Xəbər lenti
Nazilə Gültacın "Qara kötük" hekayəsi
Manevr.az Nazilə Gültacın "Qara kötük" hekayəsini təqdim edir
Onlar kəsilmiş nəhəng bir ağacdan nişanə qalan qara kötüyü özlərinə görüş yeri seçmişdilər. Oranı parkın ən sakit gusəsi bilirdilər. Qara kötük bu görüşlərin yeganə şahidi idi. Saatlarla kötüyün üstündə oturub söhbət edirdilər.
Bugünkü görüşə ayaqları getsə də, Günelin ürəyi nədənsə narahat idi.
Vədələşdikləri vaxtdan xeyli keçmişdi. Gördü ki, Elnur intizarla onun yolunu gözləyir. O qəfildən dayandı, uzaqdan Elnura baxdı. Dünən onun haqqında eşitdiklərini xatırladı. Öz-özünə pıçıldadı:
-Doğrudanmı o, heroin alüdəçisidir? Niyə mən heç nə hiss etməmişəm?
Elnur onu görəndə çox sevindi. Həmişəki kimi kötüyün üstündə yerlərini rahatlayıb, yan-yörələrinə göz gəzdirdilər.
Hər tərəf yamyaşıl idi. Baharın qoxusu hər yanı bürümüşdü. İlıq meh yenicə açmış körpə yarpaqlarla şıltaq uşaqlar kimi əylənirdi. Bir vaxtlar ağappaq, parlaq gövdəsi ilə hamının diqqətini çəkən palıd ağacının kötüyü isə bu mənzərədən sarsılmış halda sanki torpağın altında gizlənməyə can atırdı. Qara kötük təbiətin yaşıl rəngli lövhəsi üzərinə daman ləkə kimi görünürdü. Günelin baxışları bayaqdan o “qara ləkə”yə dikilmişdi. O əli ilə qara kötüyə sığal çəkdi. İxtiyarsız olaraq gözləri doldu.
-Hə, yenə nə oldu?
Elnurun pıçıltılı səsi onu bir anlığa təbiətin qoynundan qopardı.
-Düşünürəm.
-Nəyi?
-Düşünürəm ki, ağaclar da insanlar kimidir.
-Necə yəni?
-Bax, üstündə oturduğumuz kötük vaxtilə qollarını açıb böyür-başına yaşıllıq nəğməsi oxuyan bir ağacın təbiətə son vidasıdır.
-Hardan ağlına gəlir sənin belə fikirlər?- deyə Elnur qızı sinəsinə sıxdı.
Günel əli ilə onu ixtiyarsız itələdi. Elnurun sifəti tutuldu, nədənsə narahat görkəm aldı, ürəyinə nəsə damdı. Ciddi nəzərlərlə Günelin üzünə baxdı. Günel udqundu, baxışlarını yayındırdı. Bilirdi ki, Elnur çox həssasdır. Təəssüf ki, o, ağ ölümün pəncəsində çabalayırdı. Elnurun haqqında həqiqəti təsadüfən eşitmişdi, amma hələ də eşitdiklərinə inana bilmirdi. Onun nəzərində narkoman (bu sözü fikrindən keçirmək belə ona dəhşətli gəlirdi) qəddar, amansız olmnalıydı. Elnursa tanıdığı bu günlər ərzində o qədər rəhmli, kövrək görünürdü ki.
Dünən rəfiqəsi Səbinənin ad gününə yığışmışdılar. Səbinənin istədiyi oğlan da ad gününə dəvətli idi. Rəfiqəsi onu Günellə tanış etdi. Universitetin axırıncı kursunda, tarix fakultəsində oxuduğunu bildirdi. Elnur da həmin fakultədə oxuduğunu söyləmişdi. Günel ondan Elnuru tanıyıb tanımadığını soruşdü. Oğlan təəccüblə qızın üzünə baxaraq onu hardan tanıdığını soruşdu. Xalam qızını istəyir dedi yalandan. Rəfiqəsinin sevgilisi qaşlarını çatıb fikrə getdi. Handan-hana dilləndi: “Əslində pis oğlan deyildi, Elnur. Amma o ağ ölümün qurbanlarından biridir. Üçüncü kursa qədər bizimlə eyni fakultədə oxuyub. Sonralar narkotik aludəçisinə çevrildi. Heç kəs onunla yaxınlıq etmədi. Dərslərdən yayındı. Onu universitetdən qovdular. Hal-hazırda nə işlə məşğul olduğunu bilmirik. O özü özünü məhv etdi. Biz onu çox danladıq, çox çalışdıq. Lakin xeyiri olmadı. Nə isə xalan qızı ehtiyatlı olsun.”
Günel sarsılmışdı. Rəfiqəsigildə çox qala bilmədi. Bir müddət sahildə gəzişdi.
Fikirlər onu məngənə kimi sıxırdı.
Başını qaldırıb səmaya baxdı.Qızılı buludlar topa-topa, nazlana-nazlana günəşin batdığı tərəfə yollanırdılar. Günel ondan soruşdu ki, görəsən günəş buludları da isidirmi?
Vallah, elə bilirdim ki, dəli elə mənəm,-deyərək Elnur qəhqəhə çəkib güldü. Gülmək ona çox yaraşırdı. Baxışları durulur, üzü
işıqlanırdı. Bu dəfəki gülüş əvvəlkilərə bənzəmədi. Bu yaralı gülüş idi. Sanki gülüşündən qan töküldü üzünə, qıpqırmızı
qızardı, qəfildən sifəti tutuldu. Hiss olunurdu ki, o özünə aid olan nəyinsə sıxıntısındadır.
Tanış olduqları müddət az qala üç ay olardı. Bir yağmurlu gündə pastlaşmışdılar. Şıdırğı yağış yağırdı. Günel avtobus dayanacağında islanıb suya dönmüşdü. Həmin vaxt dayanacaqda avtobus gözləyən oğlan pencəyini çıxardıb çətir kimi onun başının üstünə tutmuşdu. Tərslikdən bir dənə də olsun taksi gözə dəymirdi. Yağış adamları qəfildən yaxalamışdı.
Elnurun (adını sonradan öyrəndi) bu qayğıkeşliyi Güneli mütəəssir etdi. Qız başını qaldırıb təşəkkür etmək istədikdə baxışları toqquşdu. Anidən hər ikisi gülümsədi. Bax, beləcə tanış oldular.
Demək olardı, hər həftə görüşür, saatlarla müxtəlif mövzularda söhbət edirdilər. Ondan ayrılıb evə gedəndə çox kədərlənirdi Elnur. Söyləyirdi ki, mən yazığı heç arayıb
axtaran yoxdur. Üzündə kimsəzizlikdən doğan iztirab, ağrı vardı. Günel həmin anları bir daha yadına saldı. Acı təəssüf hissi onu içindən didib parçaladı. Deyəsən, Elnur zərərli vərdişini tərgitməyəcəkdi.
Bir daha görüşməmək!- qərarı qəti idi. Ondan ayrılmaq asan olmasa da, bunu etməliydi.
Elnur deyirdi ki, mənim kimilərin ömrü az olur. Mənim kimilər, - deyəndə onun nəyi nəzərdə tutmasını indi anladı. Son vaxtlar onun narahat və qəribə davranışını gözləri önünə gətirdi.
Nəhayət, xeyli tərəddüddən sonra çətinliklə də olsa, ona bildirdi ki, artıq görüşünə gəlməyəcək;
- Mən hər şeyi bilirəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar