Xəbər lenti
Şairlər Tanrının ərköyün övladlarıdı
Bir neçə gün öncə möhtəşəm bir tədbirin varlığına şahidlik etdik. Qələminə böyük hörmət bəslədiyim Gəray Göyyurdun “Dövlətim var, ordum var” çələnginin ətrinə bələndik o gün.
Bir az dağların füsunkarlığını, əzəmətini, vüqarını tərənnüm edən ilahi duyğuların hərarətini, bir az çayların şırıltısını, bir az quşların cəh-cəhini, bir az bulaqların zümzüməsini, bir az qoca dağların əbədi sakini olan qurdların ulartısını, bir az da küləyin vıyıltısını hiss etdik ruhumuzda. Bənövşənin, nərgizin, novruzgülünün, yasəmənin, kəkliotunun qoxusunu çəkdik içimizə. Dəyərli alimlərin, söz xiridarlarının duyğusal fikir dünyasında bəxtəvərlik şərbətini içdik, kitabın hikmətindən...
O gün neçə-neçə işıq adamların hikmət nuruna batdıq. Nurunuz sönməsin, nurlu kişilər! Nə qədər boy boyladıq, soy soyladıqsa, sonda yenə də söz qalib gəldi. Sözün hərarəti ilə günümüzü şəkilləndirib, söz verdik sözə. O gün nə biz yorulduq, nə də söz usandı.
Onu da deyim ki, söz dünyasına giriftar olduğum Gəray Göyyurdla ilk dəfə toqquşdu baxışlarımız Natəvan klubunda.
Ruhu türkçülükdən su içən Gəray Göyyurdun misralarını nəfəs kimi içimizə çəkdik, su kimi üzümüzə çilədik, çiçək kimi ətrinə bələndik. Doymadıq ki, doymadıq...
Güc alar Tanrıdan, haqdan
Zalımları salar taxtdan
Qan tökməz heç vaxt nahaqdan
Bu gələn türk ordusudur.
Kəlməsində hayqırtı var Göyyurdun. Bəlkə də bu harayı, hayqırtını elə göylərdən çəkib alıb, işi-gücü göylə olduğu üçün, Gök Tanrıdan ilhamlanıb, göyə bağlanıb. Qələmə aldığı hər bəndin, hər misranın hikmətində türkçülüyün ətri, təravəti duyulduğu kimi, hər sözün ruhunda da türkün, türkçülüyün daş yaddaşı vərəqlənir. Bəllidir ki, pənahı Tanrı olan türk haqqa dayaq, zalıma kəsərli qılınc olub həmişə. Və o qılıncı tutan biləklər düşmən qarşısında bükülməyib heç vaxt.
Haqqını tapdalayanların
Qır ayaqlarını,
Yağılara talatma
Bu Vətənin varını!
... haqqa, ədalətə
gedən yoldur
Tanrı dərgahına
gedən yol!
...yürü haqqa doğru
Vətən oğlu! – deyə saflığın, paklığın beşiyindən yapışıb ninni çalır yolunu azmışlara. Ədalət dəyirmanında haqsızlığı üyüdüb yol salmağa çalışır, işıqlı bir yol. O yol zülmətlərin girdabından doğan ulduzlara da işıq salır. Göyyurd işığı və yolu insan övladı üçün həyat qapısı olduğunu anladır hər kəsə. Və hər kəsi öz ixtiyarına buraxır bu yolda. Qısa, konkret, lokanik, tutumlu duyğu və duyumları ilə bəzən bıçaqdan iti, bəzən də həlimdən həlim olur. Bəzən fırtınaya dönən, bəzən şimşək kimi çaxan, bəzən də xəfif meh kimi qəlblərə dolan lirik və coşqulu duyğular ovsun kimi vücudu sarır. Misraların pıçıltsında sehir, susqunluğunda vahimə, kükrəyişində təlatüm, həzinliyində romantik cazibədarlıq köksü qabardır.
Dağlar kimi əzəmətli, vüqarlı, çiçəklər kimi bakirədir Göyyürdün duyğu yarpaqları. Təbiətin dəyişən fəsilləri, Günəşin yandırıcı istisi, ilğımdan havalanan torpaq poetik lövhənin xlorofilini soldurmağa çalışsa da, ilahi duyğular rəngini-ruhunu dəyişmir. Ona görə də şam ağacına bənzəyir Göyyurdun xəzansız bağı.
Dosta bal-şəkər, düşmənə zəqqun olan kəlmələr də müqəddəs torpağın kəramətindən pöhrələnib hər zaman. Misralar göyərdikcə, dağların yelindən, qışın sərt, dondurucu şaxtasından, baharın musiqini xatırladan dolusundan, payızın yarpaq rəqsindən güc alır.
Cıdır düzü göyərəcək
Güllərini kim dərəcək?
Düşmən yesə gəbərəcək
Zəhərli aşdı Qarabağ.
44 günlük Vətən Müharibəsində mənfur düşmənə amansız zərbə vuran oğullarımızın şücaəti, qorxmazlığı, cəsarəti Göyyurd üçün yalnız iham mənbəyi deyil, həm ruhi, həm də mənəvi qidadır. O qidanın verdiyi enerji isə Tanrı lütfüdür. Təsbehlənən kəlmələrin hikməti, nidalanan ifadələrin, suallanan bənzətmələrin məna qatı və Göyyurd istedadının işırtısı göz qamaşdıracaq qədər parlaq və işıqlıdır. Axı işıq da eşqdir. Eşqsiz insan isə sönmüş və heç vaxt püskürməyən vulkan kimidir.
Bəzən “Məni unutma, dağlar”, - deyən Göyyurd, bəzən də “Qan iyisi gəlir sözümdən, Vətən!”, -deyir. Bəzən də:
Şuşamızdan bayraq təki
Asın, asın ürəyimi, -deyə hayqırır. Ürəyini bu yurd üçün sadağa eləyir. Çünki söz adamı sözdən yarpaqlayır, sözdən rişə verir, sözdən kök atır. Söz onu yerin dərin qatlarına da aparır, göyün ənginliklərinə də. Söz haqdan gəlir, - deyiblər. Elə qələm sahibləri də Haqqın (Tanrının) sözüdür. Həm də peyğəmbərlərin davamçısıdır sözü ilmələyib naxışlayanlar. Ona görə də müqəddəslər sırasındadır İlahi hikmətdən qaynaqlanan söz aşiqləri – Gəray Göyyurd kimi... Axı həm də şairlər Tanrının ərköyün övladlarıdır...
Vətənə qurban demişəm
Gəlin, kəsin ürəyimi.
Toxumtək əkin torpağa
Əsim-əsim ürəyimi.
Göyyurd yurd dəlisidir. Bu dəliliyin özü də bir hikmətdi vallah. Hikmət Allahdan gələndə bəxşiş də ağır olur. Söz adamı da bəxşişi sözləndirib yükləyir vərəqlərə ki, yüngülləşsin. Vəzndə ağır, çəkidə yüngül vərəqlər də əldən-ələ keçərək axır ürəklərə. Ona görə də söz adamları sözü ürəkdə çox saxlamır. Ağırlaşıb asılar ürəyin başından, tab gətirməz ürək, yəni sözün altında qalar. Ürəyin Borçalı, Dərbənd, Təbriz dərdi bir yana, İrəvan dərdi də var hələ Göyyurdun göyərmiş dərdlərində.
İrəvana gedən qatar, ay qatar
Üzüm ayağının altına...
yaxud
Oylağın çaqqala qalıb
Hardasan, Boz Qurdum mənim, - deyən şair elə qurdların ulartısında, qartalların qanadında yağmalanmış ümidlərini yenidən göyərtdi. Azman və dəmir yumruqlu oğulların təpəri qarşısında tab gətirməyən qarı düşmən topa çevrilən nifrətimizə, həm də sözümüzün kəsərinə boyun əydi.
Bərələri, bəndləri
Keçmək zamanı gəldi.
Yurda övlad andını
İçmək zamanı gəldi.
Səslə mərdi-ərəni
Sevindirin Vətəni
Ot-alaqtək düşməni
Biçmək zamanı gəldi.
Göyyurd qərinənin o başını dünənin öləzimiş işığında, yaxud yaddaşımızın toz basmış səhifələrində görə bilir. Bu da bir İlahi hikmətdir. Təxminən 15 il əvvəl yazılan bu misralar şairin ümid və inamını aydın əks elətdirir. Və bu aydınlığın zülmətində 30 il əvvəl itirilmiş kənd və qəsəbələrimizin, rayon və şəhərlərimizin hər birinə nə yaxşı ki, yenidən sahiblənə bildik. Bir zaman şeirlərin mayası ağrı-acılarla, göz yaşı ilə, həsrət və hicranla tutulduğu halda, bu gün misralardan Qələbə, Zəfər ətri gəlir. Ətriniz daimi, qələminiz kəsərli olsun, göy adamı, Göyyurd qardaşım!
Ötərxan ELTAC
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar