Azərbaycan da şəkərin xammalını idxal edir. Təbii ki, xammalın qiymətində artım məhsulun qiymətinə təsirsiz ötüşmür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirdi ki, şəkərin qiymətinin qalxması qlobal iqtisadi vəziyyətdən irəli gəlir: “Bahalaşmaya bu kontekstdən yanaşmaq lazımdır. Şəkər istehsalı üçün tələb olunan xammal baxımından əslində, heç bir çatışmazlıq yoxdur. Bahalaşmanın əsas səbəbi tədarükün azalmasıdır. Belə ki, sözügedən məhsulun ixracı üzrə tanınmış ölkələr - Hindistan, Braziliya, Pakistan və digərləri ixraca məhdudiyyətlər qoyurlar. Səbəb isə ondan ibarətdir ki, özlərində şəkərə olan tələbatlarını ödəyə bilsinlər. Bu da xammal qıtlığı ilə əlaqədar deyil. Problem yanacağın qiymətinin baha olmasında, neftin dünya bazarındakı qiymətlərindədir”.
Ölkəmizin şəkər sarıdan idxaldan asılı olduğunu nəzərə alsaq, təbii ki, sözügedən məhsulun bizdə də qiymətlərinin artacağı gözləniləndir. Azərbaycanın illik şəkər və şəkər məhsullarına olan tələbatı 250 min tondan çoxdur. Şəkər tək qənnadı məmulatlarında deyil, həm də ət konservasiyasında, dəri sarğısında, tütün sənayesində, əczaçılıqda və plastik məmulatların istehsalı üçün istifadə olunur. Bu isə o deməkdir ki, şəkərin bahalaşması domino effekti yaradaraq digər ərzaq məhsullarının da qiymətlərini artıra bilər”.

İqtisadçı Xalid Kərimli bildirdi ki, şəkər qiymətləri indeksi son bir neçə ayda artır: “Mart ayının statistikasına baxsaq, fevral ayı ilə müqayisədə 1,5 faiz yüksəlib. 2016-cı ildən sonra ən yüksək qiymət olub. Digər məhsullara baxanda şəkərdə qiymət artmımı bir az gec başladı. Əvvəllər o biri ərzaq qiymətləri, məsələn, ət, buğda, taxıl qalxanda şəkərin qiyməti o qədər sürətlə qalxmırdı. Amma ümumi şəkildə şəkərin qiyməti son 12 ilin ən yüksək səviyyəsinə çatıb. Bunun da müxtəlif səbəbləri var. Dünyada əsas şəkər istehsal edən ölkələr Hindistan, Tailand, Çin və Braziliyadır. Xüsusən də Hindistan, Tailand və Çində məhsul yığımının az olacağına dair narahatlıqlar şəkər qiymətlərini artırıb”.
“İstehsalımız sadəcə qablaşdırmadan ibarətdir”
X.Kərimli vurğuladı ki, birjada baş verən proseslərin Azərbaycan bazarına təsiri bir müddət sonra hiss edilir: “Çünki həm yolda, həm də anbarlarda olan mallar var. Yəni anbarların yenilənməsi, yolda olan malların çatması bir qədər zaman alır. Təbii ki, Azərbaycan daxildə şəkər istehsal edir. Amma Azərbaycan şəkər xammalını xaricdən alır. Hətta istehsalımız da sadəcə qablaşdırmadan ibarətdir. İlkin xammal olan şəkər çuğundurunu, eləcə də keyfiyyətli şəkəri idxal edirik. Bu baxımdan dünya bazarında baş verən proseslər Azərbaycan bazarına da təsir edir. Məhsullardan asılı olaraq qiymət artımı gedir”. ("Kaspi" qəzeti)