Xəbər lenti
Makedoniya adını dəyişir, bəs Azərbaycan? – iki ekspert rəyi
Makedoniya parlamenti ötən cümə ölkənin adının Yunanıstanla bağlanmış müqavilədə nəzərdə tutulduğu kimi, “Şimali Makedoniya Respublikası”na dəyişdirilməsi barədə konstitusiyaya düzəlişlər edilməsinin lehinə səs verib. Yunanıstanla bağlanmış sazişin icra edilməsi Makedoniyanın Avropa İttifaqı və NATO-ya gedən yolunu açmaq məqsədi daşıyır. Makedoniya müxalifəti ölkənin adının dəyişdirilməsinə qarşı çıxıb.
Qeyd edək ki, Makedoniyanın adının dəyişdirilməsi Yunanıstanda bu adda bölgənin olması ilə əlaqədardır. Son 27 ildə Yunanıstanla Makedoniya arasında bu adla bağlı mübahisələr gedirdi. Bu ilin iyununda hər iki ölkə arasında razılıq əldə olunub.
Makedoniya adının dəyişdirilməsi Azərbaycanla bağlı da bir məsələni gündəmə gətirir. Məlumdur ki, Cənubi və Şimali Azərbaycan mövcuddur. Gələcəkdə Azərbaycanın da Avropa Birliyinə və NATO-ya üzvlük məsələsində şanslar yaranarsa, ölkəmizin də adının dəyişdirilib-dəyişdirilməyəcəyi maraq doğurur. Makedoniya məhz bu qurumlara üzv olmaq üçün bu addımı atıb.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunları düşünür: “Yunanıstan uzun illər Makedoniyanın adına etiraz etdi. Çünki eyni adda bölgə Yunanıstanda da var. Afinanın əsaslandırması belə idi ki, eyni adda iki bölgə ola bilməz və Makedoniya adını dəyişdirməlidir. Makedoniya uzun illər bu yanaşmanı qəbul etmədi. Ancaq NATO və Avropa İttifaqı üzvlüyünü qarşısına məqsəd qoyduqdan sonra güzəştə getmək məcburiyyətində qaldı. Əks halda NATO və Avropa İttifaqı üzvü olan Yunanıstan Makedoniyanın bu iki quruma üzvlüyünə veto qoyacaqdı. Biz Azərbaycanın adını dəyişməsi şansını əldən verdik. Bunu müstəqilliyimizi elan etdiyimiz dövrdə həyata keçirməli idik. O zaman Xalq Cəbhəsinin idarə heyətinin üzvü, mərhum Vaqif Səmədoğlu da belə təkliflə çıxış etmişdi. Əgər Şimali Azərbaycan Respublikası adlandırılsaydıq, dünya Cənubi Azərbaycanın da var olduğunu qəbul etməli olacaqdı. İranın buna mənfi reaksiyası üçün də səbəb olmayacaqdı. Tam əksinə, biz yalnız Arazın şimal hissəsindəki Azərbaycan üçün Şimali Azərbaycan ifadəsi işlətmiş olacaqdıq. Məsələn Yunanıstan Makedoniya Respublikasının adına ona görə etiraz edirdi ki, Makedoniya tək bir hissədən ibarət deyil.
Bundan sonra Azərbaycan adının dəyişdirilməsi gecdir. Bütün işləri vaxtına görmək lazımdır. İndi ad dəyişdirmək haqqında düşünsək, İran buna torpaqlarına ərazi iddiası kimi qəbul edəcək. Tehran düşünəcək ki, Azərbaycanın şimalı cənuba iddia edir. Halbuki bizim belə bir hədəfimiz yoxdur. Güney Azərbaycan öz taleyini özü həll etməlidir. Əlbəttə hər birimizin könlündə vahid Azərbaycan ideyası var, ancaq reallığı da nəzərə alırıq. Biz qonşu dövlətlərin, o cümlədən İranın ərazisinə iddia etmirik. O başqa məsələ ki, azərbaycanlı olaraq Arazın o tayındakı qardaş və bacılarımızın hür, müstəqil və güclü olmalarını istəyirik. Ancaq bu, o demək deyil ki, məsələyə nöqtə qoyulub. Bir gün İrandakı prosesləri məcrasından çıxsa və Güney daha çox hüquq ala bilsə, ad məsələsinə yenidən qayıtmaq olar”.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, bugünkü Makedoniya dövlətinin tarixi 90-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonra başlayır: “Həmin vaxtdan Yunanıstan ölkənin Makedoniya adlandırılmasına qarşı çıxıb və onu bu adla adlandırmaqdan imtina edib. O səbəbdəndir ki , yunanlar Makedoniyanı paytaxtlarının adı ilə Skopye adlandırırlar. Bunu isə onunla əlaqələndirirlər ki, qədim Makedoniya torpaqlarının əraziləri Yunanıstan dövləti daxilindədir və eyni adlı coğrafı toponim adı Yunanıstanda mövcuddur. Doğurdan da qədimdə mövcud olmuş Makedoniya dövlətinin torpaqlarının yarıdan çoxu bu gün Yunanıstanda, 35 faizi Makedoniyada, təxminən 10 faizi isə Bolqarıstan ərazisindədir. Əsas bu faktor Yunanıstanı Makedoniya ilə ad məsələsində qarşı-qarşıya qoyub və bu günə qədər Makedoniyanın Avropa İttifaqına, NATO-ya daxil ola bilməməsi səbəblərinin özəyini təşkil edir. Hətta Makedoniya hökuməti rəsmi Afinanın mövqeyindən şikayət də vermişdi. 2011-ci ildə bu şikayətlərə cavab olaraq Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi qərar qəbul edərək Yunanıstana Makedoniyanın NATO-ya , AB-yə və digər beynəlxalq təşkilatlara üzvlüyünə mane olmağa hüququnun olmadığını bildirmiş və bu barədə qərar qəbul etmişdi. Lakin yenə də bloklama davam edirdi.
Zaman-zaman Makedoniya siyasətçiləri Yunanıstana güzəştə gedərək adın dəyişdirilməsi təklifini ortaya atıblar. Amma çoxluq bunun əleyhinə olduğu üçün ideyanı həyata keçirtmək mümkün olmayıb. Məsələnin yenidən gündəmə gəlməsi , ölkənin adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə konstitusiyaya düzəlişlər edilməsinin lehinə səs verməsi böyük ehtimalla buna mane olacaq güclərin azaldığından, yaxud mövqelərini dəyişməsindən xəbər verir. Hesab edirəm ki, ad dəyişikliyindən sonra Makedoniyanın NATO və AB yolunda olan problemlərinin sayı azalacaq. Hətta Yunanıstanın xüsusi dəstəyini də görə bilərik. Ən azından iki ölkə arasında analoji məsələ barədə müqavilə imzalanıb. Yunanıstanın indiyə qədər bu məsələdə inadlı görünməsinin səbəbi Makedoniya dövlətinə olan hansısa neqativdən irəli gəlmirdi.
Onsuz da Makedoniya adında Avropada cəmi bir dövlət var və onun beynəlxalq təşkilatlara üzvlüyündə hansısa çəpər olmamalı idi. Amma əsas məsələ dünyada məşhur olan böyük və nəhəng qədim Makedoniya dövlətinin varisliyi mövzusunda fikir ayrılığının olmasında idi. Bu nüans rəsmi Afinanı həmişə narahat edirdi. Afina bilirdi ki, bu gün olmasa da, gələcəkdə hazırkı Makedoniya qədim Makedoniya dövlətinin tək varisi olduğunu elan edə bilər. Kimsə bizə desə ki, analoji addımı biz də ata bilərik, hesab edirəm ki, o ya situasiyanı dərk edə bilmir, ya da bilərəkdən təxribata yol verir. Belə ki, bizim üçün Şimali Azərbaycan dövləti anlayışı olmamalıdır. Çünki Azərbaycan tək dövlətdir və eyni adda başqa dövlət yoxdur. Amma Cənubi Azərbaycan anlayışı ərazi nöqteyi- nəzərindən mövcuddur, orada milyonlarla soydaşımız yaşayır. Ona görə də oranın Cənubi Azərbaycan adlandırılması vacibdir. Əgər nə vaxtsa həmin ərazidə eyni millət, eyni adlı dövlət yaradarsa, o zaman məsələni müzakirə etmək olar”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar