Xəbər lenti
Xocalı soyqırımı bəşəriyyətə qarşı misli görünməmiş cinayətdi
Bu gün törədilməsindən 30 il ötən Xocalı soyqırımı bəşəriyyətə qarşı dəhşətli cinayət, misli görünməmiş bir vəhşilikdir. Sovet Rusiyasının hər növ dəstəyi ilə mənfur ermənilər tərəfindən törədilən soyqırım aktı ilə bağlı məsələlər üç istiqamətdə dəyərləndirilə bilər:
1. Müasir qlobal siyasət və beynəlxalq münasibətlər;
2. Beynəlxalq hüquq baxımından;
3. İdeoloji baxımdan
Xocalı soyqırımı Sovet Rusiyasının tarixi geostrategiyası və geosiyasəti baxımından düşünülən və həyata keçirilən çoxsaylı planlardan biridir. Belə ki, Sovet Rusiyası 1990-ci ildə Qanlı 20 Yanvar və 1992 ildə isə Xocalı faciəsi - soyqırımlarını törətməklə Azərbaycanı azadlıq mübarizəsindən çəkindirmək və onun əhalisini qorxutmaq üçün səylər göstərmişdir.
Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərində törədilən bu soyqırım uydurma “böyük ermənistan”ın bərpasına xidmət edən “yandırılmış torpaq” – “etnik təmizləmə” taktikasının bir nümunəsidir. Bunu sübut edən xeyli sayda rəsmi sənədlər vardır. [Genocide in Khojaly, 2014, 15-16; Nagy, 2011, 47].
Ermənilər Xocalıda hərbi əməliyyat məqsədli döyüş aparmamışdılar. Onların əsas istəyi yerli azərbaycanlı əhalini işgəncələrlə öldürmək idi. Yerli mülki əhali tərəfindən də onlara heç bir silahlı müqavimət göstərilməmişdir.
Bu soyqırım ermənilərin Çar və bolşevik Rusiyasının himayəsi ilə Anadoluda və Azərbaycanın şimalı ilə cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920 və b. illərdə törətdikləri soyqırımların davamıdır. Xocalı soyqırımını Azərbaycanla hərbi mübarizədə dəfələrlə məğlub olan ermənilərin dinc yerli əhalini soyqırıma məruz qoymaqla qazandığı bir intiqam kimi də dəyərləndirmək olar.
Bu soyqırım nəticəsində 613 nəfər (bəzi məlumatlara görə 1000-dən artıq – T.V) , o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından həmişəlik əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.
Xocalı soyqırımı ilə BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələri, eyni zamanda BMT Baş Assambleyasının 16 dekabr 1966-ci il tarixli 2200 A (XXI) saylı qərarı ilə qəbul edilən və 23 mart 1976-ci il tarixində qüvvəyə minən BMT-nin Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyası 6-9-cu maddələrinin tələbləri, şərtləri pozulub [Aliyev, 2012, 53-55; Genocide in Khojaly, 18-19]. Bu qətliam hətta kiçik 1 və 2 yaşlı uşaqların (Y.Əliyeva, A.Həsənova, S.Səfiyev, A.Şükürova, S.Quliyev və b). [Garabagh: Memory Book, 2014, 19-21] öldürülmələri və insanların ağılasığmaz işgəncələrə məruz qaldığı bir cinayətidir. Bu səbəblədə tam bir soyqırım cinayətidir.
Xocalıda törədilən soyqırımı, mühüm bir hissəsi ermənilərdən təşkil edilmiş 366-cı Rus motoatıcı alayının və Ermənistan silahlı qüvvələrinin birlikdə törətdiyi cinayət fəaliyyətdir. “Balkan qəssabları” S.Miloşeviç, R.Karaçiç və başqalarından fərqli olaraq “Xocalı qəssabları” (R.Koçaryan, S.Sarqsyan, S.Ohanyan və digərləri) beynəlxalq qurumlar və ictimaiyyət, ayrı-ayrı dövlət başçıları tərəfindən qətiyyətlə pislənməmiş, sərt reaksiyalara məruz qalmayıblar. Əksinə onlar Ermənistanda yüksək dövlət vəzifələrinə (Prezident, Müdafiə naziri) yiyələnmişlər. Tarixdən başqa bir nümunə: 1918-1920-ci illərdə İrəvan və ətraf rayonlarda çoxsaylı türk - müsəlmanı qırğına məruz qoyan terrorçu Dro (Drastamat Kanayan) az sonra sovet Ermənistanının Müdafiə naziri olmuşdu.
Xocalı soyqırımı ermənilərin apardıqları “Türk düşmənçiliyi” ideologiyası, siyasəti və təbliğatının acı bəhrəsi, nəticəsidir. Belə siyasət-təbliğat isə heç bir tutarlı əsaslara söykənmir. M.K.Atatürkün 1936-cı ildə söylədiyi kimi “biz heç kəsin düşməni deyillik. Yalnız insanlığın düşməni olanların düşmənləriyik” [Qocatürk, 1991, 168]. Nəticədə bu mühüm mövqeyimizi bildirməyi əsas və əhəmiyyətli görürük: Bizlər – azərbaycanlı elm adamları – “Tarix sənəd ilə yazılır” mövqeyinə əsaslanaraq yalanlarla deyil, tarixi həqiqətlərlə apardığımız elm mübarizəsini davam etdirməliyik.
İndi vəziyyət dəyişib. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin etdi, işğalçılara layiqli cavab verdi. Azərbaycan beynəlxalq hüququ bərpa etdi, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaratdı. Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Ancaq çox təəssüf ki, bəzi ölkələr erməni faşizminə yenidən can vermək, onu dirçəltmək istəyir. Ancaq indi 1992-ci ilin fevralı deyil, 2022-ci ilin fevralıdır. Son 30 ildə Azərbaycan Ordusu kifayət qədər güclənib və istənilən təhlükəyə qarşı adekvat cavab verməyə hazırdır.Törədilən soyqırım isə əsla unudulmamalıdır, çünki unudulan soyqırım təkrarlanar. Burada böyük mütəfəkkir Ü.Hacıbəylinin 1919-cu ildə Mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq da yerinə düşər: “Bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.”
Tural VƏLİZADƏ,
Qərbi Kaspi Universiteti
“Siyasi və İctimai Elmlər” fakültəsinin dekan müavini
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar