Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək" -MÜSAHİBƏ

Tarix: 16-04-2019 18:45     Baxış: 21 056 A- / A+
İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"


Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən daha yaxşı oyunçu(legioner) gətirək."

Həmsöhbətimiz Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Mahmud Kaşqari və Şahmar Əkbərzadə mükafatları laureatı, tanınmış şair-tərcüməçi İbrahim İlyaslıdı.

Manevr.az-ın əməkdaşının İ.İlyaslıdan aldığı müsahibəni təqdim edirik:

-Xöş gördük, İbrahim müəllim! Bəzən bu sualı vermək də, səmimi cavab almaq da çətin olur. Səmimiyyətinizə inanaraq, çətinlik çəkmədən soruşuram: necəsiniz?

Xoşca günləriniz olsun, Sevinc xanım. Səmimiyyət mahiyətimizdən gəldiyindən dolayı, bu konuda heç bir sorun yox, zatən. Mən onsuz da başqa cür ola bilmirəm, xüsusən də qələm adamları ilə ünsiyyətdə. O ki, qaldı “necəsən?” sualını cavablandırmağa – bu cavab gün ərzində, hətta anbaan dəyişə bilər. Ümumiyyətlə isə, mən nikbin adamam və bu sətirləri yazdığım anda ancaq “yaxşıyam” deyə bilərəm. Uca Tanrıya şükranlarım var. Sizlər də yaxşı olun.

-Ədəbiyyat dünən, bu gün və sabah... İbrahim İlyaslı nəzərində bir-birini əvəzləyən nəsillər nəyi dəyişdirə bildi və yaxud nələr dəyişdi ədəbiyyatda? Yaxşı və pis tərəfləri...

İkinci sualınız geniş arealı əhatə etdiyindən dolayı, onu əhatəli də cavablandırmaq gərəkir. Amma çalışacam, sizi də, oxuyanları da yormayım, fikirlərimi qısa ifadə edim. Mənim zənnimcə, ədəbiyyat bütün zamanlarda eyni mahiyyəti, eyni içəriliyi ehtiva etdiyinə görə, onun dünəni, bu günü, sabahı olmur. Bir-birini əvəzləyən nəsillər ədəbiyyatda heç nəyi dəyişdirə bilməzlər. Sadəcə, hər kəs öz zamanının ədəbiyatını yaradır və tarixə gömülür. Şeirimiz ədəbi, bədii, fəlsəfi yükünə görə, BAYATIlarımızdan yüklü bir nəsnə icad etməyib hələ ki! Ulu Nizamidən, Yunus Əmrədən, Nəsimidən bəri ədəbi yaradılmalar ancaq enən trayektoriya ilə irəliləyib. Hamı önə yox, arxadakı zirvələrə doğru can atır. Ədəbiyyatda zaman anlayışı başqadı – ruhani məkanın zamana nisbətini biz müəyyən edə bilmərik. Yaxşı olan budur ki, millətin ruhunda ədəbiyyata münasibət yaşayır. Pis olansa budur ki, çağdaşlarımız bəzən ədəbiyyatı yaratmaq əvəzinə sadəcə onu imitasiya edirlər. Məsələn; bir ruh halı, könül hadisəsi olan ŞEİRi forma olaraq qavrayırlar və nəticədə oxucuya şeir əvəzinə şeirin şəklini təqdim edirlər. Deyin görüm; Şəkildəki adama desən burdan dur o yanda əyləş, o bunu edə bilərmi?! Fərq bu qədər. Məncə anlaşıldı.

-Çağdaş poeziyamızda, ümumilikdə ədəbiyyatda bu günkü durum sizi qane edirmi?

Çağdaş ədəbiyyatımızın məhz məni qane edib etməməyi şərt deyil. Mən də çağdaş milli ədəbiyyatımızda sıra nəfəriyəm. Fikirlər, yanaşmalar, baxış bucaqları müxtəlif ola bilər. Əsas olan budu ki, ədəbi proses gedir. Çabalar yapılır. İnsanlarımız istedadlarını sərgiləyə bilirlər. Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən daha yaxşı oyunçu(legioner) gətirək. Yaşlı nəslimiz də, orta nəslimiz də, gənc nəslimiz də göz qabağındadı. Yəni, olanımız budu. Nisbət anlayışıyla yanaşsaq, dünyaçaplı və əbədiyaşar yazarlarımız da, qrafomanlarımız da məhz bu içərilikdən çıxacaq. Diqqətlə sərf-nəzər olunarsa, artıq XX əsrin imzalarını xırda xətalarla, cüzi tərəddüdlərlə də olsa görmək olar. Yeni əsrimizin imzaları da növbəti əsrdə gələcək nəslə məlum olacaq. Mənim istəyim ancaq budu ki, millətimiz dünya ədəbiyyatı arenasında boyunu göstərsin. Bunun hansı imzanın hesabına olacağı mənim üçün qətiyyən maraqlı deyil. Mənim üçün yetərlidi ki, TÜRK ədəbiyyatı bəşəriyyəti fəth etsin.

-Bu yaxınlarda Moskva şəhərində görüşünüz olub. Daha dəqiq desək Moris Torez adına Moskva Dilçilik institutunda .Görüş nə məqsəd daşıyırdı ?

Moskvadakı görüşlərim Azərbaycan-Rusiya ədəbi əlaqələrində bacara bildiyim qədər bir irəliləyişə vəsilə olmaq, oradakı ədəbi proseslə daha yaxından tanış olmaq, Moskvadakı Azərbaycan ədibləri və eyni zamanda diasporamızın nümayəndələri ilə görüşlər keçirmək istəyindən dolayı idi. Düşünürəm ki, mümkün zaman içində səmərəli, faydalı görüşlər keçirə bildik. Yeri gəlmişkən, bu istəyimin hasil olmasına vəsilə olan, Azərbaycan ədəbiyyatını və ümumiyyətlə millətimizi Moskvada layiqincə təmsil edən, AYB Moskva filialının katibi istedadlı və tanınmış şairimiz Afaq xanım Şıxlıya dərin təşəkkürümü bildirirəm. Moskvada ilk görüşümüz də elə "Moskva Azərbaycan İcması" Cəmiyyətinin nəzdindəki "İdrak" məktəbində Afaq xanımın əcnəbi və türk tələbələrə Azərbaycan dili dərsi zamanı baş tutdu. Moskva kimi bir meqapolisdə dilimizə olan maraq və onun keyfiyyətli tədrisi məni çox duyğulandırdı. Həmin gün Afaq xanım “açıq dərs” elan etdi. Mən də, qələm dostum yazıçı Süleyman Hüseynov da öyrəncilər qarşısında çıxış etdik.
İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"

Növbəti tədbir Moskvada “Azərbaycan” Cəmiyyətinin sədri, MXDU-nun dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Oktay Hüseynovun təşkilatçılığı ilə Moskvanın zəngin restoranlarından olan “Oazis” restoranında Süleyman Hüseynovun rus dilində nəşr olunmuş “Klyatva” romanının və mənim “Şair olmaq zülümdü” şeirlər kitabımın təqdimatı formasında baş tutdu. AYB Moskva bölməsinin sədri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, f.e.d., tanınmış ədibimiz Abuzər Bağırovun sədrliyi ilə baş tutan təqdimatda Rusiya paytaxtında yaşayan Azərbaycan elitasının, tanınmış aydınlarımızın, diasporamızın əksər nümayəndələri, eyni zamanda ədəbiyyatımızın və xalqımızın yaxın dostu Altay Respublikası Yazıçılar İttifaqının sədri, Rusiya Yazıçıları İttifaqının həmsədri, məşhur yazıçı Brontay Bedyurov, Tambovlu şair Svetlana Şilina iştirak və çıxış etdilər. Şərəfimizə yüksək səviyyəli ziyafət verildi. Süfrə arxasında millətimizin uğurlarını, qayğılarını bölüşdük.
İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"

İki gün sonra isə bizi Moris Torez adına Moskva Dövlət Linqvistika İnstitutunda fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində mərkəzin direktoru BSU-nun professoru Zemfira Rüstəmova qarşıladı. Mərkəzdə keçirilən görüşdə AYB Moskva bölməsinin sədri Abuzər Bağırovun, Azərbaycan, Rusiya və Avrasiya yazarlar birliklərinin üzvü həkim, şair-tərcüməçi Afaq Şıxlınının, MDB Üzvü Olan Ölkələrin Dillər Və Mədəniyyətlər Üzrə Baza Təşkilatı administrasiyasının direktoru Vladimir Konevin, RTEA-nın akademiki, professor, MDLU-nun Humanitar və Tətbiqi Elmlər İnstitutunun direktoru Çeslav Daletskinin, Yaxın Xaric və MDB üzvü olan ölkələrin dilləri və mədəniyyətləri kafedrasının müdiri, Qırğız Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Jenişqul Xulxaçıyevanın, Qazax Dili və Mədəniyyəti Mərkəzinin direktoru Kamşat Şaxatovanın, Rumın Dili və Mədəniyyəti Mərkəzinin direktoru Laba Dumitritsanın, Tacik Dili və Mədəniyyəti Mərkəzinin direktoru Safarqul Xalimovanın, Şəhriyar ƏMC-nin üzvü, f. e. üzrə fəlsəfə doktoru, şair Abbas Ağdabanlının və tələbələrin də iştirak etdikləri görüşdə “Azərbaycan-Rusiya ədəbi əlaqələrinə yeni baxış” adlı məruzə ilə çıxış etdim. Məruzə ətrafında yaranan diskussiyalar bəzi ilginc mətləblərə biraz da aydınlıq gətirdi.
İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"

Daha sonra Kaluqada yaşayan sumqayıtlı dostumuz, nüfuzlu soydaşımız Elman müəllimin təşəbbüsü, bu şəhərdə fəaliyyət göstərən diaspora nümayəndələrimizin dəvəti, “Moskvada Azərbaycan İcması”nın sədri, gənc olmasına baxmayaraq Moskva icmamızda böyük nüfuz sahibi olan Şamil Tağıyevin müşaiyəti ilə Kalluqaya yollandıq. Kaluqa vilayətində etnik xalqlar içində yetərincə söz sahibi olan diasporamızın ofisində düzənlənən görüş də çox səmərəli keçdi. Soydaşlarımızın buradakı diaspora fəaliyyəti ilə yaxından tanış olduq.

-Nəzərdə tutulan mahiyyətə vara bildinizmi və görüş necə keçdi?

Burada yazıçı dostum Süleyman Hüseynovla birlikdə Moskvaya etdiyimiz səfərin ancaq qısa xronikasını ifadə edə bildim. Səfərlə bağlı yaxın zamanlarda geniş analitik bir yazı ilə mətbuatda çıxış etmək fikrindəyəm. Bu yöndə görəcəyimiz çox işlər var.

-Sizcə bu görüşün ədəbi əlaqələrin gələcək inkişafına nə kimi təsiri olacaq?

Hesab edirəm ki, görüşlərimiz zamanı apardığımız danışıqlar rəsmi bir protokol anlaşması olmasa da, ədəbi əlaqələrimizin hərəkətlənməsinə qismən də olsa təsir edəcək. Kaluqada olduğumuz zaman diaspora nümayəndələrimiz Süleyman Hüseynovun vətənpərvərlik mövzusunda qələmə aldığı “And” romanının rusca variantını orada təkrar nəşr etdirib, yayımını təşkil edəcəklərinə söz verdilər. Mənə elə gəlir bunun özü ilkin nəticələrdən biridir.

-Sonda bir sual. “Şair olmaq zülümdü”- deyirsiz. Çoxmu zülüm çəkmisiz?

Qələm,dəftər – dörd divar,
Sevinc, qəm, giley-güzar...
Şeir qoşmağa nə var?-
Şair olmaq zülümdü!


Mən fikrimi bu cür ifadə etmişəm. Sualınıza cavab olaraq isə başqa bir şeirimi bura əlavə etsəniz məncə yetərli olar.

Düşmən də çəkməsin mən çəkənləri,
Mən çəkən zülümdən olmaz, əfəndim.
Adamlar bir yana, bu məmləkətdə
Quş da salamımı almaz, əfəndim.

Həmdəmim odlardı, sirdaşım sular
Könlümü qəriblik bular, ha bular.
Qeybdən nida gəldi:–Boşalan dolar!
«Quyu, su tökməklə dolmaz”!», əfəndim.

Boranlar adlayaq, xəzanlar keçək –
Ömür-gün yalandı, vaxt-vədə gerçək.
Mənim gözlərimlə sulanan çiçək,
Ömrü billahında solmaz, əfəndim.

Yeddinci qatında haqqım var deyə,
Sidqinən eşqimi bağladım Göyə.
Tutlar saza dönə, qarğılar neyə
Qoşub qəmlərimi çalmaz, əfəndim.

Tapdım çəmini də, tutdum dilə də,
Necə hökm elədi, getdim elə də.
DÜNYA söylədiyin qaldı belə də,
Bə deyirdin, «belə qalmaz, əfəndim».


-Səmimi söhbət üçün çox sağ olun. Sizə yaradıcılığınızda və ədəbiyyatımızın inkişafı, təbliği naminə görəcəyiniz işlərdə uğurlar arzulayıram!

Söhbət etdi: Sevinc Qərib

Manevr.az

İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"

İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"

İbrahim İlyaslı: "Ədəbiyyat futbol oyunu deyil ki, komandamıza başqa ölkədən legioner gətirək"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar