Xəbər lenti
Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir
Öz xalqını, vətənini, torpağını sevən insanlar yalnız müqəddəs zirvəyə ucala bilirlər. Ümummilli Lider Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Heydər Əliyevi zirvələrə qaldıran, Ümummilli Lider məqamına yüksəldən keyfiyyətlərdən ən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. Ulu Öndər heç vaxt xalqından uzaq düşmədi. Yaxşı günündə də, pis günündə də onun yanında oldu. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin inkişafına, onun dünyada tanınmasına, güclü dövlət olmasına sərf etdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam", - deyən Heydər Əliyev şah əsəri olan müstəqil və müasir Azərbaycanı yaratdı.
Ümummilli Lider, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. Ulu Öndər praqmatik düşüncəsi, analitik zəkası, uzaqgörənliyi, siyasi müdrikliyi və qətiyyəti ilə ölkəmizi mövcud təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisi kimi adını tarixə yazdırıb. Prezident İlham Əliyevin bu gün inkişaf etdirərək zirvələrə qaldırdığı Azərbaycan qazandığı uğurların təməlində məhz Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə və onun əbədiyaşar ideyaları dayanır.
Manevr.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
O vurğulayıb ki, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda gördüyü böyük işlər, misilsiz xidmətləri xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Ümummilli Lider Azərbaycan xalqının mədəni-mənəvi dəyərlərinə mühüm əhəmiyyət verirdi. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələri desək, yanılmarıq. 1969–1982-ci illərdə xalqın tarixi yaddaşının bərpası istiqamətindә mühüm işlər görən Ulu Öndər milli özünüdərk, milli mənlik şüurunun yüksəlişinin cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən olduğunu gözəl bilirdi. Ümummilli Liderin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar milli ruhun canlanmasına xidmət göstərməklə yanaşı, özünüdərki və soy-kökə qayıdışı təmin edib. Bu amillər müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.
Deputatın sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993–2003-cü illərdə Azərbaycan mədəniyyəti daha möhtəşəm bir dövrünü yaşayıb. Ulu Öndərin diqqət və qayğısı sayəsində tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrinin, habelə milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı çox sayda tədbirlər keçirilib. Təsadüfi deyil ki, XX əsrdə iki dəfə müstəqillik yaşayan Azərbaycan dövlətçiliyinin formalaşması, mədəniyyət də daxil olmaqla bütün sahələrin inkişafı və bu sahədə əldə olunan nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəni və ədəbi irsimiz, ədəbiyyat, rəssamlıq, teatr, musiqi və kino sənəti əsaslı şəkildə diqqətdə saxlanılıb. Azərbaycanın dünyaya bəxş etdiyi mütəfəkkir, yazıçı və şairlərlə fəxr etdiyini vurğulayan Heydər Əliyevin milli mədəniyyətimizə, ədəbiyyatımıza verdiyi dəyər diqqətəlayiqdir.
“Heydər Əliyev Azərbaycanın ən çətin anlarında belə, onun xilasını yalnız silahda və hərbi gücdə deyil, həm də bu torpağın qədim mədəniyyətində görürdü. Ümummilli Lider xalqımızın mədəniyyət sahəsindəki nailiyyətlərini Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ulu Öndərin verdiyi fərman və sərəncamlar əsasında latın əlifbasına keçilməsi, Azərbaycan dilinin dövlət dili kimi tətbiq olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması ilə bağlı həyata keçirilən tədbirlər milli-mədəni inkişafımızda və mənəvi birliyin möhkəmlənməsində böyük rol oynayıb. Demokratik dəyərləri özündə əks etdirən 1995-ci il Konstitusiyasının qəbul edilməsi məhz Heydər Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olub”, - deyə Aqil Məmmədov vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin dünya azərbaycanlıların birlik və həmrəyliyinin yaradılması işində müstəsna xidmətləri olduğunu bildirən deputat deyib: “Ulu Öndərin xalqımız üçün qoyub getdiyi misilsiz xidmətlərindən biri də azərbaycançılıq ideologiyasının yaradılmasıdır. Bu ideologiya dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızı bir araya gətirib. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci ilin noyabrında Bakıda dünya azərbaycanlılarının ilk tarixi qurultayı keçirilib. Qurultayda Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edilib. Hazırda müxtəlif ölkələrdə diaspor təşkilatlarımız fəaliyyət göstərir. Dünya azərbaycanlıları ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq aləmlə münasibətlərinin inkişafında fəal rol oynayırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar