Onda da işin-gücün tökülüb qalır. Elə jurnalistlər var ki, bütün günü tədbirlərdən şəkillər çəkib paylaşırlar. Bir az diqqətlə baxanda görürsən ki, bu adamlar gün ərzində azı 2-3 tədbirdə iştirak edir. Maraqlı sual yaranır: bəs bunlar yazı nə vaxt yazır və ümumiyyətlə jurnalistika ilə nə zaman məşğul olurlar? Müşahidələr bunu deməyə əsas verir ki, bu qəbildən olanlar jurnalistika ilə qəti məşğul olmur, sadəcə, bu adla dövlətdən qopardıqları pulları yemək üçün baş girələyirlər.
Ən maraqlısı budur ki, bir çoxları özlərinə aid olan və ya olmayan hansı tədbirə gəldi gedirlər. Başıma gələn bir hadisəni danışım. 22 iyulda keçirilən mətbuat bayramında məni bir mötəbər tədbirə dəvət etmişdilər. Dəvət edəndə bildirdilər ki, həmin sahədən yazılar yazdığım üçün qurum məni mükafatlandırmaq istəyir.
Doğrudan da həmin sahə ilə bağlı yazılarım olduğu səbəbindən , etika naminə dəvət olunduğum tədbirdə iştirak etdim. Zal dolu idi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 7-8 millət vəkili və başqa tanınmış simalar iştirak edirdi. Təltifetmədə gördüm ki, kimə gəldi, aidiyyəti olan və ya olmayan fərqli peşə nümayəndələrinə də mükafat verirlər. Mükafatın adı isə belə idi: “Milli mətbuatın inkişafındakı xudmətlərinə görə”.
Məni səhnəyə dəvət edib, mükafatı təqdim edəndə danışmaq istədiyimi bildirdim. İrad tutdum ki, hansısa müğənniyə bu mükafat niyə verilir? Müğənninin mətbuatın inkişafında nə rolu ola bilər? İrad tutdum ki, lap bu mükafatı verirlər, bəs bəziləri niyə layiq olmadığı mükafatı alır? Təəssüf ki, bizdə imtina mədəniyyətindən daha çox, “nə verdilər qapazla, qoy cibinə” prinsipi inkişaf edib.