Xəbər lenti
Üç papağa görə ölmüş qızının və nəvəsinin qanını bağışladı - Real əhvalat
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev öz "Facebook" səhifəsində yarım əsr əvvəl baş vermiş "Kişi papağı" adlı real hekayəni paylaşıb. O, hekayəni bir tanış yazıçının danışdığını bildirib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Ç.Abdullayevin sözlərinə görə, bu gün vətəndaşlara, başlıca olaraq gənclərə bu hekayəni xatırlatmaq lazımdır.
Həmin hadisə Azərbaycanın ən iri dağ kəndlərindən birində baş verib, hekayəni danışan həmin vaxt 10 yaşında olub və hadisələrin şahididir, bu hadisələr həmişəlik onun hafizəsinə həkk olunub.
"Kənddə bir ənənə olaraq ağsaqqallara ehtiram var idi. Üç ağsaqqal ənənəvi papaqlarda kəndin mərkəzində, böyük ağacın altında bir araya gəlib, sakinlər arasında yaşanan müxtəlif mübahisələri araşdırırdı, sakinlərin şikayətlərini dinləyirdi. Onların icazəsi olmadan kəndə nə milis, nə də prokuror ayaq basa bilməzdi. İndi buna inanmaq çətin olsa da, belə vəziyyət Sovet İttifaqının yüksəliş dövründə yer alıb. Yerli hakimiyyət kəndin ənənələrini bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.
Kədərli günlərin birində məktəbə "Kalaşnikov" avtomatı gətirmişdilər, yuxarı sinif uşaqlarına onu yığıb-sökməyi öyrədirdilər. Məktəbdə qoymamaq üçün direktor onu patron qarışıq evinə apardı. Növbəti gün evdən çıxanda, 12 yaşlı oğlu avtomatı götürərək, onunla oynamağı qərara alıb.
O, bir neçə dəfə atəş açıb. Güllələrdən biri oğlan uşağı dünyaya gətirməyə hazırlaşan hamilə qadına tuş gəlib. Həm qadın, həm də doğulmamış övladı həyatını itirdi.
Hamı şokda idi. Qadın hörmətli ailənin nümayəndəsi idi, məktəb direktoru da onun kimi. Azərbaycan dilində müəllim, sadəcə, peşə anlamına gəlmir, daha çox "hörmətli" sözünün əvəzində işlənir. Hadisə hər iki ailənin başına bəla oldu. Qorxulu bir bəla.
Ağsaqqalllar çinar ağacının altına toplaşdı. Bir saata yaxın öz aralarında götür-qoy etdilər və yekdil şəkildə bunun dəhşətli anlaşılmazlıq olduğunu qət etdilər. Ağsaqqallar ölmüş qadının atasının evinə doğru hərəkət etdilər. Mənə yarım əsrdən sonra bu hadisəni rəvayət etmiş şəxs özü də onların yanında idi, qocalara kömək edirdi.
Ölən qadının ailəsi matəmə qərq olmuşdu. İçəri daxil olan ağsaqqallar papaqlarını masanın üzərinə qoydular. Evin sahibi qarşı tərəfdə əyləşmişdi. Fikirdən-dərddən rəngi qapqara idi. Çay gətirdilər. Heç kim stəkanlara toxunmadı, ağsaqqalların ən yaşlısı ev sahibindən, direktorun ailəsinin dəfn mərasimində iştirak etməsinə icazə verməsini xahiş etdi. Ev sahibi uzun müddət susdu. Çaylara hələ də toxunan yox idi. Papaqlar da qonaqların qarşısında idi.
"Bilmərəm...", - deyə ev sahibi birdən dilləndi: "Bağışlaya bilmərəm. Biz uzun müddət nəvə yolu gözləmişik. Bilmərəm".
Ağsaqallar başa düşdü ki, xahiş etməyin heç bir faydası yoxdur. Və bu an onların ən yaşlısı ayağa qalxdı. O, papağı masanın üzərində qoyub qapıya doğru irəlilədi. Sonra ikinci, ardınca isə üçüncü qalxdı. Masa üzərində üç papaq dururdu, ağsaqqallar isə evi başıaçıq şəkildə tərk edirdilər.
Evin sahibi onlara doğru qaçdı. Ağsaqalları masa arxasına qaytarıb, stəkanlarına qənd saldı. Sonra öz stəkanına da qənd qoyub, ilk olaraq özü içdi. Ardınca qonaqlar da çayı içdilər. Burda artıq hər şey sözsüz aydın idi. O, qızının və doğulmamış nəvəsinin qanını bağışladı. Qonaqlar papaqları başlarına keçirib, sakit şəkildə evdən çıxdılar. Uşaq onların dalınca qaçsa da, bir şey anlamadı.
Artıq axşam saatlarında bütün kəndin bundan xəbəri var idi. Uşaq babasından qonaqların nə üçün papaqlarını masanın üzərində tərk etdiklərini və ev sahibinin nəyə görə onların dalınca qaçdığını soruşdu.
"Onlar kəndə papaqsız çıxsaydılar, biz həmişəlik biabır olardıq", - deyə babası izah etdi.
"Ağsaqqalları papaqsız gəzən kəndə heç kim hörmət etməz. Hamımız rüsvay olardıq. Yalnız qan məsələlərində papağı çıxarıb onu qan düşməninin evində tərk etmək olar. Yalnız barışıq məqsədilə.
Onlar bir daha sübut etdilər ki, biz onların qərarlarına etibar etməklə, əslində, düz iş tuturuq. Barışıq naminə onlar rüsvay olmağa belə hazır idilər. Onlar əsl kişilərdir", - deyə baba sözünü tamamladı.
Bizim ağsaqqallar "qeyrət"in, şərəf və ləyaqətin nə olduğunu yaxşı bilirdilər. Ev sahibi də əsl kişi idi. Üç papağa görə, belə bir dərdə, qızının və doğulmamış nəvəsinin qanına göz yumdu.
Hekayə bundan ibarətdir. Biz azərbaycanlılar belə insanlarıq. "Namus" və "qeyrət" sözləri bizim ağsaqqalların qanında olub. İndiki Səadət sarayını tikmiş Murtuza Muxtarov da belə insanlardan idi. Onun həyətinə çağırılmamış atlı qonaqların icazəsiz daxil olmasından sonra hər birini güllələyərək, son gülləni özünə saxlayıb.
Səməd bəy Mehmandarov da belə kişilərdən idi. Yapon qoşunlarına əsir düşəndə, müharibədə iştirakdan imtina etdiyinə dair məktubu imzalamadı. Bizdə belə kişilər olub. Bu gün isə öyrəndim ki, hansısa əclaflar görmə əngəlli gül satıcısını qarət edib. Əsl ağsaqqalların bu yaramaz hərəkətə hansı şəkildə reaksiya göstərəcəyini təsəvvür edirəm. Bax, belə yaşayırıq", - deyə Ç.Abdullayev yazıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar