Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Rubionun İrəvana səfəri: Ermənistanın növbəti geosiyasi xəyanəti - TƏHLİL

Tarix: 28-05-2026 19:17     Baxış: 325 A- / A+


ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri, Vaşinqtonla İrəvan arasında intensivləşən siyasi təmaslar, Donald Trampla yazışmalar, Avropa İttifaqının Ermənistana artan dəstəyi və Qərbin İrəvanı regionda yeni tərəfdaş kimi təqdim etməsi əslində Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Lakin bu prosesə yalnız diplomatik münasibətlər prizmasından baxmaq düzgün olmazdı. Hadisələrin mahiyyətinə daha dərindən yanaşdıqda Ermənistanın tarix boyu nümayiş etdirdiyi siyasi xəyanət ənənəsinin yenidən təkrarlandığını görmək mümkündür.
Prezident yanında İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya bildirib ki, Azərbaycan cəmiyyətində Ermənistanda baş verən proseslər artıq sürpriz kimi qarşılanmır.
Biz azərbaycanlılar üçün əslində bu gün Ermənistanda baş verənlər qəribə deyil. Azərbaycanlılar daim qonşularına əl tutan, qonşularla mehriban yaşayan xalq olublar. Amma biz bunun əvəzində, elə ermənilər tərəfindən böyük zülmlərlə üzləşmişik. Vaxtilə gəlib azərbaycanlıların evlərində, azərbaycanlılarla qonşuluqda yaşayan, onların həyətlərində çalışan ermənilər sonradan birləşərək özlərinə dünyanın ayrı-ayrı ölkələrində ağalar tapdılar və həmin ağaların dəstəyi ilə Cənubi Qafqazda azərbaycanlılara qarşı divan tutdular, soyqırımları törətdilər, Azərbaycan dövlətinə qarşı əllərindən gələni etdilər”, deyə, o qeyd edib.
Politoloq vurğulayıb ki, Ermənistanın ekspansionist siyasəti illər boyu region üçün ciddi təhlükə mənbəyinə çevrilib: “Nəticə etibarilə günlərin birində onlar nəinki Qarabağa, İrəvana, Naxçıvana, Zəngəzura ərazi iddiaları irəli sürdülər, hətta 44 günlük müharibədən əvvəl Bakıya qədər gələcəklərini bəyan etdilər. Bəli, bu, həmin ermənilərdir ki, onların təkcə Azərbaycana deyil, Gürcüstana, hətta Rusiyanın cənub-qərb bölgələrinə qarşı da ərazi iddiaları mövcuddur”.
Ermənistanın tarixən himayədarlardan asılılığı

Ermənistan tarixən böyük güclərin himayəsində mövcud olmuş, daim hansısa geosiyasi mərkəzin dəstəyi hesabına ayaqda qalmış dövlətdir. Müxtəlif dövrlərdə çar Rusiyası, Sovet İttifaqı, daha sonra isə müasir Rusiya Ermənistanın təhlükəsizliyinin, iqtisadiyyatının və hətta dövlətçiliyinin əsas təminatçısı rolunda çıxış edib. Ermənistanın bugünkü sərhədlərinin formalaşmasında, iqtisadi sisteminin qurulmasında, enerji təhlükəsizliyinin qorunmasında və hərbi imkanlarının saxlanılmasında Rusiyanın rolu danılmazdır.
Məhz buna görə də bu gün Ermənistanın Qərbə doğru sürətli dönüşü və Rusiyadan uzaqlaşmaq cəhdləri Moskva üçün təkcə siyasi problem deyil, həm də strateji xəyanət kimi qiymətləndirilir. Çünki Ermənistan uzun illər Rusiyanın təhlükəsizlik çətiri altında mövcud olub, lakin indi həmin dayaqlardan istifadə etdikdən sonra fərqli geosiyasi düşərgəyə keçməyə çalışır.
Zaur Məmmədov qeyd edib ki, Ermənistanın Rusiyaya qarşı davranışı yeni hadisə deyil və bunun tarixi kökləri mövcuddur: “Əgər bu gün Rusiyada kimsə Ermənistanın Qərbə yönəlməsindən narahatdırsa, buna təəccüblə yanaşmamalıdır. Ümumiyyətlə, Ermənistanın Rusiyaya qarşı xəyanəti ilk dəfə baş vermir. XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən başlayaraq məhz erməni dairələri Rusiya imperatoruna qarşı terror aktlarında iştirak edib, Rusiya dövlətinə qarşı gizli şəbəkələr formalaşdırıblar və Qərbdəki himayədarları ilə birlikdə Rusiyanın zəifləməsi üçün fəaliyyət göstəriblər”.
Rubionun səfərinin geosiyasi mesajı
Rubionun Ermənistan səfərində “gizli missiyası” - ABŞ-ın planı nədir?
Rubionun Ermənistana səfəri də bu kontekstdə xüsusi diqqət çəkir. ABŞ açıq şəkildə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Vaşinqton anlayır ki, Cənubi Qafqazda geosiyasi balansı dəyişmək üçün Ermənistan ən əlverişli platformadır. Ermənistan isə bu maraqlardan istifadə edərək Qərbdən həm siyasi, həm maliyyə, həm də təhlükəsizlik zəmanətləri almağa çalışır.
Bu prosesdə Avropa İttifaqının rolu da diqqətəlayiqdir. Son illərdə Brüssel Ermənistana böyük həcmdə maliyyə paketləri ayırır, müşahidə missiyaları göndərir, siyasi dəstəyini artırır. Avropa Ermənistanı “demokratik tərəfdaş” kimi təqdim etməyə çalışsa da, reallıqda bu addımlar regionda Rusiyanın təsirinin zəiflədilməsi strategiyasının tərkib hissəsidir.
Politoloqun sözlərinə görə, bu gün Rusiyada səslənən ittihamların kökündə daha dərin proseslər dayanır: “Bu gün Rusiya televiziyalarında çıxış edən Solovyov kimiləri Nikol Paşinyanı ittiham edirlərsə, məsələyə daha geniş baxmalıdırlar. Bu proses təkcə Paşinyanla başlamayıb. XIX əsrdə də, XX əsrdə də, SSRİ dövründə də Rusiyaya qarşı xəyanət nümunələri olub. Hətta metro partlayışlarını yada salsaq belə, bunu görə bilərik. Robert Koçaryan və Serj Sarkisyan dövründə Ermənistanda anti-Rusiya mühiti formalaşdırıldı və genişləndirildi. Bu gün Koçaryanın bəyanatlarına baxmayaraq, Ermənistanda anti-Rusiya cəbhəsinin əsası məhz onun və Sarkisyanın hakimiyyəti dövründə qoyulub”.
Ekspert hesab edir ki, Nikol Paşinyan hazırda həmin siyasi kursu daha açıq şəkildə davam etdirir: “Nikol Paşinyan isə bu siyasəti davam etdirir. Ermənistanda qeyri-hökumət təşkilatlarının və medianın anti-Rusiya xəttində formalaşdırılması da əvvəlki hakimiyyətlər dövründə baş verib. Bu gün artıq Paşinyan hakimiyyəti açıq şəkildə bildirir ki, onlar Avropa və ABŞ-ni, xüsusilə Fransanı özlərinə əsas dayaqlardan biri hesab edirlər”.
Ermənistanın Rusiyadan asılılığı davam edir

Lakin burada əsas sual yaranır: Ermənistan bu qədər illik Rusiya asılılığından sonra doğrudanmı tam şəkildə Qərbə inteqrasiya edə bilər?
Çünki Ermənistanın iqtisadi, enerji və təhlükəsizlik sistemi hələ də ciddi şəkildə Rusiyadan asılıdır. Ermənistanın enerji təhlükəsizliyində Rusiyanın rolu həlledicidir. “Qazprom” Ermənistana satdığı qazı dayandırsa və ya qiymətləri kəskin şəkildə artırsa, Ermənistan iqtisadiyyatı ağır böhranla üzləşə bilər. Ölkənin sənaye və kommunal sistemi böyük ölçüdə Rusiya qazından asılıdır.
Bununla yanaşı, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti də Rusiya texnologiyası və texniki dəstəyi hesabına davam edir. Moskva istənilən vaxt texniki xidməti dayandırmaq və ya məhdudlaşdırmaq imkanına malikdir. Bu isə Ermənistanın enerji sistemində ciddi problemlər yarada bilər.
Ermənistan iqtisadiyyatında fəaliyyət göstərən iri Rusiya şirkətlərinin rolu da olduqca böyükdür. Xüsusilə mis və qızıl yataqlarının işlənməsi sahəsində Rusiya kapitalı dominant mövqedədir. Moskva bu şirkətlərin fəaliyyətini dayandırmaqla Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər.
Zaur Məmmədov bildirib ki, Ermənistan iqtisadiyyatının bugünkü vəziyyəti paradoksal xarakter daşıyır: “Əslində Ermənistan iqtisadiyyatının tam şəkildə Rusiyadan asılı olduğunu hamı bilir. Son illərdə Ermənistan iqtisadiyyatındakı artım da məhz Rusiyaya qarşı sanksiyaların tətbiq olunduğu dövrə təsadüf edib. Lakin paradoks ondadır ki, Ermənistan bir tərəfdən Rusiyadan iqtisadi asılı vəziyyətdə qalır, digər tərəfdən isə ABŞ və Qərb şirkətləri ilə birlikdə öz təbii sərvətlərini xarici dairələrin nəzarətinə verir. Buraya mis yataqları, qızıl ehtiyatları və digər resurslarla bağlı gizli danışıqları da əlavə etmək olar”.
Rusiyanın hərbi və iqtisadi təsir imkanları

Hərbi və təhlükəsizlik məsələlərində də Ermənistanın Rusiyadan asılılığı davam edir. İran və Türkiyə ilə sərhədlərdə xidmət aparan rus sərhədçiləri regionda balansın mühüm elementlərindən biridir. Rusiya bu qüvvələri geri çəksə, Ermənistan öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşə bilər.
Eyni zamanda Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazası Ermənistan üçün mühüm təhlükəsizlik amili olaraq qalır. Moskva həmin bazada genişmiqyaslı təlimlər keçirməklə və ya hərbi aktivliyi artırmaqla İrəvana açıq mesaj göndərə bilər.
Moskvanın iqtisadi təsir alətləri də kifayət qədər genişdir. Ermənistan mallarına embarqo tətbiq edilməsi, Rusiyada çalışan ermənilərin pul köçürmələrinin məhdudlaşdırılması və ya dayandırılması Ermənistan iqtisadiyyatına çox ciddi təsir göstərə bilər. Çünki Ermənistan iqtisadiyyatı uzun illərdir xaricdən gələn pul axınları hesabına balanslaşdırılır.
Politoloq hesab edir ki, artıq Rusiyada da Ermənistana qarşı təzyiq mexanizmlərinin işə salınması ilə bağlı mesajlar verilir:
Bu fonda artıq Rusiyada da Ermənistana qarşı müəyyən təzyiq mesajları verilir. “Qazprom” vasitəsilə qazın qiymətinin artırılması, Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinin, xüsusilə mis və qızıl sektorunda çalışan şirkətlərin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatlar səsləndirilir”.
Moskva niyə sərt addımlar atmır?
Bütün bunlara baxmayaraq, Rusiya niyə sərt addımlar atmır? Bu sualın cavabı Moskvanın regionla bağlı daha geniş strateji hesablamalarında gizlidir. Rusiya anlayır ki, Ermənistana qarşı sərt və ani addımlar atılması İrəvanın tam şəkildə Qərbin orbitinə keçməsini sürətləndirə bilər. Moskva hələ də Ermənistanı itirilmiş müttəfiq kimi deyil, nəzarətdə saxlanıla biləcək tərəfdaş kimi görmək istəyir.
Digər tərəfdən, Rusiya üçün Ermənistan Cənubi Qafqazda tamamilə itirilməsi arzuolunmaz olan geosiyasi platformadır. Moskva yaxşı başa düşür ki, Ermənistan üzərində təsirin zəifləməsi regionda ABŞ və Avropa təsirinin daha da artmasına səbəb olacaq. Bu isə Rusiyanın strateji maraqlarına ziddir.
Məhz buna görə də Kreml hazırda sərt sanksiyalar və kəskin təzyiqlər əvəzinə gözləmə və nəzarətdə saxlama taktikasına üstünlük verir. Moskva İrəvana göstərmək istəyir ki, Ermənistan hələ də Rusiyadan tam qopa bilməz və Qərbin verdiyi siyasi vədlər real təhlükəsizlik təminatı anlamına gəlmir.
Zaur Məmmədovun fikrincə, yaxın dövrdə Ermənistanın xarici siyasət kursunda daha açıq dəyişikliklər müşahidə olunacaq: “Hər halda, yeddi iyun seçkiləri Ermənistanın hakim partiyasının simasında Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq xəttini daha açıq şəkildə nümayiş etdirir. Əminliklə demək olar ki, əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa, həm 102-ci Rusiya hərbi bazası, həm “Qazprom Ermənistan”, həm də digər siyasi və iqtisadi məsələlərlə bağlı ciddi qərarlar veriləcək”.
Ermənistan yenə geosiyasi manevr siyasəti aparır

Rubionun səfəri və Qərbin Ermənistana artan diqqəti əslində regionda yeni geosiyasi qarşıdurmanın formalaşdığını göstərir. Ermənistan isə yenə də tarixdə olduğu kimi böyük güclər arasında manevr etməyə çalışır. Lakin bu siyasət uzunmüddətli perspektivdə Ermənistanın özünü daha ağır geosiyasi risklərlə üz-üzə qoya bilər.
Tarix göstərir ki, Ermənistan müxtəlif dövrlərdə himayədarlarını dəyişsə də, nəticədə regionda sabitlik və etimad yarada bilməyib. Bu gün Rusiyaya qarşı nümayiş etdirilən davranış da həmin ənənənin davamı kimi görünür. Ermənistan uzun illər ona təhlükəsizlik və iqtisadi dayaq verən qüvvədən uzaqlaşmağa çalışır, lakin eyni zamanda həmin dayaqlardan tam imtina etmək imkanına da malik deyil.
Politoloq hesab edir ki, Paşinyan hakimiyyəti artıq geosiyasi seçimini edib və bu xətt yaxın illərdə daha da sürətlənəcək: “Paşinyan artıq çoxdan öz seçimini edib. Ermənistan, digər bəzi MDB ölkələri kimi, Avropa İttifaqına inteqrasiya etmək və MDB məkanındakı siyasi-iqtisadi təşkilatlardan uzaqlaşmaq istiqamətində addımlar atacaq. Bu, Qərbin dəstəyi ilə hakimiyyətə gətirilən siyasi qüvvələrin üzərinə götürdüyü öhdəliklərdən biridir və həmin öhdəlikləri yerinə yetirməyə çalışırlar”.
Nəticə
Bu baxımdan Rubionun Ermənistana səfəri sadəcə diplomatik hadisə deyil. Bu səfər həm də Ermənistanın növbəti geosiyasi istiqamət dəyişikliyinin və ənənəvi siyasi xəttinin göstəricisi kimi qiymətləndirilə bilər.
Zaur Məmmədov bildirib ki, regionda baş verən proseslərin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün nəticələri ayrıca təhlil mövzusudur: “Bu hadisələrin Azərbaycana və ümumilikdə Cənubi Qafqaza təsiri isə ayrıca müzakirə olunmalı mövzudur. Amma bir məsələ aydındır ki, Rusiya artıq Ermənistanın mahiyyətini daha yaxşı görməlidir və anlamalıdır ki, söhbət təkcə Nikol Paşinyan hakimiyyətindən getmir. Tarix boyu olduğu kimi, bu gün də özünü Rusiyaya yaxın göstərən müəyyən qüvvələr fürsət düşən kimi Rusiyaya qarşı xəyanət etməyə hazırdırlar”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar