Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Təbəssüm dolu insan

Tarix: 22-12-2022 21:20     Baxış: 3465 A- / A+

Həyatda elə insanlar olur ki, onlarla ilk görüşəndən sonra min ilin doğması kimi ayrılırsan. Sanki, bir yerdə böyümüsən. Bu doğmalığın haradan gəldiyi barədə heç düşünmək belə istəmirsən. Gün-gün, ay-ay tanıdıqca, bu tanışlığa da, doğmalığa da sevinirsən. Yaradan adamı elə məqamda hədiyələndirir ki, bu hədiyyəyə görə ona min kərə şükür edirsən. Bu qarışıq, anlaşılmayan dünyada bundan böyük hədiyyə ola bilməz. Hər yaşın öz hədiyyəsi var. Xoşbəxt o adamdır ki, onun zaman hədiyyəsi olur və o, bu hədiyyəni dəyərincə qiymətləndirir, payına sevinir.  
 
***
Onun üzündəki təbəssüm insanda xoş ovqat yaradır. İlk görüşdən bölüşüləni maraqla dinləyirsən, heç kimlə bölüşmədiklərini bölüşürsən. Rahatlanırsan. Artıq bölüşəcək, səni anlayacaq bir insan qazanmısan. 
İnsanları təkcə qan qohumluğu doğmalaşdırmır. Ruhi yaxınlıq, doğmalıq da var.
Nəzakət xanımda insanı özünə çəkən onun təbiliyi, səmimiliyi və təbəssümüdür. Həm də tanıdıqlarına ürəkdən gələn bir istiliklə, nəvazişlə doğması, əzizi kimi yanaşmasıdır. Ana kimi, bacı kimi, doğması kimi.
İnsan qarşısındakının ağrısını daxilən yaşayanda, qəlbən duyanda onu daha yaxşı anlayır.
Bu kövrək qəlbli insan şəhid ailələrinin ağrılarını öz ağrısı bilir, dərdlərini bölüşür, həmdəm olur, qayğılarına qalır. Şəhid anasının boynuna balası kimi sarılır, şəhidin yoldaşını anası kimi bağrına basır. O istilikdən ağrılar unudulur, üzün ifadəsi dəyişir. Çoxdan arzuladığı rahatlığa qovuşur. 
Ağrılar qucaqda boşalır.
Nəzakət xanım təbəssümünü ən ağrılı adama belə ötürə bilir. Göz yaşları yanaqda quruyur. Dərdin cizgiləri üzdən sürüşüb düşür. Qucaqdan çıxmış insan illər öncəsi halına qayıdır. O anlıq ağrılar unudulur.
Anaları analar duyar. Qəlbi sevgiylə, yanğıyla, xeyirxahlıqla dolu analar... 
Hər gecə yuxusunda əsir düşən, şəhid olan Nəzakət xanım əsir, şəhid taleyini yaşayır. Bu insanın nələr çəkdiyini onun gözlərindən, baxışlarından oxumaq olur. 
Nəzakət xanımın sükutunda gizli təbəssüm, kədərində ağır hıçqırtı var.
Üç zabit anası olması onun bunlara həssaslığını daha da artırır.
44 günlük müharibədə yaşadıqlarını indi də başqa formada yaşayır. Müharibənin törətdikləri ağrıları yaşayan insanlarla hər gün qarşılaşaraq. 
İtkin, girov düşmüş insanlar, şəhidlər haqqında yazıları oxuyan, kitablar hazırlayan, şəhid analarının ağrı-acısını dinləyən insanın yaşadıqlarını bildiyimdən onun nələr çəkdiyini, nələrdən keçdiyini anlayıram. Bir ürəyin bu qədər ağrıları daşıması çox ağırdı. Bunlara dözüm gətirən, bəzən içinə, bəzən üzünə axan göz yaşlarıdır... bir də onun qoruyucu mələyi olan təbəssümü.
“Yada düşdü” dərgisi bu xanımın inadı sayəsində davam edir. İndiki vaxtda öz gücünə jurnal – özü də nəfis şəkildə – çap etdirmək çox çətindir. Nəzakət xanım bütün bu çətinliyə baxmayaraq bir-birindən gözəl nömrələr hazırlayır. 
Dərgi çap olunan yazılarla xatirələri, əsərləri, müəllifləri yaşadır. 

Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərlik etdiyi bu kiçik kollektivin ərsəyə gətirdiyi kitablar həqiqətən təqdirə layiqdir. Şəhidlər haqqında kitabların  hazırlanması vətən sevgisi ilə yanaşı, müqəddəs şəhidlərə olan diqqətin nəticəsidir. Məsuliyyət tələb edən bu ağır iş, ancaq ağrıları içindən keçirməklə mümkündür. Şəhid ailələrinin hər birinə yerində təqdim olunan bu kitablar ailə üçün böyük təsəllidir. 
Hər şəhid haqqında toplanan məlumatları oxuduqca, həm qürur duyan, həm də ana yanğısı yaşayan Nəzakət xanım bu kitablarla vətən sevdalıları üçün nələrsə etmiş kimi az da olsa daxilən yüngülləşir. 
Belə kitablarla torpağı vətən edən qəhrəmanlarımız tanınmaqla, həm də müharibə tariximiz sənədləşir. Övladlarının, həyat yoldaşlarının ad və şəkillərini kitabda görən insanların üz ifadələrindəki təsəlli qarışıq rahatlıq Nəzakət xanıma bu ağır işin bütün yorğunluğunu unutdurur.
Nəzakət xanım hesabatlı insandır. Həyatda, davranışlarında özünü görə bilir. İnsan etdiyini və ediləni biləndə nizam pozulmur. Hər şey öz düzəni ilə gedir. 
Həyat insanın yaşadıqlarından ibarətdir. İnsana bioloji yaşı verən Yaradandır. Nəzakət xanımın yaşayacağı mənəvi ömür yaşatdıqlarının ömrü qədərdir. Milləti, xalqı yaşadanların ömrü isə xalqın, millətin ömrünə bərabərdir.
O, qadının şeir yazmamasını söyləsə də, bu qədər ağrıları yaşayan, həssas qəlbli insanın şeir yazmaması mümkün deyil. Hətta özü istəməsə belə. Çünki yazmaq insanın özündən asılı deyil.
Mən özü başdan-başa şeiriyyət olan Nəzakət Məmmədovanın özündən yazdım. Ancaq onun  şeirlərini oxuduqdan sonra bu sətirləri qeyd etməyə bilməzdim:
 
Şuşa məscidində namaz qılmağa,
Yol gəlir Babəkin kəsik qolları.
 
Milli qeyrətimin möhür yeridir,
Torpaqda ucalan şəhid məzarı.
 
Məəttəl qalıram ulu Tanrıya
Alimi cahillə yanaşı yatır...
 
Ağlama şəhid qızı,
Dərdin mənə tanışdı...
Ürəyim paramparça,
Qəmin naxış-naxışdı...
 
Elə bil səngərtək qazılıb sinəm,
Qəlbimdə duyğular barıt qoxulu.
Uğrunda ölməyə hazıram, Vətən,
Hər misram döyüşən bir əsgər yolu.
 
Ağrısı neçə min qəlbdən keçibdi,
Xocalı ömründən keçən savaşın.
 
Çiçək-çiçək şəhid qanı
Üzündə xaldımı, Vətən?
 
Ağrı-acı duman kimi
Çökübdü yurdun üstünə. 
 
Düşmən at oynadan yurd yerlərində
Matəm rəngindəydi bütün fəsillər.
 
Bacımın ağaran telindən düşüb,
Anamın qəbrindən baxır bu payız.
 
Hönkürə-hönkürə axırdı sular,
Yolların üzündən kədər damırdı.
 
O tayın da, bu tayın da adı Vətən!
Qanqalları arasında gül bitirən,
Bülbülləri ağı üstə dil-dil ötən, 
O da Vətən, bu da Vətən,
Ərdəbilim!
 
Ovuda bilmirdi xatirələri...


                                                                                            
Rəfail Tağızadə
şair-publisist 

12.11.2022 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar