Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İştar – Şumerlərin çobanla evlənən müharibə və məhəbbət tanrıçası

Tarix: 11-11-2021 11:52     Baxış: 4395 A- / A+
İştar çoban Dumuzi ilə evlənmişdi. Amma bu evlilik xoşbəxtlik gətirməmişdi - Dumuzi yeraltı dünyaya sürgünə göndərilmişdi. Amma ildə bir dəfə yer üzünə qayıdaraq arvadı İştarla cinsi əlaqəyə girdiyi və yerin altından üstünə qalxdığı inancı sonrakı minillərin dinlərində öz yerini alacaqdı. Akkadların “İştar” adlandırdığı İnannanın fiziki varlığına dair saysız-hesabsız yazılar, mətnlər, ilahilər, dualar və təsvirlər var.
Romalıların “Venera”, yunanların “Afrodita”, yəhudilərin “Astarta”, assuriyalılar, babillilər və hetitlərin “İştar” və ya “Eşdar”, akkad və şumerlərin “İnanna”, “İnnin” və ya “Ninni” adlandırdıqları, bir çox ləqəbi və üzü olan İnanna bütün dövrlərin müharibə və məhəbbət ilahəsi idi. Həmişə qəzəbli və gözəl qadındı.
Şumerlərin ilahəsi

İnanna - sevgi, gözəllik, seks, müharibə, ədalət və siyasi hakimiyyətlə əlaqələndirilən qədim şumer ilahəsi...
Şumerlər ona “İnanna”, akkadlar, babillilər və assurlar isə “İştar” adıyla ibadət etmişdilər. “Cənnətin hökmdarı” adlandırılan İnannanın əsas ibadət məkanı Uruqdakı Eanna məbədi idi. O, məbədin himayədar ilahəsiydi. İştarın əri çoban tanrı Dumuzid, köməkçisi – suqqalı isə Ninşubur idi.
İnannaya şumerlərin ən erkən - Uruq dövründə (e.ə. 4000-3100) ibadət edilsə də, Akkad hökmdarı Sarqon buranı ələ keçirməzdən əvvəl ona sitayiş geniş yayılmamışdı. Sarqondan sonrakı dövrdə Mesopotamiya sayı artan məbədləri ilə Şumer panteonunda ən nüfuzlu tanrılardan birinə çevrildi. Müxtəlif cinsi ayinlərlə əlaqələndirilən İnanna və ya İştar kultu bölgədə şumerləri assimilyasiyaya uğradan və onların yerinə keçən akkadlar, assurlar və babillilər tərəfindən davam etdirilib. O, xüsusilə assuriyalılar tərəfindən sevilmişdi, hətta onların panteonunda ən nüfuzlu tanrı olan Aşuru da üstələmişdi. İnanna yunan tanrıçası Afroditanın ilham mənbəyi olan finikiyalıların tanrıçası Aştarta böyük təsir göstərmişdi. Xristianlığın yaranması ilə I-VI əsrlərdə İnannaya sitayiş tədricən yoxa çıxıb.
Tanrıların səltənətlərində savaş
İnanna digər Şumer tanrıları ilə müqayisədə miflərdə daha çox xatırlanır. O, həmçinin təkcə Nerqalla müqayisə edilə bilən çox sayda özəllik və adlara sahib olub. Onunla bağlı miflərin çoxunda başqa tanrıların səltənətlərini ələ keçirməsindən bəhs olunur. Sivilizasiyanın bütün müsbət və mənfi cəhətlərini təmsil edən xüsusiyyətləri müdriklik tanrısı Enkidən, Eanna məbədini göy tanrısı Andan oğurladığına inanılıb. Bundan sonra “Samaş” adlandırılacaq əkiz qardaşı Utu ilə birlikdə ilahi hökmün icraçıları olub. İnanna ona qarşı çıxdığı üçün Əbih dağını yerlə-yeksan edib, yuxuda ikən ona təcavüz edən bağban Şukaletudu cəzalandırıb, Dumuzidi öldürdüyü üçün quldur qadın Bilulu ilahi ədalətlə öldürüb.
“Gilqameş”in akkad dilində yazılmış nüsxəsində İştar Gilqameşdən onun əri olmasını istəyir, amma rədd cavabı alanda Göy Buğasını buraxır, bu isə Enkidunun ölümü ilə nəticələnir. Bundan sonra Gilqameş ölümsüzlük axtarışına çıxır.
İnanna və ya İştar haqqında ən məşhur mif onun qədim Mesopotamiyanın yeraltı dünyası – Qura enməsi və oradan qayıtması ilə bağlıdır. Bu mifə görə, o, yeraltı dünyasının hökmdarı olan böyük bacısı Ereşkiqalın torpaqlarını ələ keçirməyə çalışır, amma yeraltı dünyanın yeddi hakimi tərəfindən təkəbbürdə günahkar bilinir və oxla vurularaq öldürülür. Üç gün sonra Ninşubur bütün tanrılara İnannanı geri qaytarmaq üçün yalvarır, amma onu xilas etmək üçün iki cinsiyyətsiz varlıq göndərən Enkidən başqa hamı bunu rədd edir. Onlar İnannanı yeraltı dünyadan çıxarırlar, ancaq yeraltı dünyanın keşikçiləri olan qallalar İnannanın yerinə əri Dumuzidi sürüyərək yeraltı dünyaya aparırlar. Nəticədə, Dumuzidin yarım il cənnətə qayıtmasına icazə verilir, Dumuzidin bacısı Geştinanna isə ilin digər yarısı üçün yeraltı dünyada qalır və fəsillər dövrü yaradır.
Cənnətin xanımı

İnanna və İştar əvvəlcə iki ayrı, bir-biri ilə əlaqəsi olmayan tanrıçalar olsalar da, Sarqonun dövründə eyniləşdirildi. Şumer dilində (nin-an-aq) İnannanın adı “Cənnətin xanımı” mənasında işlədilirdi, mixi işarələrdə isə bu belə deyildi. İnanna adından qaynaqlanan bu çətinliklər bəzi erkən assuriyalı alimlərin onun əvvəlcə protofərat ilahəsi ola biləcəyini, amma bundan sonra Şumer panteonuna qəbul edildiyini düşünməyə vadar etmişdi. Şumerlərdən əvvəl İraqın cənubunda protofərat substrat dilinin mövcudluğu fikri müasir assuroloqlar tərəfindən geniş şəkildə qəbul olunmur.
İştar adı həm Sarqondan əvvəl, həm də ondan sonrakı dövrlərdə Akkad, Assuriya və Babildə şəxs adı kimi üzə çıxır. Bu ad semit mənşəlidir, çox güman ki, etimoloji cəhətdən Uqarit və Cənubi Ərəbistan yazılarında adı çəkilən Qərbi Semit tanrısı Əttarla bağlıdır. Səhər ulduzu müharibələrə rəhbərlik edən kişi tanrı, axşam ulduzu isə məhəbbət dünyasına başçılıq edən qadın tanrıça kimi təsəvvür edilirdi. Akkad, Assur və Babil dövrlərində kişi tanrıların adları nəhayət qadın qarşılığını əvəz etdi, amma İştarla bağlı geniş yayılmış inanc səbəbindən tanrının adı kişi şəklində olsa da, qadın formasında qaldı.
Uruq vazası
İnanna bir çox qədim Şumer alimi üçün problem yaratmışdı, çünki onun hökmranlıq yönləri digər tanrılarınkından fərqli və ziddiyyətli cəhətləri ehtiva edirdi. Onun mənşəyi ilə bağlı iki əsas nəzəriyyə irəli sürülüb: birincisi İnannanın əvvəllər bir-biri ilə əlaqəsi olmayan bir neçə tamamilə fərqli yönlərə malik Şumer tanrıları arasında sinkretizm nəticəsində yarandığını, ikincisi isə İnannanın panteona gec gəlməsi və digər tanrılara verilməmiş bütün rolları öz üzərinə götürən semit tanrısı olduğunu iddia edir.
Hələ Uruq dövründə (e.ə. 4000-3100) İnanna artıq Uruq şəhəri ilə əlaqələndirilmişdi. İnanna III Uruk dövrünə aid kult nəsnələrinin yer aldığı məkanda tapılan Uruq vazasında da təsvir edilib.
İnanna adına təxminən e.ə. 2600-cü ildə Kiş hökmdarı Aqa üçün hazırlanmış muncuq və ya e.ə. 2400-cü ildə hökmdar Luqal-kisalsinin lövhəsində də rast gəlinir: “Kiş hökmdarı Luqal-kisalsi bütün ölkələrin hökmdarı An və hökmdar İnanna üçün divar inşa etdi”.
Akkad dövründə (e.ə. 2334-2154) İnanna və İştar Sarqonun fəthlərindən sonra eyniləşdirildi və eyni şəxs hesab olundu. Sarqonun qızı, tarixin ilk şairi Enheduanna İnannaya onu İştarla eyniləşdirən çoxsaylı ilahilər yazıb. Sarqon İnanna və Anı öz hakimiyyətinin mənbəyi elan etmişdi. Nəticədə İnanna və ya İştar kultu geniş yayıldı. Eblanın ilk qazıntılarında iştirak edən Alfonso Arçi İştarın əvvəlcə Fərat vadisində sitayiş edilən tanrıça olduğunu iddia edir və bunun həm Ebla, həm də Maridən gələn ən erkən mətnlərdə təsdiqləndiyinə diqqət çəkir.
Eanna məbədi

Sarqondan əvvəlki dövrdə İnanna kultu kifayət qədər məhdud olsa da, onun hakimiyyətindən sonra İnanna ən qısa vaxtda Şumer panteonunda ən nüfuzlu tanrılardan birinə çevrildi. Nippur, Laqaş, Şuruppaq, Zabalam və Urda İnanna məbədləri vardı, amma tanrıçanın əsas kult mərkəzi Uruqdakı Eanna məbədi idi və adı “Cənnət evi” deməkdi. Eramızdan əvvəl dördüncü minilliyin bu şəhərinin əsas himayədar tanrısı, ehtimal ki, An idi. Amma məbəd İnannaya həsr edildikdən sonra bura onun kahinlərinə verildi. Uruqun yanındakı Zabalam İnannaya ibadətin ilk erkən məkanıdır. Ola bilsin ki, Zabalam şəhərinin ilahəsi əvvəlcə başqa tanrıça olub və onun kultu erkən dövrdə Uruq ilahəsi tərəfindən mənimsənilsə də, bu, şəhərin yeni ilahəsi tərəfindən çox erkən assimilyasiya edilib. Joan Qudnik Vestenholz bir ilahidə İştarla əlaqələndiririlən “Nin-Um” adlandırılan bir tanrıçanın zabalamlı İnannanın orijinal kimliyi olduğunu irəli sürüb.
Erkən Akkad dövründə İnanna Aqade şəhəri ilə əlaqəli olan Akkad ilahəsi İştarla eyniləşdirilib. O dövrə aid bir ilahi Akkadlı İştara Uruq və Zabalamlı İnanna ilə yanaşı, “Ulmaşın İnannası” kimi xitab edir. Sarqonla bağlı Naram-Şin və Şar-Qali-Şarri qeydlərində İştar ən çox dua edilən tanrıçadır. Qədim Babil dönəmində Uruq, Zabalam və Aqade ilə yanaşı, İlib də əsas ibadət məkanları arasında yer almışdı. İbadət mərkəzi də Uruqdan Kişə köçürülmüşdü.
Sonrakı dövrlərdə, Uruqdakı kultu çiçəklənməyə davam etdikcə İştar Assuriyada, xüsusən də Nineva, Assur və Arbela şəhərlərində sitayiş edilib. Assur hökmdarı Aşşurbanipalın hakimiyyəti dövründə İştar Assuriya panteonunda, hətta assur milli tanrısı Aşuru da üstələyərək ən nüfuzlu tanrıya çevrildi. Assuriyanın baş məbədindən tapılan nəzir əşyaları İştarın qadınlar arasında məşhur tanrıça olduğunu göstərir.
Qadına çevrilən kişilər
Ənənəvi ikili cinsiyyətə qarşı çıxanlar İnanna kultuna daha çox daxil olmuşdular. Şumer dövründə İnannanın məbədlərində “qalla” adıyla tanınan bir sıra kahinlər burada xidmət etmişdilər, məbəddə mərsiyə və ağı yazmışdılar. Kişi cinsindən olan bu kahinlər özlərinə qadın adları götürür və ilahilərini şumer – eme-sal ləhcəsində bəstələyirdilər. Bu ədəbi mətnlər adətən qadın personajların dialoqlarını özündə əks etdirirdi. Bəzi şumer atalar sözləri qallaların kişilərlə anal sekslə məşhur olduqlarını göstərir.
Kurqarrü və assinnular Akkad dövründə İştar məbədlərində qadın paltarı geyinən və döyüş rəqsləri edən İştarın xidmətçiləridir. Bir neçə akkad atalar sözü də bu insanların da homoseksual meyllərə malik ola biləcəyini göstərir. Mesopotamiya haqda araşdırmaları ilə tanınan antropoloq Qvendolin Leyk bu şəxsləri müasir hind hicralarıyla müqayisə edib. Bir Akkad ilahisində İştar kişiləri qadına çevirən tanrıça kimi təsvir olunur.
İştarın rahibəsi

Semuel Noa Kramerin fikrincə, e.ə. III minilliyin sonlarına doğru Uruq hökmdarları İnannanın əri Dumuzidin rolunu üzərinə götürərək öz legitimliyini qəbul etdirə bilərdi. Bu ritual hər il yazda gecə-gündüz bərabərliyi vaxtı qeyd olunan şumerlərin Yeni il mərasimləri - Akitu bayramının onuncu günündə bir gecə davam edirdi. Bundan sonra hökmdar tanrıça rolunu üzərinə götürən İnannanın baş rahibəsi ilə dini cinsi əlaqəyə girdiyi “müqəddəs nikah” mərasiminə qatılırdı.
İştar kultunun müqəddəs fahişəliklə bağlı olduğu düşünülüb, amma indi bir çox araşdırmaçı bunu rədd edir. “İştaritum” adlandırılan məbədlərdəki kölə və ya fahişələrin İştar məbədlərində işlədiyi bildirilib, amma bu cür rahibələrin həqiqətən cinsi davranışlara yol verib-vermədikləri məlum deyil, bəzi araşdırmaçılar buna inanmır.
Qədim mespotamiyalı qadınlar İştara küldə bişmiş çörəklər - kaman tumri apararaq, ona ibadət etmişdilər. Bu haqda bir Akkad ilahisində də bəhs olunub. Maridə tapılan bir neçə gil çörək qəlibi iri döşlü və ombalı çılpaq qadınlara bənzəyir. Bəzi araşdırmaçılar bu qəliblərdə bişrilən çörəklərin İştarın özünü təmsil etdiyini deyirlər.
Venera və məhəbbət

İnanna adını qədim Roma miflərindəki tanrıça Veneradan alan Venera planeti ilə də əlaqələndirilir. Bir neçə ilahidə İnanna Venera planetinin tanrıçası və ya təcəssümü roluna görə mədh olunur. İlahiyyat professoru Ceffri Kuli bir çox əfsanədə İnannanın davranışlarının Venera planetinin səmadakı hərəkətlərinə uyğun ola biləcəyinin yer aldığını bildirib.
“İnannanın yeraltı dünyaya enməsi”ndəki rəvayətə görə, o, digər tanrıdan fərqli olaraq, ölülər diyarına enib, yenidən cənnətə qayıda bilir. Venera planetinin hərəkəti də buna oxşardır: qərbdə batıb, yenidən şərqdə çıxır. Bir ilahinin girişində İnannanın göyləri tərk edərək dağa çevrilməsindən bəhs olunur. Bu, İnannanın qərbə doğru yüksəlişini və məskunlaşmasını təqlid edir.
Veneranın hərəkəti fasiləli göründüyü üçün bəzi mədəniyyətlər bu planeti bir cisim kimi qəbul etməmişdilər. Buna görə də Veneranın hər üfüqdə iki fərqli ulduz olaraq güman olunmuşdu. Amma qədim Mesopotamiya dövrünə aid bir qeyd şumerlərin səhər və axşam ulduzlarının eyni göy cismi olduğunu bildiklərini göstərir. Veneranın fasiləli hərəkətləri həm mifologiya, həm də İnannanın ikili xarakteri ilə əlaqələndirilib.
Şumerlər İnannaya həm müharibə, həm də sevgi ilahəsi kimi sitayiş etmişdilər. Rolları sabit və məhdud olan digər tanrılardan fərqli olaraq, İnanna əfsanələrdə fəthdən fəthə gedən biri kimi təsvir olunub. Rəvayətə görə, İnanna ona verilən gücdən daha çox şeyə can atan gənc və tələskən tanrıçadır.
İnanna məhəbbət ilahəsi kimi sitayiş edilsə də, evlilik ilahəsi deyildi və heç vaxt ana tanrıça kimi qəbul olunmayıb. Endryu Corc deyir ki, bütün mifoloji mətnlərə görə, İştar temperament olaraq bu cür funksiyalara meylli deyildi./teleqraf.com
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar