Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Ordusuna yüksək qiymət verildiyini diqqətə çatdıran müdafiə naziri dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusunun qarşısında qoyulan vacib tapşırıqlar olduğunu bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamaların keçiriləcəyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Müdafiə naziri bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması, gənc əsgərlərin qəbulu, müvafiq bölmələrdə yerləşdirilməsi, həmçinin Hərbi Andiçmə mərasimlərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına riayət olunmasını təhlil edən general-polkovnik Z.Həsənov bu qaydaların şəxsi heyətə mütəmadi olaraq çatdırılması və onlar tərəfindən ciddi əməl olunmasına daim nəzarət edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.