Xəbər lenti
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub...
II Qarabağ savaşı - Vətən müharibəsinə, xalqla dövlətin monolit birliyi və müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində qazanılan unikal qələbəyə, Şuşa zəfərinə bir çox ədəbi-bədii əsərlər həsr olunub.
Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq və onları göz bəbəyi kimi qorumaq işində önəmli bir addım olacaq... “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı qələbə ətirli, şəhid qoxulu toplu da bu qutsal işə sözün qüdrəti ilə yardımçı olmaq amacı ilə araya-ərsəyə gəldi. Bu məqamda Şuşanı azad edən əfsanəvi qəhrəmanlarımızdan biri, 44 günlük Vətən müharibəsində böyük şüacət göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimovun müsahibəsindən kiçik bir hissəni xatırlatmaq yerinə düşər: "Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşmənin diqqətini öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət himnimizi eşidən yaralılarımıza sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşğu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi (https://azvision.az/news/251481/). 28 oktyabr 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Əbədi Turan Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə “II Qarabağ savaşı Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə-Dəmir Yumruq əfsanəsi” layihəsi əsasında, “Şuşa ili” çərçivəsində çap edilmiş “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı toplunun Bakıdakı 115 saylı tam orta məktəbdə təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə 115 №-li tam orta məktəbin direktoru, təcrübəli pedaqoq Natəvan xanım Əsədova açaraq Vətən müharibəsinə, II Qarabağ savaşının ədəbiyyata yansımasına həsr olunmuş “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” toplusunun, nəşrin müəllifinin və nəşrin tanıtımında bir vəsilə olacaq tədbirin önəmindən qısaca söz açıb. Natəvan Əsədova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın Vətən üçün, ədəbiyyat üçün gördüyü işlərdən danışıb və sonra sözü kitabın tərtibçisi və ön sözünün müəllifinə verib. Esmira Fuad kitabın yaranma səbəbləri, istifadə olunan mənbələr haqqında qısaca məlumat verib. O, 44 günlük Vətən müharibəsinin qürürverici sonuclarından, Azərbaycan xalqının və onun yetişdirdiyi cəngavər oğulların, müzəffər ordumuzun rəşadətindən, dünya hərb sənətində yeni səhifə olan Şuşa zəfərindən danışıb. Söyləyib ki, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, xalqla dövlətin monolit birliyi işğal altında olan torpaqlarımızın düşmən əsarətindən azad edilməsində həlledici rol oynayıb. E.Fuad vurğulayıb ki, II Qarabağ müharibəsinin, qutsal savaşın yaşatdığı qürür hissləri Quzeydə olduğu kimi, Güney Azərbaycan ədəbiyyatından da yan keçməyib, yazarlar tərəfindən mövzu ilə bağlı yeni-yeni əsərlər qələmə alınıb və ədəbi proses bu gün də davam edir. Yaşadığım qürur hissinin dərin etkisi altında bu möhtəşəm qələbəyə-Qarabağa-Şuşa zəfərinə həsr olunmuş əsərlərdən oluşan “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” və “Qarabag zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ılə” adlı iki toplu hazırlayıb çap etdirdim. I topluda, adından da göründüyü kimi, yalnız Güney şairlərinin II Qarabağ savaşı, Şuşa haqqında yazdığı əsərləri, ikincidə isə iki imperiya dövləti-İran və Rusiya arasında bölüşdürülmüş Azərbaycanımızı heç deyilsə, ədəbi müstəvidə birləşdirmək amacı ilə həm Güney, həm də Quzey yazarlarının qələmə aldıqları qələbə ətirli, şəhid qoxulu əsərlərdən seçmələri toplayıb yayına verdim və əlinizdəki çox dəyərli bir mənbə araya-ərsəyə gəldi. Topluda N.Həsənzadə, S.Rüstəmxanlı, R.Yusifoğlu, F.Əzizbəyli, K.Abiyeva, R.Qusarçaylı, Ş.Şahin, S.Arazlı Özgün, İ.Qəhrəman, K.Kərimli, T.Kərimli, R.Məcid, K.Hacı, E.Piri, E.Uğur, E.Barat, Z.Bayramlı, V.Əhməd, B.Sadiqlə yanaşı, əslən Güneydən olan və ürəyi, ruhu Qarabağda baş verən möhtəşəm tarixi olaylardan, alnımızdakı 28 illik qara ləkəni öz rəşadətləri, qeyri-adi igidlikləri ilə silən və zəfərə öz qutsal qanları ilə möhür vuran ərənlərimizin bütün dünyaya göstərdikləri unikal döyüş taktikasından ilham alaraq qələmə sarılan K.Qəhrəmanoğlu, B.M.Elçibəy, R.Qədiri, Ə.Fəxr, K.Xiyav, F.Əsğərniya-S.Sonay, M.Şeyxpur, R.İ.Azərin də əsərlərini yayınladıq... Bu birlik, vəhdət K.Abiyevanın “Qələbədir adın”, S.Rüstəmxanlının “Qarabağa dönüş”, B.Sadiqin “Zəfər simfoniyası”, R.Qusarçaylının “Vətən” əsərlərindən də boy verir. Yazarların qələm nümunələrində “Dəmir yumruq”, Azərbaycan-Türkiyə- Pakistan dostluq və qardaşlığını yansıdan İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və İmran Əhməd Xan Niyazi dastanı ilə yanaşı, Vətən uğrunda Şəhidlik sevdasına tutulan mərd oğulların-ərənlərin, “General Polad”ın, “Mübariz”in adına dibsiz sevgi ilə bağlanan dastanların yarandığının və Azərbaycan ədəbiyyatında yeni səhifə açdığının da şahidi oluruq. Bu əsərlərdə Əbədi Turan idealının gerçəkləşdirilməsinə, Türk yurdlarının birliyi-Turana doğru açılan məfkurəvi bir istiqamətin də üfüqləri aydın görünür. Zirvələrə qalxınca gücümüz oyanacaq Bu güc tarixdən gələn ulu Turan gücüdür! Savalandan Tanrıya, Ağrıdan Altaylara Min illərlə var olan bir qəhrəman gücüdür… Uluyurdu yaşatmaq, gələcək nəsillərə əmanət etmək üçün üzündə təbəssüm, dodağında gülüş şəhadətə ucalan və düşmənlə şir kimi döyüşən Qəhrəmanları olan xalqı, dövləti isə heç bir güc, düşmən sarsıda bilməz... Demək ki, estafet etibarlı əllərdə, güvənli oğul və qızların çiyinləri üzərindədir. Daha sonra topluda yer alan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük təsiri olacaq şeirlər məktəbin ədəbiyyat müəllimi İradə xanımın qısa zaman içində səylə hazırlaşdırdığı məktəblilər tərəfindən məhəbbətlə, yüksək emosionallıqla səsləndirilib. Kompozisiyanı təqdim edən şagirdlər əllərində Azərbaycan bayraqları ilə səhnədə dövrə vuraraq ritmə uyğun rəqs ediblər. Tədbirdə iştirak edən fil.e.d., Rafiq Yusifoğlu, şairlər İlham Qəhrəman, Kəmalə Abiyeva, Aysel Aydın Əlizadə, 182 saylı tam orta məktəbin direktoru Zinyət Tağızadə və başqaları çıxış edərək toplu ilə bağlı dəyərli fikirlər söyləyiblər. Sonda tərtibçi müəllifə aktiv fəaliyyətində uğurlar arzu edilib, gül səbəti və xatirə hədiyyəsi təqdim olunub. Daha sonra çap olunmuş kitablar şagirdlərə, müəllimlərə və tədbirə gələn qonaqlara paylanılıb...
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar