Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qara tabut (Hekayə)

Tarix: 25-12-2020 10:37     Baxış: 3394 A- / A+
Qara tabut (Hekayə)
Çinarə Ömray

Əvvəl alqış səsinə "deyəsən həyətə gəlin gəlir " deyib qaçırdıq . İndi alqış səsinə "deyəsən həyətə şəhid gəlir" deyib qaçır uşaqlar.
Anam deyir ki, "əşi, nə əvvəlimiz bir əvvəl olub, nə də indimiz. Elə ta bineyi qədimdən qırılan da, elə bu vətəni çiyinləri üstündə daşıyan da kasıbın uşağı olub"
Bu aralar ən rahat anamdır. Oğlu olmadığına görə gündə beş min dəfə şükr edir. Elə bil bütün oğul anaları tikan üstündə oturub ancaq mənim anam mütəkkə üstündə. Bəlkə də ömründə heç vaxt qız doğmağın rahatlığını bu 45 gündəki qədər yaşamamışdı.
Hər həftə bir neçə şəhid tabutuna hansısa kəndin alınma xəbərini büküb göndərirdilər üzü bəri. Adam bilmirdi sevinə ya ağlaya. Bu doğurdan da əsil bayram idi. Ancaq bu bayramın iki rəngi vardı. Biri qara biri qırmızı. Bayramın qara tərəfi tabut gələn ailələrin payına düşürdü . Tabutdan öncə səbir, dözüm, qürur döyürdü o ailələrin qapısını. Hamı içinin yanğısını boğazı cırıla-cırıla, qanaya-qanaya da olsa udub qürur donunu geyinirdi əyninə.
Bu gün gecədən xeyli keçmişdi, bir çığırtı səsi gecənin bağrını yardı. Doqquz mərtəbəli bina çığırtı səsinə "bismillah" deyib diksindi. Yanğılı bir səs "Bala vay" deyib çığırırdı. Elə doğma idi, elə öyrəşmişdik ki, bu səslərə. Anam öz otağından:
- Kiminsə balasının şəhid xəbəri gəldi. Allah onları öz qanlarında boğsun. Nə istəyirlər axı bu analardan? Yatın sabah bilərik kimdi.- deməyiynən yatmağı bir oldu. Çığırtı səsi biraz - biraz yavaşıyıb yerini ağıya təhvil verdi.
Səhər alqış səslərinə oyandıq. Şəhid gəlirdi. Eyvana çıxdım, şəhərdə bizim həyətə gəlməyən adam qalmamışdı. İynə atsan yerə düşməz misalı. Niyəsə belə hallarda ən gic fikirlər mənim ağlıma gəlir. O qədər adamı görüb fikirləşdim ki, "görəsən bu 9-cu mərtəbədən özümü atsam yerə düşərəm? Kiminsə başına düşərəm yəqin amma yerə düşmərəm." Sonra da fikirləşdim ki, o misal iynəyə aiddir mənə yox.
Maya xalanı gördüm. Anam yanında idi əlini qolunu tuturdu ki, üzünü cırmasın. İlahi demə ki, onun oğludur şəhid olan. Axı onun tək oğlundan başqa heç kimi yoxdu. Özdə ki...
Maya xala o vaxtdan , lap o vaxtdan burda qalan ermənilərdəndir deyirdi qonşu arvadları. Uşaq yaşlarından Əhməd dayıya ərə gəlmişdi. Onda hamının mehriban yaşları idi. Hamı deyirdi ki, Əhməd dayı onu özümüzküləşdirib çoxdan. Maya xala bizim qədər Ermənilərə nifrət edirdi. Həmişə bayramlarda onlara qarğış yağdırırdı. Hərdən anam dilə gəlirdi ki, "Maya, yaxşı sən Allah bayram axşamıdır bu qədər qarğış tökmə. Evdə oğul övladın var. Qarğış iki başlı olar". Mən öyrənəndə ki, onun əsli-nəsli erməni olub inanmamışdım.
İndi Maya xalanı həyətin ortasında bu halda pərişan görəndə niyəsə onun erməni əsilli olması gəldi yadıma. Oğlu Muradı da tanıyırdım. Özünə qapalı, telefondan başını çölə çıxartmayan oğlan idi . Elə bil bütün həyatını, dost tanışını ailəsini də götürüb köçmüşdü telefonun içinə orda yaşayırdı. beş dəqiqə telefonundan ayrı qalanda narahat olurdu ki, görən telefonun içindəki ailəsi ac susuz qaldımı, kimsə söz atdımı, dostlarını kimsə təklədimi tez tələsik qaçıb girirdi telefona.
Hərbiçi idi deyə gec- gec görərdik onu. Bacım həmişə zarafatla deyirdi ki, "Maya xala, Murad görəsən bilir ki, telefonda PUBG oynamaqla əsil müharibənin fərqi nədi? "
Bir gün bütün şəhərin yığışıb onu bu cür qarşılayacağını heç kim düşünməzdi. Heç ağlımıza da gəlməzdi.
Əynimi geyinib həyətə düşəndə təcili yardımla tabutu gətirdilər həyətə. Bayaqki "şəhidlər ölməz, Vətən bölünməz", " Qarabağ Azərbaycandır" , "Başını dik tut şəhid anası" deyə göyə ucalan səslər birdən kəsildi. Hamı bir saniyədə susdu. Maya xala da dayandı. Hamını nəsə vahiməyə salmışdı. Elə bildim Muradın ölüsü yox dirisi gəlib ona görə hamı şoka düşüb. Noldu axı birdən birə bu millətə? Həyətə düşməyimə peşman oldum. Yuxarıda eyvandan hər şey gül kimi aydın görünürdü də. Mən niyə düşdüm axı həyətə?
Maya xalanın səsi sükutu pozdu. Bu nədi belə? Belə tabut olar? Hanı bəs üstünün bayrağı? Budur şəhidə qoyduğunuz hörmət? - deyib iki əli ilə yapışdı təcili yardım maşınından düşən hərbi geyimli bir bəyin yaxasından.
Hərbi geyimli bəy heçnə demirdi. O susduqca Maya xala daha da qızışırdı. Balam deyil bu. Açın görüm. Açın tabutu. Bayaqdan susmayan millət indi elə bərk-bərk susmuşdular ki, elə bil heç vaxt danışmayacaqlar birdə.
Maya xala isə hamının, hamısının yerinə daha bərk qışqırır hərbi geyimli adamların yaxasından tutub bir bir silkələyib haqq-hesab tələb edirdi .
Adamların arasında birtəhər keçib Təcili yardım maşınının yanına çatdım. Qara rəngdə tabut var idi yerdə. Doğurdan da üstündə bayraq yox idi. Yəqin hamını bu susdurmuşdu. Birinci dəfə idi qara tabut görürdüm. Maya xala özünü öldürür, tabutun elə burdaca açılmasını tələb edirdi. Hərbi geyimli bir bəy isə bunun mümkün olmadığını deyirdi.
Anlaya bilmirdim bu qədər adam niyə susurdu axı? Niyə heç kim Maya xalaya yaxın durmurdu? Niyə heç kim onun və şəhid oğlunun haqqını tələb etmirdi?
Əvvəl səs sala -sala tabutu gətirən təcili yardım maşını səssizcə, peşmancasına getdi, ardınca hərbi geyimli adamlar .
Qaldı bir qara tabut , bir şəhər dolusu adam bir də dəli kimi hamının üstünə bir bir qaçıb "yox bu deyil, vallah bu mənim balam deyil, açın baxaq da, nolar kömək edin açıb baxaq bu tabutun içinə" deyən Maya xala.
Adamlar iki-iki, üç-üç dağılışırdılar. Nə baş verdiyini, nə olduğunu anlaya bilmirdim.
Hiss edirdim ki, boğuluram burdan təcili uzaqlaşmalıyam. Özümü maşına çatdırdım bir onu bildim ki, xoddayıb həyətdən çıxdım.
Birdə ayıldım ki, Bakı-Ələt yolundayam. Pandemiyayla bağlı postda hamı dayandığı üçün mən də dayanmışam... Bura necə gəldiyimi, hansı yolnan gəldiyimi , bu müddətdə nə düşündüyümü nə qədər etdim xatırlaya bilmədim. Bu məndə birinci dəfə deyildi baş verirdi. Sonsuz uzaq bir nöqtəyə baxıram və hər şeyi unuduram yol özü aparır. Bir də ayrılıram ki, yolu yarı eləmişəm.Sıranın mənə gəlib çatması üçün hələ beş-on maşın var idi. Yolu bir təhər dəyişib geri qayıtdım üzü ev istiqamətinə. Tez telefonuma baxım anam dəfələrlə zəng edibmiş, lənətə gəlmiş telefon səssiz rejimdəymiş. Anama geri yığdım:
- Azzz , hardasan?
- Gəlirəm mama yoldayam.
- Gördün də bu gün başımıza gələni . Qoynumuzda ilan böyütmüşük, ilan. Bala bunların zatı xarabdıyeee zatııı. Yadında babavın dedikləri??? Allah rəhmət eləsin o kişi uzaqgörən kişi idi. Düz deyirmiş. Mən də haqqına girirdim onun. Sabah durub o kişiyə Yasin oxudacam, Allah ona rəhmət eləsin.
- Nə danışırsan ee ay mamama??
- Bıy, həyeee sən axıracan qalmadın axı. Açdırdı da tabutu. Vay şüvən elədi açdırdı. Alnından vurmuşdular. Üstünə də kağıznan yazmışdılar ki, satqın. Tabutun içinə yazıb qoymuşdularee. Maya o kağızı cırıq cırıq elədi ürəyi soyumadı yedi uddu o kağızın hamısını.
Mamam telefonda elə həvəslə danışırdı ki, elə bil baxdığı hansısa serialdan səhnə danışır ya da oxuduğu hansısa romandan bir parçanı danışır. Mamamın səsini eşitmirdim artıq. Ancaq hiss edirdim ki, yol sürürəm və qara bir bulud da mənimlə birgə üzü yaşadığımız ünvana doğru hərəkət edir . Dayanmadan gedirdik, anam da dayanmadan telefonda nələrsə danışdır. Qara bulud məndən sürətli çıxmışdı. Həyətə məndən tez çatmışdı. Mən həyətə çatanda hava qaralmışdı. Həyətdə bayaqki izdihamdan əsər yox idi. O böyüklüyündə həyətin ortasında bir qara tabut və yanında da həyatdan, dünyadan, kainatdan yorulmuş , qara tabutdan başqa heç kimi heç nəyi görməyən Maya xala varıydı.
Maşını həmişəki yerində saxlayıb niyəsə liftlə yox nərdivanlarla 9-cu mərtəbəyə çıxırdım. Birdən hardansa babamın sözü gəldi qulağıma " Südü xarabdı onun, Südü. Bir adamın ki, südü xarab oldu apar tulla"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar