Xəbər lenti
İrəvan-Moskva söz savaşı pik həddə - Qarabağ üçün yeni “yol xəritəsi”
Rusiya XİN rəsmisi Ermənistanı aşağıladı; Paşinyan təcili Təhlükəsizlik Şurasını topladı; İrəvanda yeni hökumətə qarşı ilk etiraz aksiyası keçirildi...
Moskva ilə Ermənistanın yeni rəhbərliyi arasında 8 may “məxməri inqilab”dan sonra başlayan “soyuq savaş” davam edir. Artıq yüksək çinli Rusiya rəsmiləri də İrəvanla hədə və şantaj dilində danışmağa başlayıblar. Bu barədə ötən saylarda məlumat vermişik. Bu dəfə ümumi “xor”a Rusiya XİN-dəki qırğılardan sayılan mətbuat katibi Mariya Zaxarova da qoşulub.
Belə ki, XİN sözçüsü Rusiyanın bölgədə əsas müttəfiq və yeganə legitim forpostu olan işğalçı ölkəni aşağılayıb. “Yeni Müsavat”ın xəbərinə görə, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun yalanını çıxarmasına münasibət bildirən Mariya Zaxarova “168 jam” erməni nəşrinə açıqlamasında deyib: “Ermənistan Respublikasından danışarkən biz dövlət nəzərdə tuturuq”. Onun sözlərinə görə, Moskva Ermənistanla hər hansı anlaşma və müqaviləyə oradakı daxili siyasi situasiyadan asılı olmayaraq baxır.
Yada salaq ki, bir neçə gün öncə S. Lavrov Ermənistanda üçüncü ölkənin hərbçilərinin yerləşdirilməyəcəyi haqda ikitərəfli anlaşma sənədi üzərində işin sona çatmaqda olduğunu söyləmiş, Paşinyan isə bunu təkzib eləmişdi. Erməni baş naz əvəzi əlavə etmişdi ki, belə sənəd layihəsi ondan əvvəlki hökumətlə müzakirə edilib. Yəni faktiki şəkildə o, belə bir anlaşmaya izn verilməyəcəyinə işarə vurmuşdu...
*****
Rusiya ilə gərgin, əsəbi münasibətlər öz yerində, məsələ ondadır ki, erkən parlament seçkilərinin yekunlaşmasına rəğmən, Ermənistan daxilində vəziyyət hələ də həssas olaraq qalır. Məsələn, bu arada Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları baş nazir vəzifəsini icra edən Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçiriblər.
Manevr.az xəbər verir ki, dövlət qulluqçuları Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz edirlər. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlı olduğu bildirilir. Diaspor Nazirliyinin isə əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.
Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.
*****
Nikol Paşinyanın ixtisarlarla bağlı qərarı şübhə yox ki, ilk növbədə ölkədəki ağır durumdan və çıxılmazlıqdan qaynaqlanır. Yoxsul ölkə, ildən-ilə güclənən kütləvi köç, kasad büdcə, xüsusən də gənc və orta nəsil arasında müşahidə olunan böyük işsizlik problemi. Artıq varlı oliqarxları “silkələməklə” büdcəni zənginləşdirmək taktikası da özünü doğrultmayıb.
Demək, xalqa verilən vədləri tutmaq üçün başqa, daha effektli, qeyri-standart və praktik yollar axtarılmalıdır. Bu isə enində-sonunda qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan keçir. Yəni əslində ölkə qarşısında duran bütün problemlərin açarı Qarabağ konfliktinin həllidir.
Maraqlıdır ki, qonşu ölkə və onun ətrafında seçki sonrası gedən proseslər və artan etirazlar, o cümlədən Moskva ilə sərtləşən söz savaşı fonunda Nikol Paşinyan dünən təcili şəkildə Təhlükəsizlik Şurasının iclasını keçirib. Erməni qaynaqlarının məlumatına görə, iclasda ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. “Təhlükəsizlik sahəsində gedən proseslərlə bağlı müəyyən nəticələr çıxarmaq lazımdır. Ölkənin təhlükəsizliyi, strategiya və taktiki inkişafı ilə bağlı qərarlar verilməlidir”, - deyə Paşinyan qeyd edib. Paşinyan onu da bildirib ki, bu qərarların reallaşdırılması üçün “yol xəritəsi” hazırlamaq və dəqiq fəaliyyət proqramı müəyyən etmək lazımdır.
*****
Ancaq məsələ də elə bu “yol xəritəsi”də və onu necə hazırlamaqdadır. Problem ondadır ki, Ermənistan daxili problemləri xarici problemlərlə hədsiz dərəcədə çulğalaşmış bəlkə də yeganə ölkədir. Ayrı sözlə, Rusiyadan vassal asılılığı davam edən və işğala görə ağır “Qarabağ yükü”nə sahib Ermənistanın sırf daxili təhlükəsizliyi anlayışı artıq mövcud deyil. Paşinyanın dediyi “strategiya və taktiki inkişafla bağlı qərarlar verilməlidir” sözləri də hərfi mənada anlaşıla bilməz. Çünki işğalçı ölkənin inkişafı heç vaxt olmadığı qədər xarici amillərdən, öncəliklə də Dağlıq Qarabağ məsələsindən asılı duruma gəlib. Hakimiyyət dəyişikliyinə rəğmən, Rusiyadan asılılığın səviyyəsini, iqtisadi inkişafla bağlı şansları da indi məhz həll edilməmiş Dağlıq Qarabağ konflikti diktə edir.
Belə bir acı gerçəyi Paşinyan görməyə bilməz. Bu mənada o və komandası hansısa “yol xəritəsi” hazırlayacaqsa belə, orada əsas yeri Qarabağ məsələsinin həllinə baxış, Bakı ilə anlaşmanın necə tapılması məsələsi tutacaq. Əks halda, heç bir qurtuluşdan söhbət gedə bilməz.
*****
“Aydındır ki, yaxın qonşularla münasibətlərin qurulması da münaqişələrin həllindən keçir”. Bu sözləri politoloq Elçin Mirzəbəyli deyib. Dağlıq Qarabağın azərbaycanlı icmasına XİN-dən rəhbər gətirilməsi faktını da nəzərə alan analitik hesab edir ki, Azərbaycan 2019-cu ilə öz mövqelərini daha da möhkəmləndirmiş halda gedir.
“Bu aspektdən Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni bütövlükdə münaqişələrin həlli məsələsi çərçivəsinə salması və öncəki mövqeyindən faktiki, imtina etməsi də Azərbaycanın mövqeyini möhkəmlən amillərdəndir. Ermənistanın Avropa İttifaqı ilə münasibətləri də məhz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli müstəvisində olacaq. Bunlar ciddi mesajlardır. Digər tərəfdən ABŞ-ın Ermənistandakı yeni səfirinin verdiyi açıqlamalar Amerikanın da artıq ərazi bütövlüyü məsələsində prinsipial mövqe sərgiləyə biləcəyi anlamına gəlir. Yeni səfirin təyin olunduqdan sonra verdiyi ilk mesaj məhz Ermənistanın yaxın qonşularla münasibətlərinin yüksək hala gətirilməsi ilə bağlı oldu. Aydındır ki, yaxın qonşularla münasibətlər də münaqişələrin həllindən keçir. Bundan öncəki ABŞ səfirinin də söylədiyi kimi, işğal prosesinə son qoymaq lazımdır. Daha konstruktiv mövqe sərgilənməsinə ehtiyac var. Düşünürəm ki, bütün bu faktorlar müsbət dinamikanın ola biləcəyi ehtimalını yaradır. Amma müəyyən qədər gözləmək lazımdır. Hər halda, tələsik birmənalı proqnozlar vermək doğru olmaz”.
İstənilən halda, dəqiq olan odur ki, çox şey məhz Paşinyan hökumətinin hazırlayacağı “yol xəritəsi”ndən asılı olacaq./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar