Elə həmin gün Vardanyan Xankəndinin “mer”i David Sərkisyanının iştirakı ilə “paytaxt” bələdiyyəsinə daxil olan ərazilərin rəhbər şəxsləri ilə də görüşüb. Əsas diqqət isə Xankəndində əhalinin vəziyyəti müzakirə olunub. Bu toplantıda da əsasən, “paytaxtda” sığınacaqlar və əhalinin təhlükəsizliyi mövzusu olub.
İki gün əvvəl işğal altında qalan Əsgəranda olan Vardanyan deyib ki, Qarabağda sülhün əldə olunması üçün bölgədə yaşayan ermənilərin birləşməsi və zərbəni bir nöqtəyə vurması lazımdır. “Heç bir müqavilə bu məsələni həll edə bilməz. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq olmalıyıq”.
Erməni milyarder Laçın dəhlizinin müvəqqəti bağlanmasına da toxunub. O deyib ki, bu prosesə hazır olmalıdırlar. “Biz buna qarşı hər vasitə ilə mübarizə aparmalıyıq. Bu reallıq həm problemlərin diaqnostikasında, həm qərarların qəbulunda, həm də ümumi iş üsullarında bizdən tamamilə fərqli yanaşmalar tələb edir”.
Vardanyanın əvvəldən də “sülh göyərçini” olmadığı aydın idi. Amma əvvəlki açıqlamalarında sözlərinə “diplomatik ağırlıq” verməyə çalışan Vardanyanın tezliklə iç üzü açıldı. İndi daha tez-tez özündə cəsarət tapıb “hərbi müqavimət”dən danışır. Ötən ay Vardanyan “Kommersant” qəzetinə müsahibəsində də Azərbaycan dövlətinə və xalqında qarşı təhdidlərlə çıxış etmək cəsarəti göstərmişdi. “Qarabağın statusu onunla müəyyən edilir ki, hətta beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə belə, status-kvonun qorunub saxlanması aydın başa düşülməli və qəbul edilməlidir. Həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı tərəfindən qəbul edilməlidir. Artsax xalqını məhv etmək cəhdi, bunu hərbi yolla həll etmək cəhdi Azərbaycana baha başa gələcək. Həm birbaşa qurbanlar baxımından, həm beynəlxalq məkanda itkilər baxımından, həm də bütün bunların bumeranq effekti verməsi baxımından” – deyə, “dövlət naziri” bildirib.
Vardanyanın açılan təkcə iç üzü deyil, həm də onu Qarabağa yerləşdirənlərin planlarıdır. Xankəndi və ətraf bölgələrdə bəzi ermənilər reallığı görür, daha xam xəyallarla yaşamağın mümkünsüzlüyünü anlayırlar. Silahı tam yerə qoymaslar da, təslimçilik əhvalı hər ötən gün daha da artır. Erməniləri bu əhvaldan çıxarmaq üçün isə yeni “qan”a ehtiyac vardı. Vardanyan Xankəndinə hər mənada qan gətirmək üçün lazım idi, indi o prosesə doğru gedir...
Vardanyan Qarabağın erməni icmasına “liderlik” etməyə başlayandan ermənilərin məskunlaşdığı ərazilərimizdə vəziyyət çox gərginləşib. Vardanyan ermənilərin beyinlərini yenidən dumanlandırır. Qarabağda yeni ərazilərə iddia etmək, status davası güdmək, Azərbaycana qarşı silahlı müqavimət təşkil etməkdən danışır. Qarabağ “ermənilərin təhlükəsizliyini” Fransa və ABŞ gündəmin əsas mövzusuna çevirmək istəyirlər. Nə təhlükə var ermənilərə? Rahatca torpaqlarımızda oturublar, hətta əkib-becərir, doğub-törəyirlər. Başlarına raket yağmır, güllə altında yatmırlar. Təhlükəsizlik daha necə olur? Tam təhlükəsizliyi almaq istəyirlərsə, bunun da yolu var. Azərbaycan qanunlarına tam tabe olmaq. Hansı özünə hörmət edən dövlət onun bayrağını, möhürünü tanımayan topluma təhlükəsizlik təminatı verər? İndi elə rəy yaradırlar ki, guya Azərbaycan yenidən müharibəyə başlamaq istəyir və ermənilər təhlükədədir. Hara gedirlərsə, Azərbaycanı şikayət edirlər. İndi də özlərinə “sığınacaqlar” axtarırlar.
2020-ci il sentyabrın 27-dən əvvəl də separatçı rejimin başında duranlar eyni bu cür “qazlı” bəyanatlar verirdilər. 44 günlük müharibə zamanı qaçıb dəlmə-deşikdə gizləndilər. Vardanyan kimilərinin vətəni cibləridir, gedib yenə də hansısa cəhənnəmdə özünə yurd edəcək, bədbəxt olan yenə onlara inan ermənilər olacaq...musavat.com