Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həcər Paşayevanın "Ağ dəvə"si ilə zamanda səyahət - Aygün Yaşar yazır

Tarix: 13-01-2024 18:12     Baxış: 3365 A- / A+

Həcər Paşayeva

İldə bir dəfə Oğuz elinin başçısı Xan Qazan sevdiciyinin də əlindən tutaraq Ağban evindən çıxıb ev - eşiyini elinə yağmalatdırardı. Bizim Sumqayıt ədəbi mühitinin Əfəndisi İbrahim İlyaslı da bu ənənəni öz kitabları ilə davam edir.  İldə bir dəfə gedib onun Ağ Evindəki özünə aid kitablarını "yağmalayıram". Harada ən qəşəng kitabları gözümə dəyir rəhm etmədən çantama qoyub gətirirəm. Bəzi kitablarının arxasınca həsrətlə baxdığı da olur. Ürəyim dözmür o anda yalandan boynumu buraraq  deyirəm "Oxuyub qaytaracağam", o da bu yalanıma guya inandığını göstərir ki " Onda yaxşı, götür". Belə acımasız yağmalanmalardan birində İbrahim Əfəndimin rəfindən bir kitab gətirmişdim öz evimə: Həcər Paşayeva, "Ağ dəvə düzdə qaldı". Şəxsən Əfəndimə imzalanmış həmin kitabı oxumaq, nəhayət ki, qismət oldu.
Əslində, belə gərəkirdi ki, bu kitab haqqında yazmaq istəyəndə bütün kitabı oxumalıydım. Amma gəl ki, ilk povesti, kitaba adı verilən əsəri oxuduqdan sonra elə təsirləndim ki, nə illah elədimsə, digər əsərləri oxumaq istəmədim.
Ümumiyyətlə, heç bir bədii mətn oxumaq istəmirəm indi. Bu bəlaya ona görə düşmüşəm ki, "Ağ dəvə" nin təsirindən, ab-havasından çıxmaq istəmirəm. Bu ona bənzəyir ki, sanki bir dadlı təam yemisən, dadı damağında qalsın deyə üstünə başqa təam dadmaq istəmirsən. "Gül üstünə gül koklamak" istəmirsən...
Azərbaycan ədəbiyyatında yaylaq, kənd həyatı mövzusunda yazılmış əsərlər həmişə maraqla qarşılanıb. Çünki Azərbaycan elə müəyyən mənada mənəvi dəyərləri sürətlə dəyişən, qloballaşan dünya müstəvisində öz dəyərlərini qorumaqla özlüyünü qoruya bilən böyük kənddir. 
Ən inkişaf etmiş şəhəri Bakıdır ki, onun da böyük hissəsi "kəndli", mərkəz - az bir hissəsi "şəhərli"dir. Sənaye və təhsil müəssisələrinin demək olar ki, hamısı şəhər mərkəzlərində, şəhərdə olduğu üçün yerindən duran kəndlər də bir az "darıxan" kimi, bir az maddi və mənəvi sıxıntılar yaşayan kimi üz tuturlar şəhərə. Beləcə şəhər də kəndlərə "bürünür", kəndlərə qarışır. Azərbaycan şəhərlisinin də içində, ruhunda bir kəndli qərar tutub. Elə bu səbəbdən də kəndlə, elatla, köçlə, torpaqla, şəhərdən uzaq yurd yerləri ilə bağlı bədii əsərlər onun içindəki ÖZünü oyadır, marağına səbəb olur. Hələ-hələ o əsər Həcər xanımın şirin-şəkər, bol dialektli lüğət tərkibinin rəngli kəlmələri ilə qələmə alınıbsa. 
...
"Ağ dəvə düzdə qaldı"  - adı belə insanda nostalji, nisgil, xatirələrə meyil yaradır. "Səhra gəmisi" ilə yola başlayan təhkiyəçiyə qoşulan oxucu da uşaq heyrətinin təsirinə düşür. İçimdəki tanış duyğuları kiçik qızın dəvə belinə oturanda həyəcanından başlayaraq hiss etdim. 6-7 yaşımda olarkən babamın məni ağ atının belinə qoyub geniş həyətimizdə gəzdirməsini xatırladım. Yağış yağanda palçıq olmasın deyə həyətə tökülmüş çay daşlarının üzərində yeriyən ağ atın nal səsləri də məni inandırmırdı ki, atın ayaqları yerdədir. Eynilə mən də göy üzündə süzdüyümü hiss etmişdim onda. Elə o təsvirlə də əsər mənə doğmalaşdı: "Dəvə tam ayağa qalxanda isə sanki göyün üzünə qalxdım. Yer mənə elə uzaq göründü ki, qorxudan ürəyim ağzıma gəldi". 
Bir məqamda təsvirlər içində gizlənən "Bizə canını qurban verməyə hazır olan anam mehrini verməyi bacarmadı" cümləsi də mənə tanış qənaət idi.
Təbiətlə, kənd həyatı ilə bağlı təsvirlər çox doğma idi: gül-çiçəyin, torpağın ətri, yağışın səsi, gecə ildırımın çaxıb ətrafı işıqlandırması, çayda xalça-palazın, yunun yuyulması, kənd cavanlarının atları ilə öyünüb sevinməsi, toyda-mağarda oğrun-oğrun yarları ilə ünsiyyətə can atmaları, ərgən qızların o vaxt mənə müəmmalı gələn sirli-sehrli enerjiləri, çiçəkləri çırtlayan gözəllərin gümbür-gümbür gülüşləri... "Həmin anda Tanrının yaratdıqlarına baxıb fərəhlə gülümsədiyini hiss edirdim"... Ya da bir ağızdan çıxan kəlmənin ağız-ağız dolaşaraq bütün kəndə yayılması... Qisas, qan davası, qanbağlayan ağsaqqallar, nüfuzunu canından baha bilən kişilər, qadınlar... Sinəsi nəğməli-sözlü nənələr, babalar... O qədər doğma, o qədər əzizdir ki... Bəzən mənə elə gəlir ki, mən elə orada və elə o zamanda qalmışam. "Ağ dəvə düzdə qaldı" əsəri məni bu günümdən götürüb o nağıl illərimə qaytardı. Bu, yazıçının ən böyük uğurudur: oxucunu özünə qaytarmaq, xoşbəxt etmək, ruhuna sığal çəkmək... Qəlbimə həkk olmuş, lakin son illərin həyat qayğıları qaçhaqaç-qovhaqovunda öləziyən xatirələrimi diriltdi bu əsər...
...
Uşaqlıq xatirələri yazıçının ən əhəmiyyətli mövzu bazası və yaratma səbəbidir. İlkin qavrayışlarla, təsirlənmələrlə yaradıcılıq prosesinin əlaqəsi danılmazdır və  psixologiya elminin tədqiqat mövzusu ola bilər. Bəlkə də, bütün yaradıcı insanlar elə uşaqlıq xatirələrinin əsəridir. "Ol səbəbdəndir ki"  Məhəmmədhüseyn Şəhriyar "Şair ola bilməzsən, anan doğmasa şair" şərtini az redaktə ilə yazıçilara da aid etmək olar: "Yazıçı ola bilməzsən, xatirələrindən "doğulmasan".
Heç şübhə etmirəm ki, Həcər xanım da yazıçı kimi xatirələrindən doğulmuşdur. Yaylaq duyğuları gerçəkliyə söykənir, uydurma deyil. Əsərin obrazları da real azərbaycanlı obrazlarıdır: Süsən, Səməngül, Mərdan, Uğur, Sarı Əhəd, Gülcamal, Şərif, Əhməd...
Əsərin təsirli məqamları çoxdur: 
Bataqlıqdan keçməyə qorxması, anasının Səməngülü ərə vermək istəməməyi, sevdiyi oğlanın onu atın tərkində gəzdirib yenidən qaytarması, leysan suyunun gəlib hini basması, Uğurun öz atını öldürməsi, kiçik qızın daşxınası qoyması və s. Elat adət-ənənələri, mətbəxi, məişəti, yazılmayan qanunları da oxucuda maraq oyadır. İlk dəfə dəridə bişirilən yeməyin haqqında, dəvə növləri, onların həyat tərzi, dəvətikanı, daşxınası kimi bir çox bitkilərlə tanışlıq,  elçilik, haxışta, at yarışları və s. epizodların həm də kaloritli bir dildə sözə çevrilməsi povestin orijinallığını səciyyələndirir. 
Əlbəttə, hər kəsin xatirələri ola bilər, ancaq ikinci şərt də yazmaq istedadı, dil bazası, təsviretmə sənətkarlığıdır ki, bunlar hər kəsdə olmaz. "Ağ dəvə"nin məzmunu qədər dili də cəlbedicidir, fərqlidir. 
"Təndirin ağzını yanoy örtüb alaçığa qayıtdıq"
"Əhəd, başıma gəlsən, səni rədd etmənəm", "Sağ əldəki dərənin dibi ilə gün işığında gümüş kimi parıldayan,  gümüşü  baftalı çaxçur balağı kimi təpələrin topuğuna dolanan nazik irmaq  axır və yəqin ki, gölə tökülürdü" ; "Lap uzaqda əzəmətlə ucalan və zirvəsi qarlı Keçəl dağ, onun sağ və sol əlində bir-birinə söykənib bizə boylanan, bir-birindən boyca  fərqli   dağlar görünürdü";
"Sünbülündən su daman", "süfrəsiz qadın", "gəvələmək", "pişik başı bəzəyənsən", "ikinci dəfə evlənmək Əhəd əmiyə düşür"; "Yoxuşu qalxıb burunu döndük" ; "Duman çəkilib getsəydi, bu uşağın aynası açılardı",  "düzənliyi ayaqlarıma doladım", "Göz işlədikcə uzanan genişlikdə bol-bol açmış  lalələr, qantəpərlər, soğangülü və dağ qərənfilləri, salxım-salxım, buta-buta,  püsküllü və  adını bilmədiyim  qırmızı, sarı, bənövşəyi, müxtəlif rəngli çiçəklər  göz oxşayırdı"; " Cin dəmirdın qorxan kimi o bataqlıqdan qorxdum";  "Xatadan olan kimi məşəl əlimdə sondü"; "Daha bu işin varağasını bük, Bah,  şah məni aldı, öpməsi qaldı"...
Povest tam bir folklor xəzinəsi olmaqdan əlavə, informativliyi ilə də maraq cəlb edir. Məsələn, Qanlı göl adının tarixini öyrənirik.
" Mən geriyə qanrılıb  Qanlı gölə  sarı baxdım, lakin  o  artıq görünmürdü.  Gölün adı əvvəllər Sarısu gölü  imiş.  Sonra erməni-müsəlman davası vaxtı onun sahilində ermənilər bizim millətdən çoxlu adam  öldürürlər. Yaylaqda dava xəbərini eşidən camaat  tələm-tələsik geriyə–evinə dönmək üçün olan-qalanını qabqarıb dağdan üzüyenişə tökülüşür və elə gölün sahilində ermənilər onları haqlayır. O qədər insan qırıb tökürlər ki gölə,  suyun rəngi qıpqırmızı olur. O vaxtdan gölün adına Qanlı göl deməyə başlayıblar".
Və ya dəvələr, ayılar haqqında rəvayətlər, deyimlər də əsərə orijinallıq verir:
"Söhbətin məğzini  sonra anladım. Dağdakıların arasında gəzən rəvayətlərə görə guya ayılar qəşəng qadınları sevirlər və  oğurlayıb mağaralarına aparırlar. Öyrəndim ki, ayı çox vaxt  dumanlı havada ova çıxır. Külək ona  tərəf əsəndə itlər ayının qoxusunu ala bilmir. Dumandan  qəfil  çıxıb heyvanları qoltuğuna vurub aparır.  Elə öddəkdim ki, ayının adamları aparmasını eşidəndə bət-bənizim qaçdı".
Toxunmaq, təəssüratımı bölüşmək istədiyim o qədər çox məqam var ki. Bəlkə də ən çox elə əsərdəki ailə münasibətləri barədə söz açmaq istəyərdim. Övlad tərbiyəsi, sevgi, ailə qarşısında mənəvi borc və s. Ümumi yaylaq xatirələrindən ibarət olsa da əsərdə oxucunu artıq Səməngüllə Mərdanın sevgi xətti cəlb edir. Bir el şənliyində Səməngulu qadın paltarı geyinib kənara çəkən oğlanı sevməyən qızın saf duyğuları, həyatının yeganə xoşbəxtliyi olan Mərdana bağlılığı çox gözəl təsvir edilib. Mərdanın rəqibi Şərifi "qəmə"ləməyi, oğlunu sevməyən qıza görə atanın oğlunu danlamağı, oğlunun qərarıni "sındırmaq" məqsədilə qanparasını qəbul etməsi, çayda yuyunan Səməngülün təsviri, əsərin sonunda Səməngulə aşiq olan oğlanlarin da onu xilas etmək istərkən üçünün də həlak olması və bütün bu hadisələrin kiçik "yaylaq qonağı" qızcığazın dili ilə verilməsi həqiqətən də çox maraqlı idi... Əsərin əvvəlində yunu çayda yumağa aparmaq istəyəndə Süsən icazə versəydi, Səməngul sonra o yunu yumaq üçün çaya getməzdi, selə düşməzdi" - deyə bir təəssüf yaranır oxucuda. Amma təbii ki, bu yazıçının uğurlu süjet manevrlərindən biri idi...
Fikirlərimi, daha doğrusu duyğularımın ipini yığıb, Həcər xanıma həm oxucu kimi, həm Azərbaycan qızı kimi, həm də ədəbiyyatsevər kimi təşəkkür edirəm. Və 
Ağ dəvə düzdə qalmaz,
Yükü Təbrizdə qalmaz...ümidləri ilə Azərbaycan yazıçılarına nikbin ruhlu əsərlər yaza bilmək reallığı arzulayıram...




















                                                                          
       Aygün Yaşar
       Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar