Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara müharibə veteranı adının verilməsi məqsədilə lazımi məlumatlar toplanılır: "Agentlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verib. Tapşırığa uyğun olaraq TƏBİB həmin şəxslər barədə siyahının və təsdiqedici məlumatların - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin hazırlanmasını təmin edir. TƏBİB siyahını Agentliyə təqdim etdikdən sonra sözügedən şəxslərə müharibə veteranı statusunun verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq".
Xatırladaq ki, Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.