Sizin Reklam Burada
Xəbər lenti
09-06-2026
08-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Sındırılmış ürəyin ildırım dili” – şair Məhyəddin Məhərrəmoğlunun yaradıcılığına baxış

Tarix: 10-06-2026 18:07     Baxış: 437 A- / A+

  Hamının deyib, təsdiqlədiyi  bir mənəvi gerçəklik var ki, böyük sənətin, böyük yaradıcılığın yolu Vətənə bağlılıqdan, vətənə olan sevgidən keçir. Vətənə olan sevgi milli iftixar nizamnaməsinin ana maddəsi olmaqla yanaşı qələm
adamının mühafizəkar  ədəbi yaradıcılığının simvoluna dönmüş olur...

  Amma taleyin gətir-ötürü yazılmış qanunlarla tənzimlənəndə cəmiyyət vaxtın qanunlarına tabe olur... Yəni haqqında söz açacağım yaradıcı insanın taleyinin bəxtinə düşən Kəlbəcərdən Mingəçevirə  qədər uzanan yolun  həsrət ölçüsü kimi...
Bu yazının belə başlanmasının ana səbəbi, Kəlbəcər  həsrətli Məhyəddin Məhərrəmmoğlunun “İldırımdan od almışam” kitabını açarkən qarşıma çıxan “Sındırılmış ürək” şeirindəki bu misralar oldu:

Bir köçün yaşayır, Minşəçevirdə
Onun söz dünyasın tutmuş fırtına
Ay yaxşı adamlar, qoymayın bir də
O sınmış ürəyi yenidən sına...


  Mən də ömrünün yarıdan o tərəfini yaşayan tanınmış şairin misralarında gecələyən ruhunun bitməyən həsrətinə dilmanclıq etmək fikrinə gəldim. Qələminin dili səlis və səliqəlidi. Yaşadığı ömrün içində dünyanın hər üzünü
görüb
Bizim əsrin bədii təfəkkür tərzinə yaradıcılığında sadiq  qalıb... Yazır ki;

Büdrəyəndə  
Qollarımdan bərək-bərək tutan
Bir ananın
Əllərinə həsrət qaldım.
Görüşünə, gülüşünə,
öpüşünə həsrət qaldım.
Bu həsrətdən ağlar oldu,
Dağım, düzüm,
Deyin görüm.
Bu həsrətə necə dözüm?
İstəmərəm bu dünyanı,
İstəmərəm bu zamanı...
İnsan ömrü
Bir gecənin yuxusuymuş.


və...

Bu dünya möhürlü canlı kitabdı, 
Üz-üzə dayanıb yaxşı-yamanlar,
Yolumuz çınqıllı, dərdli, əzablı,
Səbr etsən, pis günün yaxşı günü var.


  Bu dünyanı canlı kitab bilən qələm adamının ədəbi ibadətinin övladı olan şeir onun həm tanrısı, həm də məzhəbi olur. 
Əgər üz-üzə dayanıb hər olayı vicdanının müəllimi olan mənlik dərgahında tərəfsiz ağırlayırsa  könül ovçuluğunda  şeirlərinin cəmal yetənəyi onun könüllər sultanlığına gedən yolda bələdçisi olur.

Deyibilər və mən də deyirəm ki, şairin könlünü almaq, yaradıcılığına münasibət
bildirmək, həmsöhbət olmaq elə əslində ibadətdir...

Ciddi qələm adamlarının tövbəli və sərhədsiz, yönü aşiqliyə olan yaradıcılığı haqqında münasibət bildirmək takvadı...

Duyğumuzun ana qanunlarını özündə ehtiva edən şeir ölkəsinin bir vətəndaşı haqqında söz açmaq sözə sayğıdı.

   Uzaq tariximizin çox da uzağında olmayan 1942-ci ilin noyabr ayında gözəlliyinə düşmənin belə gözü düşən ala gözlü bulaqları, kölgəliklərinə günəş belə yol tapmayan Kəlbəcər elimizin, Bağlı Pəyə kəndində göz açıb. Haqqında söz açmaq istədiyim şair-filoloq Məhiyyəddin Məhərrəmoğlu, orada bitirib yazıb-oxuma məktəbini.

  İçindəki ədəbi hisslərinin dilinə dilmançılıq etməkdə çətinlik çəkməsin deyə təhsilini Gəncə DövlətPedaqoji İnstitutunun filologiya fakültəsində davam etdirib. Hüsnünə Məcnunsayağı heyran olduğu Kəlbəcərin Ağdaban kəndində dil ədəbiyyat müəllimi kimi sabahımız olan, yeniyetmələrə dilimizin sirrinə vaqe olmaqda öndərlik edib...
Uzun illər yaşadığı rayonun Şorbulaq kənd orta məktəbinə ləyaqətlə rəhbərlik etməkdən zövq alıb...
Ulularımız deyər ki, bilgili insanın bilgisi bildiklərinin ölçüsü qədər olur. Məhiyyəddin müəllim şagirdlərinin daha bilgili olması üçün bilik ölçülərini aşmağa hər zaman səy göstərən  vətəndaş müəllimlərdən olub. Bu istək ona daha
çox sevgi gətirən məqamların ön sıralarında dayanır.
Hələ gənclik illərindən ədəbiyyata verdiyi könül onu doğma rayonlarında çap olunan “Yenilik” qəzetinin nəzdində fəaliyyət göstərən “Dəlidağın nəğmələri” ədəbi məclisinin ən arzulanan üzvlərindən biri olmasına zəmin yaradıb. Bundan sonra həm yerli və həm də respublika səviyyəli mətbu orqanlarda şeirləri çap olunmağa başlayır. Təqvim 1968-ci ili göstərirdi. Bu o çağlar idi ki, Məhiyyəddin Məhərrəmoğlu: 
Sonsuz səmalarla uca xəyalım,
Ulduzlarla birgə sayrışan mənəm.
Sevdalı qəlblərə sevinc paylayan,
Məhəbbət odunda alışan mənəm...

Bir cənnət ətri var Vətən dağında,
Gözlərim lalənin al yanağında,
Dağların bəzənib, gülən çağında,
rəssəm təbiətə qovuşan mənəm...

deyirdi. Müəllifin sayca beşinci kitabı olan “İldırımdan od almışam” kitabında həmin gənclik illərinin təəssüf və təzadları durna qatarı kimi misralara bürünərək günümüzə gəlib çıxmışdı... Bu onu deməyə rəvac verir ki,
ən uzaq bir əyalət mühitindən də dünyanı
görmək və dünyanın diqqətini ora cəlb etmək olurmuş. Təsəvvür ediləcək bir məqam da odur ki, şairin dərin milli koloriti həmin dönəmlərdə lazımi qədər görülməmişdi.
Bu da bir inkar olunmaz həqiqətdir ki, Kəlbəcər ədəbi mühiti hər zaman ədəbi düşüncəmizdə ön sıralarda yerini tutacaq, ədəbi ordumuza formaca ədəbi -sənətkar müstəqilliyi olan qələm adamları bəxş etmişdir. Gözünü açandan saz səsi eşidib, saz nərəsindən qeyzə gələrək haqqı yazıların cəsarət məktəbi yaratması təbii haldır.

Bu məktəbin yaşlı nümayəndələri Aşıq Şəmşiri özləri üçün ustad qəbul edərək görkəmli ədəbi salnamə yaratmışlar. Bu dərgahın Məhəmməd Aslan, Bəhmən Vətənoğlu, Ənvər Rza, Sücaət, Adil Cəmil, Əlövsət Saldaş, Nəsib Nəbioğlu, Mirsəyyaf Zamanı və Məhiyyəddin Məhərrəmoğlu kimi ağır yükünü çəkən yazarları ilə bahəm, nisbətən cavan nəsli təmsil edən Nadir Məmmədli, İlham Məmmədli, Xaqani Həbiboğlu və Namiq Dəlidağlı kimi dəyərli qələm adamları bu gün də tükənməyən şövqlə ilə yazıb-yaradırlar.
Xüsusilə bir məqamı da vurğulamaq istəyirəm ki, Kəlbəcər bölgəmizdən olan qələm adamlarının yaradıcılığında xalq poeziyasının gözəl nümunələri, xalq dilinin incəliyindən, zənginliyindən və tutarlığından zövqlə istifadə olunduğundan tez anlaşılır və sevilir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Məhyəddin Məhərrəmoğlu “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgüləyən qönçələr”, “Bir gecənin yuxusu”, “İldırımdan od almışam” və digər kitabların müəllifidir.
Məhyəddin müəllim bilir ki, şeir Allahdan razılıq duasıdır və ona görə də tərki-tərk mərhələsində rahatlıqla deyir ki:

Dünyaya sığmayan ruhum, nəfəsim,
Gəzdirə bilməyir bu bədən məni. 


Oxuduğum şeirlərindən belə bir hikməti özümə əxz etdim ki, Məhyəddin Məhərrəmoğlunun əbəbi və ədəbi qəhrəmanı həqiqətdir...

Xəyal dünyasının sakiniyəm mən,
Xəyaldan, yelkənli gəmim var mənim.
Aylı gecələrdən ilham alsam da,
Gündüzlər düzülməz qəmim var mənim.

Sevirəm xalqımı varlığım qədər,
İstərəm çəkməsin səfalət, qəhər.
Hər kəsin üzünə açılsın səhər,
Sözə qiymət verən elim var mənim.


Mənim düşüncəmə görə ilahi hər bəndəsinə çəkə biləcəyi ölçüdə verir hər şeyi, ömrü də, sözü də, lap elə dərdi də...

1993-cü ilin aprel ayında Kəlbəcərin işğalından sonra vətəndə qərib-qürbət ömrü düşür taleyinə Məhyəddin müəllimin. Mingəçevirə pənah gətirir... Amma içində heç susmayan

Oradadır əkdiyim bostanım, bağım,
Oradadır yamacım, Novlu bulağım.
Bəlkə də qayıtdı cavanlıq çağım,
Vətəndə gözləyir gör nələr məni,
Qaytarın, çağırır Kəlbəcər məni.


Bu haray onu bir gün dədə-baba ocağına qayıdacağı inancının nəqarəti olub...
Çünki Məhyəddin müəllim bilirdi ki, ocaq daşının üstə küldən don geyən saç onun yolunu qərinələrin ötəsinə qədər eyni vəfayla gözləyəcək... Ona görə bu misralar dilinə inam şırımı çəkmişdi.

Dağ-dərəm güllü qaldı,
Zəmim sünbüllü qaldı.
Ocaq daşının üstdə,
Saçımız küllü qaldı...


Mənim qənaətimə görə Məhyəddin müəllim yalnız vətənin deyil, elə dərdinin də kar rəsmini ayrılıq şəklində sözlə çəkib...
Məhyəddin müəllimin şeirlərini oxuduqca bir daha o qənaətə gəldim ki, şair kainatın ruhudur...
Qələm adamının əslində milli hissi özünə-sözünə bağlılığıdır ki, bu anlamda Məhyəddin Məhərrəmoğlunu bəxti gətirənlər sırasında göstərmək qəbahət sayılmaz. Bunun nəticəsidir ki,  hələ uzaq, 1970-ci ildə Kəlbəcərdə haray salmışdı:

Söhrət hərisləri arsız təpələr,
Çox sərvət toplayıb dalda təpərlər. 
Məhyəddin bilir ki, kiçik təpələr,
Sığınıb həmişə dağ ayağına.

Ulularımız çağımız zamandan çox-çox əqdəm söyləmişlər ki, milli hissi olmayan adam Allahı tanımaz belə. Amma şair Məhyəddin Məhərrəmoğlu bir qələm adamı olaraq könül kəbəsinin peyğəmbərliyini ədalətə həvalə etdiyindən el-oba arasında hörmət və sayğıyla qarşılanır...
Şair qardaşım Kəlbəcərsiz keçirdiyi illəri ömrünün boş tərəfinə yazıb. Ondandır ki, gileyi belə ünvanlıdı:

Artıq eyləmişəm ömrümü yarı,
Yaralı könlümün kədərdi varı.
Vədəsiz qış oldu ömrün baharı,
Tale üzüyümün qaşı düşübdü...

Unutmadan bir məqamı da vurğulamaq istəyirəm ki, Məhyəddin müəllimin yaradıcılığında söz düşüncədən daha dinamikti. Bu anlamda onun şeirləri çevrədə daha çox təsir yaradır...
Ümumiyyətlə könlüncə olan yaradıcı adamın yaradıcılığından söz açanda adamın ruhu və idrakı kövrək olur. Çox maraqlıdır ki, adam könlündən keçənləri belə o qədər səmimi deyir ki, dinləmək fərzə dönüşür:

Bahar günəşidir sənin gözlərin,
Nur verib yaşamaq öyrətdi mənə.
Çiçək təravətin, müdrik sözlərin,
İlahi bir sevgi bəxş etdi mənə.

Allahın hökmü var məhəbbətində,
Məni gah ağladıb, gah güldürürsən,
Bu sehrli eşqin öz qüdrətilə,
Gah göyə qaldırıb, gah endirirsən.


Məhyəddin müəllimin yaradıcılıq yolunda bir qorxusuzluq sezdim ki, bu əslində aşiqlikdir, yaradanın özəl lütufu... (Qorxusuz adamdan şeytan qorxar).

Məhyəddin Məhərrəmoğlunun yaradıcılığındakı bir başqa simfoniya özündən özünə qədər olan yolda dərdiylə, köçkünlüyü ilə başqa ritmə köklənməmə məqamıdı... Yaradıcılığı özünə bənzəyir.
Mənim düşüncəmə görə ilahi yolçuluqdakı yol boyu oxuduğu şeir-duası bu xarakterdə olan qələmdarların tale ekizi olur. Gerçək anlamda ciddi qələm adamı dünyanın özündən daha sirli olur...
Ayrı düşdüyü yurd-yuvasının pərvanəsidi Məhyəddin müəllim... Bəlkə bundandır gözünün yaşı qurumayan ədəbi nümunələrinin çoxluğu...
Çox maraqlıdır ki, qəhrəman ordumuzun uzun illərdən bəri işğalda olan torpaqlarımızı azad etməsinə baxmayaraq, hələ də Məhyəddin müəllimin qələminin xiffəti azalmayıb...

Hər çəməndə düşmənimin rəddi var,
Çirkab olub, büllur kimi bulaqlar.
Ağlar qalıb gül-çiçəkli o dağlar,
Necə gülüm belə çağı görəndə?..

Qəddarlıqla məhv edildi hər nə var,
Ürəyimdə hopub qaldı o dağlar.
Məhyəddinəm, gözüm-könlüm qan ağlar,
Viran olmuş bağça-bağı görəndə...


Düşünürəm ki, sənət sarayı heç vaxt tikilib qurtarmır... Əlbəttə, günümüzə qədər ya eləsinə, ya beləsinə ədəbiyyata xidmət etmək ürək istər, sevgi istər ki, bu xüsusiyyətlərin çoxunu mən qələm dostumuzun yaradıcılığında gördüm. Hər gözəl şeir bəzədilmiş bir otaqdır, oxucu adlı müsafirini gözlər. 
Şeirin bir önəmli xüsusiyyəti odur ki, orda əyalət, muxtariyat olmur, o hər kəsin hər kəsidi.
Deyirlər ki, doğru danışmaq Allaha qovuşmaq üçün hazırlıq mərhələsidi. Məhyəddin müəllim filoloq olduğundan, illərlə şagirdlər qarşısında verdiyi hesabatın nəticəsi kimi hər kəsin ruhuna dilmanc olan şeirlər yazmışdı. Uşaqlar haqqında uşaqlar üçün yazdığı şeirlərin dadı-tamı bir başqadır. (Və bu şeirlər başqa bir yazının mövzusu olduğundan düşünürəm, buna qayıdacağıq). Düşünürəm ki, ədəbiyyat könlün imtahan yeridir.

Mən qələm dostumuz Məhyəddin Məhərrəmoğluna ovxarlı qələmiylə vətənimizin ayrılıq yarasını

Ürəyim o yerlərdən,
Tükənməyən od alıb,
Ot basmış cığırlarda
Mənim öz dünyam qalıb,
Mənim söz dünyam qalıb.

deyən dilində himnə dönən şeirləri ilə sarmasının təmənni edirəm... Könlün hər dəm Allahın vətəni olsun! Ruhunun sədası olan qələmin heç, amma heç susmasın.

Xaqani Abbasəli Öztürk, şair-tənqidçi,
AYB və AJB üzvü

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar