdu xatirələrin yası..."


Manevr.az saytı tanınmış şair Nurafizin yeni şeirlərini təqdim edir:

Sərçə günahlarım

Uşaq idim,
yuvasından yerə düşmüş
sərçə balası görəndə
bir az ətim ürpəşib,
dodaqlarım çatlamışdı.
Onu yuvasına qaytarmağa
boyum çatmamışdı.

Onda
tez böyümək keçmişdi ürəyimdən.
Elə o gündən
boynumda qalan o günahı
içimə sıxmışdı ahım.
O vaxtdan
ilk şeirim kimi yadımda qalıbdı
sərçə günahım.

Sonralar
sərçə boyda şeirlər yazdım
yandığımdan.
Daha
harda sərçə görsəm,
xəcalətim yerə düşür
sərçə balasıtək,
qaldıra bilmirəm utandığımdan.

Yuxunun şəklini çək

Qurddan qorxan quzu kimi
Payız dolanır veyil-veyil,
ümüdsiz, ikincəkli.
Yarpaq tənhalığında
küləyin səsindən asılıb şəkli.

Bu şəklin üstünə
çəkdiyin bir ömrün
sıxıntısı damıb.
...gözlərinin qanında
payızın dadı, tamı.

Vaxtı
ömrün o tayında yedəkləyib,
səsinin ağrısını dərdin üstünə səyirt.
Ömrün bu tayında
yol gözləyən var,
yuxunun şəklini çək göndər, Adil Mirseyid!

Sükutunun gözü aydın

(Albert Aqarunovun xatirəsinə)

Hər gün
salam verib keçirəm
evimizin yanındakı büstünə.
Sükutun üşüməsin deyə
baxışlarımı sərirəm
tankının üstünə.

Şuşada son nəfəsdə
səsinin sınan yerində
heyrətinin göz yaşına qan sağılmışdı.
Güllə səsini dəfn eləmişdin
alın yazında,-
ölümün yuxusu dağılmışdı.

Sükutunun gözü aydın!
Təzə xəbərin ovcunda
döyüşdə qırılan səsinin
dua ucalığından asıldı
üç rəngli bayrağımız.
Qələbə rənginə bələndi payız...

Daha gücüm çatmır...
Sənə nağıl danışmaq haqqı
gündüz Günəşə qalsın,
gecələr Aya.
Səni tankın qarışıq
ürəyimdə aparacam Şuşaya.

Bu payız axşamüstü

Kənddə,
bu payız axşamüstü
ürəyim ağzımda,
otların, ağacların susduğunu gördüm
uşaqlığım keçən həyətdə.
Hıçqırığımın
islanmış şəkli böyümüşdü
qonşu uşağın gözündəki heyrətdə.

Fikirlərim daş yonurdu
içimin ağrısında, göynəyində.
Pıçıltıma söykənib
yuxularım ağlayırdı
səbrimin daş eynəyində.

Yaddaşımın
alın yazısı pozulmuşdu,
oxuya bilmirdim deyə
səsimi ovundururdu xatirələrin yası.
Hər şey xəcalətin diliylə
ap-aydın oxunduqca,
əllərimin duasını öpürdü
bağlı qıfılın pası.

Bir ovuc sükutla örtmüşdüm
gözlərimin yaşını.
Lal dilində nəğmə kimiydim,
bir doğma səs tapmırdım
dizinə endirim başımı.

Beləcə
ürəyim ağzımda döndüm Bakıya,
bir gözüm güləndə,
biri ağladı.
Şəhərdə
qapını açanda
ovcumun yaddaşında
kənddə qalan qapımızın
dəstək yeri ağladı.

Pəncərə şüşəsinin sükutu

Sınmış göyərçin qanadıdır,-
qanı sızar,
pəncərə şüşəsinə sükutu
ağı deyən qadının göz yaşları.
Hər gün
səbrinə söykənib,
yolların uzaqlığı boyu
çatılar qaşları.

Dodağında
öpülməmiş lal təbəssüm,-
dodaq tapmaz,
dönər qismətin ögey uşağına.
Fikirləri
sükutuna salavat çəkər,
pıçıltısı çatmaz Ay işığına.

Qolları
sərhəd keçilməzliyi,
körpə əvəzi
ovcunda böyüdər ürəyini.
İçindən durub ayağa,
hər dan üzü
ümidə batırıb yeyər çörəyini.

Hər dəfə
heyrətini sındırar
pəncərə şüşəsinin sınmaq qorxusu.
Gecələr
yerdən göyə körpü salar yuxusu.

Qadağa da qoya bilməz
həyət-bacada
top oynayan uşaqlara.
Ahının üstünə çıxıb
sükut dolusu baxar,
baxar uzaqlara...

Nurafiz
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar