Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dünya durduqca yaşayır hər an, Şəhidlik taxtına sahib olanlar -ŞEİRLƏR

Tarix: 03-12-2020 19:59     Baxış: 3329 A- / A+
Bu dünya durduqca yaşayır hər an, Şəhidlik taxtına sahib olanlar

Manevr.az Qalib Nuri Arifin şeirlərini təqdim edir:

QUBADLI FATEHİ

(Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatırəsinə)

Zəfər meydanına yığışıb hamı,
Dərd ilə sevinci qarşılayırlar.
Hər zərrə torpaqda şəhidin qanı,
Hər qarışda Vətən məhəbbəti var.

Üzlərdə təbəssüm açsa da gül-gül,
Gözlərdən yanağa dərd cığır açır.
Əlçatmaz səmadan yerə elə bil,
Şəhidlərin ruhu şəfəq, nur saçır.

Sən fəth eyləmişdin şəhəri deyə,
Qubadlı fatehi dedilər sənə.
Orda imza atıb şəhidliyinə,
Qalxdın ölməzliyin səltənətinə.

Qanınla yoğrulmuş torpaqdan sənin,
Vidadi adında çiçək açacaq.
Sənin Vətəninə olan sevginin,
Sədası dillərdə dastan olacaq.

Ölməzlik qazandın şəhidliyinlə,
Büründün üçrəngli uca bayrağa.
Vətən qürur duyur igidliyinlə,
Şəhid Vətən adı verir torpağa.

Ey Fateh Vidadi, igid qəhrəman,
Bu zəfər günündə böyük haqqın var.
Bu dünya durduqca yaşayır hər an,
Şəhidlik taxtına sahib olanlar.


DOST

(nəsihət)

Axşamdır, atamla söhbət edirəm:
Dedim, bir hikmətə heyrət edirəm.
Hərdən eşidirəm can-can deyənlər,
Bu gün üz döndərib deyir gedirəm.

Bu qısa ömürdə insana yəni,
Qorumaq çətinmi sədaqətini?
İnanmıram sirlə dolu bu oyun,
Qəlbinə xoş ola insan oğlunun.

Atam dedi: Oğul, nədir ki, o sirr,
Səni aciz bilib əzab çəkdirir.
Atamdan soruşdum: dedim dost nədir?
Atam dedi: Oğul, dost xəzinədir.

Şekspir çağırmış dostu bu adla,
Qəlbin xəzinəsi deyə, inadla.
Fəqət, haram şeylər düşünən bir kəs,
O xəzinəyə əl uzada bilməz.

Dəyəri dünyanın dəyərindən çox,
Ölçüdə, çəkidə bərabəri yox.
Ancaq dost sözünün hər bir hərfinin
Gərək dost axtaran anlaya sirrin.

D- hərfi dumandır, görünmür sonu,
Kəşf etmək çətindir kim olduğunu.
Bu tüstülü hava şaxtaya deyil,
Oda çevrilərsə, xeyrinədir bil.

Bu hal təbiətdə görünür aydın,
İstilik üzünü açır dumanın.
O -hərfi oddur ki, yandırar səni,
Bişirib anladar məhəbbətini.

Deyə bilərsən ki, oddan-alovdan,
Necə ilham alar yanan bir insan?
Təbiət məktəbdir, diqqət yetirsən,
Açıq-aydın özün baxıb görərsən.

Dəmir yana-yana bişməsə, oğul,
Əsər ola bilməz, bunu yaxşı bil.
Şəms Təbriziyə rast gələn zaman
Mövlana alışdı Şəmsin odundan.

Dedi: Əvvəl xamdım, yandım, bişdim mən.
Şəmsin atəşiylə doğdum yenidən.
Alov alışdıqca buxar yaradar.
Yanmağın sonunda saflıq var, su var.

Mənası olmalı yanmağın da, bil,
Mənasız od-alov məhəbbət deyil.
S- hərfi sudur ki, söndürür odu,
Saflıqla yaradır öz qanununu.

İki sifəti var fəqət suyun da,
Gərəksiz yerlərdə sevilmir o da.
Nizami söyləmiş suyun sirrini,
Hikmətlə göstərmiş onun yerini.

“Bir inci saflığı olsa da suda,
Artıq içiləndə dərd verir o da.”
Nizami dosta da məlhəmdir, deyir,
Dost məlhəm olaraq rahatlıq verir.

Bütün yarananlar - dünyada nə var,
Su ilə həyatda dirilik tapar.
Hava, od, su, oğul, kəşf edilməsə,
Torpaq öz sirrini deməz heç kəsə.

T -hərfi torpaqdır, nə əksən bitir,
Çəkdiyin zəhməti qiymətli edir.
Hətta şoran belə olsa da torpaq,
Yenə yovşan kimi gülü olacaq.

Səxavət, ədalət, sevgidir torpaq,
Nə əksən əmanət deyib alacaq.
Elə ki, bu hallar yarandı səndə,
Demək, “Fuad gözü” açdı qəlbində.

Mövlana dostunu görməyən gözü,
Deyir dost saymayın aldadır sizi.
Çünki, həqiqi göz dostu görəndir,
Onu dərk eyləyən, idrak edəndir.

Anladınmı, oğul, dostu olmayan,
Dünyada qəlbi kor keçirir dövran.
Tarixə diqqətlə yanaşsan əgər,
Kor Homeri tarix sənə göstərər.

Məşhur “Odissey”i, “İliada”nı
Homerin qəlbinin dastanı tanı.
Gözdən kor olsa da yazdı, yaratdı.
Dünyaya əbədi bir imza atdı.

Oğul, qəlbi gördü böyük Homerin,
Qəlbinin nuruyla yazdı əsərin.
Çünki qəlb axirət dəftəridir, bil,
Qəlbdən heç bir əməl gizlində deyil.

Ancaq qəlblə əqli vəhdət quranlar
Dost xəzinəsinə sahib olarlar.
Bu böyüklüyüdür türk dilimizin,
Bizi təfəkkürlə eyləyir mətin.

Təfəkkürsə Rəbbin dərgahındadır.
İnsan pak olanda ora yol tapır.
Çünki qəlb saf, təmiz olmasa əgər,
Təkəbbür deyilən çirkaba düşər.

Kimin dostu varsa dünyada inan,
Böyük mükafatdır ona Allahdan.
Dost olan könüldə iman var, haqq var.
Yalnız imanlı qəlb cənnətə çatar.

Dost sözü hecaya bölünmür, oğul,
Çünki qəlb sözü də bölünən deyil.
Dostu qəlb kəşf edib seçdiyi üçün,
Ölçüsü, çəkisi eynidir bütün.

Qəlb sevgi, məhəbbət məmləkətidir,
O qəlb eşqi bizə ərməğan edir.
Eşqə hardan baxsan atalar deyir,
Orda açıq-aşkar Allah görünür.

Allahı seyr edən gözlərsə, inan,
Günahdan yan qaçar, qorxub Allahdan.
Necə ki, nizamlı qurulmuş dünya,
Nizamla yanaşaq gərək biz ona.

Ölçüdən kənara çıxan nə varsa,
Sonda məhkum olur, dönür iflasa.
Ancaq, atalardan belə misal var,
Hər gözəl olanın bir eybi olar.

Eyibsiz dost gəzən, axtaran kəsi,
Dostsuz qala bilər söyləmiş Tusi.
Deməli, Allahın mərhəmətindən,
Özündə nümunə etməlisən sən.

Bu əməl göylərə ucaldar səni,
Dostluqda artırar məhəbbətini.
Görürsənmi, oğul, dost olmaq nədir?
Dostluq insanlıqda bir nümunədir!

DÜNYA

Deyirlər, bu dünya dəyişib yaman,
Nəyi dəyişib ki, yazıq dünyanın?
Gözünü silərsə, görər ki, insan,
Hər şeyi keçmişdən qalıq dünyanın.

Sadəcə üzgündür, sevdiyi varlıq
Zamanla tərk edir, həyat da nərddir…
Neyləsin, itirsə əgər insanlıq,
Bu özü dünyanın özünə dərddir.

Qəlbi daşa dönüb xəyanət edən,
Öz alçaqlığını dünyaya çıxır.
Halalını qoyub harama gedən,
Qışqırıb dünyaya “yalan” bağırır.

Məhəbbəti pula dəyişənlərin,
Yaşamaq düsturu görəsən nədir?
Dünyanı qəlbi kor seyr edənlərin
Gözləri görməsi bir əfsanədir.

Yüz ili, min ili arxada qoydum,
Dünya qocalmadı, özüm qocaldım.
Gecəni, gündüzü yerində gördüm,
Dünyadan təvazö dərsini aldım.

Heç vaxt öyünmədi sərvətləriylə,
Təmənna ummadı verdiklərindən.
İnsan özü yazdı qələtləriylə
Dünyanın üstünə “yalançısan sən”.

ANDI POZMAYAQ

Dünya dərd yükündə basdırıb məni,
Çıxmağa addım yox, ağıl istəyir.
Salıb məhəbbətin saf dəyərini,
Ucuzlaşmış eşqə nağıldır deyir.

İndi dərd içində boğulur qəlbim,
Artıq özümə də məhəbbətim yox.
Hər şeydən üzülür deyəsən əlim,
Yəqin dünya üçün bir qiymətim yox.

Özümü daşımaq yük olub mənə,
Nəfəsim tükənir artıq elə bil.
Layiq olmayanda öz sevgisinə,
İnsana heç bir şey maraqlı deyil.

Olumla ölümün arası qısa,
Döngəsi çox deyə görünür uzun.
Hər döngə bir əzab dastanı isə,
Demək məhəbbətdir açarı yolun.

Ömrümüz qədərdir yaşı dünyanın,
Qəlbdən məhəbbəti əsirgəməyək.
İnsan yaranandan andı var onun,
O and məhəbbətdir pozmayaq gərək.

Qalib Nuri Arif,
Göyçay şəhəri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar