Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təkbaşına, yalın əllə üç silahlı ermənini ram edən, döyüş dostlarını 7 günlük mühasirədən qurtaran “malış”

Tarix: 06-06-2023 12:28     Baxış: 4199 A- / A+
İgid ölər, adı qalar!...
Nazifin - Sumqayıtın 14 №-li məktəbinin 9-cu sinif şagirdinin birdən-birə yoxa çıxamasının ilk narahatçılığını parta yoldaşı keçirməli olmuşdu.
Səhər dərs başlanmazdan əvvəl Nazif “birazdan gələcəyəm” deyə çantasını ona tapşırıb, sinifdən çıxmışdı. İlk dərslərdən sonra Nazif sinfə qayıtmasa da, elə bir nigarançılıq yox idi, ancaq o, üçüncü dərsə də gəlmədikdə yoldaşları narahatlıqla onu məktəbin həyətində, idman meydançasında, hər yerdə axtarmağa, digər sinif uşaqlarından soraqlamağa başladılar. O, heç yerdə yox idi. Bununla belə hələ onun tapılacağına ümid vardı, ciddi bir həyəcana əsas yox idi. Uşaqların bəziləri Nazifin nəyə görəsə evə qayıtmalı olduğunu, ya başqa bir səbəbdən sinifdə olmadığını, dərslərin sonunadək qayıdacağını düşünürdülər. Sinif rəhbərinə və digər fənn müəllimlərinə də təskinliklə “harda olsa, gəlib çıxar, çantası burdadır” demişdilər. Ancaq dərslər başa çatdıqdan sonra da Nazifin məktəbə qayıtmaması hamının ciddi narahatlığına səbəb olmuşdu. 

O isə şərəfli bir yola üz tutmuşdu…

Həmin anlarda doğmalarından və sinif yoldaşlarından ayrılmalı olduğuna görə nigarançılıq keçrsə də, Nazif təsadüfi yol maşınlarına əl qaldırıb... heç zaman görmədiyi, son günlər ürəyində göyüm-göyüm göynəyən Şuşaya yol almışdı. Təxminən 20 gün əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə daşnakların vəhşiləşmiş quldur dəstələrinin ermənilərə satılmış 366-cı sovet motoatıcı polkunun iştirakı ilə böyüklü-uşaqlı azərbaycanlı sakinlərə qarşı onların dogma kəndi Xocalıda törətdikləri dəhşətli qırğının ağrı-acısı Nazifi rahat buraxmır, gecələr yuxusunu ərşə çəkmişdi. O, heç kəsə bildirməsə də, neçə gün idi ki, ürəyində günahsız Xocalı qurbanlarının üzüntülü ağrılarını yaşayır, Qarabağa gedib, orda düşmənə qarşı mərdliklə mübarizə aparan döyüşçülərimizə qoşulmaq haqqında düşünürdü. Ancaq bu barədə nə evdə, nə də məktəb yoldaşlarının yanında bir kəlmə də danışmırdı ki, birdən onun planını poza bilərlər. O isə bunu qətiyyən istəmir, münasib məqamı gözləyirdi. Məktəbdən ayrıla biəcəyinə görə qətiyyən narahat olmurdu. Bilirdi ki, Şuşada onu daha böyük bir məktəb – qeyrətli oğulların sınaqdan çıxdığı vətənpərvərlik məktəbi, əsl Vətən məktəbi gözləyir… Yəqin ona görə son vaxtlar tanınmış şair Mirsabirin bu misraları dilindən düşmürdü:

Gözləri yoldadır, qulağı səsdə, 
Qoyub bir əlinini qaşının üstə,
Baxır həsrət ilə düzə, yoxuşa, 
Bizim yolumuzu gözləyir Şuşa...

Arxada anamız, bacımız durur, 
Bizim qeyrət adlı tacımız durur, 
Hələ şəhidlərə borcumuz durur,
Çağırır bizləri intiqam, qisas,
Bir addım… gеriyə çəkilmək olmaz! 


Heç vaxt görmədiyi, son zamanlar daha çox həsrətində olduğu Şuşaya müxtəlif yol maşınları ilə gedərək, ora axşama yaxın çatmışdı. Soraqlaşıb, igid döyüşçü, xalqımızın vətənpərvər oğlu, Milli Qəhrəman Ramiz Qəmbərovun könüllülər batalyonunu tapmış, döyüşlərdə iştirak etmək, erməni faşistlərindən Xocalının qisasını almaq istədiyini bildirmişdi. Ramiz Qəmbərov Nazifin cəsur, vətənpərvər oğullar şəhəri olan Sumqayıtdan gəldiyini bilib, sifətindəki qisas, döyüş əzmini, boylu-buxunlu bir oğlan olduğunu görüb, onu məmnuniyyətlə özünün döyüşçülər sırasına qəbul etmişdi. Və heç kəs fərqinə də varmadı ki, özünü 22 yaşındakı  oğlan kimi təqdim edən Nazifin cəmi 16 yaşı var və onun döyüşlərdə iştirak etməyə hələ yaşı düşmür. Sənədlərini soruşduqda isə demişdi ki, evdə onun niyyətindən xəbər tutub, pasportunu gizlədiblər (düzü, heç pasport yaşına da çatmamışdı). 

Əslində Nazifin evdən və məktəbdən Şuşaya qaçdığı gün onun üçün ən gözəl, ən müqəddəs bir gün idi – anası Nargilə xanımın Ad günü! Və ağlı kəsəndən hər il qəpik-qəpik yığdığı pulla anasına kiçik hədiyyə alıb, ilk övlad kimi özünün və qardaşlarının, bacısının adından təbrik edib, sevindirərdi. Özü də bunu səhər-səhər məktəbə getməzdən əvvəl, tələm-tələsik etməz, anasını dərsdən qayıtdıqdan sonra qucaqlayıb, üz-gözündən öpüb təbrik edərdi. Və bu gün səhər atasından bir manat istəyəndə, o, oğlunun anasına hədiyyə almaq istədiyini  düşünüb, pulu ona gülə-gülə vermişdi. Çox maraqlı idi ki, uşaqlar evdə elə tərbiyə görmüşdülər, ata-anaya elə böyük hörmət, məhəbbət var idi ki, onların heç biri heç vaxt daim stolun üstündə açıq şəkildə qutuda qoyulmuş pul qabına əl uzatmırdılar, yalnız valideynlərin verdikləri xırda qəpiklərə qane olurdular. Elə bu cür tərbiyənin nəticəsi idi ki, Nazif müqəddəs bir səfərə yollandığı gündə də, o ailə “kisə”sindən əlavə bir manat belə götürməmiş, atasının verdiyi bir manatla kifayətlənməli olmuşdu. (Əslində Şuşaya getmək üçün ordan əlavə pul götürmüş olsaydı belə, ona güldən ağır söz deyən olmazdı. Ancaq o, ailə büdcəsinə heç vaxt “xəyanət” etməzdi). 
…Həmin gün səhər işlədiyi Şüşə zavodundan evə qayıdan Nargilə xanımı Nazifin dərsdən sonra evə gəlməməsi bərk narahat etmişdi. Axı, Nazif daim əziz tutub, sevdiyi anasını məhz o işdən qayıtdıqdan sonra boynunu qucaqlayıb təbrik edərdi. Ovadlarının ilki olan oğlu həmişə onu da dilə gətirməkdən məmnunluq duyardı ki, anası xalqımızın ən sevimli, gözəl bayramlarından olan Novruz bayramı ərəfəsində - martın 16-da dünyaya gəlmişdi. Bu gün isə… Axşama yaxın Nargilə xanımın ürəyini şübhələr didməyə başladı. Baxmayaraq ki, inanırdı ki, Nazif harda olsa da, anasını təbrik etmək üçün hökmən gələcəkdi, ancaq Nazif gecikirdi... Yeganə ümid yerləri dogma Quba rayonunun Küsnət Qazma kəndindəki qohumları idi. Onun kəndə icazəsiz gedəcəyi istisna olsa da, ora da xəbər göndərildi. Lakin qohumlar da təşvişlə bildirdilər ki, kənddə də onu görən olmayıb. Bəlkə, Allah eləməsin, Nafiz hardasa qəzaya uğrayıb, ya nəyinsə, kiminsə güdazına gedib? Onun xəbərsiz-ətərsiz yoxa çıxması ata-ananı dözülməz dərəcədə üzdüyündən, onlar gecə yarısı bu barədə Sumqayıt şəhər milis şöbəsinə də məlumat verməli oldular. Səhərisi günü artıq məktəbli Nazif Nizaməddin oğlu Mədinov respublika üzrə axtarışa verildi. Sumqayıtın təhsil şöbəsi və oxuduğu məktəbin kollektivi də şəhər qəzetində şəkli ilə birgə axtarış elanı verdilər. 

Şuşada – igidlər oylağında


…Nazif ilk gündən Şuşanın müdafiəsində dayanan mərd oğullara tezliklə uyuşması, vətənə sevgisindən doğan çılğın xarakteri, gözündəki qisas qığılcımları ilə həm batalyon komandirinin, həm də döyüşçülərin qəlbinə yatmışdı. O, özünü elə aparırdı ki, sanki çoxdan idi onlarla biryerdə döyüşüb-vuruşurdu. Təcrübəli döyüşçülər ona həvəslə silahlardan istifadə etməyi, onlarla davranış vərdişlərini öyrədir, düşmənin necə hiyləgər və məkrli olduğunu təmkinlə başa salırdılar. Boy-buxunlu olması heç kəsdə Nazifin 16 yaşı olmasına şübhə yaratmırdı. O, elə ilk gündən cəsarəti olması, azğın düşmənə qarşı döyüşə atılmağa cəhd göstərməsi ilə döyüş yoldaşları arasında rəğbət qazanır. Ləzgi dilində sərbəst danışmasını bilən batalyon komandiri Ramiz Qəmbərov onu rabitəçi təyin edir. Lakin boyca uca olsa da və hamı onun 22 yaşda olduğunu düşünsə də, batalyona yenicə gəldiyi üçün onu “malış” deyə çağırırdılar. Yüksək dağ başında yerləşən, suyu, havası, təkrarsızlığı ilə seçilən Şuşanı ilk dəfə görən, onun füsunkar gözəlliyinə məftun olan Nazif ətrafdakı meşəlikləri doğma Qubanın meşəliklərinə bənzədirdi. Və bir gün Nazif odun gətirmək üçün Topxana meşəsinə yollanarkən gözlənilmədən üç nəfər düşmən kəşfiyyatşısı ilə üz-üzə gəlir. Onlar silahsız olan Nazifə təslim olmağı əmr edərək, rusca kimliyini soruşanda Nazif özünü soyuqqanlı apararaq, onlara qəsdən başa düşmədikləri ləzgi dilində cavab verir. Onun nə dediyini, hansı dildə danışdığını başa düşməyən ermənilər Nazifi özlərinin “nayomniki” – xarici muzdlu döyüşçü hesab edirlər. Ona görə də sorğu-suala tutmaqda davam edərək, özlərinə yaxın buraxırlar. Vəziyyətdən çıxmağın heç də asan olmayacağını başa düşən, lakin  zərrəcə də qorxmadan, həyəcan keçirmədən, ləzgicə danışa-danışa onlara yaxınlaşan Nazif qəfildən virtuoz cəldliklə lap yaxınındakının avtomatını bir göz qırpımında əlindən qopardıb, digər iki erməniyə göz açmağa imkan vermədən sərrast atəşlə onları yerə sərir, avtomatını əlinə keçirdiyi  ermənini isə əsir götürür. Cəsur, qorxubilməz hərəkəti ilə əsl döyüşçü oduğunu ilk növbədə özünə sübut edən Nazif silahını əlindən aldığı ermənini qabağına qatıb, o biri erməniərin də avtomatlarını çiyinlərinə aşırıb, batalyonun qərargahına gəlir. Ramiz Qəmbərov əsl igidlik göstərərək, əli yalın halda üç ermənini ram edən, düşmən əsirini batalyona gətirən Nazifə döyüşçülər qarşısında təşəkkür edərək, həmin gündən ona həm kəşfiyyatçı, həm də rabitəçi işini tapşırır. Əsir düşməndən əldə edilən hərbi  sirrlər, erməni birləşmələrinin dislokasiyası haqqında məlumatlar əsasında könüllülər batalyonu elə həmin gün gecə yarısı düşmən arxasına keçərək, onun xeyli sayda döyüşçüsünü məhv edib, çoxlu silah-sursatlarını ələ keçirir.

Kombat Ramiz Qəmbərov: “mən Nazifi heç kəsə vermərəm!” 
 

Azərbaycanın hər yerindən olduğu kimi, “üsyankar şəhər” Sumqayıtdan da Qarabağın, onun ürəyi olan Şuşanın müdafiəsinə vaxtaşırı yüzlərlə könüllü ilə yanaşı qrafik üzrə milis dəstələri də gəlirdi. Aprelin ortalarında döyüş növbəsinə gəlmiş milis işçilərindən biri “respublika axtarışında” olan Nazifin təsadüfən könüllülər batalyonunda olduğunu görüb, onun şəkli olan “Sumqayıt” qəzetini komandirə göstərərək, 16 yaşı təzəcə tamam olmuş yenietmənin 9-cu sinif şagirdi oduğunu, bura evdən xəlvət qaçıb gəldiyini bildirərək, onun Sumqayıta qaytarılmalı olduğunu demişdi. Ramiz Qəmbərov özünün cəsur döyüşçüsünün məktəbli olduğuna inanmamış, lakin elə olsa da belə onu geri qaytarmayacağını, Nazifin cəsur bir döyüşçü kimi batalyona hələ çox lazım olduğunu bildirərək, “onu heç kəsə vermərəm” demişdi. Kombatı dilə tutaraq, “yumşaltmağa” çalışan sumqayıtlı milisioner deyəndə ki, “heç bilirsən, onun anası bu bir ayda nələr çəkib?”, Ramiz qayıtmışdı ki, “bilirəm, ancaq Nazif kimi igid oğul indi anasından daha çox Şuşaya, Vətənə lazımdır!”.

“Bizim yolumuzu minlərlə bacımız, anamız gözləyir, onların hamısının ümidi bizədir...”  

Nazifin “yoxa çıxmadığını”, Şuşanın müdafiəsində dayandığını, ermənilərə qarşı igidliklə vuruşduğunu eşidən ata-anası, bacısı və qardaşları, məktəb yoldaşları, onun axtarışına cəlb edilmiş hüquq-mühafizə nümayəndələri bu xəbəri xoş, sevincli bir müjdə kimi qarşılamışdılar. Elə səhərisi günü Nazifin ata-anası Şuşaya, onu görməyə yollanırlar. Onu əsgər paltarında, əsl döyüşçü kimi ciddi və vüqarlı görən, haqqında komandirin və yoldaşlarının necə qürurla, fəxrlə danışdıqlarını eşidib, valideynləri onunla haqlı olaraq öyünmüş, sevinclə boynunu qucaqlayıb, bağırlarına basaraq, gözlərindən öpmüşdülər. Ondan Sumqayıta, evə qayıtmağı, əsgərlik yaşı çatdıqdan sonra hərbi xidmətə getməsini xahiş etsələr də, Nazif israrla bildirmişdi ki, döyüşlər bitməyincə geri qayıdan deyil. Anası deyəndə ki, oğul, bacın səni gözləyir, hər gün sənin həsrətinlə göz yaşı tökür, o, cavab vermişdi ki, məni və döyüş dostlarımı minlərlə bacımız, anamız gözləyir, onların hamısının ümidi bizədir. Belə olduqda atası Nizaməddin və anası Nargilə xanım onun məhz Şuşada tapılmasından, onların başını uca etməsindən məmnunluqlarını gizlətmədən Sumqayıta qürur hissi ilə dönmüşdülər.  

16 döyüşçü dostunu 7 günlük mühasirədən çıxardan “malış”  

Təəssüf ki, o zamankı ölkə rəhbərliyinin hərbi-siyasi naşılığı, iradəsizliyi, xalq qarşısında məsuliyyətsizliyi üzündən bağışlanılmaz, üzücü hadisənin baş verməsi – Şuşanın erməni faşistləri tərəfindən işğalçılıqla ələ keçirilməsi bütün xalqımız kimi Nazifi də məyus etmişdi. Ramiz Qəmbərovun cəsur döyüşçüləri, Azərbaycanın yəhudi balası, tankçı Albert Aqarunov kimi qeyrətli, igid oğullar düşmənə qarşı son damla qanlarınadək mərdliklə vuruşsalar da, Şuşanı əldə saxlamaq mümkün olmamış və Nazif də döyüş meydanını məyusluqla tərk etməli olmuşdu. Şuşanın işğalı Nazifin ümidlərini elə qırmışdı ki, o nə edəcəyini bilməmiş, 10 gündən çox ondan xəbər-ətər olmamışdı...
Ancaq sən demə, o, öz döyüş yoldaşları ilə birgə Laçının dağlı-dərəli yerlərini  keçərək, düşmənin bu qərb qalamızı ələ keçirməsinin qarşısını almağa çalışır. Bir-neçə gün şiddətli döyüşlər gedir. Və bir gün özləri də hiss etmədən mühasirəyə düşürlər. 16 nəfərdən ibarət dəstə günlərlə ac-susuz qalaraq, mühasirədən çıxmağa çaışsalar da, heç nə alınmır. Bir gün isə sübh tezdən döyüş dostları Nazifin onlara baxaraq, xoş əhvalla güldüyünü görürlər. Yaşlı döyüşçülərdən biri qayıdır ki, Nazif, sənin nə vecinə, subay oğlansan, ancaq mənim yolumu üş körpə balam gözləyir. Digər döyüş yoldaşları da balalarının həsrətində olduqlarını bildirirlər. Nazif isə qayıdır ki, heç kəs narahat olmasın, bir kəşfiyyatçı kimi o, gecə ikən mühasirədən çıxa biləcəkləri gizli bir yol tapıb. Və bilavasitə onun bacarığı sayəsində həmin 16 nəfər döyüşçü sağ-salamat mühasirədən çıxaraq, əsas heyətə qovuşurlar.     


“Ona 15 sutka verin!” - 

Doğma Sumqayıt onu yenə qoynunda gəzdirsə də, saxlaya bilmədi...

9-cu sinif şagirdi Nazif məktəbdən “yoxa çıxaraq”, könüllü döyüşçü kimi gizlincə Şuşaya getdikdən sonra Sumqayıtın əlaqədar orqanları bir-birinə dəymişdi. Ona görə də onun bir aydan sonra Şuşada, igid döyüşçülər arasında tapılması onların hamısının sevincinə səbəb olmuşdu. Lakin bir müddət sonra – mayın 8-də bu qədim Azərbaycan şəhərinin mənfur düşmənin əlinə keçməsi bütün xalqımız kimi sumqayıtlıları da çox məyus etmişdi. Həmin günlərdə Nazif bir-neçə günlüyə Sumqayıta, evə gəlmişdi. O, ilk növbədə doğma məktəbə getmiş, sinif yoldaşları ilə, sonra da Maarif şöbəsiin o vaxtkı müdiri, respublikanın Əməkdar müəllimi, şairə Ofelya Babayevanın dəvəti ilə onunla görüşmüşdü. Ofelya xanım Nazifin vətənin gənc müdafiəçiləri sırasına qoşulmasından qürur duyduğunu, lakin təhsilini davam etdirməsinin vacibliyini diqqətə çatdırmışdı. Lakin o, Ofelya xanıma cavab vermişdi ki, “müəllim, inciməyin, mənim məktəbim indi Qarabağdır, imtahanlarımı da daha orda verəcəyəm”.
Sumqayıtda olduğu qısa müddətdə  kimsə təklif edəndə ki, onun yenidən Qarabağa, döyüşlərə qaçmaması üçün ona 15 sutka inzibati cəza verilsin, Nazifin döyüşkən ruhunu, prinsipial xarakterini bilən hüquq-mühafizə işçilərindən biri qayıdıb demişdi ki, “deyəsən, bu igid oğlanı yaxşı tanımırsınız, o özü bizim hər birimizə “15 sutka” verdirə bilər. 
Nazifin doğmaları, məktəb müəllimləri və sinif yoldaşları kimi Sumqayıtın İcra başçısı kimi bir ay ərzində nigarançılıq, narahatlıq keçirən qayğıkeş, gözəl insan Şakir Abışov da həmin günlərdə onu görüşmək və söhbət üçün yanına dəvət etmişdi. Nazifi hörmətlə qarşılayaraq, Şuşanın müdafiəçisi kimi bağrına basan Şakir müəllim ilk olaraq yüksək vətənpərvərliyinə görə ona təşəkkür etmiş, minnətdarlığını bildirmiş, lakin ona döyüşlərə 18 yaşı tamam olduqdan sonra qoşulmağı məsləhət görmüşdü. Nazifin cavabı şəhər rəhbərini heyrətləndirmşdi: “Şakir müəllim, düşmən mənim böyüməyimi gözləmir, onlar torpaqlarımızı işğal edir, xalqımıza qarşı olmazın müsibətlər edirlər. Düzdür, cəbhədən uzaq yerlərdə, elə sizin kabinetdə də bu hiss olunmur, ancaq orda – Qarabağda ağır döyüşlər gedir. Sizin kabineti burda 10-12 yaşlı uşaqlar da qoruya bilər, ancaq orda mənim kimi oğullara ehtiyac var...”
İcra başçısı onu dilə tutaraq, hələlik şəhərdə, çox nigarançılıqlar keçirmiş ata-anasının yanında qalmağı və yaxşı iş təklif edir. Lakin Nazif Sumqayıtda 10 gün də qərar tuta bilməyib, yenidən Qarabağa yollanır. Səsi-sorağı gah Ağdamdan, gah Qubadlıdan, gah Zəngilandan, Laçından gəlir, düşmənə qarşı ağır döyüşlərdən keçir. 
Sonuncu dəfə doğma Sumqayıta 1993 dekabrın 30–da, yeni il ərəfəsində  gələn Nazif yanvarın 3-də olacaq ad gününü gözləmədən yanvarın 2-də anasının qoyduğu bayram sovqatları ilə döyüşçü dostlarının yanına qayıdır və sabahısı günü 18 yaşını döyüş dostları ilə birgə qeyd edir.    
Nazif bir dəfə anasına xəbər göndərir ki, “ana, Qarabağın hər yeri gözəldir. Allah qoysa, Qələbəmizdən sonra səni də, atamı, bacı-qardaşlarımı da buralara gətirəcəyəm ki, bu yerlərin gözəlliklərini öz gözlərinizlə görəsiniz, sevinəsiniz”. Lakin... təəssüf ki, Nazif bu arzusuna çata blmir. Ağdam uğrunda gedən ağır döyüşlərin birində iki yaralı yoldaşını döyüş meydanından çıxararkən düşmən gülləsinə rast gəlib, ağır yaralansa da, sürünə-sürünə üçüncü yoldaşını da çıxartmağa çalışarkən ermənilər onu sağ buraxmaq istəməyərək, gicgahını və ürəyini nişan alırlar. Son nəfəsində yalnız “oy, Ana... Şuşa” deyərək, başını Vətən torpağına qoyaraq, 18 yaşında gözlərini əbədi yumur...
Ölümündən sonra komandanlıq igid döyüşçü Nazifi “Milli Qəhrəman” adına təqdim edir. Müdafiə Nazirliyinə bütün müvafiq sənədlər toplanıb verilsə də, deyirlər ki, daha bir “sənəd” də lazımdır. Onun hansı “sənəd” olduğunu anası Nargilə xanıma guya gizlin olaraq Nazirliyin qadın əməkdaşı bildirir – sən demə, layiq olduğu Milli Qəhrəman adını almaq üçün 3 min dollara ehtiyac varmış. Belə olduqda dağ kimi igid, sevimli bir oğul itirmiş Nargilə xanım daha heç nə deməyib, gözlərinin yaşını axıda-axıda oranı tərk edir və qürurunu sındırmayaraq, bir daha ora üz tutmur... 
O vaxtdan 30 il keçsə də, Nargilə xanım hələ də gözləri ilə hər yerdə igid oğlu Nazifi axtarır. Və göz yaşları içərisində deyir ki, nə Nazifi, nə də onun oxşarını tapa bilmir – Nazif ayrı oğul idi – vətənpərvər, mərd, döyüşkən!..
Az yaşadı Nazif, ancaq igid  ömrü yaşadı!.. 

Rəhman ORXAN.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar