“Son zamanlar müşahidə edirik ki, rus sülhməramlıları səlahiyyətlərini yerinə yetirməklə deyil, hədlərini aşmaqla məşğuldurlar. Biz bu yolla etiraz edərək onlara xəbərdarlıq edirik ki, rus sülhməramlıları təxribatçı qrupların fəaliyyətini məhdudlaşdırsınlar, bölgəyə silah-sursatın gətirilməsinin qarşısını alsınlar”.
Politoloq qeyd edib ki, Ruben Vardanyan orada çıxış edən azərbaycanlılara müqavimət göstərilməsi üçün sülhməramlılara tapşırıq verib: “Tapşırılıb ki, nümayəndələr ərazilərə buraxılmasın. Bu etirazla həm general Andrey Volkova, həm də onun yaxınlarına, təmsilçilərinə xatırladırıq ki, onlar Azərbaycan torpağındadırlar. Tələb edirik ki, onların bütün davranışları Azərbaycan qanunvericiliyinə uyğun olaraq tənzimlənsin”.
T.Abbasovun sözlərinə görə, Ermənistan insanları müharibəyə çağırır. Bu çağırışlar vəziyyəti get-gedə kəskinləşdirir.
“Ruben Vardanyan deyir ki, ermənilər müharibəyə hazır olmalıdır. Müharibə hələ bitməyib. Bu, hansı müharibədir? Biz dəfələrlə vurğulamışıq ki, müharibə Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşıb. Sözügedən qəbilədən olan çıxışlar və çağırışlar mövcud vəziyyəti gərginləşdirməkdən başqa bir işə yaramır. Gördüyümüz kimi, Azərbaycan tərəfi bunu özbaşına buraxmadı və buraxmayacaq. Biz bütün özbaşınalıqların qarşısını alacağıq.
Qeyd etmək lazımdır ki, R.Vardanyana qədər Azərbaycan-Ermənistan arasında normal təmaslar mövcud idi. Artıq orada yaşayan bir çox yerli ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək barədə düşünürdülər. Bu prosesdə dolğun münasibət və razılıqlar var idi”,- politoloq deyib.
Politoloq hesab edir ki, Rusiyanın ikibaşlı oyunu münasibətlərdə dağıdıcı rol oynadı. Mövcud problemlərin həlli istiqamətində Rusiya ilə danışıqlar davam etdirilməli, Ermənistanın bu mövzuya qarışmasının qarşısı alınmalıdır:
“Biz hələ ki, bəzi məsələləri yumşaq tərzdə həll etməliyik. Heç şübhəsiz, silah-sursat və ordu baxımından Ermənistandan qat-qat üstünük. Amma hələ bu sərt tədbirlərin zamanı deyil. Əvvəlcə bu prosesdən dağıdıcı mövqe nümayiş etdirən Fransa prezidenti Emmanuel Makronu, general Andrey Volkovu kənarlaşdırmalıyıq. Biz bu məsələdə heç bir güzəşt etməyəcəyik”.
Həmçinin T. Abbasov bildirib ki, Ermənistan parlamenti absurd bəyanatlar verir, bildirir ki, Azərbaycan Qarabağda “soyqırımı” siyasətinə hazırlaşır: “Ermənistanın bu təxribat dolu çıxışları onun xəbərçisidir ki, onlar üçün sülh adlı layihə və müqavilə yoxdur”