Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir - Pakistanlı nazir - ŞƏKİL

Tarix: 23-02-2023 14:22     Baxış: 4219 A- / A+



Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan SZABİST Universiteti ilə birgə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan "Xocalı Soyqırımı: Bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət" adlı seminar və fotosərgi təşkil edib.
Səfirlikdən verilən məlumata görə, tədbirdən öncə Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən fotosərgiyə baxış keçirilib.
Pakistanın Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmudun ali qonaq qismində təşrif buyurduğu tədbirdə, SZABİST Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Səfirlik əməkdaşları, eləcə də Pakistanın müxtəlif beyin mərkəzlərinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək 20-ci əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının 31-ci ildönümünün anıldığını vurğulayıb və Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edib. Tarix boyu Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə dinc sakinin qətlə yetirildiyini və öz doğma yurdlarından didərgin düşdüyünü ifadə edən səfir Xocalı soyqırımı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb. X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin "Xocalı Soyqırımı Günü" elan olunduğunu və soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.
Səfir 44 günlük Vətən müharibəsindən danışaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb.
X.Fərhadov Pakistan Milli Assambleyası və Senatı tərəfindən Xocalı soyqırımını qınayan müxtəlif qətnamələrin qəbul olunduğunu vurğulayaraq bu ölkənin Hökumətinin və Parlamentinin istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib və dəstəyə görə Pakistan Hökumətinə və Parlamentinə öz təşəkkürünü çatdırıb.
Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının sadəcə Azərbaycana qarşı deyil bəşəriyyətə qarşı törədilən bir cinayət olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə görə Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını bildirən nazir, Azərbaycanı bütün sahələrdə daima dəstəklədiklərini və Ermənistanı təcavüzkar siyasətinə görə qınadıqlarını diqqətə çatdırıb. Məhəmməd Talha Mahmud Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdiyini vurğulayaraq həmin dövrdə Pakistanın Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini bildirib və bundan sonra da qardaş Azərbaycanın yanında olacaqlarını qeyd edib. Nazir çıxışının sonunda Xocalı qurbanlarını ehtiramla yad etdiyini və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib.
Seminarda çıxış edən SZABİST Universitetinin İslamabad kampusunun rəhbəri Xuşro Pərviz Xan və həmin universitetin sosial elmlər və diplomatik araşdırmalar fakültəsinin direktoru Tariq Vahid Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayıblar. Onlar 613 günahsız insanın qəddarcasına qətlə yetirildiyini təəssüflə qeyd edib və beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar. Onlar Azərbaycanla həmrəylik nümayiş etdirərək Xocalı qurbanlarını ehtiramla yad ediblər.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı kitablar və informativ bukletlər, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini və Azərbaycan-Pakistan münasibətlərinə dair müxtəlif materiallar universitet kitabxanasına hədiyyə olunub.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar